Məhkəmə qərarları › İş №2(103)-1788/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1788/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1788/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən “iddianın həcminin azaldılması barədə” ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla cavabdeh arasında 06.08.2014-cü il tarixdə bağlanmış 129909-CNS-7618 №-li “Girovlu istehlak kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 27.021,74 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.397,04 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 414,71 ABŞ dolları, cəmi isə 30.833,49 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi; tutmanın ipoteka predmetinə - cavabdehə məxsus olan və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 73 №-li evin 18-ci mənzilinə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 68.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə edilə biləcək pul vəsaiti hesabına Banka olan kredit borcunun ödənilməsi; ipoteka predmeti olan əmlakın məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış 06.08.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə, 36 ay müddətinə 42.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında göstərilən müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 19.02.2016-cı il tarixli 01 saylı “Razılaşma” bağlanaraq müqavilə üzrə 19.02.2016 il tarixə olan borc məbləği kapitallaşdırılmış və 28.450 ABŞ dolları məbləğində müəyyənləşdirilərək borcun illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə qaytarılması razılaşdırılmışdır. Cavabdeh “Girovlu istehlak krediti müqaviləsindən” irəli gələn öhdəliklərinin təminatı məqsədi ilə mülkiyyətində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında 06.08.2014-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmışdır. Buna baxmayaraq cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, krediti və ona hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə cavabdehlərin Banka 04.11.2016-cı il tarixə 27.021,74 ABŞ dolları məbləğində əsas, 3.397,04 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə cavabdehə cərimə tətbiq etmişdir ki, ödənişin gecikdirilməsinə görə yaranan cərimə borcunun məbləği 414,71 ABŞ dolları təşkil edir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün 30 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.08.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, tərəflər arasında bağlanmış 06.08.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 27.021,74 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.397,04 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 50 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat və “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsini; tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmasını, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsini, artıq qala biləcək məbləğin cavabdehə qaytarılmasını, mənzilin məcburi qaydada boşaldılmasını; qalan hissədə iddianın təmin edilməməsini, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun cavabdehə aid edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin faiz borcuna aid hissədə dəyişdirilərək, həmin borcun ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Bank tərəfindən tələb olunan və Rayon Məhkəməsi tərəfindən tutulması qət olunan faiz borcunun məbləği düzgün müəyyən edilməmiş, məbləğ şişirdilmişdir. Həmin borc hazırki iş üzrə verilmiş ekspert rəyində göstərildiyi məbləğdə müəyyən edilməlidir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdeh apellyasiya baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə iddia qismən təmin edilsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni ondan tutulması qət edilmiş yalnız faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirir. Odur ki, MPM-nin 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə, qətnamənin əsaslılığını yalnız apellyasiya şikayəti vermiş cavabdehin mübahisələndirdiyi hissədə və ona münasibətdə yoxlamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməlidir. Belə ki, Bank ilə cavabdeh arasında bağlanmış 06.08.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 42.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış “Girovlu istehlak krediti müqaviləsinə” dəyişiklik və əlavələr edilməsi barədə 01 №-li 19.02.2016-cı il tarixli “Razılaşmadan” görünür ki, bu “Razılamaya” əsasən kredit alan cavabdehin Banka 19.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 28.450 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilmiş “Arayışdan” görünür ki, cavabdehin Banka 29.08.2018-ci il tarixə olan əsas borcu 27.021,74 ABŞ dolları, faiz borcu 414,71 ABŞ dolları, cərimə 414,71 ABŞ dolları təşkil edir. İşin materiallarından görünür ki, cavabdeh iddiaçı Bank qarşısında “Kommersiya krediti müqaviləsi” üzrə üzərinə öhdəlik götürsə də, bu öhdəliyi icra etməmiş, krediti və ona hesablanmış faizləri Banka ödəməmişdir. Göstərilənlərə əsasən, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77.1ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın, hazırki halda cavabdehin üzərinə düşür, lakin o, öhdəliyi icra etdiyini sübuta yetirə bilmir və ümumiyyətlə, bu halı sübuta yetirə bilmir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddia ərizəsi ilə tutulması tələb olunan faiz borcunun məbləği düzgün hesablanmamış və bu hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş rəydə öz əksini tapmışdır. Lakin buna baxmayaraq Rayon Məhkəməsi faiz borcunu Bankın tələb etdiyi məbləğdə cavabdeh tərəfdən tutmuşdur. Məhkəmə cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul etdiyi 02.02.2017-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Bank tərəfindən tələb olunan kredit borcunun, o cümlədən də faiz borcunun düzgün hesablanıb-hesablanmadığına dair ekspert qarşısında sual qoymuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 22.07.2017-ci il tarixli, 5339 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 06.08.2014-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsinin” və 19.02.2016-cı il tarixli “Razılaşmanın” şərtləri nəzərə alınmaqla, 19.07.2016-cı il tarixə cavabdehin Banka olan faiz borcu 3.205,22 ABŞ dolları təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış “Girovlu istehlak krediti müqaviləsi” üzrə Bank tərəfindən tələb olunan faiz borcu bu sahədə xüsusi biliyə malik olan ekspertin rəyinə görə 3.205,22 ABŞ dolları təşkil edir. Lakin Rayon Məhkəməsi rəyi nəzərə almamış, faiz borcunu Bankın tələb etdiyi həcmdə - 3.397,04 ABŞ dolları məbləğində təmin etmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin doğruluğuna şübhə ilə yanaşmadığından (belə ki, bu halın əksini, yəni tələb olunan borc məbləğinin daha az olduğunu təsdiq edən mötəbər sübut, ən azından adi riyazı hesablama iddiaçı Bank tərəfindən məhkəmələrə təqdim olunmamışdır) hesab edir ki, rəy mötəbərdir və qətnamə cavabdehin Banka olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və bu məbləğ rəyə uyğun şəkildə 3.205,22 ABŞ dolları müəyyən edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir; cavabdehin apellyasiya şikayətinin dəlili bu hissədə əsaslıdır. Apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, ölkədə baş vermiş devalvasiyalar nəticəsində cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmək imkanından məhrum olmuşdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı düşməsi onu müqavilə üzrə öhdəliklərinin icrasından azad edə bilməz. Çünki devalvasiyanın “forsmajor” hal kimi qəbul edilməsi və bununla bağlı cavabdehin Bank qarşısında götürmüş olduğu borc öhdəliklərindən azad olunması və ya ona digər bir şəkildə güzəşt tətbiq edilməsi barədə şərt tərəflər arasında bağlanmış “Girovlu istehlak krediti müqaviləsində” nəzərdə tutulmamışdır. Belə olan halda hesab edilməlidir ki, müzakirə olunan bu dəlil əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan, habelə MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli və apellyasiya baxışının predmetini təşkil edən hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilsin. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında 06.08.2014-cü il tarixdə bağlanmış 129909-CNS-7618 №-li “Girovlu istehlak kredit müqaviləsi” üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.205 (üç min iki yüz beş) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində pul, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulsun. Müəyyən edilsin ki, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli qətnamənin qalan hissəsi, yəni «“Girovlu istehlak kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 27.021 (iyirmi yeddi min iyirmi bir) ABŞ dolları 74 (yetmiş dörd) sent, cərimə borcunun ödənilməsi məqsədilə 50 (əlli) ABŞ dolları, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat və “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 73 №-li evin 18-ci mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 100.000 (yüz min) manat müəyyən edilməsi, mənzilin satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin Banka olan borcunun ödənilməsi, artıq qala biləcək məbləğin Cavabdeh ödənilməsi, satıldığı halda mənzilin məcburi qaydada boşaldılması, ekspertiza tədqiqatının xərcinin Cavabdeh aid edilməsi və bu məqsədlə ondan 50 (əlli) manat məbləğində pulun dövlət nəfinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi» barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Müəyyən edilsin ki, Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə kredit borcu üzrə cəmi 30.276 (otuz min iki yüz yetmiş altı) ABŞ dolları 96 (doxsan altı) sent (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutulmalıdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar