Məhkəmə qərarları › İş №2(103)-19/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-19/2022

26.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-19/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qala Bələdiyyəsinə qarşı torpaq sahəsinin qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə İş № 2(103)-19/2022 Açar sözlər: (torpaq sahəsinin qaytarılması və ya dəyərinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən X2 ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 2.2008-ci ildən iddiaçı torpaq sahəsindən çıxarıldığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamına əsasən ona ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpağın dəyəri Qala Bələdiyyəsinə ödənilmişdir. O, 2006-cı həmin əraziyə 1 metr hündürlüyündə hasar çəkdirmişdir. 2008-ci ildən ona məxsus torpaq sahəsi özəl yol şirkəti olan "xxxx" MMC tərəfindən zəbt edilmişdir. O, bəmin şirkətlə əlaqə saxladıqda məlum olmuşdur ki, ərazi yol çəkilməsi ilə əlaqədar Qala Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə göstərilmişdir və şirkət yolun çəkilməsi başa çatanadək həmin ərazidən istifadə edəcəkdir. O, bununla bağlı dəfələrlə Qala Bələdiyyəsinə müraciət etsə də, heç bir nəticəsi olmamış, şirkətin əməkdaşları ərazini tərk etdikdən sonra torpaq sahəsinə yenidən sahib olacağı ona bildirilmişdir. Lakin ərazinin bir hissəsi şirkət tərəfindən hasara alınmağa başlanmış, ora qum tökülmüşdür, hazırda da bu proses davam edir. O, bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsindən istifadə edə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. 5.Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən-Əkrəm Qəhrəmanov) iddia tələbi mülkiyyət hüquqlarının tanınması hissəsində baxılmamış saxlanılmış, eyni tarixli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. 6.İş materiallarında olan Əzizbəyov rayonu X6 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamından görünür ki, İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 7.İş materiallarında olan bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı fərdi ev Tikmək məqsədi ilə Qala qəsəbəsi yeni massivdə yerləşən 1200 kv.m torpaq sahəsini 8800 manata Qala Bələdiyyəsindən almışdır. 8.İş materiallarında olan kassa mədaxil orderinin surətindən görünür ki, torpağın alğı-satqı ödənişi İddiaçı tərəfindən Qala Bələdiyyəsinə ödənilmişdir. 9.İş materiallarında olan Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 sentyabr 2018-ci il tarixli, 97 saylı məktubun məzmunundan görünür ki, Qala Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi xx.xx.2005-ci il tarixdə ayrılmasına və həmin tarixdən 13 il keçməsinə baxmayaraq torpaq sahəsi bugünədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa həmin torpaq sahəsindən istifadə edilməsi ilə bağlı Qala Bələdiyyəsi tərəfindən iddiaçıya mane olan hər hansı bir müdaxilə olunmamışdır. 10.Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin Qala Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə icrayə verilməsini, torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt olunmasını iddia etsə də tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, tələbin əsaslı olmasına dair sənədlər təqdim etməmiş və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamış, bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 157.8-ci; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsi həmin ərazinin Bələdiyyə mülkiyyəti və ya SOCAR-ın mülkiyyəti olmasını araşdırmamışdır. Az.VİRT MMC-yə həmin ərazi hansı əsas və kordinatla verilmişdir? Burdan aydın olur ki, məhkəmə işi tam araşdırmamış və qeyri-obyektiv qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş edərək, əlavə olaraq izahatında qeyd etdi ki, mübahisəli torpaq sahəsinin ondan alınması nəticəsində ona zərər dəymiş və torpaq sahəsinin bazar dəyəri cavabdehdən tutulub ona ödənilməlidir. 16.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili X3 izahat verərək qeyd etdi ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh 24 iyun 2005-ci il tarixli, 126 saylı sərəncamının etibarsızlığı tanınmışdır. Buna görə də, hazırkı iddia torpaq sahəsinin qaytarılması hissəsində əsaslı hesab edilə bilməz. Torpağın dəyərinin ödənilməsi hissəsində iddianın həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. 17.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Xəzər rayonu Qala Bələdiyyəsi və 3-cü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 18.Maddələr 337.1, 337.2, 337.3 və 337.4.Bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 19.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 20.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 21.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 saylı qətnaməsi iddia tələbinin Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. 24.Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissə- Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 saylı qətnaməsinin iddia tələbinin Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin qaytarılmasının təmin edilməyən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 25.Məhkəmə kollegiyası iddiaçını və 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilməli, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. 26.Birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin Qala Bələdiyyəsi tərəfindən "xxxx" MMC-yə icrayə verilməsini, torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt olunmasını iddia etsə də tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, tələbin əsaslı olmasına dair sənədlər təqdim etməmiş və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. 27.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. 28.Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı (inzibati akt), SOCAR-ın “Azneft İB-i tərəfindən mübahisələndirilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6853/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğu üçün etibarsız hesab edilmişdir. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. 30.Kollegiya qeyd edir ki, Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamına inzibati məhkəmə tərəfindən qiymət verildiyindən, həmin sərəncam əsasında 24 iyun 2005-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına əsasən qiymət verilməlidir. 31.Qeyd olunanalara əsasən kollegiya hesab edir ki, iddiaçı ilə Qala Bələdiyyəsi arasında bağlanmış bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alğı-satqı müqaviləsi həmin sərəncam əsasında bağlandığından, sərəncam isə etibarsız hesab edildiyindən, alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. 32.Buna görə də, mübahisələndirilən hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. 33.“T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. 34.“Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005ci il tarixli Fərmanına əsasən yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulur. 35.Kollegiya qeyd edir ki, alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsız olduğundan, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən (Mülki Məcəllənin 337.5-ci maddəsi) 24 iyun 2005-ci il tarixli kassa mədaxil orderi ilə təsdiq olunan iddiaçı tərəfindən həmin müqavilə üzrə ödənilmiş köhnə Azərbaycan manatı ilə 10500000 manat indiki pulla 2100 manat (10500000:5000=2100) məbləğində pul Qala Bələdiyyəsindən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 36.Kollegiya qeyd edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən Əzizbəyov rayonu X6 24 iyun 2005-ci il tarixli, 128 saylı sərəncamı əsasında İddiaçı Qala qəsəbəsində ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 30000 manat məbləğində müəyyən edilir. 37.Kollegiya hesab edir ki, iddiaçı torpaq sahəsinin bazar dəyərini ona dəymiş zərər şəklində tələb etdiyindən, məhkəmə kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbi 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsi hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də, iddiaçı torpaq sahəsinin zərər şəklində dəyərininin ödənilməsini hazırkı rəyə də istinad etməklə, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393,402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə- iddia tələbinin Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin qaytarılmasının təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilməsin. İddiaçı ilə Xəzər rayon Qala Bəldiyyəsi arasında bağlanmış bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alğı-satqı müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab edilsin. Xəzər rayon Qala Bəldiyyəsindən 2100 (iki min yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar