Məhkəmə qərarları › İş №2(103)-1966/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1966/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1966/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 115/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qıza, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək və daha sonra tələblərinin dəqiqləşdirərək Cavabdeh1 əsas borc - 52127.07 manat, əsas borca hesablanmış faiz borcu – 2893,66 manat, cəmi 55050,73 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlətrüsumunun tutularaq "İddiaçı" ASCyə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzildən və Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "İddiaçı" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 350.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq iki ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzil xx xxxxxx 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzil xx xxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən hər iki ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyanlara bildirişlər göndərilmişdir. Belə ki, ipotekaqoyan Cavabdeh2 ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2018-ci il tarixli, 001/007/1005/2018 nömrəli bildiriş göndərilmiş, ipotekaqoyan Cavabdeh2 həmin bildirişi xx.xx.2018-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra, bildiriş xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, ipotekaqoyan Cavabdeh3 ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2018-ci il tarixli, 001/007/1006/2018 nömrəli Bildiriş göndərilmiş, ipotekaqoyan Cavabdeh3 həmin bildirişi xx.xx.2018-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra, bildiriş xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "İddiaçı" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, Cavabdeh1 isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana 350.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 16 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərin təminatı xx.xx.2014-cü il tarixli 100850-045/14/1, xx.xx.2014-cü il tarixli 100850-045/14/2, xx.xx.2014-cü il tarixli 100850-045/14/3 və xx.xx.2014-cü il tarixli 100850-045/14/4 nömrəli sonrakı ipoteka müqavilələri üzrə ipoteka predmetləridir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsinə 01 nömrəli Əlavə Razılaşmadan görünür ki, tərəflər “bu müqavilə üzrə öhdəliklərin təminatı xx.xx.2014-cü il tarixli 100850-045/14/1, xx.xx.2014-cü il tarixli 100850-045/14/2, xx.xx.2014-cü il tarixli 100850-045/14/3 və xx.xx.2014-cü il tarixli 100850-045/14/4 nömrəli sonrakı ipoteka müqavilələri üzrə ipoteka predmetləridir” sözlərinin “bu müqavilə üzrə öhdəliklərin təminatı xx.xx.2014-cü il tarixli 100850-045/14/1, xx.xx.2014-cü il tarixli 100850-045/14/4 nömrəli sonrakı ipoteka müqavilələri və xx xxxx 2017-ci il tarixli 100850-76201/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmetləridir” kimi oxunması barədə razılaşma bağlamışlar. İş materiallarına əlavə edilmiş İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (Sonrakı ipoteka qoyan) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14/4 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, Bankla Borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10850-020/12 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi müqavilədə qeyd edilmiş əmlak çıxış edir. Bu müqavilənin predmeti Bankla Borcalan arasında Bakı şəhərində xx.xx.2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi bu müqavilədə qeyd edilmiş əmlakın yenidən ipoteka qoyulması barədə razılığa gəlmələridir. Bankla Borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 350.000 manat məbləğində kredit verir. Öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1, giriş D ünvanında yerləşən, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 34 nömrəli mənzil Bankda ipoteka ilə yenidən yüklü edilir. İş materiallarına əlavə edilmiş ipoteka saxlayan İddiaçı ASC ipoteka qoyan Cavabdeh3, birgə borcalan Cavabdeh1 və birgə borcalan Münasib Mustafayev arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 100850-76201/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, bu müqavilənin predmeti İpoteka saxlayanla Borcalan arasında Bakı şəhərində bağlanmış xx xxx 2015-ci il tarixli 100850-101053/2, xx xxxxxx 2016-cı il tarixli 100850- 72481/2 və xx xxxxxx 2014-cü il tarixli 100850-045/14 nömrəli kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 146, mənzil 36 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 100850-72481/3 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana 75.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Kredit 36 ay müddətinə verilir. Kredit şəxsi istehlak məqsədilə verilir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx xxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxx 2018-ci il tarixə Banka olan borcu 54.322,81 manat əsas borcu və 2.249,13 manat faiz borcu olmaqla, cəmi 56.571,94 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixə Banka olan borcu 52.157,07 manat əsas borcu və 2.893,66 manat faiz borcu olmaqla, cəmi 55.050,73 manat təşkil edir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadına əsasən mülki iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə hansı məbləğdə əsas və faiz borcunun olması; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiymətinin nə qədər təşkil etməsi; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzilinin dəyərinin nə qədər olması ilə bağlı suallar qoyulmuşdur. «Leqal Prime» Hüquq şirkətinin xx.xx.2018-ci il tarixli LP-078/18 saylı və LP-079/18 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 manat təşkil edir; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18707 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; xx.xx.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; xx.xx.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənilmiş 301,55 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında İddiaçı ASC-nin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə hansı məbləğdə əsas və faiz borcunun olması ilə bağlı sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 8545 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; xx.xx.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; xx.xx.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənilmiş 301,55 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi vəsatətlə məhkəmə müraciət edərək iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş. Vəsatət onunla əsaslandırmışdır ki, iş üzrə əvvəlki ekspert rəyləri verilərkən borcun kapitallaşdırılması ilə bağlı cavabdehlə əldə olunmuş razılığın və yeni ödəniş cədvəllərinin nəzərə alınmadığı, kredit müqaviləsi müddətində qrafikə əsasən cavabdehin ödəməli olduğu məbləğdən həmin müddət ərzində aparılmış ödənişlərin cəmi məbləğinin çıxılaraq borcun məbləğinin müəyyən edildiyini, nəticədə ekspertin yanlışlıqlığa yol verərək hesablamanın düzgün aparmadığını bildirir. Kollegiya şikayətin və vəsatətin dəlilləri əvvəlki rəylərin məlumatları əsaslı şübhələr yaratdığından xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsi üzrə aparılmış ödənişlər və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonuncu maliyyə arayışının verildiyi xx.xx.2018-ci il tarixinə Cavabdeh1 banka olan kredit borcunun (əsas borc və faiz borcu) məbləği müəyyən etmək məqsədilə iş üzrə təkrar məhkəmə mühasibatlıq eskpertizası təyin etmişdir. Həmçinin, ekspertizanın keçirilməsinə Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri cəlb olunmuş və ekspertizanın keçirilməsində onların iştirakının təmin edilməsi təşkilatın rəhbərliyinə həvalə olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan cıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxxxx 2014cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu 5.619,25 manat təşkil edir: əsas borc üzrə 5.591,91 manat, faiz borcu üzrə 27,34 manat. xx.xx.2018-ci il tarixə isə onun borcu olmamış və 301,55 manat artıq ödəniş edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, Mərkəzi Bankın mütəxəssis rəyində qeyd edilmişdir ki, iş materiallarına əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən xx xxxxxx 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə 16% dərəcəsi ilə 48 ay müddətinə 350 min manat məbləğində kredit verilmişdir. Bu kredit xx.xx.2016-cı ildə 5 826.94 manat, xx.xx.2016-cı ildə 12 744.86 manat, xx.xx.2017-ci ildə tarixlərində 5 512.10 manat kapitallaşdırılmışdır (borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılma əsassız hesab edilmiş və hesablama zamanı nəzərə alınmamışdır). Qeyd etmək lazımdır ki, mübahisələndirilən kreditin müddəti dövründə borcalana digər kredit verilmişdir (xx.xx.2017-ci il tarixində 75 min manat məbləğində kredit). Borcalan tərəfindən 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə edilmiş ödənişlər bir necə hallarda bank tərəfindən borcalanın digər kreditinə silinmişdir. Qeyd olunan formada silinmənin aparılması bank ilə müştəri arasında imzalanmış müqavilənin 5-ci bəndi (müqavilənin 5.1.5-ci bəndinə əsasən borcalanın bank qarşısında bir və ya bir neçə icra edilməli öhdəliyi olduqda, bank icra edilməli öhdəliyi seçmə hüququna malikdir) ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 440.1-ci maddəsinəəsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Qeyd olunan maddənin yarımbədindən tam aydın olur ki, borcalanın bir neçə öhdəliyi olduğu təqdirdə ödənilən vəsaitin təyinatı borcalan tərəfindən müəyyən edilir. Bu maddənin tələbi nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, Cavabdeh1 tərəfindən xx xxxxxx 2014-cü il tarixli,100850-45/14 nömrəli kredit müqaviləsi təyinatı ilə edilmiş ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsi əsasızdır. xx.xx.2018-ci il tarixinə Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit borcu 35925.51 manat (əsas borc - 35750.73 manat, faiz borcu -174.78 manat) təşkil etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit (ipoteka) müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş eskpertiza tədqiqatına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli vəsatətində ilkin ekspertiza zamanı Borcalan tərəfindən xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə aparılmış ümümilikdə 18551 manat məbləğində ödənişin əsassız olaraq xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə nəzərə alındığı qeyd edilmişdir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi (i.v 135-136) xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi əsasında rəsmiləşdirilmiş 350.000,0 manat məbləğində kredit vəsaiti xx.xx.2014-cü il tarixdə Borcalanın hesabına köçürülmüşdür. Həmin əməliyyatın təyinat kodu isə LD **********1 olmuşdur. Qeyd olunanlarla bağlı bildirilir ki, yuxarıda göstərilən tarixlərdə aparılmış ödənişlər digər tarixlərdə aparılmış ödənişlər kimi eynilə LD ********** əməliyyat kodu altında aparılmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsində göstərilir ki, “banklar kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri” ilə məşğul ola bilərlər. Həmin Qanunun 36.1-ci maddəsinə görə “Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir”. Eyni zamanda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsində qeyd edilir ki, “Banklar yerləşdikləri binada yazılı formada depozitlərin (əmanətlərin) qəbul edilməsinin, kreditlərin verilməsinin, hesablaşma-kassa xidmətinin və pul köçürmələrinin aparılması şərtləri və qaydaları haqqında müştərilərinə məlumat verməlidirlər” və həmin Qanunun 36.5-ci maddəsinə əsasən “Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.” Bununla yanaşı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən “Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.” Qanunun tələblərindən də göründüyü kimi bank müştərisinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ vardır və bu hüquq bank tərəfindən qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan qaydalarla məhdudiyyətləşdirilə bilməz. Eyni zamanda bank müştərisinin razılığı olmadan onun bank hesablarında olan vəsaitləri başqa kreditə silə bilməz. Kollegiyanın qənaətinə görə xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə aparılmış ödənişlər, cavabdeh ödəniş tapşırığı və ya sərəncam vermədən Bank tərəfindən digər kreditə silinə bilməz. Məhkəmə iclasına dəvət edilən ekspertlər də ödənişin borcalanın istəyi ilə bankda olan digər borcların ödənilməsinə yönəldilə biləcəyini bildirmişlər. Bundan başqa, Məhkəmə Ekspert Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 5826,94 manat, xx.xx.2016-cı il tarixdə 570 manat, xx.xx.2016-cı il tarixdə 12744,86 manat, xx.xx.2017-ci il tarixdə 41,34 manat, xx.xx.2017-ci il tarixdə isə 5512,1 manat ödənişlər etdiyi, lakin Mərkəzi Bankın mütəxəssisi tərəfindən rəy verilərkən həmin ödənişlərin nəzərə alınmadığı qeyd edilmişdir. Mütəxəssis rəyində isə həmin tarixlərdə göstərilmiş məbləğlərin bank tərəfindən kapitallaşdırıldığı, borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılmanın əsassız hesab edildiyi və hesablama zamanı nəzərə alınma olmadığını qeyd edilmişdir. Həmçinin, məhkəmə iclasına dəvət edilmiş Mərkəzi Bankın eskperti göstərilən məbləğlərin niyə nəzərə alınmalı olmadığına aydınlıq gətirərək bildirmişdir ki, qeyd edilən tarixlərdə göstərilən məbləğlər bank tərəfindən kapitallaşdırılmış, həmin məbləğlərin kredit borcu üzrə ödənilmiş olması barədə bankın sistemində heç bir məlumat olmamaqla, Cavabdeh1 tərəfindən də həmin məbləğlərin ödənilməsi barədə qəbzlər təqdim edilməmişdir. Mütəxəssisin mövqeyinə görə həmin məbləğlər sistemdə Cavabdeh1 kredit ödənişlərində gecikmə olmasının göstərilməməsi üçün bank tərəfindən kapitallaşdırılaraq, ümumi qalığa əlavə edilmişdir. Həmçinin, bildirmişdir ki, hesabdan çıxarışda iki ödənişin “plastik karta” ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasına dəvət olunmuş Ekspertiza Mərkəzinin eksperti Mərkəzi Bankın mütəxəssisinin qeyd etdiklərinin əksini əsaslandıra bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya Mərkəzi Bankın mütəxəssis rəyində göstərilənləri əsas götürərək hesab edir ki, Cavabdeh1 iddiaçı bankın xeyrinə xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə 29 655,15 manat borc tutulmalıdır. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən də görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə kreditdən istifadə müddəti bitdikdən sonra da ödənişlər edilmişdir. Kollegiya Mərkəzi bankın Mütəxəssis rəyində göstərilən məbləğdən kredit müqaviləsi üzrə kreditdən istifadə müddəti bitdikdən sonra ödənilmiş məbləğləri çıxaraq yerdə qalan 29 655,15 ( (35750,73+174,78) – (5591,91+27,34+301,55) = 29 655,15 manat) manat məbləğində borcun Cavabdeh1 tutulmasını əsaslı və qanuni hesab edir. Kollegiya iddianın, “Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlaklar Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı ASC ipoteka qoyanlara “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş, həmçinin həmin bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlərə qaytarılmalıdır. Kollegiya, iddianın “Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzildən və Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması” hissəsini əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsinin baxışı zamanı qiymətləndirmə təyin olunmuş və ekspert rəyi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 manat və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat müəyyən edilmişdir. Bu qiyməti heç bir tərəf mübahisələndirməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45 manatın, 15 manatı iddiaçıya aid edilməli, 30 manatı isə Cavabdeh1, həmiçinin ondan ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərcləri isə tərəflərdən tutularaq müvafiq hesablara köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə 29 655,15 (iyirmi doqquz min altı yüz əlli beş manat 15 qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat xərc tutularaq "İddiaçı" ASC-yə ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45 (qırx beş) manatın, 15 (on beş) manatı iddiaçıya aid edilsin, 30 (otuz) manatı isə Cavabdeh1 tutularaq "İddiaçı" ASCyə ödənilsin. İpoteka predmeti olanCavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 (səksən beş min) manat müəyyən edilməklə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcu ödənilsin, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh3 qaytarılsın. Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılsınlar. İpoteka predmeti olanCavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat (yüz iyirmi beş min) manat müəyyən edilməklə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcu ödənilsin, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılsın. Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılsınlar. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Məhkəmə-mühasibatşünaslıq ekspertizalarının xərci olan 390 (üç yüz doxsan) manatın 300 (üç yüz) manatı Cavabdeh1, 90 (doxsan) manatı isə İddiaçı ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar