Məhkəmə qərarları › İş №2(103)-1856/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1856/2022

18.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1856/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Açar sözlər: tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(003)-66/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli, 2(003)-1276/2012 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş 0,2 ha torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsinə köçürülməsi, 2 ədəd çarpayı, 1 ədəd xalça, 1 ədəd çılçıraq, yataq otağında 2 ədəd şifoner, 1 ədəd tumba, 2 ədəd tumboçka, 1 ədəd taxt, 1 ədəd xalça, 1 ədəd çilçıraq, qonaq otağında 1 ədəd divar mebel dəsti, 1 ədəd divan, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal masası, 1 ədəd çilçıraq, 2 ədəd xalça, 2 ədəd çay dəsti, 1 ədəd yemək dəsti, 2 dəst baqema xrustalı, 1 ədəd tozsoran, mətbəxdə 1 dəst 2,80 sm olan mətbəx mebeli, 1 ədəd künc divanı, 1 ədəd çilçıraq əşyalar, o cümlədən 1 ədəd sünbül sep, 1 ədəd sünbüllü qolbaq, 2 ədəd gül sırğa, 1 ədəd gül üzük, 1 ədəd nişan üzüyü əşyaların dəyərini təşkil edən 550 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2012-ci il tarixli, 2(103)-5338/2012 saylı qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli, 2(003)-1276/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı Anar İsayevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsində Ə.Rəhman küçəsi yeni sahədə qanunsuz tikinti işləri ilə məşğul olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsi ilə inzibati qaydada tədbirlərin görülməsi qərara alınmışdır.

4. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********493 saylı ərizənin surətindən görünür ki, X8 ailə üzvləri X5, Cavabdeh2, X3, X4, X6 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 16003 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında mövcud olmuş sanitar qovşağının söküldüyü, həmin sahədə uzunluğu 9,8 ment, eni 6,0 metr olan bir mərtəbəli tikili (ev) inşa edildiyi, eləcə də həyətə giriş hissədə sanitar qovşağı inşa edildiyi, həmçinin uzunluğu 9,8 ment, eni 6,0 metr olan bir mərtəbəli tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilmişdir.

6. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/1843 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1-ci və 2-ci suallar üzrə: ünvan 1 ünvanda İddiaçı istifadəsində olan tikilinin (evin) üstü örtülü, yanları açıq həyətyanı torpaq sahəsində, mətbəx tikilisinin qarşısında mövcud olmuş sanitar qovşağının söküldüyü, həmin sahədə uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikili inşa edildiyi müəyyən olunmuşdur. Lakin tədqiq olunan yaşayış evinə dair texniki pasport və ya tikililərin planlı yerləşməsinə dair plan-sxem mülki iş materiallarına əlavə edilmədiyindən, cavabdeh tərəfindən inşa olunmuş tikilinin iddia ərizəsində qeyd edilən sanitar qovşağının hansı hissəsində inşa edildiyini müəyyən etmək mümkün olmamışdır; 3-cü sual üzrə: tədqiq olunan yaşayış evinə və üstü örtülü, yanları açıq həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisəli tikiliyə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu, həmin tikililərin birbirindən təcrid vəziyyətdə yerləşdiyini nəzərə alaraq, Cavabdeh2 məxsus tikilinin İddiaçı onun istifadəsində olan tikilidən istifadə etməsinə hər hansı maneə yaratmadağı müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş 0,2 hektar torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsinin mətbəx və 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissəsində Cavabdeh2 tərəfindən inşa olunmuş tikilinin onun hesabına sökülməsi, mətbəx və 5 metr eni, 6 metr uzunu olan üstü örtülü yanları açıq hissədə açıq olan sanitar qovşaq Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və maneə yaratmağı onlara qadağan edilməsi və Cavabdeh2 həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan iki uşaq İddiaçı himayəsində saxlanmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanında inşa edilmiş, 0,2 ha torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvədə olan qətnamə ilə İddiaçı və iki əlil uşağının köçürüldüyü yaşayış sahəsinin mətbəxi, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissəsi 2018-ci ilin dekabr ayında Cavabdeh1 tərəfindən sökülmüş və həmin mətbəxdən, hamam-tualetdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissədən ibarət olan sahədə Cavabdeh2 tərəfindən tikili inşa edilmişdir. Həmin tikilinin inşa edilməsi nəticəsində iddiaçının və uşaqlarının köçürüldüyü yaşayış sahəsi yararsız vəziyyətə düşmüş, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı və uşaqları köçürüldüyü yaşayış sahəsinin mətbəxindən, hamam tualetindən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq sahəsindən məhrum olmuşdur. Sökülməsi tələb olunan tikililər onun köçürüldüyü sahədən istifadəsinə maneə olmaqla yanaşı, mənzilə təbii günəş işığının düşməsinin və təbii hava axımının qarşısını da alır. Bununla bağlı olaraq polisə müraciət edilmiş, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı Anar İsayevin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhman küçəsi yeni sahədə qanunsuz tikinti işləri ilə məşğul olduğu üçün onun barəsində İXM-nin 395-ci maddəs ilə tədbir görülməsi qərara alınmışdır. Həmin qərarda tərəflərin verdikləri izahatlar ilə göstərilən hallar öz əksini tapmışdır.

9. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanda İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında inşa edilmiş uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikilinin (ev) Cavabdeh2 tərəfindən sökülməsi, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissə və sanitar qovşağın Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və maneə yaratmağın onlara qadağan edilməsi və Cavabdeh2 həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(003)- 66/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında inşa edilmiş uzunluğu 9,8 metr, evi 6,0 metr olan bir mərtəbəli tikilinin (ev) Cavabdeh2 tərəfindən sökülməsi; 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissənin və sanitar qovşağın Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və maneə yaratmağın onlara qadağan edilməsi, Cavabdeh2 həmin sahədən çıxarılması, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tikilisi iddiaçının ərazisində yerləşmir, iddiçıya məxsus hər hansı bir tikili onun tərəfindən sökülməmişdir, iddiaçıya onun tərəfindən heç bir maneə yaradılmır, iddiaçının öz evinə gediş gəlişinə də heç bir maneə yoxdur. Məhkəmə tərəfindən onun tikilisinin iddiaçının ərazisinə hansı hissədə düşməsi müəyyən edilməmişdir. Əgər kiçik bir hissə iddiaçının ərazisinə düşürsə, bütün ev sökülməlidirmi, məhkəmə nə üçün həmin qənaətə gəldiyini əsaslandırmamışdır. Onun tikilini icra hakimiyyəti orqanları ilə razılaşdırmaması, bunun nəticəsində onun sökülməsi tələbi üzrə iddia qaldırmaq hüququ isə icra hakimiyyəti orqanlarına məxsusdur. O, iddiaçının yaşayış sahəsində tikili inşa etməyib, Xəzər Rayon Məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

18. Həmin Məcəllənin 158.1, 158.1.2, 158.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

19. Həmin Məcəllənin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Həmin Məcəllənin 180.4-cü maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.

29. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2012-ci il tarixli, 2(003)-1276/2012 saylı qətnaməsi ilə iddiaçının köçürülməsi qət olunan ünvan 1 ünvanında inşa edilmiş 0,2 ha torpaq sahəsində yerləşən, uzunluğu 9 metr, eni 7 metr olan 3 otaqdan, mətbəxdən, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq yeni yaşayış sahəsi özbaşına tikilidir və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması təsdiq olunmur.

30. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/1843 saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanda İddiaçı istifadəsində olan üstü örtülü, yanları açıq tikilinin (evin) həyətyanı torpaq sahəsində mətbəx tikilisinin qarşısında mövcud olmuş sanitar qovşağının söküldüyü, həmin sahədə uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikili inşa edildiyi müəyyən olunmuşdur. Lakin tədqiq olunan yaşayış evinə dair texniki pasport və ya tikililərin planlı yerləşməsinə dair plan-sxem mülki iş materiallarına əlavə edilmədiyindən, cavabdeh tərəfindən inşa olunmuş tikilinin iddia ərizəsində qeyd edilən sanitar qovşağının hansı hissəsində inşa edildiyini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan yaşayış evinə və üstü örtülü, yanları açıq həyətyanı torpaq sahəsində inşa edilmiş mübahisəli tikiliyə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu, həmin tikililərin bir-birindən təcrid vəziyyətdə yerləşdiyini nəzərə alaraq, Cavabdeh2 məxsus tikilinin İddiaçı onun istifadəsində olan tikilidən istifadə etməsinə hər hansı maneə yaratmadağı müəyyən edilir.

31. Göründüyü kimi iddiaçının köçmək istədiyi özbaşına tikili ilə Cavabdeh2 istifadəsində olan özbaşına tikili bir-birindən təcrid vəziyyətdə yerləşir və iddiaçının tikilidən istifadə etməsinə hər hansı maneə yaratmır.

32. Həmin yaşayış evlərinə dair texniki pasport və ya tikililərin planlı yerləşməsinə dair plan-sxem mövcud olmadığından mübahisəli sanitar qovşağının cavabdeh tərəfindən inşa olunmuş tikilinin hansı hissəsində inşa edildiyi, ümumiyyətlə əvvəllər mövcud olması iş materialları ilə müəyyən edilmir.

33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir.

34. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizalarının xərci olaraq 200 manat məbləğində pul vəsaitinin 100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab dir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(003)- 66/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki və əlavə məhkəmə tikinti-texniki ekspertizalarının xərci olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 100 (yüz) manatı İddiaçı, 100 (yüz) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar