Məhkəmə qərarları › İş №2(103)-2029/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2029/2023

13.03.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2029/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “pul”, “maddi ziyan” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 9125 manat, eləcə də hazırkı iddia tələbinin qaldırılması üçün ödənilmiş 113 manat dövlət rüsumunun, cəmi 9238 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Eyni zamanda, Cavabdeh MMC İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 aprel 2019-cu il tarixli müqaviləyə uyğun olaraq cəmiyyətin təsisçisi olan X3 mülkiyyətində olan “X8” markalı **-SX- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə xərclənmiş olan 3200 manat pulun, inzibati cərimələrin və penyaların ödənilməsi üçün ödənilmiş 1378,20 manat, cəmi 4578,20 manat pulun və hazırkı iddia tələbi üçün ödənilmiş 66 manat dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki iddianın təmin edilməməsi qət edilmişdir.

4. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 125; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 700.1, 700.2, 1096, 1097.1 ; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “X8” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı 3 il müddətinə icarəyə verilmiş, sonuncu isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edərək, müqavilənin 3.1-ci bəndində göstərilmiş məbləği MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 07 aprel 2019-cu il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən icarə müqaviləsinin predmeti olan “X8” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı təhvil verilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi müqavilə müddətində İddiaçı istifadəsində olmuş və sonuncu buna görə Cavabdeh MMC-nə icarə haqqı ödəmişdir. Hazırda İddiaçı Cavabdeh MMC tərəfindən müqavilənin 1.2-ci bəndinin pozulmasını əsas gətirərək, 3 il ərzində nəqliyyat vasitəsindən istifadə etməsinə görə MMC-yə ödədiyi pulu tələb edir. Tərəflər icarə müqaviləsi üzrə öhdəliklərini icra etmiş, Cavabdeh MMC “X8” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı istifadəsinə vermiş, sonuncu da bunun əvəzində MMC-yə icarə haqqı ödəmişdir. Hazırda İddiaçı icarəyə götürdüyü nəqliyyat vasitəsindən istifadə nəticəsində ödədiyi icarə haqqının geri qaytarılmasını tələb etməsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Ona görə də ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın əsaslarının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Qarşılıqlı iddiaçının iddia tələbinin əsasını “X8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə xərclənmiş olan 3200 manat pulun, inzibati cərimələrin və penyaların ödənilməsi üçün ödənilmiş 1378,20 manat, cəmi 4578,20 manat pulun ödənilməsi təşkil edir. Hazırkı mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 3200 manat məbləğində ziyanın dəyməsini, həmçinin, inzibati cərimələrin cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını (avtonəqliyyat vasitəsinin hansı hissələrinə ziyan dəyməsini, dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri barədə qüsur aktı, çəkilmiş xərclərə dair sübutlar və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız qarşılıqlı iddiaçının izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə qarşılıqlı iddiaçı öz izahatında bildirdiyi kimi, “X8” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 3200 manat xərclədiyini, 1378,20 manat inzibati cərimə və penya ödədiyini qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Cavabdeh MMC-nin İddiaçı qarşı pul tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir.

5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”nə əsasən İddiaçı (icarəçi) və digər tərəfdən (icarəyəverən) adlandırılan Cavabdeh MMC, nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin X1 arasında müqavilə bağlanmışdır. Müqaviləni İddiaçı və Məmmədov Vüsal öz imzası ilə təsdiqləmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus “X8” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqaviləyə əsasən 3 il müddətinə bu müqavilənin aşağıda göstərilən 3.1-ci bəndində göstərilmiş məbləği ödədikdən sonra icarəçiyə həmin nəqliyyat vasitəsini özəlləşdirməyinə icazə verilir. (iş.səh. 10). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qətnaməsini qismən ləğv edilərək, ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 390.4, 405.1, 1096.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 217.3cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”nin 1.1-ci bəndinə əsasən icarəyəverən ona məxsus “X8” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqaviləyə əsasən 3 il müddətinə bu müqavilənin aşağıda göstərilən 3.1-ci bəndində göstərilmiş məbləği ödədikdən sonra icarəçiyə həmin nəqliyyat vasitəsini özəlləşdirməyinə icazə verilir. Lakin buna baxmayaraq, hakim X6 Rayon Məhkəməsinin 2(005)-1085/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini qəbul edərkən bu hala diqqət yetirməmişdir və Mülki Məcəllənin əmlak kirayəsi barədə maddi normalarına əsaslanaraq formal qətnamə qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə ilkin olaraq diqqət yetirilməli olan hal ondan ibarətdir ki, müqavilə üzrə məbləğ ödənildikdən sonra həmin avtonəqliyyat vasitəsi ona verilməli idi. İddia ərizəsinə əlavə olunan ödəniş qəbzlərindən göründüyü kimi avtomobil üçün ödənilməli olan məbləğ vaxtlı-vaxtında ödənilmişdir və buna görə də, avtomobilin ondan alınması üçün heç bir əsas yox idi. Hesab edir ki, Cavabdeh MMC “X8” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ondan aldığı və Müqavilənin 1.2-ci və digər bəndləri üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tərəfindən ödənilmiş 9125 manatın ona geri qaytarılması zərurəti vardır. Ona vurulan zərərin qəbul olunması üçün Cavabdeh MMC-nin təqsirli olduğunu, hüquqa zidd əməli törətdiyini göstərən lazımi sübutlar tərəflərindən təqdim olunmuşdur. Belə ki, müqavilənin 1.2-ci bəndində qeyd olunduğu kimi avtonəqliyyat vasitəsi 3 il müddət bitdikdən sonra ona təhvil verilməli olduğu halda, heç bir əsas olmadan ondan alınmışdır və tərəfindən ödənilən məbləğ ona geri qaytarılmamışdır. Halbuki, müqavilənin əsas şərti ondan ibarətdir ki, müqavilə ilə müəyyən olunmuş məbləğ ödənildikdən sonra ona verilməli idi. Onu da qeyd edir ki, cavabdehin avtonəqliyyat vasitəsinə AR DİN-in DYPİ tərəfindən cərimələrin yazılması faktına əsaslanaraq onu geri alması tamamilə əsassızdır. Belə ki, qeyd olunan cərimələr yazılmış olsa belə cərimə məbləğləri tərəfindən asanlıqla ödənilərək onun istifadəsi davam etdirilə bilərdi. Bundan əlavə, cavabdeh avtomobilin alınmasını buna əsaslanaraq müqavilə üzrə öhdəliklərin tərəfindən icra olunmamasını qeyd etsə də, həmin müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliklər arasında onun belə bir öhdəliyi olmamışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, ”məhkəmə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə əsasən belə nəticəyə gəlir ki, tərəflər icarə müqaviləsi üzrə öhdəliklərini icra etmiş, Cavabdeh MMC “Renault MeganeScenic” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı istifadəsinə vermiş, sonuncu da bunun əvəzində MMC-yə icarə haqqı ödəmişdir. Hazırda İddiaçı icarəyə götürdüyü nəqliyyat vasitəsindən istifadə nəticəsində ödədiyi icarə haqqının geri qaytarılmasını tələb etməsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir”. Halbuki həmin məbləğin ödənilməsi icarə haqqı kimi göstərilsə də, Müqavilənin 1.2- ci maddəsinə diqqət yetirdikdə aydın olur ki, həmin məbləğ sadəcə icarə haqqı kimi yox, həm də avtomobilin gələcəkdə onun mülkiyyətinə veriləcəyi nəzərə alınaraq müəyyən edilmişdir. Əgər Cavabdeh MMC ilə aralarında bağlanmış 07 aprel 2019-cu il tarixli müqavilədə 1.2-ci bənd olmasa idi, ya həmin məbləğ bu qədər yüksək müəyyən edilməzdi, ya da ki tərəfindən müqavilənin şərtləri bu qədər ağır olduğu üçün ümumiyyətlə qəbul edilməzdi. Yəni məhkəmə tərəflə aralarında bağlanmış müqavilənin əsas məqsədini nəzərə almadan, sadəcə olaraq əmlak kirayəsi müqaviləsi barədə maddi normalara əsaslanmaqla kifayətlənmişdir. Cavabdeh MMC ilə aralarında 07 aprel 2019-cu il tarixində bağlanmış 154 nömrəli müqavilənin adı nəqliyyat vasitəsinin icarə müqaviləsi kimi qeyd olunsa belə, Müqavilənin 1.2-ci bəndindən göründüyü kimi həmin müqavilə qanunazidd olmayan digər müqavilələrin də ünsürlərini əhatə edir. Çünki müqavilənin şərtləri tək avtomobilin icarəyə verilməsi və buna görə icarə haqqının ödənilməsini yox, mübahisə predmeti olan nəqliyyat vasitəsinin 1.2-ci bəndi ilə müəyyən edilmiş müddət bitdikdən sonra ona təhvil verilməsini də özündə ehtiva edir. Müqavilə üzrə müddət 3 il nəzərdə tutulmuşdur. Onlar tərəfindən müqavilənin şərtlərinə əməl edildiyi halda, qarşı tərəf heç bir səbəb olmadan həmin 3 illik müddəti pozmuş, beləliklə öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə müqavilənin bu şərtinə də əhəmiyyət verməmişdir. Hesab edir ki, bu hissədə də məhkəmənin gəlmiş olduğu nəticə yanlışdır. Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş materiallarını və sübutları tam araşdırmamış, sübutlara tətbiq edilməli olan müvafiq normalara əsaslanaraq hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə nə cavabdehin mülki hüquq pozuntusuna yol verib-vermədiyi məsələsini araşdırmış, nə də ki müqavilənin mühüm şərtlərindən biri olan 3 il müddət bitdikdən sonra avtonəqliyyat vasitəsinin ona təhvil verilməsi şərtini nəzərə almışdır. Məhkəmənin tək bir maddi normaya əsaslanaraq maddi zərərin ödənilməsi tələbinə dair tərəfindən verilmiş iddia ərizəsini rədd etməsi işə tamamilə formal yanaşıldığını sübut edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 7 aprel 2019-cu il tarixli müqaviləsi ilə sözügedən avtomobilin 3 il müddətinə icarəyə götürüldüyünü, müqavilənin adının icarə müqaviləsi olduğunu və bu müddət ərzində iddiaçının gündəlik 25 manat ödəməyi öhdəsinə götürdüyünü, 3 ilin tamamında avtomobilin iddiaçıda qalacağını, iddiaçının bir müddət avtomobili idarə etdikdən sonra Cavabdeh MMC-nin əməkdaşlarının DYP-dən mütəmadi olaraq cərimə yazılmasını və cərimə meydançasına yerləşdiyini əsas gətirərək avtomobili 2020-ci ildə iddiaçının əlindən aldıqlarını, iddiaçının dəfələrlə Cavabdeh MMC-yə avtomobili qaytarmalarını bildirdiyini, lakin Cavabdeh MMC-nin bundan imtina etdiyini, iddiaçının müqaviləni birtərəfli qaydada pozmadığını, həmin müqaviləyə hər hansı icarə və ya əmlak kirayəsi müqaviləsinin şərtlərinin tətbiq edilə bilməyəcəyini bildirmişdir.

8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 425, 385-390, 560, 675-705; Mülki Prosesual Məcəllənin 77, 81, 82, 88, 372, 385-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəldiyindən və qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, tərəflərin münasibətlərindən irəli gələrək iddiaçı müqavilə öhdəlikləri üzrə pozuntulara yol vermiş və bu öhdəliklərdə qarşı tərəfin ödənilən pulun qaytarılması vəzifəsi sübuta yetirməmişdir.

12. “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”nə əsasən İddiaçı (icarəçi) və digər tərəfdən (icarəyəverən) adlandırılan Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən: 1.2. Bu Müqavilədə qeyd edilən Nəqliyyat vasitəsinin icarəyə verilməsiona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Müqaviləyə əsasən 3 (üç) il müddətinə bu müqavilənin aşağıda göstərilən 3.1-ci bəndində göstərilmiş məbləği ödədikdən sonra icarəçiyə həmin nəqliyyat vasitəsini özəlləşdirməyinə icazə verilir; 2.1.2. Nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək; 2.1.3. İcarəyə alınmış Nəqliyyat vasitəsini ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq və birbaşa təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə etmək; 2.1.4. İcarəyə alınmış Nəqliyyat vasitəsinin lazım olan mühafizəsini təmin etmək; 2.2. İcarəyəverənin öhdəlikləri aşağıdakılardır: 2.2.1. Bu Müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Nəqliyyat vasitəsini 07 aprel 2019-cu il tarixdə icarəçiyə vermək; 2.2.2. İcarəyə verilmiş Nəqliyyat vasitəsindən lazım olan, birbaşa təyinatı üzrə istifadəsinə nəzarət etmək və zəruri hallarda Nəqliyyat vasitəsindən istifadəsi barədə icarəçidən hesabat tələb etmək; 2.3. İcarəçinin icarəyə aldığı Nəqliyyat vasitəsindən istifadə olunması nəticəsində əldə etdiyi hər hansı məhsul və gəlir onun tam mülkiyyəti sayılır; 2.4. İcarəyə verənin yazılı icazəsi olmadan İcarəçinin həyata keçirdiyi və icarəyə alınmış Nəqliyyat vasitəsinə zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar (təkmilləşdirmələr) bu Müqavilənin müddəti qurtardıqdan və ya Müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən İcarəyəverənə keçir; 3.1. İcarəçi bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış Nəqliyyat vasitəsinin 1 (bir) təqvim günü müddətinə icarəsi üçün İcarəyəverənə 25 (iyirmi beş) (100 AZN 5 həftə əlavə verilməlidir) manat məbləğində icarə haqqını ödəyir; 4.1. Bu Müqavilə 07 aprel 2019-cu il tarixdən 07 aprel 2022-ci il tarixədək bağlanır.

13. İddiaçının 2020-ci ildə pozuntular nəticəsində icarəyə götürdüyü nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilərək istifadəsiz qalması, əmlak kirayəsi haqqının ödənilməsinin gecikdirilməsinə və icarəyəverənin icarə haqqından məhrum olmasına səbəb olmuşdur. İddiaçının müqaviləni mübahisələndirmədən və ya icarəyəverənin təqsiri ucbatından müqavilə öhdəliklərinin yerinə yetirilməsi imkanından məhrum olmasını sübut etmədən iki il sonra pul tələbini irəli sürməsi mülki-hüquqi müstəvidə onun təmin edilməsinə əsaslar yaratmır.

14. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan dövlət rüsumunun ödənilməsi ilə əlaqədar məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1085/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar