Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1881/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5169/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən dəyəri 3.019 manat olan “Samsung S928” Titanium Black 12/512GB markalı mobil telefon alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefon və Galaxy Watch6 markalı saatın alınaraq ona qaytarılması, Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefonu və Galaxy Watch6 markalı saatı cavabdehdən alınaraq ona qaytarılması mümkün olmadıqda həmin telefonun və saatın dəyərinin və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cu il tarixdə Smart Elektronics şirkətindən dəyəri 3.019 manat olan Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefon və Galaxy Watch 6 markalı saat almışdır. “Beynəlxalq Bank”ın tam kartı vasitəsi ilə tam ödəniş 3.019 manat Smart Elektronics şirkətindən ödənilmişdir. Həmin kart kredit kartı olduğundan hər ay onun tərəfindən banka da kredit borc görə 168 manat ödəniş edilir. İlk aldığı gündən müvəqqəti olaraq telefonu və saatı işlətmək üçün cavabdeh ondan almışdır. Cavabdeh ona məxsus olan Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefonu və Galaxy Watch6 markalı saatı qaytarmır. Dəfələrlə geri qaytarılmasını tələb etsə də qaytarmaq niyyətində olmadığını bildirir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, onunla İddiaçı xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların nikahları Yasamal rayon qeydiyyat şöbəsində 661 №-li aktla qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 iki övladları dünyaya gəlmişdir. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətlərinə son qoyulmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3440/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı və Cavabdeh arasında xx.xx.2008-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 661 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun yanında saxlanması, cavabdeh İddiaçı Əiiverdi oğlundan xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. İddiaçının hazırda tələb etdiyi mobil telefon birgə nikah dövründə ona ad günü hədiyyəsi olaraq alınmışdır. Belə ki, sözgedən Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefonu və telefon alınan zaman üzərində hədiyyə olaraq verilmiş Watch 6 markalı saatı (smartelectronics mağazasında kompaniya idi telefon alana saat hədiyyə verilirdi) iddiaçı xx.xx.2024-cü il tarixində ona doğum günü hədiyyəsi olaraq almışdır. Belə ki, onun doğum günü xx.xx.2024-cü il tarixindədir. Tərəflər birgə nikahda olduqları zaman X4 ona 2024-cü il doğum günü üçün telefon alacağını bildirmişdir. Lakin, telefonun yeni modelinin 1-2 həftəyə mağazaya gələcəyindən və mağazada yeni kompaniya olacağından (yeni telefon alana saat hədiyyə olunacaq kompaniyasından yararlanmaq üçün) doğum gününə hədiyyə olaraq alacağı telefonu doğum günündə deyil 12 gün sonra yəni xx.xx.2024-cü il tarixində almışlar. Yəni hazırda iddiaçının tələb etdiyi əmlaklar ona iddiaçı tərəfindən birgə nikah dövründə hədiyyə olaraq alınmışdır. Belə bir sual ortaya çıxır. Əgər iddiaçının dediyi kimi idisə nə üçün telefon və saat alınan kimi elə onun istifadəsinə vermişdi? Nikahda olduqları müddət ərzində nə üçün bir gün belə telefon onun istifadəsində olmayıb? Çünki telefon ona nikah dövründə ad gününə hədiyyə olaraq alınmışdır. Lakin, iddiaçı sonradan aralarında ailə münasibətləri pozulduqdan, nikahları məhkəmə qaydasında pozulduqunu görüb həmin əmlakları tələb etmək qərarına gəlmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5169/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMCdən dəyəri 3019 manat olan Samsung S928 12/512GB Titanium Black markalı mobil telefon və onun üstündə hədiyyə olaraq verilən Galaxy Watch6 markalı qol saatı tərəflərin birgə nikahı dövründə əldə edilmiş olsa belə, iddia ərizəsindən və iddiaçı tərəfin izahatından görünür ki, həmin əşyalar cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə həmin əşyaların hədiyyə olaraq qəbul etmişdir.
7. Məhkəmə iddiaçının geri tələb etdiyi əmlakların "xxxx" ASC-yə aid olan Tam kartı vasitəsi əldə etməsi, nikah pozulduqdan sonra həmin borcun onun tərəfindən ödənilməsi dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024- cü il tarixli 1/2024 №-li Qərarın 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2, 225.3 və 386.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5169/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mobil telefon birgə nikah dövründə alınsa da, onun dəyəri nikah pozulandan sonra ödənilmiş və hətta hal-hazıra kimi hissə-hissə ödənilir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmamış, nəticədə onun mülkiyyət hüquqlarını pozan qətnamə qəbul edilmişdir. xx.xx.2024-cu il tarixdə Smart Elektronics şirkətindən dəyəri 3.019 manat olan Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefon və GalaxyWatch 6 markalı saat almışdır. “Beynəlxalq Bank”ın tam kartı vasitəsi ilə tam ödəniş 3.019 manat Smart Elektronics şirkətindən ödənilmişdir. Həmin kart kredit kartı olduğundan hər ay onun tərəfindən banka da kredit borca görə hər ay 168 manat ödəniş edilir. İlk aldığı gündən müvəqqəti olaraq telefonu və saatı işlətmək üçün cavabdeh ondan almışdır. Cavabdeh ona məxsus olan Galaxy S24 Ultra Samsung S928 12/512 GB Titanium Black markalı mobil telefonu və Galaxy Watch6 markalı saatı qaytarmır. O, cavabdehə hədiyyə etməmişdir və ona hədiyyə etməsi barədə heç bir sübut yoxdur. Cavabdeh tərəf iddiaçının təqdim etdiyi sübutları təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda mobil telefonunun ona hədiyyə olunması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə mobil telefonun onun şəxsi vəsaiti hesabına əldə etməyi, cavabdehin həmin əmlakı götürüb qaytarmaması və ona hədiyyə olunmaması kimi mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, həmin dəlillərə qiymət verməmişdir. Halbuki, həmin hallar iş üçün mühüm əhəmiyyət kəsb edir və iddia tələbinin təmin edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, ali təhsilli mütəxəssisdir. Gördüyü xeyriyyə işlərinə görə telefonu götürmüşdür. Telefon nikah dövründə götürülmüşdür. Həmin ərəfədə qarşı tərəf Samsung S24 və İphone Pro15-in necə çəkilişi olduğunu öyrənmək üçün müvəqqəti olaraq telefonu ondan aldı. Öz telefonunu isə qızına verdi. Daha sonra nikah pozuldu. Onlar ailəli olduğu vaxtlarda qızıl-zinyət əşyaları almışdı, lakin ondan geri almadı. Həmin vaxt onun səlahiyyəti çatırdı ki, telefonu ondan alsın, lakin şəxsi məlumatları olar deyə götürmədi. Buna görə də məhkəməyə müraciət etdi. O, 13 aydır ki, kredit verir, lakin verə bilmir. Qarşı tərəf onun həyətində qalır, kommunalları da o, ödəyir. Onun ödəniş etməyə heç bir vəsaiti yoxdur. Onun valideynlərində onun öhdəliyindədir. Bundan başqa bank hesabından ödənişlərlə bağlı çıxarışlar əldə etmişdir, iş materiallarına əlavə edilmişdir. O, telefonu qarşı tərəfə hədiyyə etməmişdir, bununla bağlı iş materiallarında sübut yoxdur. Telefona görə ödəniş edə bilmir, onun vəsaiti yoxdur. Telefonu aldığı gündən qarşı tərəfə vermişdir. Müvəqqəti olaraq vermişdir. O, telefonu bağışlamamışdır. O, heç telefonu işlətməmişdir. Qarşı tərəf kosmetologiya mərkəzində çalışırdı. Rəsmi iş yeri Mərkəzi Klinikadır. Tibb bacısıdır. O, ödənişləri verə bilmir. 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçının tələb etdiyi telefona cavabdehə 26 yanvar tarixində doğum günü hədiyyəsi olaraq alınmışdır. Telefon 12 gün sonra alınmağının səbəbi mağazada kompaniya olması ilə əlaqədar idi. Telefon ilk gündən cavabdehin istifadəsində olmuşdur. Daha sonra tərəflər arasında nikah pozulduqdan sonra qarşı tərəf telefonun kreditini ödəməmək üçün belə bir iddia qaldırmışdır. Hüquqlarını müdafiə etdiyi şəxsin telefonla bağlı ödəniş etmək imkanı yoxdur. İki uşağa baxır, uşaqlardan biri hazırlığa gedir. İddiiaçı tibb bacısı işləyir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19.157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 20.181.1-181.2-ci maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 21.225.1-225.3-cü maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
22.31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 23.32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
24. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 25.32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 26.34-cü madəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 27.36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 28.37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarında əks olunan hüquqi mövqeyə görə,
29. 5.9-cu bəndinə əsasən, İstehlak təyinatına görə ər-arvadın hər birinin istifadəsində ola bilən fərdi əşyaların (məsələn, mobil telefon, planşet, noutbuk və sair) ər-arvadın ümumi əmlakı hesab edilib-edilməməsi barədə mübahisə məhkəmələr tərəfindən nikah dövründə həmin əşyaların, ərin (arvadın) fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınmaqla həll edilməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
30.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 33.112.1.2-ci maddəsinə əsasən, əmlakın tələb edilməsi haqqındakı iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 34.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.
38. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarının 5.9-cu bəndində əks olunan hüquqi mövqeyə görə, istehlak təyinatına görə ər-arvadın hər birinin istifadəsində ola bilən fərdi əşyaların (məsələn, mobil telefon, planşet, noutbuk və sair) ər-arvadın ümumi əmlakı hesab edilib-edilməməsi barədə mübahisə məhkəmələr tərəfindən nikah dövründə həmin əşyaların, ərin (arvadın) fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınmaqla həll edilməlidir.
40. İddia ərizəsində sadalanan əşyaların tərəflərin birgə nikah müddətində əldə edilməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə araşdırması zamanı həmçinin mübahisəli əşyaların cavabdehin fərdi istifadəsində olması da müəyyən edilmişdir. Belə olan halda bu əşyaların tərəflərin birgə nikah dövründə əldə edilməsinə baxmayaraq cavabdehin şəxsi mülkiyyətinə aid edilməsi və iddiaçının bu əşyaları tələb etmək üzrə subyektiv hüquqa malik olmaması müəyyən edilir. İddiaçının iddianın əsası kimi istinad etdiyi halları sübut etmək məqsədilə əşyaların dəyərinin ödənilməsini təsdiq edən sənədlər də (mədaxil qəbzləri, hesabdan çıxarış və s.) məhkəmənin iş üzrə gəldiyi bu qənaəti istisna etmir.
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçı mülkiyyət hüququ ilə ona aid olmasını iddia etdiyi əşyaların cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını tələb edərək, məhkəmədə vindikasiya iddiası irəli sürmüşdür. Halbuki, iddia edənin əmlakın mülkiyyətçisi olması vindikasiya iddiasının irəli sürülməsi üçün ilkin şərtdir. İddiaçının əmlakın mülkiyyətçisi (və ya titul sahibi) olması halı sübuta yetirildiyi təqdirdə məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün nəzərdə tutulan digər şərtlərin mövcud olub-olmamasının yoxlanmasına keçməlidir.
42. Yuxarıda qeyd edilənlərə əsasən də müəyyən edildiyi kimi, iddiaçının Galaxy S24 Ultra Samsing S928 12/512 GB Titanium Black markalı mobil telefonu və Galaxy Watch6 markalı saatının mülkiyyətçisi olması faktı öz təsdiqini tapmamış, bununla da istinad edilən maddənin dispozisiya şərtlərinin mövcudluğunun da müəyyən edilməsi mümkün olmamışdır.
43. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
45. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti (MPM-nin 112.1.2-ci maddəsinə əsasən, əmlakın tələb edilməsi haqqındakı iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5169/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev