Məhkəmə qərarları › İş №2(103)-186/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-186/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-186/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair müllki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)-549/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və X4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 fevral 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin 12 saylı filialından illik 24%-lə 60 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 miilkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində yerləşən, 58.1 kv.m ümumi sahədən ibarət 8 nömrəli evin 4 nömrəli mənzili 26 fevral 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. 2020-ci il sentyabrın 18-dək Cavabdeh1 həmin kredit müqaviləsi üzrə banka 13893,49 manat əsas, 6483,51 manat faiz, 1718,59 manat cərimə borcu olmaqla ümumilikdə 22095,59 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Buna görə də Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 26 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 13893,49 manat əsas, 6483,51 manat faiz, 1718,59 manat cərimə borcu olmaqla ümumilikdə 22095,59 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində yerləşən, 58.1 kv.m ümumi sahədən ibarət 8 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və X3 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və X3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)- 549/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı X1 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 24-G1-2-0-71-18 saylı kredit müqaviləsindən irəli gələn 13829,72 manat, faiz borcu üzrə 2710,63 manat olmaqla cəmi 16540,35 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka dair bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının, cəmi 60 manat məhkəmə xərcinin Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində yerləşən, 58.1 kv.m ümumi sahədən ibarət 8 nömrəli evin 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 30000 manat qiymətləndirilməsi, satışdan əldə olunmuş vəsait hesabına 16540,35 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilib iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin əsas və faiz borcunun məbləğini müəyyən edərkən iş materiallarındakı ekspert rəyinə istinad etmiş, lakin cərimə borcunu ümumiyyətlə hesablamamışdır. Cavabdeh sonuncu ödənişi 08 oktyabr 2018-ci il tarixdə 1652,04 manat məbləğində etmiş və həmin tarixdən sonra heç bir ödəniş etməmişdir, lakin buna baxmayaraq ekspert əsassız olaraq əsas borcun 13829,72 manat, faiz borcunun isə 2710,63 manat məbləğində olduğunu qeyd etmişdir. Bunlarla yanaşı məhkəmə tələbin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsində də iddianı rədd edərkən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərini və ipoteka saxlayan olaraq bankın hüquqlarını pozmaqla bankın ipoteka predmetini əldə etmək hüquqlarını məhdudlaşdırmışdır. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 izahatında birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğunu bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)-549/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İKB-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 24-G1-2-0-71-18 saylı kredit müqaviləsinə əsasən ona illik 24% dərəcəsi ilə 60 ay müddətinə 15000 manat məbləğində borc verilmişdir. 26 fevral 2018-ci il tarixli 24-G1-2-0-71-18 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində yerləşən, 58.1 kv.m ümumi sahədən ibarət 8 nömrəli evin 4 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Əmlakın qiymətləndirmə aktına əsasən mənzil 30000 manat bazar dəyərində qiymətləndirilmişdir. İddiaçı İKB tərəfindən verilmiş maliyyə arayışlarına əsasən, Cavabdeh1 İddiaçı İKB-yə 02 avqust 2019-cu il tarixə 13893,49 manat əsas, 2723,12 manat faiz, 233,45 manat cərimə borcu olmaqla ümumilikdə 16850,06 manat borcu, 18 sentyabr 2020-ci il tarixə isə 13893,49 manat əsas, 6483,51 manat faiz, 1718,59 manat cərimə borcu olmaqla ümumilikdə 22095,59 manat borcu vardır. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 18 may 2020-ci il tarixli 965 saylı rəyinə əsasən, tərəflər arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 24-G1-2-0-71-18 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 02 avqust 2019-cu il tarixə İddiaçı İKB ASC-yə olan əsas borcu 13829,72 manat, faiz borcu 2710,63 manat olmaqla cəmi borcu 16540,35 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Birinci instansiya məhkəməsi əsas və faiz borcunun məbləğini müəyyən edərkən məhkəmə mühasibatlıq ekspertizasının 18 may 2020-ci il tarixli 965 saylı rəyinə əsaslanmışdır. Həmin rəyə əsasən cavabdehin 02 avqust 2019-cu il tarixə olan borcu müəyyən edilmişdir. Halbuki, 25 sentyabr 2020-ci il tarixdə iddiaçı bank tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verilmiş və cavabdehdən iddiaçının xeyrinə 18 sentyabr 2020-ci il tarixə yaranmış 13893,49 manat əsas, 6483,51 manat faiz, 1718,59 manat cərimə borcu olmaqla ümumilikdə 22095,59 manat borcun ödənilməsi tələb olunmuşdur. İddia tələbinin həcminin artırılması barədə ərizə verilən dövrdə kredit müqaviləsinin müddəti başa çatmadığına görə bank həmin ərizəni verməkdə haqlı olmuşdur. Apellyasiya icraatı zamanı Cavabdeh1 İddiaçı İKB ASC-yə iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 23 sentyabr 2020-ci il tarixə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 6 iyul 2021-ci il tarixli 9/3754 saylı rəyinə əsasən, Cavabdeh1 İddiaçı İKB ASC-yə 23 sentyabr 2020-ci il tarixə əsas borcu 13829,72 manat, faiz borcunun məbləği isə 6499,97 manat təşkil edir. Ekspert rəyi ilə müəyyən olunmuş Cavabdeh1 İddiaçı İKB ASC-yə əsas borcunun məbləği (13829,72 manat) iddia tələbinin həcmindən az (13893,49 manat), faiz borcunun məbləği isə (6499,97 / 6483,51) çox olduğundan, əsas borcun məbləği 13829,72 manat, faiz borcunun məbləği isə 6483,51 manat müəyyən edilməlidir. Cavabdeh1lə İddiaçı İKB ASC arasında bağlanmış 26 fevral 2018-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndində gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə sonuncu ödənişi 08 oktyabr 2018-ci il tarixdə etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini cərimə borcu hissəsində təmin etməmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən 1718,59 manat məbləğində cərimə tələb etmişdir. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də kollegiya hesab edir ki, hər iki tərəfin əsaslı mənafeyini nəzərə alaraq cərimə pulunun məbləği əsas borcun 7 faizi, yəni (13829,72 x 0,07=968 manat) məbləğində müəyyən olunmalıdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə cərimə məbləğinə münasibət bildirilməməsinə dair apellyatorun dəlili əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə ipoteka predmetinin likvid qiyməti müəyyən olunmamışdır. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticəsinə əsasən verilmiş "xxxx" MMC-nin 09 dekabr 2021-ci il tarixli 14/1277 saylı rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində yerləşən, 58.1 kv.m ümumi sahədən ibarət 8 nömrəli evin 4 nömrəli mənzilinin likvid dəyəri 37600 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti 26 fevral 2018-ci il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 30000 manat müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti 37600 manat təyin edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 37600 manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 37600 manat müəyyən edilməlidir. Cavabdehlərin ipoteka predmeti olan mənzil satıldıqdan sonra mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Odur ki, 26 fevral 2018-ci il tarixli 24-G1-2-0-71-18 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 məxsus mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər qeyd olunan yaşayış sahələrindən məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Buna görə də satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi və ya prosessual hüquq normalarının pozulması, yaxud düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcələnin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)- 549/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh1 13829,72 manat əsas borc, 6483,51 manat məbləğində faiz borcu, 968 manat məbləğində cərimə olmaqla cəmi 21281,23 manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsində yerləşən 8 nömrəli evin 4 nömrəli mənzilinin ilkin satış qiyməti 37600 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh1 və X5 mənzili 1 ay ərzində tərk etmədikləri halda məcburi qaydada mənzildən çıxarılsınlar. Həmin mənzil boşaldılaraq "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh1 və X3 mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə müstəqil qiymətləndirmənin keçirilməsinə sərf olunmuş 300 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar