Məhkəmə qərarları › İş №2(103)-1988/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1988/2020

02.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1988/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Əhmədova (Aslanova) İlhamə Tahir qızı, Cavabdeh iştirakı ilə, İddiaçı Əhmədova (Aslanova) İlhamə Tahir qızının Cavabdeh qarşı “avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3109/2019 saylı qətnaməsindən Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3062/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Əhmədova (Aslanova) İlhamə Tahir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Picanto” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin, avtomobilin qeydiyyat şəhadətnaməsinin və iki ədəd açarların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Kia Picanto” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil hazıradək onun mülkiyyətindədir. Həmin avtomobili əvvəllər müvəqqəti olaraq idarə edilməsi üçün keçmiş qayınatası, Cavabdeh etibarnamə əsasında vermiş, sonra isə həmin etibarnaməni ləğv etdirmiş və avtomobilin qaytarılmasını tələb etmiş, cavabdeh isə avtomobili qaytarmamış və qeyd edilən avtomobilə mülkiyyət hüquqlarının tanınması barədə Səbail Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2019-cu il tarixli, e-2 (009)-2180/2019 saylı qətnaməsinə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Bundan sonra da cavabdehə avtomobilin qaytarılması barədə zəng etsə də, telefonuna cavab verilməmişdir. Bu barədə onlayn şəkildə xx.xx.2019-cu ildə Daxili İşlər Nazirliyinə, cavabdehin qeydiyyatda olduğu ərazi üzrə Səbail rayon 41-ci Polis bölməsinə də müraciət etmişdir. Cavabdehin hərəkətləri qanunazidd olmaqla onun mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3109/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı Əhmədova (Aslanova) İlhamə Tahir qızının adına qeydiyyada olan “Kia Picanto” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobilin qeydiyyat şəhadətnaməsi və iki ədəd açarlarının Cavabdeh alınaraq iddiaçı Əhmədova (Aslanova) İlhamə Tahir qızına verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bundan başqa iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Picanto” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 8000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğlu X1 arvadı olmuşdur, 2006-cı ildə rəsmi nikaha daxil olmuş və Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Birlikdə yaşadığı dövrdə cavabdeh qohumundan “Kia Picanto” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmiş və sonradan həmin avtomobili ona sataraq 8000 manat pul almışdır. İddiaçı onun yaxın qohumu (gəlini) olduğundan həmin vaxt nəqliyyat vasitəsinin alqısatqısını rəsmiləşdirməmiş, ancaq avtomobili idarə etmək üçün ƏN-İV 061068 saylı xx.xx.2021-ci ilədək qüvvədə olan etibarnamə almışdır. Sonradan cavabdehə verilən 8000 manatın üstü düzəldilərək, ona oğlu tərəfindən digər «Mersedes» markalı nəqliyyat vasitəsi alınmışdır. Oğlu ilə gəlininin münasibətləri gənginləşdikdən sonra onlar boşanma qərarına gəlmiş və boşanmaya verdikdən sonra, cavabdeh ona verilən etibarnaməni ləğv edərək polisə avtomobilin qaçırılması ilə bağlı şikayət vermişdir. Bakı şəhəri Səbail RPİnin 41-ci PB-də araşdırma zamanı İddiaçı izahat verərək bildirmişdir ki, Ramin Əhmədov ilə 15 ilə yaxın evli olmuş və boşanma ərəfəsində olduğuna görə, yaşamaq üçün qardaşının yanına getmişdir. Mübahisəli avtomobili o, qohumundan almış, sonradan həyat yoldaşı Ramin ona maşının əvəzində 8000 manat pul vermiş, ondan təxminən 2 il keçdikdən sonra həmin pulun üstünü düzəldərək ona 14.000 manata «Mersedes Benz» markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Öz izahatında cavabdeh eyni zamanda göstərmişdir ki, qayınanası öz adına olan evdən onu qeydiyyatdan çıxardığına görə o, əsəbləşərək qayınatasına verdiyi etibarnaməni ləğv etmiş və avtomobilin oğurlanması ilə bağlı DİN-in 102 xidmətinə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2016-2017-ci ildən qeyd edilən «KİA» markalı avtomobili ona 8000 manat pul ödənildiyi üçün qayınatasına satmış və həmin vaxtdan həmin avtomobili qayınatası idarə etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3062/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı 8000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1987/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(103)- 1987/2020 saylı mülki işlə iddiaçı Əhmədova (Aslanova) İlhamə Tahir qızının Cavabdeh qarşı “avtomobilin qaytarılması” tələbinə dair 2(103)-1988/2020 saylı mülki iş bir icraatda birləşdirilmiş və onlara bir icraatda baxılmışdır. Cavabdeh avtomobilin qaytarılması tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə istinad edərək qeyd etmişdir ki, həmin qətnamə ilə avtomobil üçün ödənilmiş 8000 manatın ona qaytarılması qət edilmişdir. Hesab edir ki, həmin kompensasiya mübahisəli avtomobilin əvəzi olaraq təmin edildiyindən, avtomobil iddiaçıya qaytarıldıqdan sonra, həmin qətnamənin icrası mümkün olmayacaqdır, odur ki, mübahisəli avtomobil iddiaçının ödəməli olduğu borc məbləğinin təminatı kimi saxlanılmalıdır. İddiaçı pul tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır. İddiaçı onun keçmiş qayınatası olmuş, keçmiş yoldaşından ayrıldıqdan sonra əmlak bölgüsü barədə iddia qaldırmış, iddiaçı da əsassız olaraq bu iddianı qaldırmışdır. İddiaçının avtomobilin alınması üçün ona 8000 manat verməsi tamamilə yalandır, ona hər hansı pul məbləği verməmişdir, pul verməsi ilə bağlı hər hansı sübut yoxdur, aralarında borc müqaviləsi yoxdur. Avtomobil dayısı qızı tərəfindən ona hədiyyə verilmiş, o da birlikdə yaşadığı dövrdə qayınatasına və baldızına avtomobilin idarə edilməsi barədə etibarnamə vermişdir. Məhkəmədə şahid kimi dindirələnlər onun keçmiş qayınanası, baldızı və əri olmuşdur. Məhkəmə əsassız olaraq onların dediklərinə əsaslanaraq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əhmədova (Aslanova) İlhamə Tahir qızı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, X2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, cavabdeh tərəfindən ona 8000 manat pul verilməmişdir. Ola bilər ki, cavabdeh həmin pulu öz oğluna, yəni onun keçmiş həyat yoldaşına vermişdir, ancaq bunun ona aidiyyəti yoxdur, çünki pul ona verilməmişdir. Düzdür, onun keçmiş həyat yoldaşı sonradan ona 14000 manata «Mersedes Benz» markalı avtomobil almışdır və həmin avtomobil hazırda onun sahibliyində və istifadəsindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Qarşı tərəfin xx.xx.2019-cu il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin isə əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki tərəfin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 3109/2019 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-3062/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 tərəfindən verilmiş kompyuter çıxarışından görünür ki, “Kia Picanto” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Əhmədova (Aslanova) İlhamə Tahir qızıdır, qeydiyyat üçün əsas isə alqı-satqı müqaviləsi olmuşdur, hazırda da onun adına qeydiyyatdadır. Əhmədova (Aslanova) İlhamə Tahir qızı avtomaşının idarə olunması ilə bağlı cavabdehə 2021-ci il tarixədək və X6 2026-cı il tarixədək etibarnamə vermiş, sonra həmin etibarnamələri ləğv etdirmişdir. İddiaçı hazırda həmin avtomobilin cavabdehdən ona qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi mübahisəli avtomobilin mülkiyyətçisi İddiaçıdır, cavabdehin adına verilmiş etibarnamə ləğv edilmişdir. Mübahisəli avtomobil Cavabdeh qanunsuz sahibliyindədir. Qeyd olunanlara əsasən avtomobilin qaytarılması barədə iddia tələbi əsaslıdır. Pul tələbinə dair iddiaya münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. İş materiallarında olan cavabdeh İddiaçı Bakı şəhəri, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə verdiyi şikayət ərizəsi ilə bağlı izahatından görünür ki, o, həyat yoldaşı Raminlə birgə yaşayan zaman, yəni 2016-cı ildə dayısı qızı X7 ailəsi ilə birgə Riqaya getdiyinə görə özünə məxsus olan ağ rəngli 2010-cu il istehsalı olan “Kia Picanto” markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilini ona hədiyyə etmiş, sonra həmin maşını onun adına keçirmiş, 2016-2017-ci illərdə həyat yoldaşı Ramin həmin maşını bacısı Naibə Əhmədovaya verməsini və əvəzində ona pul veriləcəyini bildirmişdir. O, maşını etibarnamə ilə baldızı Naibəyə vermiş, həyat yoldaşı Ramin bunun əvəzində ona həmin vaxt 8000 manat pul vermiş, bundan təxminən 2 ilə yaxın vaxt keçdikdən sonra həyat yoldaşı həmin pulun üstünü düzəldərək ona 14000 manata “Mersedes Benz” markalı **- XR-*** dövlət nömrə nişanlı avtomobili almışdır. O, “Kia Picanto” markalı **-ZB-*** nömrəli avtomobilinə görə qayınatası Cavabdeh da sürmək üçün sadə etibarnamə vermiş, etibarnamənin son müddəti 2021-ci ilə kimi olmuş, baldızına verdiyi etibarnamənin müddəti isə 2026-cı ilə kimi olmuşdur. 2018-ci ilin aprel ayının 2-də həyat yoldaşı ondan boşanması üçün Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır, məhkəmə prosesi gedir və onlar hələ ki, rəsmi ayrılmamışlar. Lakin qayınanası öz adına olan evdən onun qeydiyyatdan çıxarılmağı barədə məhkəməyə müraciət edərək, onu məhkəmə qərarı ilə həmin evdən qeydiyyatdan çıxarmışdır. O, buna əsəbləşdiyi üçün qayınatasına etibarnamə ilə verdiyi və öz adına olan avtomobili ondan almaq üçün bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı F.Tarverdiyevin cinayət işi başlanmasının rədd edilməsi barədə xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından və qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi, İddiaçı bu izahatında özü etiraf etmişdir ki, mübahisəli avtomobilə görə ona 8000 manat pul verilmişdir, sonra da həyat yoldaşı həmin pulun üstünü düzəldərək ona 14000 manata “Mersedes Benz” markalı avtomobil almışdır. Apellyasiya baxışı zamanı İddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən ona 8000 manat pul verilməmişdir, ola bilər ki, cavabdeh həmin pulu öz oğluna, yəni onun keçmiş ərinə vermişdir, ancaq bunun ona aidiyyəti yoxdur, çünki pul ona verilməmişdir. Düzdür, keçmiş əri sonradan ona 14000 manata «Mersedes Benz» markalı avtomobil almışdır və həmin avtomobil hazırda onun sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 tərəfindən verilmiş kompyuter çıxarışından görünür ki, “Mersedes Benz C 250 CDİ minik” markalı avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Apellyasiya şikayətində İddiaçı ona pul verilmədiyini bildirsə də, Səbail RPİ-nin 41ci PB-də verdiyi izahatında o, özünə məxsus “Kia Picanto” markalı **-ZB-*** nömrəli avtomobilini birgə nikah dövründə həyat yoldaşının təklifi ilə qayınatası Cavabdeh 8000 manata satdığını, bunun müqabilində isə ona daha baha qiymətə başqa avtomobil alındığını qeyd etmişdir. Həmin halı İddiaçı dolayısı ilə apellyasiya baxışında verdiyi izahatında da təsdiq etmişdir. Həmçinin işin halları ilə müəyyən olunur ki, “Kia Picanto” markalı avtomobilin əvəzinə xx.xx.2018-ci il tarixdə İddiaçı daha bahalı avtomobil alınmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Aralarında avtomobilin satılması və 8000 manatın verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq olunmuş əqd mövcud olmamışdır. İddiaçı öz mülkiyyətində olan həmin avtomobili Cavabdeh tələb etmiş və avtomobil sonuncunun qanunsuz sahibliyində olduğundan ona geri qaytarılması qənaətinə gəlinmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, İddiaçı mübahisəli avtomobil üçün 8000 manat pulu əldə etməklə əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, Cavabdeh tərəfindən avtomobil İddiaçı geri qaytarılmalı, həmin avtomobilə görə verilmiş 8000 manat pul məbləği isə İddiaçı tərəfindən Cavabdeh geri qaytarılmalıdır. Cavabdeh avtomobilin İddiaçı geri qaytarılmasının ona 8000 manatın geri qaytarılması barədə qətnamənin icrasını çətinləşdirəcəyi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. Beləki, hər iki qətnamə eyni vaxtda icra edilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 6.10-cu bəndində qeyd olunmuşdur ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Qərarın 11.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya hesab edir ki, məhkəmənin hər iki iddia tələbi barədə gəldiyi nəticə düzgündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3109/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3062/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hər iki qətnamə eyni vaxtda icra edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar