Məhkəmə qərarları › İş №2(103)-2050/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2050/2020

07.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2050/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı2 vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin və lizinq müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2174/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 2, 31 saylı mənzilə dair xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış D009 saylı lizinq müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh MMC-nin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ******* saylı “Çıxarış”ın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında D009 saylı xx xxxxxx 2015-ci il tarixli Daxili Lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yərləşən mənzil Cavabdeh MMC tərəfindən İddiaçı1 lizinqə verilmişdir. Lakin, lizinq şirkəti həmin lizinq obyektini hər hansı üçüncü şəxsdən deyil, İddiaçı1 həyat yoldaşı İddiaçı2 alaraq lizinqə vermişdir. Satıcı liziq alanın həyat yoldaşıdır. Yəni cavabdeh iddiaçıların hal-hazırda yaşadıqları və mülkiyyətlərində olan mənzili onlardan alqı-satqı əsasında 550000 manata alıb və notariat qaydada öz adına keçirdikdən sonra lizinq obyektini yenidən onlara, yəni İddiaçı2 həyat yoldaşı olan İddiaçı1 satmışdır. Buradan açıq aşkar görünür ki, Cavabdeh MMC iddiaçıları aldadaraq, lizinq deyil, kredit müqaviləsi bağlayaraq, mənzili girov kimi öz adına keçirmiş, sonra da əvəzində lazım olan 35.000 ABŞ dollarını və əlavə mükafat olaraq 7766 ABŞ dollarını da onlardan alınması barədə Lizinq müqaviləsi tərtib etmişdir. Bu o deməkdir ki, Cavabdeh MMC iddaçıların ağır vəziyyətindən istifadə edərək, vacib əhəmiyyətli yanılmanın təsiri altında onlarla lizinq deyil kredit müqaviləsi bağlamışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixdə İddiaçı2 nümayəndəsi X1 (satıcı qismində) və Cavabdeh MMC (alıcı qismində) arasında mənzilin 55.000 manata alqı-satqısını nəzərdə tutan müqavilə (notarial qaydada təsdiq olunmuş) bağlanmışdır. Müqavilədə qeyd olunmuşdur ki, alıcı mənzili İddiaçı1 lizinqə vermək üçün almışdır. xx.xx.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında D009 saylı “Daxili lizinq müqaviləsi” adlı müqavilə bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, Cavabdeh MMC (lizinq verən qismində) mənzili satıcıdan əldə etməyi və İddiaçı1 (lizinq alan qismində) istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə müqavilənin müddəti 24 ay müəyyən edilmişdir. Lizinq müqaviləsinə 1 saylı Əlavədə ödəniş qrafiki razılaşdırılmışdır. Qrafikdə aylıq ödənişin 1782 ABŞ dolları, əsas məbləğin 35000 ABŞ dolları, lizinq mükafatının 7766 ABŞ dolları olduğu qeyd edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlinir ki, tərəflər arasında bağlanmış əqd lizinq müqaviləsinə xas münasibətlər deyil, borc münasibətləri yaranmış, onların iradə ifadəsi borc müqaviləsinin bağlanmasına yönəlmişdir. Lizinq müqaviləsi borc müqaviləsini, mənzilin aiqı- satqısına dair müqavilə isə borc müqaviləsinin təminatı kimi ipoteka müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. İddiaçı, lizinq müqaviləsinin imzalandığı eyni gündə - xx.xx.2015-ci ildə mənzilin lizinq alanın ərindən satın alınmasına dair müqavilə imzalayır, həmin gün də mənzilin təhvil- təsliminə dair akt tərtib olunur. Akt Cavabdeh MMC ilə İddiaçı1 arasında (lizinq müqaviləsinin tərəfləri qismində) imzalansa da, aktın məzmunu satıcının mənzili alıcıya təhvil verməsi barədədir. Lakin, əslində nə mənzil İddiaçı1 və əri İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə təhvil verilməmiş, nə də ki, Cavabdeh MMC tərəfindən İddiaçı1 təhvil verilməmişdir. Yəni Mənzil lizinq və alqı-satqı müqavilələri imzalanmamışdan öncə də iddiaçıların istifadəsində və sahibliyində olmuş, müqavilələr imzalandıqdan sonra da onların sahibliyində qalmışdır. İddiaçılar illərdir ki, həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Bu o deməkdir ki, nə mənzilin alqı-satqısına, nə də ki, onun lizinqə verilməsinə iradə ifadəsi olmuşdur. Mənzilə mülkiyyət hüququ rəsmi olaraq liziq alanın əri İddiaçı2 Cavabdeh MMC-yə keçsə də, mənzilin sahibləri dəyişilməz olaraq qalmışdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun həqiqətən başqa şəxsə keçməsi üçün təkcə mülkiyyət hüququnun rəsmi reyestrdə qeydə alınması kifayət etmir, əmlaka sahiblik də əmlakı həqiqi əldə edənə keçməlidir. Hazırki halda isə bu baş verməmişdir. Mənzilin başqa şəxsdən deyil, məhz liziq alanın ərindən əldə olunması da alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hallardan biridir. İddiaçılar sadəcə Cavabdeh MMC-dən borc almışlar. Lizinq müqaviləsinə 1 saylı Əlavədə də “əsas məbləğ” və “faiz məbləği” terminlərindən istifadə olunmuşdur ki, bu anlayışlar da lizinq deyil, borc müqaviləsinə xasdır. Yəni iddiaçı cavabdehə illik 20 faizlə borc vermiş, bu borcun təminatı kimi liziq alanın ərinə məxsus mənzili öz adına keçirmişdir. Beləliklə, lizinq və alqı-satqı müqavilələri etibarsız hesab olunmalı, lizinq müqaviləsinə borc, alqı-satqı müqaviləsinə isə ipoteka müqaviləsinə aid qaydalar tətbiq olunmalıdır. Alqı-satqı müqaviləsinə ipoteka müqaviləsinin qaydaları tətbiq edilməli olduğundan borc üzrə tutma ipoteka predmeti qismində mənzilə yönəldilməli, mənzil açıq hərracda satılmalıdır, və mənzil satıldıqdan ən geci bir ay ərzində cavabdeh və onun ailə üzvləri yaşayış sahəsini tərk etməlidirlər. İpoteka müqaviləsi bağlanmadığından tutmanın ipoteka predmetinə yönəldilməsinə xas prosedurların yerinə yetirilməsi mümkün deyildir. Həmçinin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertizanın təyin olunması da hazırki iş çərçivəsində qeyrimümkündür. Belə ki, ekspertizanın tərəflərin təşəbbüsü olmadan təyin olunması işin nəticəsinə dair münasibətin bildirilməsi kimi qiymətləndirilə bilərdi. Qeyd olunmalıdır ki, icra mərhələsində mənzilin ilkin satış qiymətinin müəyyən olunması imkanı vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2174/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2020-ci il tarixdə İddiaçı2 vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işlə əlaqəli Bakı Apellyasiya Məhkəməsinin icraatında (hakim Anar Tanrıverdiyev) iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı1 qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması” tələbinə dair mülki iş olduğunu bildirmiş, həmin mülki işin hazırki işlə əlaqəli olduğu üçün mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 2050/2020 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan Cavabdeh MMC-nin cavabdeh İddiaçı1 qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması” tələbinə dair 2(103)-5707/2020 saylı mülki işlə (sədrlik edən hakim Anar Tanrıverdiyev) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: 2(103)-2050/2020 və 2(103)-5707/2020 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-5707/2020 №-si altında birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar