Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1775/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun imza etdiyi Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağ sahəsindən imtinaya dair **********711 saylı ərizənin etibarsız hesab edilməsi və həmin bağ sahəsinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxxx 2013-cü il tarixdə Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 545 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. 2016-cı ildə Sabunçu rayon Maştağa qəsəbəsi ərazisində 2 sot torpaq üzərində inşa edilmiş 3 otaqlı bağ sahəsini öz şəxsi vəsaiti hesabına, 33000 (otuz üç min) manat məbləğində əldə etmişdir. Sözügedən bağ sahəsinin ilkin sahibi Cavanşir adlı şəxs olmuş, o isə etibarnamə əsasında Axundov Mirkərim Böyükağa oğluna vermişdir. Mirkərim isə Ədilə adlı şəxsə vermiş, iddiaçı da həmin bağ sahəsini Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisində etibarnamə əsasında ondan almışdır. Bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışı olmadığı üçün aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmamış, bağ sahəsinə dair bütün səlahiyyətlər notariat ofisində etibarnamə əsasında ötürülmüşdür. Hal-hazırda da mübahisəli bağ sahəsinin işıq, qaz, su müqavilələri iddiaçının adınadır. 2019-cu ilin avqust ayında bağ sahəsini kiçik övladına bağışlamaq istəsə də, azyaşlı olduğundan mümkün olmayacağını bildirmişlər. O da bağ sahəsini iş üzrə cavabdeh həyat yoldaşı Ruhiyyəyə bağışlamaq qərarı vermişdir. Həmin ilin sentyabr ayında isə 17 saylı notariusda özü də bilmədən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində sərəncam verməyə dair etibarnamədən imtina edərkən, əslində evə çıxarış alınması üçün imzaladığını düşünmüşdür. 2020-ci ilin yanvar ayında isə iddiaçıya Nərimanov Rayon Məhkəməsindən bildiriş gəldikdə, hazırki iş üzrə cavabdehin "nikahın pozulması" iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən xəbər tutmuşdur. Bütün bu hadisələrdən sonra iddiaçıya məlum olmuşdur ki, bağ sahəsindən imtina barədə ərizəyə imza çəkmişdir. Halbuki, heç vaxt bağ sahəsindən imtina etmək kimi bir fikri olmamışdır. Bu səbəbdən də torpaq sahəsindən imtina ərizəsi etibarsız hesab edilməli və o məhkəmə qətnaməsi əsasında həmin bağ sahəsində yerləşən evə köçürülməli olduğunu iddia edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “imtina ərizəsinin etibarsızlığı və evə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçının vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hazırki iddia tələbi irəli sürməsi üçün heç bir əsas yoxdur. Belə ki, cavabdeh tərəf heç vaxt iddiaçıya mənzilə gəlməyə maneə yaratmamış və indi də yaratmır. İddiaçı istədiyi vaxt həmin mənzilə gəlib-gedə bilər, buna cavabdeh etiraz etmir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin evə köçürülmənin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş 3 otaqlı bağ evinə köçürülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdə Azərbaycanda doğulmuşdur; İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli **********711 saylı ərizənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixində 17 saylı notariat kontorunda X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsini Axundov Mirkərim Böyükağa oğlundan reyestrdə 6471 nömrə ilə qeyd olunmuş torpaq üzərində sərəncam verməyə dair etibarnamə aldığını, həmin etibarnamədən imtina etdiyini və etibarnaməyə xitam verilməsini xahiş etmişdir; İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat kontorunun 7E-6296 saylı, xx.xx.2019-cu il tarixli notariat işinə əlavə edilmiş, AR-İ saylı, 847917 nömrəli, xx.xx.2019cu il tarixli etibarnamənin surətindən görünür ki, etibar edilənlər yəni təmsil edilənlər X1 Axundov Mirkərim Böyükağa oğluna ötürmüş, Cavabdeh etibar edilmiş şəxsdir. Etibarnamə üzrə X4 tərəfindən verilən səlahiyyətlər: Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerləşən 0.12 ha bağ sahəsindən 0.002 ha torpaq sahəsinə dair aid sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, vərəsəlik işini açmağı özəlləşmə prosesi ilə əlaqədar Bələdiyyə, İcra hakimiyyəti, DƏDRX, Notariat, Bank və digər kredit təşkilatları və s. Təşkilatlarda nümayəndəm olmağı, adıma olan reyestrdən çıxarış almağı, əmlakı özəlləşdirdikdən sonra üzərində sərəncam verməyi, müvafiq sənəd və arayışları almağı, aldıqdan sonra torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulu almağı, icarəyə verməyi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəm olmağı, ərizələrlə müraciət etməyi, müqavilələr bağlamağı, adından imza etməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2094-cü il tarixə qədər qüvvədədir; İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat kontorunun 7E-6296 saylı, xx.xx.2019-cu il tarixli notariat işinə əlavə edilmiş, AR-İ saylı, 356715 nömrəli, xx.xx.2014cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Kazımov Əli(Əliverdi) Cavanşir oğlu Axundov Mirkərim Böyükağa oğluna etibarnamə vermiş, etibarnamə üzrə verilən səlahiyyətlər: Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerləşən 0.12 ha bağ sahəsindən 0.002 ha torpaq sahəsinə dair aid sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, vərəsəlik işini açmağı özəlləşmə prosesi ilə əlaqədar Bələdiyyə, İcra hakimiyyəti, DƏDRX, Notariat, Bank və digər kredit təşkilatları və s. Təşkilatlarda nümayəndəm olmağı, adıma olan reyestrdən çıxarış almağı, əmlakı özəlləşdirdikdən sonra üzərində sərəncam verməyi, müvafiq sənəd və arayışları almağı, aldıqdan sonra torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulu almağı, icarəyə verməyi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəm olmağı, ərizələrlə müraciət etməyi, müqavilələr bağlamağı, adından imza etməyi, tələb olunduğu halda məhkəməyə iddiaçı, cavabdeh, zərərçəkmiş, üçüncü şəxs qismində müraciət etməyi, iddia ərizəsini imzalamağı, iddianın predmetini dəyişməyi, məhkəmənin çıxardığı qərar, qətnamə və ya hər-hansı digər hüquqi sənədi götürməyi, digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2094-cü il tarixədək qüvvədədir; İş materiallarında olan xx.xx.2020 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2017-ci il tarixli **********711 saylı ərizədən görünür ki, xx.xx.2016-cı il tarixində 17 saylı notariat kontorunda X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsini Axundov Mirkərim Böyükağa oğlundan reyestrdə 6471 nömrə ilə qeyd olunmuş torpaq üzərində sərəncam verməyə dair etibarnamədən imtina etdiyini və etibarnaməyə xitam verilməsini xahiş etmiş, hazırkı iddia tələbində həmin ərizənin etibarsızlığını tələb edir. Ərizənin etibarsızlığı əsası kimi iddiaçı göstərir ki, notariusda özü də bilmədən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində sərəncam verməyə dair etibarnamədən imtina edərkən, əslində evə çıxarış alınması üçün imzaladığını düşünmüşdür. Bu səbəbdən də, hazrırda iddiaçı qeyd edilən əqdin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Kredit müqaviləsində alınan borcun xarici valyutada ifadə edilməsi bankın iddiaçını aldatmasını iddia etmək üçün yetərli ola bilməz. Konkret halda, əqd bağlanan zaman iddiaçının həmin əqdin məzmununun səhv başa düşməsini iddia etmək inandırıcı və ağlabatan deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçı ilə əqdin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı əqdi (etibarnamədən imtina etməyi barədə ərizəni) imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və ərizəni imzalamışdır. İddiaçı tərəfindənə əqdin (ərizənin) məzmununda yanılmanın olması mümkün deyildir. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Beləliklə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, imtina ərizəsini imzalayarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 37.1-ci maddəsinin tələbləri baxımından həmin ərizənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından həmin hissədə iddia rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “imtina ərizəsinin etibarsız hesab edilməsi” hissəsində iddianı rədd edərkən düzgün nəticəyə gəlmiş olsa da, iddiaçı tərəfindən irəli sürülmüş «Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağ sahəsinə köçürülməsi» hissəsində iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarına müdaxilə olmamış, İddiaçı cavabeh Cavabdeh tərəfindən ona qarşı hər hansı maneçilik törətməsini sübut edə bilməmişdir. Kollegiya məhkəmənin yuxarıda qeyd olunan mövqeyi ilə razılaşmır və qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və hazırda cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyil. Cavabdeh tərəf həm birinci instansiya məhkəməsi iclasında, həm də apelyasiya icraatı zamanı verdiyi izahatlarında İddiaçı köçürülməsini tələb etdiyi bağ sahəsinə mütəmadi olaraq gedibgetdiyin, bağ sahəsinin açarlarının belə özündə olduğunu qeyd edir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında nikahı məhkəmə qaydasında pozulmuş və ayrı-ayrı yaşayırlar. Cavabdeh tərəfin iddiaçının qeyd oluan bağ sahəsinə yaşamasına etiraz etmədiyini və hazırda tərəflər arasında qeyd olunan halla bağlı mübahisə olmasa belə, bu cür mübahisənin yaranması istisna edilmədiyini nəzərə aldıqda iddiaçının həmin bağ sahəsinə köçürülməsi cavabdehin hər hansı hüququnu pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunun mövqeyin əksi iddiaçının hüquqlarını pozmaqla yanaşı qanunun bərabərlik prinsipinin kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı köçürülmə hissəsində rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin evə köçürülmənin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş 3 otaqlı bağ evinə köçürülməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3209/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin evə köçürülmənin rədd edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş 3 otaqlı bağ evinə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1775/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1775/2021
10.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver