Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1889/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehlər Cavabdeh2 Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bacı-qardaşdırlar. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evi 2 mərtəbə və zirzəmi (qaraj) hissəsindən ibarətdir. İstinad olunan tikili qanunsuz tikilidir. Nə tikilinin yerləşdiyi torpağın, nə də tikilinin hüquqmüəyyənedici sənədi mövcud deyil. Tikilinin 1-ci mərtəbəsi iddiaçının, 2-ci mərtəbəsi Cavabdeh2 istifadəsindədir. Tikilinin zirzəmisindən, yəni 2 ədəd qarajın yerləşdiyi sahə Cavabdeh1 istifadəsindədir. Tikilinin arxasında həyətyanı sahə mövcuddur. Həyətyanı sahənin bir küncündə tərəflərin “hin” adlandırdığı tikili (bundan sonra – toyuq damı) mövcuddur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2000-ci il tarixli 457 saylı sərəncamından çıxarışın kserosurəti iş materiallarında əlavə edilsə də, sərəncamın əsli, yaxud mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış məhkəməyə təqdim olunmamış, iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən olunmuş qaydada hüququ müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları və iddiaçının istifadəsinə mane olan halların aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə 0,12 ha torpaq sahəsində təsdiq edilmiş layihəyə əsasən tikinti normalarına uyğun 2 mərtəbədən ibarət fərdi yaşayış evi tikmişdir. 10 ildən çoxdur ki, həmin ev və torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. 2014-cü ildən həmin evin birinci mərtəbəsində ailə üzvləri ilə iddiaçı, ikinci mərtəbəsində isə 2018-ci ildən anası Cəfərzadə Rahilə yaşamışdır. İddiaçının anası X2 24 dekabr 2020-ci il tarixində vəfat etmişdir. Anası vəfat etdikdən bir müddət sonra iddiaçının qardaşları Cavabdeh2 və Cavabdeh1 əsassız və qanunsuz olaraq evə və həyətyani torpaq sahəsinə girərək özbaşınalıq edir, evin zirzəmi hissəsində qarajdan və həyətdə olan tikililərdən iddiaçının istifadəsinə maneələr yaradırlar. İddiaçı cavabdehlərin qanunsuz şikayətlərində Xətai Rayon Polis İdarəsinə şikayət etmişdir. Lakin görülən tədbirlər nəticə verməmiş, cavabdehlər özlərinin bu özbaşanlıqlarını davam etdirmişdirlər. Cavabdehlərin mübahisəli evin tikintisində heç bir iştirakı olmamış, onların ayrıca yaşayış yerləri də var. Onlar evdə və onun yerləşdiyi torpaq sahəsində özbaşına tikinti işləri aparırlar.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5151/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin tikintisinin onun vəsaiti hesabına aparıldığını iddia etsə də, məhkəməyə bununla bağlı yetərli mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hər üç tərəfin də eyni mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə üçün bərabər hüquqları vardır. İddiaçı və cavabdehlər fərdi yaşayış evinin sahibliklərində olan hissələrindən təyinatı üzrə istifadə etməkdə sərbəstdirlər. Odur ki, iddia cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları hissəsindən təmin edilməməlidir. Məhkəmə iddiaya cavabdehlər tərəfindən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsində istifadə üçün yaradılan maneələrin aradan qaldırılması hissəsində qiymət verərək, qeyd edir ki, məhkəmə araşdırması, eləcə də məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmadığından iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehlər tərəfindən mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən iddiaçının istifadəsinə maneələrin yaradılması ilə bağlı məhkəməyə yetərli mötəbər sübutlar təqdim edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 165.1, 180, 225.1, 425.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4- cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli evin tikilməsi və təmir işlərinin aparılmasında anası mərhum Rəhilə Cəfərzadənin razılığı ilə vəsait xərcləməklə mübahisəli fərdi yaşayış evini tikib başa çatdırmış və 2014-cü ildə ora köçmüşdür. Evin elektrik, qaz, su və digər istifadə üçün nəzərdə tutulan bütün xidmətlərə görə xərclərinin ödənilməsini təmin etmişdir. Cavabdehlər həmin evin tikintisində nə vəsait qoymaqla, nə də başqa formada iştirak etməmişlər. R.Cəfərzadənin ölümündən sonra cavabdehlər həmin evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən özbaşına istifadə etməyə başlamışlar. İddiaçı həmin evdə 10 il yaşamaqla həmin evə sahiblik və istifadə etmişdir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətlərindən özünü müdafiə etmək üçün hüquq müfafizə orqanlarına müraciət etmiş, lakin onun pozulmuş sahiblik hüququnun müdafiə olunması üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iş üzrə öz təşəbbüsü ilə mübahisəli torpaq sahəsinə və fərdi yaşasyış evinə baxış keçirərkən açıq-aşkar dövlət torpaq fondunun zəbt olunduğunu müəyyən etsə də, bu hüquqazidd hərəkətlərin qarşısının alınması üçün heç bir münasibət göstərməmişdir. Halbuki, məhkəmə dövlət mənafelərinin qorunması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsini təmin etməli idi. Məhkəmə iş üçün mühüm əhəmiyyətli sübutların araşdırılmasını təmin etsə də, məhkəmə qətnaməsində yerində müayinə, şahid ifadələri nəinki düzgün qiymətləndirilməmiş, heç qətnamədə göstərilməmişdir belə. Məhkəmə mübahisənin qanuni və əsaslılığını təmin etmək məqsədi ilə yerli baxış keçirsə də, baxışın nəticələrini, iş üçün mühüm əhəmiyyətli olan hallarını, şahidlərin dindirilməsini prosessual cəhətdən protokollaşdırmamışdır. Məhkəmə yerli müayinə zamanı prosessual baxımdan Cavabdeh1 tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan özbaşınalığına, əsassız və qanunsuz olaraq evin zirzəmi və qarajlarının zəbt olunmasına, həyətə giriş-çıxış yollarının bağlanmasına hüquqi qiymət verməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Hazırkı iş üzrə iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir 1) Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları; 2) Evin zirzəmi hissəsində qarajdan və həyətdə olan tikililərdən iddiaçının istifadəsinə mane olan halların aradan qaldırılması. İddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatdan aydın oldu ki, tələbin ikinci hissəsi üzrə onu maraqlandıran əsas məsələ zirzəmi və qarajdan, həyətyanı sahədə yerləşən toyuq damından və giriş darvazasından istifadəyə törədilən maneələrdir.
14. Məhkəmə kollegiyası iddiaçının 1-ci tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mübahisəli tikilinin özbaşına tkili olması işin mübahisəsiz halıdır. Belə ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi rəsmi şəkildə vətəndaşa dövlət tərəfindən ayrılmamış, onun tikintisinə rəsmi dövlət orqanları tərəfindən icazələr verilməmişdir. İstinad olunan ev qanunsuz tikili, onun yerləşdiyi torpaq sahəsi isə zəbt edilmiş torpaq sahəsidir. İddiaçı mübahisəli fərdi yaşayış evinin tikintisinin onun vəsaiti hesabına aparıldığını iddia etsə də, məhkəməyə bununla bağlı yetərli mötəbər sübutlar təqdim etməmişdir.
15. Mülki Məcəlləyə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsipi kimi nəzərdə tutulmuşdur (maddə 6.1).
16. Bərabərlik prinsipinə uyğun olaraq eyni əsaslarla özbaşına tikilidə faktiki yaşayan və ya həmin tikilindən istifadə edən şəxslərin digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ vardır.
17. Odur ki, birinci imstansiya məhkəməsi cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları tələbini rədd etməkdə haqlı olmuşdur.
18. Mübahisəli evin zirzəmi hissəsində qarajdan və həyətdə olan tikililərdən iddiaçının istifadəsinə mane olan halların aradan qaldırılması tələbinə münasibətdə isə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bunu həmin bərabərlik prinsipinə zidd sayır.
19. Apellyasiya baxışı zamanı mübahisəli evə və həyətə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evi ünvanının həyətyanı sahəsinə giriş iki istiqamətdən, ön hissədə ensiz keçid torpaq yol və pilləkən olmaqla, arxa hissədə isə darvaza mövcuddur. (foto 1-5, 17,19) Həyətyanı sahənin əsas girişi ön hissədə yerləşən ensiz keçid ilədir (foto 1-3). Həyətyanı sahədə iki mərtəbəli yaşayış evi və həyətyanı sahənin bir küncündə tərəflərin “toyuq hini” adlandırdığı tikili mövcuddur (foto 7,12,16,18). Fərdi yaşayış evi 2 mərtəbə və zirzəmi (qaraj) hissəsindən ibarətdir. (foto 6-10,12). Tikilinin 1-ci mərtəbəsi iddiaçının, 2-ci mərtəbəsi Cavabdeh2 istifadəsindədir. Tikilinin ön hissəsində olan zirzəmi iddiçının, (foto 7-9) arxa hissəsində olan 2 ədəd qarajlar cavabdehlərin istifadəsindədir (foto 12-15).
20. Yerli baxış zamanı cavabdehlər tərəfindən zirzəmi hissəsində qarajdan və həyətdə olan tikililərdən iddiaçının istifadəsinə maneələr yaradıldığı açıq-aşkar görünür. Belə ki, zirzəmi hissəsində qarajda Cavabdeh1 məxsus köhnə əşyalar yığılmışdır.
21. Cavabdeh1 özü də izahatında tikilinin ön hissəsində olan zirzəminin qapı açarlarının onda deyil, iddiaçıda olduğunu, qaraj sahələrində olan əşyaların ona məxsus olduğunu, iddiaçının oradan istifadə ilə bağlı maneə yaratmadıqlarını, ön sahədə olan zirzəmidən iddiaçının istifadə etməsinə razı olduğunu, əks halda iddiaçı qarajdan istifadə etmək istəyirsə zirzəminin onun istifadəsinə verilməsini, zirzəmi və qaraj sahəsinin üç yerə bölünməsinə narazı olmadığını bildirmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (maddə 164.1). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1).
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan qaraja və həyətdə olan tikililərə özlərinə məxsus əşyaların yığılması və iddiaçının həmin sahələrdən istifadəsinə imkan verilməməklə sonuncunun bu əmlaklardan istifadəsinə maneə törədilir və bu hərəkətlər onun sözügedən əmlaklardan cavabdehlərlə bərabər əsaslarla maneəsiz istifadə hüququnun həyata keçirməsinə maneə kimi qiymətləndirilməlidir. Bu baxımdan, iddiaçı həmin manaənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən qarajdan və həyətdə olan tikililərə cavabdehlərə məxsus əşyaların yığılması iddiaçının həmin əmlaklardan istifadəsinə maneələrin aradan qaldırılması ilə bağlı hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından, eləcə də məhkəmənin həmin hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından qətnamə həmin hissədə ləğv olunmaqla iddia həmin hissədə təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qismən istifadəyə mane olan halların aradan qaldırılması tələbinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-D saylı məhəllədə inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən qeyri-yaşayış sahəsindən (zirzəmi və qaraj sahəsindən), həyətyanı sahədə yerləşən toyuq damından və giriş darvazasından İddiaçı istifadəsinə maneələr törədilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.