Məhkəmə qərarları › İş №2(103)-2036/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2036/2022

28.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2036/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh vəkili X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2008/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qızılzinət və əmlak bölgüsü” tələbi”-nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus 2500 (iki min beş yüz) manatlıq zinət əşyalarının alınıb ona verilməsi və cavabdehlə birgə nikah dövründə əldə etdikləri 6000 (altı min) manat dəyərində olan “Volkvagen Passat” markalı avtomobilin 1/2 hissəsinə onun payının müəyyən edilərək mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 29.09.2018-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikah dövründə 27.07.2019-cu il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Suraxanı rayon məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsi ilə nikahıları pozulmuşdur. Tərəflərin birgə təsərrüfat apardıqları vaxt cavabdeh İddiaçı yüksək faizlə sələmə pul götürdüyünü və koronovirus pandemiyasına görə pulu vaxtında ödəyə bilmədiyini deyib toy hədiyyəsi kimi iddiaçıya verilən 1 ədəd 583 əyarlı nişan üzüyü, bir dəst komplekt (üzük, sırğa, kulonla sep və qolbaq), cəmi dəyəri 2500 manat təşkil edən qızıl-zinət əşyalarını lombarda qoyub əvəzində pul götürülməsini xahiş etmiş və iddiaçı belə də etmişdir. Lakin onlar ayrılanda İddiaçı qızıllarını tələb etsə də cavabdeh onları lombarddan götürüb iddiaçıya qaytaracağını vəd etsə də, hazıra kimi bunu etməmişdir. Bundan başqa cavabdehlə birgə nikah dövründə sonuncunun adına 23.04.2020-ci il tarixdə 6000(altı min) manata “Volksvagen Passat’’markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil əldə olunmuşdur və həmin əmlak tərəflərin birgə mülkiyyəti hesab edildiyindən iddiaçının avtomobilin ½ hissəsinə pay hüququ tanınmalıdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(010)- 2008/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan “Volksvagen Passat» markalı, ** RE *** dövlət qeydiyyat nömrəli avtomobilinə İddiaçı 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, qalan hissədə iddia tələblərinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2008/2021 saylı iş üzrə 07.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, sözügedən qətnamə mülkiyyətində olan “Volksvagen Passat” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməklə iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul ediməlidir. Qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində işin araşdırılması zamanı məhkəməyə bildirmişdir ki, mülkiyyətində olan “Volksvagen Passat” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətinə keçirməmişdən qabaq mülkiyyətində iddiaçı ilə ailə həyatı qurmamışdan qabaq mövcud olan ağ rəngli “Vaz-2107” markalı avtomobili sataraq həmin pulun üzərinə 1500 manat pul əlavə edərək hal-hazırda mülkiyyətində olan “Volksvagen Passat” markalı avtomobili əldə etmişdir. İddiaçı ilə hələ nişanlı olduqları vaxt “Vaz-2107” markalı avtomobili olmuşdur. Onunla ailə qurduqdan sonra da həmin avyomobil istifadəsində olmuşdur. Nikaha daxil olduqdan sonra, yəni 2019-cu il tarixində “Vaz-2107” markalı avtomobilini 3000 manata sataraq onun üzərinə 1500 manat pul əlavə edərək “Volksvagen Passat” markalı avtomobili əldə etdiyini qeyd etmişdir. Belə ki, o, “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından 27.05.2019-cu il tarixində 3000 manat kredit götürərək onun 1500 manatını 3000 manata satdığı “Vaz- 2107” markalı avtomobildən əldə etdiyi pulun üzərinə əlavə edərək hal-hazırkı avtomobili 4500 manata almışdır. “Volksvagen Passat” markalı avtomobili 2019-cu ildə Baş etibarnamə ilə alsa da, avtomobili 23 aprel 2020-ci il tarixində mülkiyyətinə keçirdiyini bildirmişdir. Mülkiyyətində olan “Volksvagen Passat” markalı 2020-ci il tarixində adına keçirməyinin səbəbi isə avtomobilin keçmiş sahibi tərəfindən ona verilən etibarnamənin müddətinin həmin tarixlərdə bitməsi olmuşdur. Etibarnamənin müddəti bitdiyinə görə belə qərara gəldi ki, bir daha etibarnamə alaraq istifadə etməyinin yerinə avtomobili mülkiyyətinə keçirir. Bütün bu xroniki ardıcılığı iddiaçının özü də bilməkdədir. “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından aldığı 3000 manat kreditin 1500 manatını isə iddiaçının müalicəsi üçün sərf etdiyini bildirmişdir. “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından aldığı 3000 manat krediti faizi ilə birlikdə geriyə 22.05.2022-ci il tarixinə kimi 4.112,04 manat olaraq geri qaytarmalı və hal-hazırda da həmin krediti ödədiyini bildirmişdir. “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından aldığı 3000 manat krediti birgə nikah dövründə aldığını, iddiaçının birgə nikah dövründə əldə edilmiş gəlirə özünü ortaq saymasını, bankdan aldığı kreditin yarısını iddiaçının hesabına əlavə edilsə, iddiaçıya avtomobil üzərində hər hansı bir payın müəyyən edilməməsini bildirmişdir. Bankdan aldığı kreditə dair sənədləri məhkəmə araşdırmasına təqdim etsə də, məhkəmə onun təqdim etdiyi sənədlərə hüquqi münasibət bildirməmişdir. Ona görə də hesab edir ki, apellyasiya şikayətində göstərdiyi bu faktlar araşdırılaraq əsl həqiqət, yəni mülkiyyətində olan “Volksvagen Passat” markalı avtomobil üzərində iddiaçının payının olmaması müəyyən edilərək qərar qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini “Volksvagen Passat” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsi hissəsində mübahisələndirir və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş edir. Məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 29.09.2018-ci ildə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 27 iyul 2019-cu il təvəllüdlü X1 Sona İlqar qızının himayəsində qalması və onun saxlanması üçün Cavabdeh 180 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 11.02.2020-ci il tarixli 313-679-1221 saylı məktubundan görünür ki, Cavabdeh adına 23 aprel 2020-ci il tarixdən «Volkvagen Passat» markalı, ** RE *** dövlət qeydiyyat nömrəli avtomobil qeydiyyata alınmşıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mübahisə üzrə müəyyən olunmuş hallardan görünür ki, tərəflər 29 sentyabr 2018-ci il tarixdə nikaha daxil olmuşlar və həmin nikah Suraxanı Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə “Volkvagen Passat” markalı, ** RE *** dövlət qeydiyyat nömrəli avtomobil əldə edilmişdir. Beləliklə də iddiaçı ailə və mülki qanunvericiliyinin yuxarıda göstərilən müddəalarına uyğun olaraq həmin ümumi əmlakda payın tələb etmək hüququna malik olduğuna görə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı həmin avtomobillərlə bağlı pay hüququnun tanınması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Qeyd edilən normaya istinadən məhkəmə kollegiyası razılaşır ki, nikah pozulduqdan sonra bölünməli olan avtomobil üzrə iddiaçının 1/2 pay kimi müəyyən edilməlidir. Bu baxımdan cavabdehin həmin daşınar əmlakın birgə nikah dövründə ailənin ümumi gəlirləri hesabına deyil, mülkiyyətində olan və birgə nikah dövründə əldə olunan əmlaka aid edilməyən avtomobilin satışından əldə olunmuş vəsait hesabına əldə edildiyinə dair dəlillərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etdilməmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, mülkiyyətində olan “Volksvagen Passat” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətinə keçirməmişdən əvvəl, mülkiyyətində iddiaçı ilə ailə həyatı qurmamışdan qabaq mövcud olan ağ rəngli “Vaz-2107” markalı avtomobili sataraq həmin pulun üzərinə 1500 manat pul əlavə edərək hal-hazırda mülkiyyətində olan “Volksvagen Passat” markalı avtomobili əldə etmişdir.İddiaçı ilə hələ nişanlı olduqları vaxt “Vaz-2107” markalı avtomobili olmuşdur. Onunla ailə qurduqdan sonra da həmin avyomobil istifadəsində olmuşdur. Nikaha daxil olduqdan sonra, yəni 2019-cu il tarixində “Vaz-2107” markalı avtomobilini 3000 manata sataraq onun üzərinə 1500 manat pul əlavə edərək “Volksvagen Passat” markalı avtomobili əldə etdiyini qeyd etmişdir. Belə ki, o, “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından 27.05.2019-cu il tarixində 3000 manat kredit götürərək onun 1500 manatını 3000 manata satdığı “Vaz-2107” markalı avtomobildən əldə etdiyi pulun üzərinə əlavə edərək hal-hazırkı avtomobili 4500 manata almışdır. “Volksvagen Passat” markalı avtomobili 2019-cu ildə Baş etibarnamə ilə alsa da, avtomobili 23 aprel 2020-ci il tarixində mülkiyyətinə keçirdiyini bildirmişdir. Mülkiyyətində olan “Volksvagen Passat” markalı 2020ci il tarixində adına keçirməyinin səbəbi isə avtomobilin keçmiş sahibi tərəfindən ona verilən etibarnamənin müddətinin həmin tarixlərdə bitməsi olmuşdur. Etibarnamənin müddəti bitdiyinə görə belə qərara gəldi ki, bir daha etibarnamə alaraq istifadə etməyinin yerinə avtomobili mülkiyyətinə keçirir. Bütün bu xroniki ardıcılığı iddiaçının özü də bilməkdədir. “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından aldığı 3000 manat kreditin 1500 manatını isə iddiaçının müalicəsi üçün sərf etdiyini bildirmişdir. Məhkəmə Kollegiyası vurğulayır ki, şikayətdən və iş materiallarından göründüyü kimi, cavabdeh 2019-cu il tarixində “Vaz-2107” markalı avtomobili 3000 manata sataraq TBC Kredit” Bank Olmayan Kredit təşkilatından 27.05.2019-cu il tarixində 3000 manat kredit götürərək onun 1500 manatını 3000 manata satdığı “Vaz-2107” markalı avtomobildən əldə etdiyi pulun üzərinə əlavə edərək hal-hazırkı avtomobili əldə etdiyini bildirsə də, “Vaz-2107” markalı avtomobil 2019-cu il tarixdə satılmış, “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından isə kredit 27.05.2019-cu il tarixində götürülmüş, “Volksvagen Passat” markalı nəqliyyat vasitəsi isə 2020-ci il tarixində cavabdehin mülkiyyətinə keçmişdir. Odur ki, qeyd edilən kifayət qədər zaman keçdikdən sonra, yəni “Vaz-2107” markalı avtomobilin satılması və “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından isə 27.05.2019cu il tarixində götürülmüş kredit hesabına “Volksvagen Passat” markalı nəqliyyat vasitəsi mülkiyyət olaraq əldə edilməsi mötəbər və təkzib olunmaz sübutlarla təsdiqini tapmır. Mübahisəli avtomobilin keçmiş sahibi tərəfindən cavabdehə verilən etibarnamənin müddətinin həmin tarixlərdə bitməsi və.sair dəlillərlə bağlı isə Kollegiya qeyd edir ki, iş materiallarında etibarnamə müəyyən olunmamaqla yanaşı, həmin dəlillər formal mülahizələrə əsaslanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(010)- 2008/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar