Məhkəmə qərarları › İş №2(103)-1817/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1817/2024

19.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1817/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3111/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 Allaşbaxış qızına və Cavabdeh2 qarşı "alğı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi" tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına olan alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(010)- 3111/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı alğısatqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı X1 apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(010)-3111/2019 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3111/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(010)- 3111/2019 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3111/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(010)-3111/2019 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini və mülki iş materialları ilə birlikdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun qətnamədən xəbəri olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3111/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə əldə etmişdir. İş materialları ilə tanış olan zaman ona məlum olmuşdur ki, qətnamənin götürülməsinə dair xəbərnaməyə naməlum şəxs tərəfindən imza edilmişdir. Hazırkı qərardad isə qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən işə formal mövqedən yanaşılmış və qərardadda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3111/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki iddiaçı X3 hazırkı mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən xəbərinin olmadığını qeyd etsə də, lakin iş materiallarında olan qətnamədən çıxarışın təqdim edilməsinə dair qəbzdən müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(010)- 3111/2019 nömrəli qətnaməsindən çıxarış xx.xx.2019-cu il tarixdə iddiaçı X2 təqdim edilmiş, həmçinin iş materialında olan xəbərnaməyə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(010)-3111/2019 nömrəli qətnaməsi xx.xx.2019-cu il tarixdə iddiaçı X3 tərəfindən qəbul edilmişdir. Yəni, cavabdehin müddətin bərpası barədə ərizəsində irəli sürdüyü dəlillər işin halları ilə öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçı qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti uzun müddət ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə isə bunun üzrlü səbəblərini göstərməmiş və məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(010)-3111/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən iddiaçı X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3111/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3111/2019 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar