Məhkəmə qərarları › İş №2(103)-1911/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1911/2024

17.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1911/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Oktyabr küçəsi, indiki ünvan 1 ünvanındakı binanın qarşısında yerləşən 06 saylı qarajın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1667/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin olunmuşdur. Apellyasiya baxışı zamanı proses iştirakçıları mübahisəni sülh yolu ilə həll etdiklərini bildirərək barışıq sazişini məhkəməyə təqdim etmiş və onun məhkəmə qaydasında təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiq olunması ilə bağlı izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı nümayəndəsi X3 və Cavabdeh2 arasında bağlanılmış 2 (iki) bənddən ibarət aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh2 25 iyun 2024-cü ilədək İddiaçı 3000 (üç min) manat kompensasiya ödəməyi öhdəsinə götürür.

2. Bunun müqabilində İddiaçı hazırkı iddiadan imtina edir. Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar