Məhkəmə qərarları › İş №2(103)-1849/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1849/2024

12.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1849/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Maraqlı şəxs, Ərizəçi iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1145/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Ərizəçi ilə maraqlı şəxs xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından bir övladları – xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5728/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.

2. Tərəflər arasındakı ailə münasibətlərinin pozulması ilə bağlı 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 8 saylı mediasiya təşkilatında nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, alimentin tələb olunmaması, atanın uşaqla ünsiyyətinə dair barışıq sazişi bağlanmışdır.

3. Ərizəçi, həmin sazişin xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 350 manat məbləğində aliment ödənilməsi barədə bəndinin maraqlı şəxs tərəfindən icra edilmədiyini əsas gətirərək aşağıdakı ərizə ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi mediasiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2022-ci il barışıq sazişinin təsdiq edilməsi, saziş üzrə ödənilməli 350 manat alimentin Maraqlı şəxs hər ay tutulması barədə və ərizəyə görə 50 manat dəyərində ödədiyi pulun maraqlı şəxs tərəfindən ona geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxslə rəsmi nikaha girərək ailə qurmuşlar. Bu nikahdan bir övladları dünyaya gəlib. xx.xx.2022-ci ildə MŞB/8-00211 saylı barışıq sazişi bağlanmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat alimentin ödənilməsinə razılaşmışdır. Lakin heç bir ödəniş etməmişdir. Eləcə də bu ərizəni, qarşı tərəfin üzərinə düşən vəzifədən qaçdığı üçün, yazmağa və buna görə ödəniş etməyə məcbur qalıb.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1145/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Barışıq sazişinin 2-ci bəndi – “Maraqlı şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin noyabr ayından başlayaraq hər ay 350 manat məbləğində alimenti Ərizəçi Leobank **********712680 nömrəli bank hesabına köçürülməsinə razıdır” təsdiq edilmişdir:

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2-ci bəndi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğundur və tərəflər sazişin həmin bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 2-ci bəndini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin 2-ci bəndinin alimentin ödənilməsi barədə hissəsinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 339.4, 881.1, 881.2; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4, 355-23.1, 355-25.3, 355-26.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1145/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsinin qismən ləğv olunması, bir uşağın saxlanılması üçün hər ay 220 manat pulun ərizəçiyə ödənilməsi xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mediasiya sessiyasına dəvət edilərkən, mediator ona hüquq və vəzifələrini başa salmadan, fikirləşmək üçün vaxt vermədən elə həmin günü sazişə imza atdırdı. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində nəzərdə tutulan hüquqlarını, bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək hüququndan məhrum olunmuşdur. Belə ki, mediasiya sessiyasında ona bildirdilər ki, “alimentin 350 manat olmağı, ümumiyyətlə şərtlərin bu cür olması məsləhətdi. Əks halda sən uşağını görməyə bilərsən, hətta atalıqdan məhrum oluna bilərsən”. O da açığı bunun real, qanuni olduğuna inanmış və qorxub imza atmışdır. Lakin mediasiya təşkilatında sonra məsləhət almaq üçün dərhal vəkil burosuna müraciət etmiş və orada ona dedilər ki, valideyn hüquqlarından məhrum edilməsi üçün əsasların siyahısı qanunvericilikdə tam şəkildə müəyyən edilmişdir. “Sən xroniki alkoqol və narkoman deyilsən və səni heç kim valideyinlik hüququndan məhrum edə bilməz. Səni aldadıblar”. Bundan sonra o, aylıq gəlirlərini təsdiq edən arayışı və sazişin ləgv olunmasına dair ərizəni mediasiya şürasina təqdim emişdir. Orada ona bildirdilər ki, artıq sazişi imzalayıb. Ona bunula bağlı heç bir köməklik göstərə bilməyəcəklərini deyiblər. Mediasiyada onu heç kim dinləmək istəmədi. Belə ki, o, hüquqlarını və qanunları bilmədiyi üçün, mediator vəzifəsindən sui-istifadə etməsi yolu ilə aldadılmlış və o, qanunları öyrəndikdən və hüquqlarını bildikdən sonra rədd edilmişdir. Hazırda tək istədiyi bu işdə haqq-ədalət və qanunlar bərpa edilməsidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəf uşaqdan istifadə edərək onu hədələyir, uşağı ona göstərmir. Barışıq sazişini bağlayarkən onu aldadıblar. Sadəcə olaraq, onu uşağı göstərməyəcəkləri ilə bağlı şantaj ediblər. Bildiriblər ki, əgər barışıq sazişini imzalamasa, onu valideynlik hüququndan məhrum edəcəklər. Onun hazırkı maaşı ilə həmin sazişi icra etməyi mümkün deyildir. Onun hazırkı maaşı 400 manatdır. Barışıq sazişi onun tərəfindən qismən icra edilir. Onun öz xərcləri olduğu üçün maaşının hamısını verə bilməz, ona görə də alimenti 220 və ya 300 manat məbləğində verir. 350 manatla razılaşmağı və barışıq sazişinə məcburən imza atmağının səbəbi budur ki, mediasiya prosesində o, mediatordan soruşanda dedi ki, aliment ödənilmədiyi halda qarşı tərəf onu məhkəməyə verib atalıq hüququndan məhrum edə bilər. Bu barışıq sazişi aldığı maaşa uyğun gəlmir, göstərilən məbləği ödəməyə imkanı yoxdur. Uşağa pul xərclənib-xərclənməməsi bilinmir. Barışıq sazişini imzalayan zaman düşünüb ki, bəlkə ödəyə bilər. Bundan başqa mediator onun hüquqlarını izah edən zaman yalan məlumat verərək onu çaşdırmışdır.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, bu iş bir ildən çoxdur ki, davam edir. Məhkəməyə verdiyi sənədlərdən məlumdur ki, mediasiya zamanı heç bir qanun pozuntusu baş verməmişdir. Mediator mediasiya zamanı demişdir ki, ümumiyyətlə alimenti ödəməsə, onu valideynlik hüququndan məhrum edə bilərlər. Həmçinin mediator qarşı tərəfə “mən vəkil deyiləm, əlavə suallarınız varsa, vəkilə müraciət edə bilərsiniz” demişdir. Mediator “hər ikiniz razısınızsa, barışıq sazişinə imza çəkə biləcəyimizi” demişdir. Qarşı tərəf işlədiyi yerdən başqa sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. Buna görə də ödəmək qabiliyyətinə malikdir. Barışıq sazişi keçən il bağlanmışdır, noyabrdan noyabra kimi 1 il ərzində 600 manat ödəmişdir ki, bunu da hesablasaq, aya 50 manat düşür. Barışıq sazişinə əsasən qarşı tərəf alimenti ödəmir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Xətai Rayon Məhkəməsindən sonra qarşı tərəf bir ay 100 manat, bir ay isə 200 manat göndərdi. Qarşı tərəf deyirdi ki, onun 1.200 manat maaşı var və əlavə gəlir mənbələri də var. Mediasiya zamanı qarşı tərəfin dedikləri nəzərə alınmışdır. Uşağın böyrəyində problem var. Hal-hazırda yaxşı vəziyyətdə deyil və sağala bilmir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmaması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

18.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

22. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 23.305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 24.355-23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunundamüəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 25.355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

26. 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun

27.1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 28.9.3.1-ci maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. 29.33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. 30.33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 31.34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 32.34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 33.34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.34.5-ci maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, ərizəçi, mediasiya prosesində maraqlı şəxslə bağladığı barışıq sazişinin şərtlərinin sonuncu tərəfindən yerinə yetirilmədiyini bildirərək sazişin məcburi icrasının təmin olunması üçün məhkəmə tərəfindən təsdiqlənməsini xahiş etmişdir.

37. “Mediasiya haqqında” Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.

38. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

39. İş materiallarından göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş edilən hissəsinin maraqlı şəxs tərəfindən icra edilməməsi işin mübahisələndirilməyən halıdır. Maraqlı şəxs verdiyi apellyasiya şikayətində tərəflərin arasında ödənilməli aliment məbləğinə dair məsələnin mübahisəli olduğunu, üzərinə öhdəlik olaraq götürdüyü aliment məbləğini aldığı əmək haqqının az olması səbəbilə ödəyə bilməyəcəyini qeyd etməsinə baxmayaraq MPM-nin “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”a dair 40-7-ci fəslindəki normalara ümumiyyətlə istinad etməmiş, MPM-in 355-26.1-ci maddəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əsaslandırmamışdır

40. Halbuki mövcud olan qanunvericiliyə görə, mediasiya prosesində bağlanmış barışıq sazişinin və ya onun bir hissəsinin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina olunmasının MPM-in 355-26.1-ci maddəsində nəzərdə tutulan iki əsası vardır: 1) barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; 2) barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.

41. İşdə olan materiallara əsasən müəyyən edilir ki, məhkəmə barışıq sazişinin müvafiq bəndinin maraqlı şəxs tərəfindən tam həcmdə icra olunmadığını müəyyən etmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş formaya uyğun tərtib edilib-edilmədiyini, məzmun baxımından barışığı təsdiqlədiyi anda subyekt tərkibinə aid şərtləri, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olub-olmadığını, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını yoxlamışdır.

42. Göründüyü kimi, hazırkı işdə məhkəmənin barışıq sazişinin təsdiq edilməsindən imtina etməsi üçün qanunla müəyyən edilmiş 2 əsasdan heç biri mövcud deyildir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və ya əsassız hesab etmək üçün hər hansı hüquqi əsas tapmır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

43. Maraqlı şəxsin barışıq razılaşması bağlanan zaman iradəsinin zədəli olmasına (halbuki bu halı verdiyi izahatı ilə təkzib etmişdir) istinad etməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət veriləcəkdir.

44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1145/2023 saylı 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar