Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1899/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların hərracda satılması və əldə edilən vəsaitin bölünməsi tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-32/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbinin həcmini artıraraq Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ sahəsində 183 saylı bağın 0.02 ha torpaq sahəsinin, onun üzərində olan ikimərtəbəli fərdi yaşayış evindən ibarət tikilinin, “X9” minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı; “VAZ 21074” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı; VAZ-21074 markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərracda satılması və əldə edilən pul vəsaitinin Cavabdeh ilə arasında bölünməsi; birgə nikah dövründə əldə olunmuş 1000 manat dəyərində 1 ədəd divan və 2 ədəd kreslo ( Woodpeker, ağ-qara rəngli), 1750 manat dəyərində 1 dəst kuxna mebeli (Viola, qırmızı-qara rəngli), 1500 manat dəyərində 1 dəst yataq dəsti (Femina), 1400 manat dəyərində 6 ədəd predmet qonaq dəsti (Woodpeker), 750 manat dəyərində 1 ədəd paltar asılan şkaf (Qraxovci Vuqon) 1500 manat dəyərindəuşaq dəsti (2 ədəd kravat) (Woodpeker), 230 manat dəyərində 1 ədəd Kenwood 510 ətçəkən, 1200 manat dəyərində 1 ədəd 7 kq tutumu olan Bosch paltaryuyan, 800 manat dəyərində 1 ədəd Samsung 43 markalı televizor, 230 manat dəyərində 1 ədəd Samsung markalı tozsoran, 250 manat dəyərində 1 ədəd Philips markalı sokçəkən, 250 manat dəyərində 1 ədəd Braun markalı ütü və 150 manat dəyərində 1 ədəd Tefal çay dəstinin bölünərək yarısının ona verilməsinə, əgər bu mümkün olmazsa dəyərinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların hərracda satılması və əldə edilən vəsaitin bölünməsi tələbinə dair iddia ərizəsi “X9” minik markalı, 90- CV-910 dövlət qeydiyyat nişanlı; “VAZ 21074” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı; VAZ-21074 markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərracda satılması və əldə edilən pul vəsaitinin Cavabdeh ilə İddiaçı arasında bölünməsinə dair hissədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan, baxılmamış saxlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-3692/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar ananın himayəsində saxlanmış və ondan hər ay uşaqların saxlanması üçün 351 manat aliment tutulması qət edilmişdir. Birgə nikah dövründə əldə etdikləri torpaq sahəsi və avtomobillər bölgüsü Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli qətnamələri ilə onların arasında bölünmüşdür. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsilə Bakı şəhəri Xəzər rayonu Xaşaxuna bağ sahəsində 183 saylı bağın torpaq sahəsi 0,02 ha aralarında bolünmüş, həmin torpaq sahəsinin ½ hissəsində cavabdehin ½ hissəsində onun payı müəyyən edilmişdir. Məhkəmə qətnamələrinin qəbulundan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh ona torpaq sahəsindən istifadə etmək imkanı vermir. Bu da onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Adı çəkilən məişət əşyalarını alıb. Lakin boşanma ərəfəsində cavabdeh həmin əşyaları aparıb. Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçıapellyasiya şikayəti verərək onun ləğv edilməsini, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilərək sözügedən əşyaların dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən və qaimədə əks olunan əşyaları alıb. Bu hal məhkəmə iclasında və Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli qətnamələrində öz əksini tapıb. Ona görə də həmin halların təkrar sübut olunmasına zərurət yoxdur. Apellyasiya baxışı zamanı iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi şikayətə etiraz edərək şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əşyaların bölünməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilərək sözügedən əşyaların dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, tərəflər xx xxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli qaimələrin surətlərindən görünür ki, İddiaçı Kenwood markalı ətçəkən, Bosck markalı paltaryuyan, Samsung markalı televizor, Samsung markalı tozsoran, Plipis markalı sokçəkən, Braun markalı ütü, Tefal markalı çay dəsti, 1 ədəd divan, iki ədəd kreslo, woodpecker ağ qara, Viola mətbəx, yataq dəsti, qonaq dəsti, uşaq dəsti təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İşdən görünür ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş məişət əşyalarının bölünərək yarısının ona verilməsi, əgər bu mümkün olmazsa dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə tələb irəli sürmüş, tələbin əsası kimi qaimələrə istinad etmiş, lakin onların əslləri məhkəməyə təqdim olunmamışdır. Halbuki MPM-ə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1). Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (maddə 89.3). Qaimələrin əsli təqdim edilmiş olsaydı belə, yalnız bu hal əşyaların birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsini təsdiq edən birmənalı sübut kimi qəbul edilə bilməzdi. Belə ki, qaimələrdə göstərilmiş əşyaların birgə nikah dövründə əldə olunmuş vəsait hesabına alınması və hansı ünvana yerləşdirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edilməmiş, cavabdeh iddia tələbini bu hissədə də etiraf etməmişdir. Belə olan halda qeyd olunan əşyaların tərəflərin birgə istifadəsində olması və hal-hazırda mövcud olması sübuta yetirilməmişdir. Digər tərəfdən, qaimələrdən görünür ki, məişət əşyaları 2014-cü ildə alınıb. Həmin əşyaların mövcud olub-olmaması və ya özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi məhkəmə qətnamələrində məhz iddia tələbində göstərilən məişət əşyalarının tərəflərin yaşadığı evə yerləşdirildiyi müəyyən olunmur. Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Apelyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-32/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1899/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1899/2020
05.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver