Məhkəmə qərarları › İş №2(103)-1920/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1920/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1920/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 nümayəndəsi X3, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(011)-7348/2021 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-cü tarixli 131 saylı kredit müqaviləsinə əsasən, borc alana 60 ay müddətinə illik 15% dərəcəsi ilə 130000 manat məbləğində kredit verilmişdir.

2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-cü tarixli 131/1 saylı ipoteka müqaviləsinə əsasən, həmin kredit müqaviləsinin təminatı otaraq cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m ümümi sahədən ibarət 3 otaqlı 2 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. "xxxx" ASC-nin verdiyi maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2011-cü tarixli 131 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 51414,24 əsas borcu, 22298,65 faiz borcu, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 7397,04 manat faiz borcu, 19666,01 manat cərimə borcu olmaqla, cəmi 100.775,94 manat borcu vardır.

4. "xxxx" ASC-nin X6 Z.B.Quliyeva tərəfindən verilmiş xx.xx.2015-cü tarixli arayışa əsasən, Cavabdeh "xxxx" ASC-dən xx.xx.2011-ci il tarixdə götürdüyü 130000 manat məbləğində ipoteka krediti bağlanmış və hal-hazırda banka heç bir borcu yoxdur.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-cü tarixli **********71 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m ümümi sahədən ibarət 3 otaqlı 2 saylı mənzilinə dair (yeni qaydalarla; Bakı şəhəri Xətai rayonu Babək prospekti 1130-cu məhəllə 10B saylı evin 2 saylı mənzili) ipotekanın dövlət qeydiyyatının aparılması və qeyd olunan əmlakın "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə məlumat aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-cü tarixli 9/1859 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli 131 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh iddiaçı “ZaminBank" ASC-yə xx.xx.2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan ümumi borcu 69739,11 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə - 51393,45 manat; faiz borcu üzrə - 18345,66 manat.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci tarixli 131 kredit müqaviləsinə əsasən cavabdehdən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 51414,24 manat əsas borc, 22298,65 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 7397,04 manat faiz borcu, 19666,01 manat cərimə borcu olmaqla, cəmi 100775,94 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən binanın A blokunun 2-ci mərtəbəsində istifadədə olan 138 kv.m ümümi sahədən ibarət 3 otaqlı 2 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, buna görə də bank kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(011)- 7348/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci tarixli 131 saylı kredit müqaviləsi üzrə 51393,45 manat əsas borc, 18345,66 manat faiz borcu, 1666,01 manat məbləğındə cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%lə hesablanmış 7397,04 manat olmaqla, cəmi 78802,16 manat borc və ödənilmiş dövlət rüsumunun 23,40 manat hissəsinin iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev )

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh xx.xx.2011-cü tarixli 131 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixə 51393,45 manat əsas borc, 18345,66 manat faiz borcu və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 7397,04 manat faiz borcunun qalması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına dair hissədə təmin edilməlidir. Həmçinin məhkəmə belə bir nəticəyə gəlmişdir ki, 19666,01 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 1666,01 manat məbləğinədək azaldılmalıdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipotekaya qoyulmuş mənzillə bağlı bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci, 269.4-cü, 307.7-ci, 309.1-ci, 385.1-ci, 386.1-ci, 425.1-ci, 439.3-cü, 442-ci, 443.4-cü, 445.1ci, 445.2.1-ci, 448.1-ci, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kreditin tam ödənilməsini təsdiq edən "xxxx" ASC-nin X6 Z.B.Quliyeva tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışı nəzərə almamışdır. Cavabdeh iddiaçı banka hər hansı məbləğdə borcu qalmadığı halda, məhkəmə əsassız olaraq iddianı qismən təmin etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu, cavabdeh tərəfindən məhkəməyə borcun ödənilməsini təsdiq edən kassa mədaxil orderi, ödəmə qəbzi və sair sənəd təqdim edilmədiyini, "xxxx" ASC-nin İdarə Heyətinin sabiq sədri Zəhra Quliyeva tərəfindən verilmiş arayışın borcun ödənilməsini təsdiq etmədiyini, Z.Quliyeva tərəfindən bankın müştərilərinə belə arayışların əvvəllər də verildiyini, hal-hazırda Bankın vəzifəli şəxsləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunduğunu bildirərək iş üzrə birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmsil etdiyi Cavabdeh tərəfindən banka olan kredit borcunun tam ödənildiyini, məhz buna görə də mənzilin ipoteka yüklülüyündən azad olunduğunu, cavabdehin banka borcunun olmamasının həmin bankın idarə heyətinin sabiq sədri Zəhra Quliyeva tərəfindən verilmiş arayışla da təsdiq olunduğunu, borcun ödənilməsi barədə Cavabdeh bank tərəfindən kassa mədaxil orderi verilmədiyini göstərərək şikayətin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, hazırkı apellyasiya şikayətində Cavabdeh qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçı tərəfindən isə qətnamə mübahisələndirilməmişdir. Buna görə də qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, Cavabdeh apellyasiya şikayətində iddiaçı "xxxx" ASC-yə kredit borcunun olmamasını həmin bankın idarə heyətinin sabiq sədri Zəhra Quliyevanın verdiyi 26 fevral 2015-ci il tarixli arayışla əsaslandırmışdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2011-ci tarixli 131 kredit müqaviləsinə əsasən borcun tam ödənilməsini təsdiq edən kassa mədaxil qəbzi məhkəməyə təqdim olunmamışdır. Halbuki, bank ödənişlərini təsdiq edən ciddi mühasibat sənədi kassa mədaxil orderidir. "xxxx" ASC-nin X6 Z.B.Quliyeva tərəfindən xx.xx.2015-cü tarixli arayışın hansı şəraitdə verilməsi və pulun hansı qaydada ödənilməsi barədə məsələlərə aydınlıq gətirilməsi məqsədilə Cavabdeh dəfələrlə məhkəmə iclasına dəvət olunsa da, məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəfin nümayəndəsinin məhkəməyə verdiyi məlumata əsasən, "xxxx" ASC-nin vəzifəli şəxslərinin barəsində cinayət işi başlandıqdan sonra bankın idarə heyətinin sabiq sədri Zəhra Quliyeva ölkə ərazisini tərk edərək Almaniya Federativ Respublikasına getmişdir. Zəhra Quliyevanın olduğu yer məlum olmadığından, hazırkı iş üzrə onun şahid qismində dindirilməsi mümkün olmamışdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh xx.xx.2011-cü tarixli 131 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürdüyü krediti qaytarmasına dair məhkəməyə müvafiq mədaxil qəbzi təqdim etmədiyinə görə, birinci instansiya məhkəməsi iddianı əsas borc, faiz borcu və müqavilə müddəti başa çatandan sonrakı dövr üçün hesablanmış faiz borcu hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin etməkdə haqlı olmuşdur.

29. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iddiaçı banka yalnız əsas və faiz borcunun məbləği müəyyən edildiyindən, apellyasiya icraatı zamanı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən maliyyə arayışının verildiyi 29 iyul 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış borcun məbləğini müəyyən etmək üçün əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 08 avqust 2022-ci il tarixli 9/4850 nömrəli rəyinə əsasən, Cavabdeh iddiaçı “ZaminBank" ASC-yə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış borcu 7394,95 manat müəyyən edilmişdir.

30. Göründüyü kimi, ekspert rəyində kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış borcun məbləği 7394,95 manat müəyyən edilmiş, iddia tələbində isə 7397,04 manat tələb edilmişdir. Qətnamədə bu məbləğ 7397,04 manat müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası həmin hala münasibətdə qeyd edir ki, müəyyən edilmiş məbləğdə olan cuzi fərq (7397,04 manat - 7394,95 manat = 2,09 manat) qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmamışdır.

32. Beləliklə işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi barədə iddia tələbi əsaslı olmuşdur. Cavabdeh isə öhdəliyini icra etməsini bildirsə də, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsi izahatında kredit borcu tam ödənildiyinə görə mənzilin ipoteka yüklülüyündən azad edildiyini göstərsə də, iş materiallarından görünür ki, həmin mənzilin ipoteka ilə yüklülüyü ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Həmçinin apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu və apellyasiya baxışı zamanı aparılmış əlavə ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7348/2021 saylı mülki iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə apellyasiya icraatı zamanı keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 145 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar