Məhkəmə qərarları › İş №2(103)-1911/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1911/2023

12.04.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1911/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Alekseyovnanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:Pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)-145/22 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 0,049662 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı həmin torpaq sahəsini xx.xx.2015-ci ildə bağlanmış və notariat qaydada təsdiqlənmiş AN-1 ******* saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manata satmışdır. Müqavilə bağlanarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 təmsil etmişdir.

3. Eyni zamanda xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırılan sənəd tərtib olunmuşdur. Sənədin məzmunu ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanda X10 0.049662 ha torpaq sahəsini Cavabdeh1 satır. Cavabdeh1 həmin torpaq sahəsini 200.000 ABŞ dollarına alır. Cavabdeh1 Rəsulzadə Rəşidə ödənişi aşağıdakı kimi olur: a) ünvan 1 ünvanda (123.81 kv.m, 3- cü mərtəbə) mənzil X1 Babəkin adına rəsmiləşdirir. Mənzilin dəyəri 105.238 AZN-dir. Rəsulzadə Babəkin adına 84.000 AZN pul ödəyir. Rəsulzadə Babək bu mənzilə görə 21.238 AZN "xxxx" MTK-ya borclu qalır. b) Nəğd olaraq 40.000 (qırx min) dollar ödəyib. c) Qalan (200.000 dollar - 40.000 dollar - 80.000 dollar) 80.000 dollar pulu noyabr ayının sonuna kimi Rəsulzadə Rəşidə hissə-hissə ödəyir. Müqavilə imzalandığı andan qüvvəyə minir.

4. Müqavilə “borc müqaviləsi” adlandırılmış, imza qrafalarında “borc verən” və “borc alan” deyil, “satıcı” və “alıcı” kimi qeyd olunmuş, satıcı qismində “Rəsulzadə.R.R.”, alıcı qismində “Cavabdeh1” göstərilmiş, müqavilə Cavabdeh2 tərəfindən imzalanmış, onun imzasının üzərində "xxxx" MMC-yə məxsus möhür vurulmuşdur.

5. X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borcun qalıq hissəsi üzrə 55000 ABŞ dolları, illik faiz dərəcəsi ilə hesablanan faiz olaraq 4851,40 ABŞ dollarının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək, xx.xx.2015-ci il tarixli AN-1 ******* saylı alğı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı ilə təmin edilməmişdir.

6. Həmin iş üzrə məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında 12 sentyabr 2015- ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ümumi sahəsi 0,049662 ha torpaq sahəsinin 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manat müqabilində alqı-satqısına dair notarial qaydada müqavilə bağlanmış, müqaviləni satıcının adından etibarnamə əsasında iddiaçı imzalamışdır. Göründüyü kimi, alğı-satqı münasibətləri iddiaçı ilə Cavabdeh1 arasında deyil, digər şəxs İddiaçı ilə Cavabdeh1 arasında yaranmışdır. Ona görə də, iddiaçı həmin müqavilədən irəli gələn tələbləri öz adından irəli sürmək hüququna malik deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu- İnşaat" MMC-yə (bundan sonra cavabdehlər) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 55000 ABŞ dolları məbləğində əsas borcun, 5000 ABŞ dolları məbləğində faiz borcunun və 5000 ABŞ dolları dəbbə pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2015-ci ildə cavabdehlər ona müraciət edərək həmin torpaq sahəsinin daxil olduğu ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək istədiklərini, bu məqsədlə həmin torpağı da almaq istədiklərini bildirmişlər. Həmin torpaq sahəsi ilə bağlı X8 etibarnamə ilə bütün səlahiyyətləri vermişdir ki, onun adından danışıqlar aparsın. Cavabdehlərlə razılıq əldə edilərək torpaq sahəsi 200.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəf bildirmişdir ki, həmin məbləği birdəfəlik qaydada ödəmək imkanı yoxdur, əvvəlcədən yalnız 40000 ABŞ dolları beh kimi verə bilərlər, bununla belə torpaq təcili şəkildə sənədləşdirilməlidir ki, tikinti işlərinə başlamaq mümkün olsun. Adından danışıqlar aparan X10 bu şərtə razılıq vermiş, humanistlik edərək cavabdehləri düşdükləri çətin vəziyyətdən çıxarmağa razı olmuşdur. Bundan sonra cavabdeh X11 ilə xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, torpağın qiyməti şərti olaraq 80000 ABŞ dolları kimi göstərilmiş, həmin pulun alıcıdan satıcıya dövriyyəsi barədə formal sənədləşdirmə aparılmış, torpaq cavabdeh X4 adına rəsmiləşdirilmişdir. Amma alğı-satqı müqaviləsində göstərilən 80000 ABŞ dolları X8 ödənilməmişdir. Həmin gün nümayəndəsi cavabdehlərlə birlikdə Cavabdeh2 ofisinə gedərək orada öz aralarında ikinci müqaviləni, yəni borc müqaviləsini tərtib və təsdiq etmişlər. Həmin müqavilədə göstərildiyi kimi, ilkin olaraq cavabdehlər tərəfindən 40000 ABŞ dolları beh verilmiş, 80000 ABŞ dollarının ödənilməsi əmlak verməklə, yəni naturada həyata keçirilmiş və ünvan 1 ünvanda yerləşən 123,81 kv.m. sahəsi olan mənzil nümayəndəsinin oğlu Rəsulzadə Babəkin adına rəsmiləşdirilmişdir. Borc müqaviləsində cavabdehlər öhdəlik götürmüşlər ki, qalıq 80000 ABŞ dollarını 2015-ci ilin noyabr ayına kimi ödəyəcəklər. Borc müqaviləsi X10 və cavabdehlər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra cavabdehlər tərəfindən həmin borcdan 25000 ABŞ dolları xx.xx.2015-ci ildə ödənilmiş və bu barədə borc müqaviləsinin cavabdehlərdə qalan nüsxəsində qeyd edilmişdir. Cavabdehlər qalan 55000 ABŞ dollarını da ödəyəcəkləri barədə öhdəlik götürmüş, lakin aylar keçsə də, həmin borcu ödəməmişlər. Torpağın dəyərinin ödənilməyən hissəsinin Rəsulzadə Rəşid tərəfindən məhkəmə qaydasında tələb edilməsi, amma bu tələbin Rəsulzadə Rəşidin öz adından tələb etmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi barədə 2021-ci ilin mart-aprel aylarında xəbər tutmuş, bu barədə Rəsulzadə Rəşid ona məlumat vermiş və Ali Məhkəmənin qərarını təqdim edərək öz adından tələb irəli sürməli olduğunu bildirmişdir. Mübahisənin mahiyyəti odur ki, cavabdehlər onlara olan inamından sui-istifadə edərək ona məxsus torpaq sahəsini müştərək qaydada ələ keçirmiş, ona zərər vurmuşlar. Cavabdehlər tərəfindən qalıq 55000 ABŞ dolları borc etiraf olunmuşdur. Belə ki, Cavabdeh3 MMC-nin möhürü və Cavabdeh2 imzası ilə təsdiq olunan yazılı iltizamla etiraf edilmişdir ki, ona məxsus torpaq sahəsinin satılması ilə bağlı 55000 ABŞ dolları borcları vardır və həmin borc məbləği ödəniləcəkdir. Lakin bu günə qədər cavabdehlər bu pulu iddiaçıya ödəməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ata-oğuldurlar. Cavabdeh3 MMC-ni Cavabdeh2 təsis etmiş və baxmayaraq ki, X5 cəmiyyətdə qanuni təmsilçidir, faktiki olaraq cəmiyyəti atası ilə birlikdə idarə edir. Yəni həmin cəmiyyət elə onlara aiddir. Cavabdehlər öz borclarını ödəməmək, izi azdıraraq məsuliyyətdən yayınmaq üçün ən müxtəlif üsullara əl atmış, torpağa dair alğı-satqı müqaviləsini bir cavabdeh imzalamış, həmin torpaqda tikintini cəmiyyət həyata keçirmiş, borcun etirafı haqqında sənədi isə MMC-nin möhürü və təsisçinin imzası ilə tərtib etmişlər. Bütün bunlar mülki məsuliyyətdən yayınmaq, borcu ödəməmək üçün atılan qarışıq addımlardır.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 yanvar 2022-ci il tarixli, 2(004)-145/22 saylı qətnaməsi ilə (hakim Axundov Toğrul ) iddia tələbi rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim edilən sənədlərə və sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” sənədini qüsurlu hesab etmiş, daşınmaz əmlakın özgəninkiləşdirmə qaydasının və formasının dəqiq müəyyən edildiyini, daşınmaz əmlaka dair sadə yazılı formada müqavilə bağlanılmasının hüquqi nəticə yaratmadığını qeyd etmişdir. Məhkəmənin gəldiyi bu nəticə tam qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında tərtib edilən həmin müqavilə daşınmaz əmlakın alğı-satqı müqaviləsi yox, həmin alğı-satqıdan irəli gələn öhdəliklərin rəsmiləşdirilməsi müqaviləsidir. Məhkəmənin həmin müqaviləni sırf borc müqaviləsi kimi qiymətləndirməsi və cavabdehlərin iddiaçıdan borc almamasını əsas götürüb iddianı rədd etməsi tam əsassız nəticədir. Məhkəmə iddiaçının izahatını düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almamışdır. İddiaçı tərəflər arasındakı razılaşmanın bütün təfərrüatını məhkəməyə bildirmiş və həmin sənədin hansı səbəblərə görə tərtib edildiyini də qeyd etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmənin hüquqi əhəmiyyət kəsb etməyən sənəd kimi qiymətləndirdiyi həmin müqavilə birdən-birə, təsadüfən tərtib edilməyib. Həmin sənəd özündə həmin torpağın alğı-satqı şərtlərini ehtiva etmişdir. Həmin sənədi məhkəmə hüquqi nəticə kəsb etməyən sənəd kimi qiymətləndirsə də, cavabdeh tərəf həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəmişdir. Məhkəmə bu mənada Mülki Məcəllənin 404.2-ci maddəsində qeyd olunduğu kimi, həmin müqavilə üzrə tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, birinci instansiyası məhkəməsi cavabdeh tərəfin xx.xx.2015-ci ildə eyni gündə həm alğısatqı müqaviləsi, həm də borc müqaviləsini imzalamasına dair izahatına da düzgün hüquqi qiymət verməmiş, bu izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Birinci instansiyası məhkəməsi eyni gündə - xx.xx.2015-ci ildə həm alğısatqı müqaviləsinin, həm də borc müqaviləsinin bağlanmasının səbəblərini, borc müqaviləsində məhz həmin torpaq sahəsində tikinti inşa edən "xxxx" MMC-nin möhürünün vurulmasının səbəblərini araşdırmamışdır. Məhkəmə sonradan iddiaçıya pul ödənilməsinin, ona ev verilməsinin səbəblərini də araşdırmamış, bu fakta işin digər halları ilə birlikdə düzgün hüquqi qiymət verməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-2929/2022 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassator şikayətini onunla əsaslandırmışdır ki, borc məbləğinin ödənilməməsi cavabdehlərin təqsirli hərəkəti ilə bağlıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi təqdim edilən sənədlərə və sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabt 2022-ci il tarixli, 2(102)-6181/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2929/2022 nömrəli, 05 sentyabr 2022ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslandırdığı xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adı ilə tərtib olunmuş müqaviləyə qiymət verərək bildirmişdir ki, müqavilədə "xxxx" MMC-yə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının etibarnamə əsasında nümayəndəsinin oğluna verilməsi, mənzilə görə onun borcunun qalması barədə qeyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqı-satqısına aidiyyəti mülki işin araşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd “Borc müqaviləsi” adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 borc pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətləndirilə bilməz.

17. Həmçinin, qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində məhkəmənin bu əsaslandırması ilə razılaşmamış, müqaviləyə qiymət verilərkən Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinin pozulduğunu, həmin sənədin özündə torpağın alğı-satqı şərtlərini ehtiva etdiyini, cavabdeh tərəfin həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəməsinə Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən “müqavilə üzrə tərəflərin sonrakı hərəkətləri” kimi nəzərə alınmadığnı bildirmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsi işdə olan “Borc müqaviləsi” adlanan razılaşmanın Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təhlilini aparmalı idi. Lakin apellyasiya instansiyası məhkəməsi bu cür təhlil aparmaqdan imtina etmiş və qeyd etmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

18. Qərarda həmçinin qeyd edilmişdir ki, borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı iddiaçının tərəf kimi iştirak etdiyi məhkəmə prosesində deyil, X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qalıq hissəsinin ödənilməsi tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi (həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı) ilə müəyyən edilmişdir. Bu halda həmin iş üzrə müəyyən olunmuş hallar İddiaçı iddiası üzrə preyudisial hal kimi qəbul oluna bilməzdi. Çünki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. İddiaçı həqiqətən mülkiyyətində olmuş torpaq sahəsini cavabdeh tərəflə 200000 (iki yüz min) ABŞ dollarına satmaq barədə razılığa gəlmişdirsə bu məbləğin manata məzənnəsi ilə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsində göstərilməsinə ona hər hansı bir maneə olmamışdır.

19. Kollegiya qeyd etmişdir ki, İşə yenidən baxan məhkəmə, qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, apelyasiya araşdırmasının hədlərinə uyğun iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Həmçinin cavabdehin iddia müddətinin tətbiq olunması barədə dəlillərini araşdırmalı, müqavilə öhdəliyindən irəli gələn tələb kimi iddia müddətinin başlandığı vaxtı müəyyən etməli, müddətin ötürülməsi müəyyən olunduğu halda iddia müddətini tətbiq etməlidir. d) Hazırki Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

21. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil qeyd etdi ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 0,049662 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır . 2015-ci ildə cavabdehlər ona müraciət edərək həmin torpaq sahəsinin daxil olduğu ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək istədiklərini, bu məqsədlə həmin torpağı da almaq istədiklərini bildirmişlər. Həmin torpaq sahəsi ilə bağlı X8 etibarnamə ilə bütün səlahiyyətləri vermişdir ki, onun adından danışıqlar aparsın. Tərəflər əvvəlcə qiymətlə bağlı razılaşmasalar da şoradan 200000 ABŞ dolarına tərəflər razılaşırlar. Lakin cavabdeh tərəf bildirir ki, halhazırda onun başqa xərcləri olduğuna görə həmin məbləği birdəfəlik ödəyə bilməyəcək. Bunun əvəzində isə ilkin olaraq 80.000 ABŞ dolları dəyərində mənzili verməyi öhdəsinə götürüb. Bundan əlavə olaraq 40.000 dollar nağd pul vəsaiti verməyi, yerdə qalan 80.000 dolları isə ilin axrına kimi ödəməyi öhdəsinə götürdü. Bu razılaşmadan sonra X11 ilə xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmış, torpağın qiyməti şərti olaraq 80000 ABŞ dolları kimi göstərilmiş, həmin pulun alıcıdan satıcıya dövriyyəsi barədə formal sənədləşdirmə aparılmış, torpaq cavabdeh X2 adına rəsmiləşdirilmişdir. Amma alqı-satqı müqaviləsində göstərilən 80000 ABŞ dolları X8 ödənilməmişdir. Həmçinin elə eyni gün Tatyana xanımın nümayəndəsi cavabdehlərlə birlikdə cavabdeh X3 ofisinə gedərək orada öz aralarında ikinci müqaviləni, borc müqaviləsini tərtib və təsdiq etmişlər. Həmin müqavilədə göstərildiyi kimi, ilkin olaraq cavabdehlər tərəfindən 40000 ABŞ dolları beh verilmiş, 80000 ABŞ dollarının ödənilməsi əmlak verməklə, yəni naturada həyata keçirilmiş və ünvan 1 ünvanda yerləşən 123,81 kv.m. sahəsi olan mənzil nümayəndəsinin oğlu Rəsulzadə Babəkin adına rəsmiləşdirilmişdir. Borc müqaviləsində cavabdehlər öhdəlik götürmüşlər ki, qalıq 80000 ABŞ dollarını 2015-ci ilin noyabr ayına kimi ödəyəcəklər. Bundan bir müddət sonra cavabdehlər tərəfindən 25000 ABŞ dolları da ödənilib. Hətta bu ödənişlə bağlı onlar bildirmişdilər ki, guya biz tərəfdən onlara hədə-qorxu gəlinib sonuncu məbləği ona görə ödəyiblər. Əgər belə bir hal olsa idi, bu barədə hüquq mühafizə orqanlarına da müraciət edə bilərdilər. Sonra isə qeyd etdilər ki, biz elə bildik ki, sizə borcumuz qalıb. Mülki Məcəllənin 404-cü maddəsinə diqqət yetirsək görürük ki, orada qeyd olunur ki, tərəflərin təkcə müqavilədə nəzərdə tutduqları yox, ondan sonrakı hərəkətləri də qiymətləndirilməlidir. 2015-ci ilin dekabr ayında bizə 25.000 ABŞ doları ödənilib. Yəni, notarial borc müaqviləsi bağlanandan 4 ay sona. Burdan belə bir sual yaranır ki, sonrakı bu hərəkəti onlar nə ilə zah edir? Buna görə istərdi ki, onlar özü məhkəmə prosesində iştirak etsinlər və o sualı birbaşa onlara verilsin. Burda ikinci bir sual da ortaya çıxır ki, niyə görə belə bir borc müqaviləsi ortaya çıxdı? Qarşı tərəfin nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya da belə bir izahat verib ki, əvvəlcə 200000 ABŞ dolarına tərəflərə razılığa gəliblər. Daha sonra ofisdə öz aralarında söhbət ediblər və belə bir qərara gəliblər ki, 200.000 ABŞ dolları çoxdur. Nahardan sonra cavabdehlər Tatyana xanımın nümayəndəsinə zəng edərək ona deyiblər ki, biz 80.000 ABŞ dolları verməyə razıyıq . Guya Tatyana xanımın nümayəndəsi buna razılıq verib. Belə bir hadisənin olması qeyri-mümkündür. Necə ola bilər ki, bir gündə 200.000 ABŞ dolları razı gələn nümayəndə, 120.000 ABŞ dolları endirim edib sonradan 80.000 ABŞ dollarına razı olur. Yekun olaraq cavadehlərin bizə 55.000 ABŞ dolları borcu qalıb. Onlar razıdırlar ki, həmin məbləğ dollarla yox, manatla ödənilsin və bu mübahisə də bitsin.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq (cavabdehlərə mobil telefon vasitəsi ilə də məlumat verilib), cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 38. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

25. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

26. Maddə 390.7. . Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

27. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır:

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırda qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən 55000 ABŞ dollarının cavabdehlərdən tutulmasının təmin edilməməsi hisəsində ləğv edilməlidir.

42. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müqaviləyə qiymət verilərkən Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri pozulmuş, həmin borc müqaviləsi adlanan sənədin özündə əslində torpağın alğı-satqı şərtlərini ehtiva edildiyini, cavabdeh tərəfin həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya sonradan xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəməsinə Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən “müqavilə üzrə tərəflərin sonrakı hərəkətləri” kimi yanaşılmamışdır. 43.Halbuki, müqaviləyə qiymət verilərkən təkcə onun hərfi mənasına deyil, həm də həmin müqavilədə ehtiva olunan tərəflərin iradə ifadəsinin həqiqi mənasını, iradə ifadəsinin nəyə yönəldiyini müəyyən etmək zəruridir. Yəni, müqaviləyə qədərki danışıqlar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış sonrakı hərəkətləri də nəzərə alınmalıdır. Sözügedən tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin şərtlərindən tərəflərin iradə ifadəsinin borc pul veriməsinə deyil, torpaq sahəsinin əldə edilməsinə görə cavabdeh tərəfin qalıq məbləği iddiaçıya qaytarılması ilə bağlı razlığa gəlinməsi müəyyən edilir. Belə olan halda həmin müqaviləni borc müqaviləsinin bağlanması kimi qəbul etməklə həmin müqaviləyə əsaslanan iddia tələbinin təmin edilməməsi əsaslı hesab edilə bilməz. 44.Belə ki, tərəflər arasında müqavilə forması düzgn tərtib edilməsə də, tərəflərin iradə ifadəsinin həqiqi mənası, niyyəti alınmış torpaq sahəsinə münasibətdə aralarında həmin torpaq sahəsinin ödənilməli olan dəyərindən qalıq hissəsinin müəyyən vaxt kəsiyində qaytarılmasından ibarətdir olmuşdur. 45.Bununla bağlı Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qırarında da müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə aydınlıq gətirilməklə qeyd edilmişdir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. 46.Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. 47.Kollegiya qeyd edir ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, bu halda da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. 48.Məhkəmə kollegiyası qeyd edir ki, mülki işdə (İ cild 147-149 vərəqləri) olan protokolda cavabehlər Cavabdeh1 və X7 nümayəndələri Nümayəndə Cavabdeh3 MMCnin onların ailə şirkəti olduğunu qeyd etməklə hazırda iddia tələbinin əsasını təşkil edən müqavilənin mövcudluğunun mübahisələndirilmədiyini, yalnız həmin müqavilənin qüsurlu olmasını qanunvericiliyin tələblərinə uyğun olmadığını, şirkətin möhürünün həmin müqaviləyə hansı səbəbdən vurulduğu barədə məlumatının olmamasını, iddiaçı tərəfin müxtəlif yerlərə yazmasından narahat olaraq cavadbehlərin iddiaçıya 25000 ABŞ dolları pul ödədiyini qeyd etməklə iddanın təmin edilməməsini bildirmişdir. 49.Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qırarında qeyd edilmişdir ki, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. 50.Həmçinin qərarda qeyd edilmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə tələbə baxılarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. 51.Hazırkı iş üzrə isə birinci instansiya məhkəmələri işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yuxarıda qeyd olunanları nəzərə almadan, bağlanmış müqavilədə forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan işdə olan “Borc müqaviləsi” adlanan razılaşmanın Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təhlilini aparmalı olduğu halda bu cür təhlil aparmaqdan imtina etmişdir. Həmçinin, məhkəmə cavabdeh tərəf qüsurlu hesab ediyi müqavilə üzrə müqaviləni bəyənməklə orada nəzərdə tutulan öhdəliyin icrası üzrə hərkətlər edərək 25000 ABŞ dolları pul ödəməsini də nəzərə almamaqla müqaviləsinin formal tələblərə uyğun bağlanmaması ilə kifayətlənmiş, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir. 52.Eyni zamanda birinci instansiya məhkəməsi həmçinin iddia tələbini rədd edərkən düzgün olmayaraq iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı ilə bağlı mövcud olan qanuni qüvvədə olan məhkəmə qətnaməsinə istinad etməklə bunun MPM-nin 82.3-cü maddəsinin tələbləri baxımından preyudisial əhəmiyyət kəsb etməsini qeyd etmişdir. Halbuki, kassasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi, “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı iddiaçının tərəf kimi iştirak etdiyi məhkəmə prosesində deyil, X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qalıq hissəsinin ödənilməsi tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi (həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı) ilə müəyyən edilmişdir. Bu halda həmin iş üzrə müəyyən olunmuş hallar İddiaçı iddiası üzrə preyudisial hal kimi qəbul oluna bilməzdi. Çünki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 53.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə bu hissəsi ilə bağlı nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

54. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən butün halları nəzərə almaqla hesab edir ki, tərəflər arasında olan müqaviləyə əsasən qalıq məbləğ kimi ödənilməyən 55000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) cavabdehlər Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən alınaraq İddiaçı verilməlidir. İddia tələbi Cavid Hüsynliyə aid hissədə təmin edilməməlidir. Həmin məbləğin digər Cavabdeh1 tutulmaması ilə bağlı qənaətini kollegiya bununla əsaslandırır ki, həmin müqavilədə sonuncunun adı qeyd edilsə də, imza edən və möhürü ilə təsdiqləyən şəxslər fərqlidir. Eyni zamanda işin araşdırılmış hallarından müəyyən edildiyi kimi, həmin müqavilənin bağlanmasına əsas olmuş satılan torpaq sahəsi məhz “Yusifoğlu- İnşaat" MMC-nin mənafeyi üçün alınmış və istifadə edilmişdir. O cümlədən cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili də həmin MMC-nin cavabdeh tərəfin ailə şirkəti olmasını bildirmişdir. Dolayısı ilə həmin müqavilə Cavabdeh2 tərəfindən imzalanmaqla, o cümlədən “Yusifoğlu-İnşaat" MMC-nin möhürü vurulmaqla həmin müqavilə şərtləri onlar üçün mülki qanunvericiliyin tələbləri baxımından icra edilməli öhdəlik halına gəlmişdir. 55.Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən mövqeyə uyğun olaraq cavabdehin iddia müddətinin tətbiq olunması barədə dəlilləri araşdırmış, müddətin ötürülməsi müəyyən olunmadığından iddia müddəti tətbiq edilməməlidir. Belə ki, həmin müqavilə 2015-ci ilin sentyabr ayında bağlanmaqla həmin ilin noyabr ayının sonuna kimi qalıq pulun hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki halda sözügedən müqavilə borc münasibətlərinin yaranması kimi qəbul edilməməklə, daşınmaz əmlakın əldə edilməsi ilə bağlı ödənilməli olan lakin qalıq qalmış məbləğin ödənilməsinin rəsmiləşdirilməsi kimi qəbul edir. Buna görə də kollegiya hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir və işdən müəyyən edildildiyi kimi, hazırki iş iddiaçının nümayəndəsi tərəfindən (subyektiv hüququn olmaması əsası ilə tələb rədd edilmiuşdir), eləcə də iddiaçının özü tərəfindən hazırki iddia ərizəsi ilə 2021-ci ilin iyul ayında məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Yəni, həmin müqavilə üzrə torpaq sahəsinin alınması ilə bağlı qalıq məbləğin qaytarılması üçün son müddət 2015-ci ilin noyabr ayının sonu nəzərədə tutulduğundan həmin müddətin axımının başlanğıcı da məhz həmin müddətdən götürüldüyü halda iddia müddətinin sonu 2021-ci ilin noyabr ayına kimi olmuşdur. 56.Məhkəmə kollegiyası iddia tələbinin 5000 ABŞ dolları faiz borcunun və 5000 ABŞ dolları dəbbə pulunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsinə münasibətdə hesab edir ki, həmin tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yaratmır. 57.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)- 145/22 saylı qətnaməsi qismən - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu- İnşaat" MMC-dən müştərək qaydada 55000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən müştərək qaydada 55000 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq İddiaçı verilməli, Həmin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)- 145/22 saylı qətnaməsi qismən – “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğlu- İnşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin olunsun. Cavabdeh2 və “Yusifoğlu-İnşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq İddiaçı verilsin. Həmin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar