Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2006/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «avtomobilin, mümkün olmadıqda isə dəyərinin geri qaytarılması tələbi üzrə iddiaya cavab verməli olan şəxsin düzgün müəyyən edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3300/2023 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. “Nikoyl” X6 və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17-A-2-0-1463-13 nömrəli kredit müqaviləsinə görə, “Nikoyl” X6 tərəfindən İddiaçı illik 22 faizlə 36 ay müddətə istifadə etmək üçün 9250 manat kredit verir. Həmin kredit müqaviləsinin təminatı olaraq eyni tarixli ipoteka müqaviləsinə görə, “Mercedes Benz E240” markalı avtomobil “Nikoyl” İKB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-107532/20 nömrəli məlumatında “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2012-ci il tarixdən İddiaçı mülkiyyətində olduğu, sonuncu etibarnamənin isə X3 verildiyi qeyd olunub.
3. Mülkiyətçi İddiaçı xx.xx.2012-ci il tarixli etibarnamə ilə xx.xx.2015-ci ilədək; xx.xx.2013-cü il tarixli etibarnamə ilə isə xx.xx.2018-ci ilədək Cavabdeh2 “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etmək hüququ vermişdir. xx.xx.2013-cü il tarixli etibarnamə səlahiyyətlərinin digər şəxsə verə bilməsi hüququnu nəzərdə tutur. xx.xx.2013-cü il tarixli etibarnamə ilə isə Cavabdeh2 xx.xx.2018-ci ilədək Cavabdeh1 sözügedən nəqliyyat vasitəsini istifadə etmək hüququ vermişdir.
4. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 4675/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı “Nikoyl” X4 xeyrinə 9044.19 manat əsas borc, 3798.27 manat faiz borcu və həmin günə hesablanmış 374.41 manat dəbbə pulu, ümumilikdə 13216.87 manat, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-nə qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumun tutulması, tutmanın kreditin təminatı kimi cavabdeh İddiaçı məxsus 1999-cu buraxışlı, “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı WDB21006111A888400 ban nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçı “Nikoyl” X4 xeyrinə ödənilməsi, kredit borcu tam bağlandıqdan sonra, ipoteka predmetinin satışdan artıq qalan pul vəsaitinin İddiaçı qaytarılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya məxsus “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin avtomobil olmadıqda isə onun dəyəri olan 13216.87 manat cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, X2 cavabdehlər sırasından çıxarılmasını və tələbin digər cavabdehlərə münasibətdə təmin edilməsini xahiş etmişdir.
7. Tələbdə göstərilib ki, iddiaçı “Nikoyl” X6 ilə bağladığı 15 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bankdan kredit götürüb özünə “Mercedes Benz E240” markalı avtomobil almış və həmin “Mercedes Benz E240” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə bank qarşısında yüklü etmişdir. Bundan sonra, Cavabdeh2 adlı şəxslə şifahi razılığa gələrək, avtomobili onun etibarnaməli idarəçiliyinə vermişdir. Şifahi razılıq belə olmuşdur ki, avtomobili verdiyi şəxs onun kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit məbləğini kredit müqaviləsinin müddəti bitənədək ona və ya bilavasitə Banka ödəməli və kredit müqaviləsinin müddəti bitəndən sonra avtomobili alqısatqı müqaviləsinə əsasən onun adına rəsmiləşdirməlidir. Lakin bir müddət ödənsə də, hazırda cavabdeh öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən iddia qaldırmaq zərurəti yaranmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3300/2023 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddianın qismən təmin edilərək Cavabdeh2 "Mercedes Benz E240" minik markalı, 90- RC-352 dövlət qeydiyyat nişanlı avtomobilin, avtomobil olmadıqda isə həmin avtomobilin dəyəri olan 9800 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi; iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi və iş üzrə keçirilmiş qiymətləndirmə dəyəri olan 150 manat pul vəsaitinin Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin halları ilə müəyyən edilir ki, mübahisə obyekti olan avtomobil alındığı 2012-ci il tarixindən hal-hazıradək iddiaçının mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh2 arasında avtomobilin istifadəsi və ona görə ipoteka ödənişlərinin edilməsi ilə bağlı şifahi sövdələşmə olmuşdur. Nəticə olaraq avtomobil 2013cü ildə Cavabdeh2 etibarnamə ilə istifadəsinə verilmişdir. İşin halları ilə o da müəyyən edilir ki, Cavabdeh2 avtomobili pul müqabilində digər Cavabdeh1 etibarnamə ilə vermişdir. Sonradan, avtomobil üçüncü şəxsə eyni qayda ilə verilmişdir. Nə qədər ki, mübahisə obyekti olan avtomobil iddiaçının mülkiyyətindədir, yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələbləri baxımından iddiaçının Cavabdeh2 mülkiyyətində olan avtomobili geri tələb etmək hüququ vardır. Belə ki, avtomobili iddiaçı məhz Cavabdeh2 etibarnamə ilə vermiş, Cavabdeh2 isə həmin avtomobili başqa şəxsə pul müqabilində vermişdir. Ona görə də, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslıdır. Cavabdeh2 alınıb iddiaçıya qaytarılması qət edilən avtomobilin mövcud olmayacağı təqdirdə, onun dəyəri Cavabdeh2 tutulmalıdır. İş üzrə icraat zamanı avtomobilin qiymətləndirilməsi qərara alınmış və mütəxəssis rəyinə əsasən mübahisə obyekti olan avtomobilin hazırki tarixə bazar dəyəri 9800 manat təşkil edir. Məhkəmə həmin mütəxəssis rəyini sübut kimi qəbul etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-107532/20 nömrəli məktubundan görünür ki, “Mercedes Benz E240” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cəmi 3 gün sonra xx.xx.2012-ci il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, mülkiyətçi İddiaçı Cavabdeh2 etibarlılıq müddəti xx.xx.2015-ci ilədək olmaqla “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə etmək hüququ vermişdir. xx.xx.2013-cü il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, mülkiyyətçi İddiaçı Cavabdeh2 etibarlılıq müddəti xx.xx.2018-ci ilədək olmaqla etibarnamə səlahiyyətlərinin digər şəxsə verə bilməsi hüququ vermişdir. Görəsən niyə? Əgər bu müddət ərzində mülkiyyətçi və bank qarşısında Cavabdeh2 öhdəliklərini yerinə yetirə bilmirdisə, maşının onun əlindən alınması yerinə yenidən əlavə səlahiyyətlərlə yeni etibarnamə nə məqsədlə verilirdi?
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış ərizədə iş çoxluğunun nəzərə alınaraq iştirakları olmadan işə baxılması xahiş edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin, eləcə də 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın Cavabdeh2 aid təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın Cavabdeh2 münasibətdə təmin edildiyi hissədə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın Cavabdeh2 münasibətdə təmin edildiyi hissədə qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. Lakin Cavabdeh2 münasibətdə faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia ona aid hissədə haqlı sayılmır.
22. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisə predmeti olan avtomobilin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən Cavabdeh2, sonuncu tərəfindən Cavabdeh1 etibarnamə verilsə də, sonuncu etibarnamə əvvəlcə cavabdeh qismində göstərilən, sonradan isə cavabdehlər siyahısından çıxarılan X3 verilmişdir. Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-107532/20 nömrəli məlumatında da (bax.i.v.44) sonuncu dəfə etibarnamənin X3 verildiyi təsdiq olunur. Demək ki, hazırki iş üzrə cavabdehlərə ilkin olaraq etibarnamə verilsə də etibarnamələr qüvvədən düşdüyündən və onların istifadəsində və sahibliyində isə avtomobilin olması müəyyən edilmədiyindən, etibarnamə olmayan şəxs tərəfindən avtomobilin idarə olunması və sahibliyində olması da inandırıcı və ağlabatan olmadığından, avtomobilin sonuncu etibar edilən şəxsdə olması və məhz həmin şəxsin hazırki iddiaya cavab verən şəxs olması qəbul edilməlidir.
23. Ancaq iddiaçının nümayəndəsi və vəkili X2 cavabdehlər siyahısından çıxarılmasına dair ərizəsində (bax.i.v.93) avtomobilə dair sonuncu etibarnamənin X3 verildiyini təsdiq etmiş, lakin onun şəxsiyyətini və fərdi identifikasiya məlumatlarını müəyyən etmək mümkün olmadığından, avtomobilin sonuncuda olmasını sübut etmək isə cavabdehlərin vəzifəsi olduğundan və onlar bu barədə məhkəməyə sübut təqdim etmədiklərinə görə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Demək faktiiki olaraq Allahverdi Məmmədova qarşı tələb yönəlməmişdir.
24. İddiaçının mülkiyyətində olan və bank qarşısında olan pul öhdəliklərinin icrası ilə əlaqədar tələbin həmin avtomobilə yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, avtomobilin digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Çünki ipoteka predmeti olan avtomobil istifadəsində olan şəxs hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan avtomobilini geri qaytarılmasını tələb etməkdə haqlıdır. Ancaq avtomobil də qanunsuz sahibliyində olan şəxsdən tələb edilməlidir.
25. Məhkəmə tərkibi mübahisənin qanuni həlli baxımından qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddə ilə təsbit olunmuş mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi məqsədi ilə məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır:
1. İddiaçı əmlakın mülkiyyətçisi olmalıdır;
2. İddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır;
3. İddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır;
4. Başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.
26. Hazırki iş üzrə tələb əmlakın geri qaytarılması, mövcud olmadığı təqdirdə isə onun dəyərinin cavabdehlərdən tutulması ilə bağlı olmuşdur. Lakin yuxarıda qeyd edilən şərtlərdən 1 və 2-ci mövcud olsa da, 3 və 4-cü şərtlər mövcud deyil. Yəni, avtomobilin cavabdeh kimi göstərilən Cavabdeh2 faktiki qanunsuz sahibliyində natura halında qaldığı təsdiq olunmur. Çünki, avtomobil Cavabdeh2 sonra etibarnamə ilə iki şəxsə, sonuncu dəfə isə X3 verilmişdir.
27. Birinci instansiya məhkəməsi avtomobilin Cavabdeh2 etibarnamə ilə istifadəsinə verildiyini, Cavabdeh2 isə avtomobili pul müqabilində digər Cavabdeh1 etibarnamə ilə verdiyini, sonradan isə avtomobilin üçüncü şəxsə eyni qayda ilə verildiyini müəyyən etsə də, mülkiyyət hüququnu müdafiə edən maddi hüquq normalarının tələblərinə istinad edərək iddiaçının Cavabdeh2 mülkiyyətində olan avtomobili geri tələb etmək hüququ olduğu qənaətinə gəlir. Qənaətini iddiaçının məhz Cavabdeh2 etibarnamə ilə verməsi, Cavabdeh2 isə həmin avtomobili başqa şəxsə pul müqabilində verməsi ilə əsaslandırıb. Lakin ilk etibarnamənin Cavabdeh2 verilməsi avtomobilin onun istifadəsində olduğuna dəlalət etmir yaxud ilk etibarnamənin verilməsi avtomobili məhz ilk etibarnamə verilən şəxsdən tələb etməsinə əsas vermir. Çünki, bu hallar vindikasiya iddiasının mahiyyəti və məzmunu ilə uzlaşmır.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda ipoteka və təmsilçilik institutlarının da yaranmasına zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-3300/2023 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh2 aid təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3300/2023 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın Cavabdeh2 aid təmin edildiyi hissədə ləğv ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.