Məhkəmə qərarları › İş №2(103)-1984/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1984/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1984/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış evindən çıxarılma və həmin ünvana köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2630/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş, xx.xx.1992-ci il tarixli 017918 nömrəli orderə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24 X8 və 3 nəfərdən ibarət ailə üzvlərinə verilmişdir. Orderin verilməsinə əsas: N saylı hərbi hissənin N saylı xx.xx.1992-ci il tarixli protokolundan çıxarış.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil istismar Hissəsinin 1993-cü il üzrə orderlərin qeydiyyatı kitabına əsasən, 017918 nömrəli, 21 sentyabr 1993-cü il tarixli Order Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, kvartal-f, mənzil 24 (iki otaqlı, 29 m2 ) X4 verilmişdir. Ailə üzvləri aşağıdakılardan ibarətdir: Aslanova R.M. 1938-ci il təvəllüdlü (özü), Aslanova R.D. 1983-cü il təvəllüdlü (qızı), Aslanova Z.Z. 1915-ci il təvəllüdlü (anası). Orderin verilməsinə əss İK XDS-nin 22 nömrəli xx.xx.1992-ci il tarixli qərarı.

3. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1969/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə X5 İddiaçı İsam oğluna qarşı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24-ə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 11715/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata X3 vəfat etməsi ilə əlaqədar xitam verilmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(002)- 1969/2018 saylı qərardadına əsasən, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1969/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinin icrasına dönüş edilməsinə dair cavabdeh İddiaçı ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı evə istifadə hüququ və qeydiyyatının bərpa edilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli 069-17485-2019 saylı məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24- də yaşayış yeri üzrə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi hissənin mənzil komissiyasının 2 nömrəli xx.xx.2019-cu il tarixli protokoluna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24-ün Cavabdeh1 (ailə tərkibi 4 nəfərdən ibarət olmaqla) verilməsi qərara alınmışdır. Mənzilin əvvəlki kirayəçisi X6 rəhmətə gedib.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 508 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Müdafiə Nazirliyinin fonduna aid olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24 (yaşayış sahəsi 29 m2 -dən ibarət, 2 otaqlı) Cavabdeh1 və onun ailəsinin sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri: Cavabdeh2 (həyat yoldaşı), Cavabdeh3 (oğlu) və Cavabdeh4 (oğlu).

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi hissənin xx.xx.2019cu il tarixli 115 №-li arayışına əsasən, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24-də yaşayır.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin xx.xx.2019-cu il tarixli 879 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən Səngəçal hərbi şəhərciyi bağlı hərbi şəhərcik statusuna malikdir və burada yerləşən bütün mənzillər xidmətidir – hərbçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 2№-li protokolundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24-ün əvvəlki kirayəçisi X5 vəfat etdiyi üçün, mənzil Cavabdeh1 və ailəsinin istifadəsinə verilmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin xx.xx.2020-ci il tarixli 198 №-li məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(002)-1969/2018 nömrəli qərarı iş üzrə cavabdeh İddiaçı Müdafiə Nazirliyinə məxsus-hərbçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuş xidməti yaşayış sahəsində yerləşdirilməsi mümkünsüzdür.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin xx.xx.2023-ci il tarixli 927 №-li məktubundan görünür ki, Salyan rayon Mənzilİstismar hissəsi tərəfindən ünvan 1 ünvanına X5 adına verilmiş orderlər (017918 nömrəli xx.xx.1992-ci il və xx.xx.2013-cü il tarixli) X5 ərizəsi əsasında mənzil komissiyasının qərarı ilə eyni ünvanda yerləşdiyinə görə həmin nömrə ilə verilmişdir. Mənzil komissiyasının iclas protokolları Müdafiə nazirinin 20 mart 2020-ci il tarixli 05 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə məhv edilmişdir. Ona görə də ətraflı məlumat verə bilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh1 və ailə üzvlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ailə üzvlərinin ünvan 2 ünvana köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı evdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çıxarılması və onun həmin ünvana köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyini cavabdeh qismində cəlb etmişdir.

15. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı ev order əsasında X4 verilmişdir. X7 nənəsi Aslanova Asiyanın bacısıdır. Həmin orderdə Aslanova Raziyyə ilə yanaşı qızı Aslanova Ramilə və onun adı qeyd edilmişdir. Ramilə erkən vəfat etdiyindən Raziyyənin başqa övladı olmadığından onu qeyri rəsmi olaraq övladlığa götürmüşdür. Uzun müddət bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmış və ona oğulluq etmişdir. Lakin o kifayət qədər yaşlı olduğundan (80 yaş) 2017 və 2018-ci illər ərəfəsində münasibətlərində soyuqluq yaranmış və bu səbəbdən də xəbəri olmadan onu məhkəməyə verməklə yaşadığı mənzildən istifadə hüququma xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)-1969/2018 sayı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sonradan bu barədə məlumat almış və qətnaməni əldə edərək apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11715/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 2(002)-1969/2018 saylı, 09 iyul 2018-ci il tarixi qətnaməsi ləğv edilərək, iddiaçı X3 İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə icraata iddiaçının ölməsi səbəbi ilə əlaqədar xitam verilmişdir. Bundan sonra ərizə ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı evə qeydiyyatının bərpası ilə bağlı icraya dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)-1969/2018 saylı, 19 iyun 2019-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 2(002)- 1969/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinin icrasına dönüş edilməsinə dir ərizəsi təmin edilmiş, onun Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı evə istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir. Hazırda qeyd edilən ünvava küçüb yaşamaq istəsə də oranı cavavabdeh və ailə üzvləri zəbt etdiyindən köçə bilmir. Dəfələrlə onlardan evi boşaltmağı tələb etsə də buna məhəl qoymurlar. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.

16. Cavabdeh1 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, o, yəni Cavabdeh1 və ailə üzvləri - həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh4 yaşaması üçün N №-li hərbi hissənin N aprel 2019-cu il tarixli 2 №-li protokolu ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı mənzilin verilməsi qərara alınmışdır. Həmin protokolun əsasında onunla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Salyan rayon Mənzil-İstismar hissəsi arasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı mənzil barəsində 13 aprel 2020-ci il tarixli 508 N-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində işin hallarını təhrif edilmiş şəkildə qeyd etmiş, göstərdiyi hadisələr reallığı əks etdirmir. Belə ki, qeyd edilən mənzilin əvvəlki kirayəçisi X9 olmuşdur. Raziyə Aslanova bacısı nəvəsi olan İddiaçı hərbçi olmamasına baxmayaraq formal olaraq sözügedən mənzilə qeydiyyata salmış, lakin daha sonra Qaradağ Rayon Məhkəməsinin 9 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı mənzildən istifadə hüququna xitam verilmiş və o, mənzil qeydiyyatından çıxarılmışdır. İddiaçı Raziyyə Aslanovanın ölümündən istifadə edərək həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin qərarı ilə R.Aslanovanın ölümü səbəbi ilə icraata xitam verilmiş, şəxsin mənzildən istifadə hüququ bərpa edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Salyan rayon Mənzil-İstismar hissəsinin 30 oktyabr 2019-cu il tarixli, 879 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrinə əsasən Səngəçal hərbi şəhərciyi hərbi şəhərcik statusuna malikdir, burada yerləşən bütün mənzillər xidmətidir-hərbçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur. Kənar şəxslərin daxil olması qadağandır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 08 aprel 2020-ci il tarixli, 198 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi hərbi şəhərcikdə yerləşən bütün mənzillər, o cümlədən, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı Fin tipli ev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Salyan rayon Mənzil-İstismar hissəsinin balansındadır. Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrinə əsasən Səngəçal-1 hərbi şəhərciyi hərbi şəhərcik statusuna malikdir. Kənar şəxslərin daxil olması qadağandır. Azərbaycan Respublikası yaşayış yeri və olduğu yer haqqında qanunun 5-ci maddəsinə əsasən kənar şəxslərlə bağlı hərbi şəhərciklərdə müvafiq qurumla əlaqəsi olmayan şəxslərin hərbi şəhərcikdə yaşamasıpasport qeydiyyatına alınması qəti qadağandır. Ona görə də Qaradağ Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(002)-1969/2019 saylı qərarı iş üzrə cavabdeh İddiaçı Müdafiə Nazirliyinə məxsus Hərbiçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuş xidməti yaşayış sahəsində yerləşdirilməsi mümkünsüzdür. Qaradağ RPİ-nin 11-ci PB-nin məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verilmiş məlumat araşdırılmış və göstərilən ünvanın hərbiçi Cavabdeh1 Müdafiə Naizrliyi tərəfindən veirlməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixli 078982 saylı mədaxil qəbzindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı mənzilin kommunal xidməti onun adındadır və onun tərəfindən ödənilmişdir. Yuxarıda qeyd etdiyi sənədlərdən göründüyü kimi, mübahisə predmeti olan mənzillə İddiaçı heç bir əlaqəsi yoxdur, həmin şəxs hansısa hərbiçi ailəsi deyil yaxud hərbiçi ailəsinin üzvü deyildir. Sadəcə evin keçmiş kirayəçisinin uzaq qohumudur. Həmin şəxsin qeyd olunan mənzilə köçürülməsi əsassız və qanunsuzdur.

17. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2630/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddianın rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 100, 103, 104, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.1-82.4, 91.1, 92, 98.1, 98.2, 99.1, 100.1-100.3, 101.1, 101.2, 102.1, 102.2, 102.4, Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun 12-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.1, 1.5, 2.1, 2.2, 2.5, 2.6, 2.7, 3.1, 3.2, 3.5-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, yaşayış sahəsi 1992-ci ildə verildiyindən mübahisəli hüququ münasibəti həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən tənzimlənməlidir. X7 qohumu olmaqla iddiaçını qeyri-rəsmi olaraq övladlığa götürmüş, onunla birlikdə qeyd edilən ünvanda yaşamaqla birgə təsərrüfat aparmışlar. Digər tərəfdən qeyd edilən mənzilə dair orderdə iddiaçının da adı olmaqla orada pasport qeydiyyatındadır. Deməli həmin mənzilə istifadə hüququ vardır. Belə olan halda məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. X7 və onun həyat yoldaşı uzun müddət, yəni 10 ildən artıq hərbi qulluqçu kimi xidmət etdiklərindən qeyd edilən qanunvericiliyin tələblərinə əsasən həmin xidməti mənzil 1992-ci ildə onlara verilmişdir. Aşağıdakı şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: Xidməti yaşayış sahəsi verilmiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüşişçinin ailə üzvləri; hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər. X7 və həyat yoldaşı uzun müddət hərbidə işləmiş, oradan təqaüdə çıxmışlar. Qeyd edilən xidməti mənzil 1992-ci ildə verilmişdir. Həmin mənzildə 10 ildən çox yaşamışlar. İddiaçı 1992-ci ildə verilmiş mənzilin orderində adı olmaqla qeydiyyatda olmaqla orada yaşamışdır. Digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən digər mənzil sahəsi verilmədən və ya əvvəlki müqaviləni ləğv etmədən həmin yaşayış sahəsini digər şəxsə yəni Cavabdeh1 Məhəmmməd oğluna və ailə üzvlərinə verməsi tam qanunsuzdur. Həmçinin qeyd edilən ünvanda yerləşən ev fin tiplidir. Cavabdeh həmin evin həyətində başqa bir fərdi yaşayış evi tikmiş və ailəsi ilə orada yaşayır, heç həmin fin tipli evdən istifadə də etmir. Lakin buna baxmayaraq iddiaçını ora buraxmır. Eyni zamanda Qaradağ rayon Məhkəməsinin 2(002)- 1969/2018 saylı, 19 iyun 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 2(002)- 1969/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinin icrasına dönüş edilməsinə dair ərizə təmin edilmiş, iddiaçının Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylıevə istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir. Məhkəmə bu halları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

24. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş):

25. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür.

26. Maddə 103. xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti...tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının orderi üzrə verilir.

27. Maddə 104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular... onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

28. Maddə 91.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir: 91.1.1. xidməti yaşayış sahələri;

29. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

30. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

31. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

32. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

33. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.

34. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.

35. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

36. Maddə 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər.

37. Maddə 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir.

38. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.

39. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.

40. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.

41. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.

42. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

43. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular.

44. Maddə 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun:

45. 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

46. 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın:

47. 1.1.-ci bəndinə əsasən, xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası (bundan sonra Qayda) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli, 153 nömrəli Fərmanının 1.3.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xidməti yaşayış sahələrinin verilməsi hallarını və qaydasını müəyyən edir.

48. 1.5.-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92- ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

49. 2.1.-ci bəndinə əsasən xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir.

50. 2.2.-ci bəndinə əsasən kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir.

51. 2.5.-ci bəndinə əsasən kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.

52. 2.6.-cı bəndinə əsasən kirayə müqaviləsində müqavilənin predmeti, xidməti yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

53. 2.7.-ci bəndinə əsasən xidməti yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mənzil sahəsinin ayrılma norması nəzərə alınmaqla verilir.

54. 3.1.-ci bəndinə əsasən xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz.

55. 3.2.-ci bəndinə əsasən kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

56. Qaydaların 3.5.-ci və 3.5.1.-ci bəndlərinə əsasən bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

63. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

65. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

68. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2630/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

71. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

72. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

73. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. X7 İddiaçı nənəsinin bacısı olmuşdur. Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 1993-cü ilə aid qeydiyyat kitabından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 nömrəli ev xx.xx.1993-cü il tarixli, 017918 nömrəli order əsasında Raziyə Aslanovanın istifadəsinə və sahibliyinə verilmişdir. İddiaçı həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür, eyni zamanda məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin verdiyi xx.xx.1992-ci il tarixli, 017918 nömrəli orderə əsasən ailə üzvü kimi adının orderdə göstərilməsinə istinad edir. X11 Aslanova qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia qaldırmış, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1969/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 11715/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata X3 vəfat etməsi ilə əlaqədar xitam verilmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 iyun 2019cu il tarixli 2(002)-1969/2018 saylı qərardadına əsasən, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1969/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsinə dair cavabdeh İddiaçı ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 saylı evə istifadə hüququ və qeydiyyatının bərpa edilməsi qərara alınmışdır. X1 vəfat etməsindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 508 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə Müdafiə Nazirliyinin fonduna aid olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, ev 24 Cavabdeh1 və onun ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı göstərilənlərə əsasən Cavabdeh1 və onun ailə üzvlərinin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 nömrəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsini xahiş etmişdir.

74. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Cavabdeh1 arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 nömrəli mənzil Cavabdeh1 və onun ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edildikdə və ya ona xitam verildikdə Kirayəçi və ya onun ailə üzvləri bu Müqavilə əsasında kirayəyə götürdükləri yaşayış sahəsini boşaltmalıdırlar. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılırlar.

75. Bununla yanaşı, qüvvədə olan Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

76. Qeyd edilən müqavilənin məhkəmə qaydasında mübahisələndirilməsi, ləğv edilməsi və ya həmin müqaviləyə xitam verilməsi məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. Belə olan halda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin və onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları üçün hüquqi əsaslar müəyyən edilmədiyindən həmin hissədə iddianı təmin etməmişdir.

77. Kollegiya iddia tələbinin mənzilə köçürülmə hissəsinə münasibət bildirərək qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

78. Kollegiya qeyd edir ki, İddiaçı xidməti yaşayış sahəsinin əvvəlki kirayəçisi X7 ilə birlikdə mübahisəli mənzildə ailə üzvü kimi yaşaması halı müəyyən edilməmiş, iddiaçı birinci instansiya məhkəməsinin iclaslarında verdiyi izahatlarında ailə qurduqdan sonra başqa mənzilə köçdüyünü, sonradan Raziyyə Aslanova ilə aralarında münasibətlərin korlanması nəticəsində mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı məhkəmə çəkişmələrinin baş verdiyini, 2018-ci ildən sonra isə ümumiyyətlə mənzildə yaşamadığını bildirmişdir.

79. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 3.2.-ci bəndinə əsasən kirayə müqaviləsi əsasında xidməti yaşayış sahəsindən istifadəyə dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Qaydaların 3.5.-ci və 3.5.1.-ci bəndlərinə əsasən bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

80. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 82.5-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.

81. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı mübahisəli mənzildə uzun müddət daimi yaşamadığı, mənzilin əvvəlki kirayəçisi ilə ümumi təsərrüfat aparmadığı, başqa yaşayış sahəsində mənzil hüququnu realizə etdiyindən, eyni zamanda Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin kirayəçisinin (Raziyyə Aslanovanın) vəfatı ilə bağlı həmin kirayə müqaviləsinə (xx.xx.1993-cü il tarixli order) xitam verildiyindən İddiaçı İsam oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Qorki küçəsi, 24 nömrəli mənzilinə köçürülməsi üçün əsaslar müəyyən edilmədiyindən həmin hissədə də iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

82. Göründüyü kimi, iddiaçının iddia tələbi üzrə qanuni əsas mövcud deyildir.

83. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

84. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilmə bilməz.

85. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

86. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

87. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2630/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar