Məhkəmə qərarları › İş №2(103)-1982/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1982/2023

20.02.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1982/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ərizəsini təqdim edərək İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 4 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 4ə-510 reyestr nömrəli 20 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə həmin mənzilin 1/2 hissəsinə və Türkiyə Respublikasının banklarında (“Yapı Kredi” Bankı, Halkbank, Akbank, Ziraat Bankası, Vakıf Bank, Deniz Bank, X3 və X2) Cavabdeh1 adına olan əmanətlərin 1/2 hissəsinə iddiaçının pay hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraatı Azərbaycan Respublikası MPMnin 255.0.6-cı maddəsinə uyğun olaraq Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusuna cavab göndərilənədək dayandırılmasını xahiş etmişdir.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə sorğusunun cavabı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olanadək iş üzrə icraatım dayandırılması qərara alımışdır.

4. Bundan sonra həmin qərardaddan cavabdehin verdiyi şikayət Məhkəmənin eyni saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

8. Belə ki, rayon məhkəməsi qeyd etmişdir ki, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-481/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına məhkəmə sorğusu göndərilmişdir. Məhkəmənin qeyd olunan sorğusu üzrə İstanbul 33. X1 iş açılmış və həmin sorğuya baxılması xx.xx.2022ci il tarixə təyin edilmişdir. Qanunvericiliklə məhkəmə sorğusuna cavab gələnədək iş üzrə icraatın dayandırılması məsələsi tənzimlənməsə də, məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu məhkəmə tapşırığı kimi qəbul edilərək İstanbul 33. X1 baxılmaqda olduğundan, Azərbaycan Respublikası MPM-nin 255.0.6-cı maddəsi tətbiq edilərək iş üzrə icraat dayandırılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

10. Həmin Məcəllənin 255.0.6-cı maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər.

11. Kollegiya hesab edir ki, İstanbul 33. X1 baxılmaqda olan məhkəmə sorğusu hazırkı işin mahiyyəti üzrə həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən, həmin sorğunun icra olunması uzun müddət ala biləcəyindən mülki iş üzrə icraatın məhkəmə sorğusuna cavab gələnədək dayandırılması əsaslı olmuşdur.

12. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

14. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

15. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar