Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1932/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Maraqlı şəxslər Maraqlı şəxs1 MMC təsisçisi Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxslər Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(007)-2954/2023 nömrəli qətnaməsindən maraqlı şəxs "xxxx" MMC-nin təsisçisi Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxslər Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2) ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyri-yaşayış sahələrinin (qarajlar) İ tərəflərə, Ərizəçi1 və Ərizəçi2 məcburi qaydada təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixli Barışıq sazişini təsdiq edərək qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İİ tərəflər, yəni Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 tərəfindən İ tərəflərə, yəni Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1 MMC-yə və Maraqlı şəxs2 ******* manat və 50.000 ABŞ dollarının pul verilməsi qət olunmuşdur. Qeyd edilən mübahisə ilə bağlı Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs1 MMC, Maraqlı şəxs2 arasında “borcun qeyri-yaşayış sahələrinə yönəldilməsi” tələbi ilə əlaqədar olaraq MŞB/6-0228 saylı, xx.xx.2023-cü il tarixdə Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtləri bu məzmunda ifadə olunmuşdur: 1) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İİ tərəflər tərəfindən İ tərəflərə ******* manat və 50.000 ABŞ dolları pul verilməsi qət olunmuşdur. Tərəflər razılığa gəlir ki, icra sənədində göstərilən borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyriyaşayış sahələri (qarajlar) İ tərəflərə təqdim olunur. 2) tərəflərə razılığa gəlir ki, İ tərəflər qeyri-yaşayış sahələrinə (qarajları) təhvil aldıqdan sonra Xətai Rayon İcra Şöbəsi və Nizami Rayon İcra Şöbəsinin icraatında icra sənədinə xitam verilməsi barədə müraciət edəcəkdir. Belə ki, Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Buna baxmayaraq, İİ tərəf kimi çıxış edən Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 tələbi vaxtında icra etməmişdir. xx.xx.2023-cü il tarixdə maraqlı şəxslərə “barışıq sazişi”nin tələblərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyriyaşayış sahələrini (qarajlar) onlara təhvil verilməsi barədə ərizə ünvanlamışdır. Maraqlı şəxs1 MMC-nin direktoru X6 tərəfindən ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, hal-hazırda üzrlü səbəblərə görə həmin 150 avtomobillik qeyri-yaşayış sahələrini (qarajlar) onlara hissə-hissə təhvil verilməsi üçün altı aydan bir ilə kimi müddət lazımdır ki, bu müddət ərzində qarajlar təhvil verilə bilər. Bu səbəbdən MŞB/6-0228 saylı, xx.xx.2023-cü il tarixli Barışıq sazişinin məcburi qaydada icra olunması zərurət yaranmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(007)- 2954/2023 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və maraqlı şəxslər Maraqlı şəxs1 MMC, Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 avqust 2023-cü il tarixli barışıq sazişi - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən ******* manat və 50.000 ABŞ dolları məbləğində borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyri-yaşayış sahələri (qarajlar) Ərizəçi1 və Ərizəçi2 təqdim olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən 28 avqust 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, ərizəçilər Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən ******* manat və 50.000 ABŞ dolları məbləğində borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyri-yaşayış sahələri (qarajlar) Ərizəçi1 və Ərizəçi2 təqdim olunmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3, 34.1, 34.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 355-23.1 və 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən maraqlı şəxs "xxxx" MMC-nin təsisçisi Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 2017-ci ilin noyabr ayında həbs olunmuş və hal-hazıra kimi 6 X2 cəza çəkir, ərizəçilərlə mediasiya prosesində etibarnamə əsasında oğlu X9 iştirak etmişdir, onun və 03 iyul 2023-cü il tarixdə direktor təyin edilmiş X7 Maraqlı şəxs1 MMC-yə nəyin məxsus olub-olmamasına dair dəqiq məlumatları olmamışdır. 26 sentyabr tarixində hazırlanmış qərara əsasən X7 27 sentyabr 2023-cü il tarixdən Maraqlı şəxs1 MMC-nin direktoru vəzifəsindən azad olunmuşdur. Həmin qərarı X7 Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 4985/2023 saylı işlə əlaqədar 27 sentyabr 2023-cü il tarixinə saat 9:30 təyin edilmiş məhkəmə iclasında təqdim etmişdir. Yəni 27 sentyabr 2023-cü il tarixində saat 12:00-da Bakı şəhəri Nizami Rayon Məhkəməsində keçirirlən 2(007)-2954/2023 saylı işdə X5 iş üzrə maraqlı şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi kimi iştirak etmək hüququ olmamışdır. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6414/2018 saylı qətnaməsində ərizəçilərlə maraqlı şəxslər arasında, eyni tərəflər arasında eyni tələbə dair olan mübahisənin ətraflı araşdırılması öz əksini tapmışdır. Ali Məhkəmənin 21 yanvar 2019-cu il tarixli, 2(102)-453/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6414/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar cəmiyyətin iştirakçılarının ümumi yiğincağında qəbul edilir, yəni Maraqlı şəxs1 MMC-nin yeganə təsisçisi kimi ərizəçilərlə yuxarıda göstərilən barışıq sazişisin bağlanmasına dair tərəfindən heç bir qərar qəbul edilməmişdir və belə bir qərarın olub-olmaması Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Ərizəçi iş üzrə Maraqlı şəxs2 6 X3 cəza çəkməsindən xəbərdar olduğu halda ərizədə onun yalnız qeydiyyatda olduğu ünvanı göstərmişdir ki bunun nəticəsində Azərbaycan Respublikası MPM-nin 134,135,136,138 və 139-cu maddələri məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi barışıq sazişini təsdiq edərkən Mülki Məcəllənin 87.10-cu maddəsinin tələblərini kobud şəkildə pozmuş Maraqlı şəxs1 MMC-nin təsisçisnin yuxarıda göstərilən barışıq sazişinin bağlanmasına razılıq verməsi barədə müvafiq qərarın olmamasıı nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyatorun nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ərizəçilərin nümayəndəsivəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, sonrakı iclaslarda isə iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, İcra Haqqında Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Beləliklə, Konstitusiya Məhkəməsinin, eləcədə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki ərizəni icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6414/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 tərəfindən ******* manat və 50.000 ABŞ dollarının pul verilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və tərəflərin izahatlarında aydın olur ki, müəyyən icra hərəkətləri aparılmaqla iş hazırda da icradadır. Daha sonra tərəflər aralarında mediasiya prosesi nəticəsində 28 avqust 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən ******* manat və 50.000 ABŞ dolları məbləğində borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyriyaşayış sahələrinin (qarajlar) Ərizəçi1 və Ərizəçi2 təqdim olunması, Ərizəçi1 və Ərizəçi2 qeyri-yaşayış sahələrini (qarajları) təhvil aldıqdan sonra Xətai Rayon İcra Şöbəsi və Nizami Rayon İcra Şöbəsinin icraatında icra sənədinə xitam verilməsi barədə müraciət edəcəkləri barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Hazırda ərizəçilər 28 avqust 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında məhkəmə mübahisəsi əsnasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi üzrə icra mərhələsində mediasiya prosesində barışıq sazişi imzalandığı üçün hazırki ərizəyə qətnamənin icrasına nəzarəti həyata keçirən məhkəmə tərəfindən icra icraatı qaydasında baxılmalı idi. Belə ki, “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə görə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Lakin hazırki vəziyyətdə tərəflər arasında olmuş məhkəmə mübahisəsi zamanı qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6414/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi icra mərhələsində olduğundan barışıq sazişi də məhz həmin qətnamənin icrası məqsədi ilə bağlanmışdır. ( sazişin 2.1-ci bəndi ) Başqa sözlə, hazırki tələbə iddia icraatı qaydasında baxılmalı deyil və ərizəçilərin qətnamənin icrası qaydasında icra sənədinin icrasına nəzarəti həyata keçirən birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Onların bu müraciətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığı və səmərəliliyi təmin edilmiş olur. Beləliklə, ərizəçilər qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsalar da, birinci instansiya məhkəməsi tərəfindən onlara bu hüququndan hansı formada istifadə etmək qaydası izah olunmamış, əksinə işə düzgün olmayan qaydada, yəni iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 MMC-yə, Maraqlı şəxs2 qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işin icraatına xitam verilməli, ərizəçilərə barışıq sazişin təsdiq edilməsi barədə ərizə ilə icra icraatı çərçivəsində icra sənədinin icrasına nəzarəti həyata keçirən birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384, 387 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs "xxxx" MMC-nin təsisçisi Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(007)- 2954/2023 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 MMC-yə, Maraqlı şəxs2 qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 barışıq sazişin təsdiq edilməsi barədə ərizə ilə icra icraatı çərçivəsində icra sənədinin icrasına nəzarəti həyata keçirən birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakim: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1932/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1932/2024
12.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver