Məhkəmə qərarları › İş №2(103)-2053/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2053/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2053/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı “xxxxxx” İKB ASC-nin (“xxxxxxxxx” ASC) nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Cəfərova) Şüküfə Tərlan qızı və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 2560/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçı “xxxxxxxx” ASC (“xxxxxx” İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Cəfərova) Şüküfə Tərlan qızı və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 7196,5 manat əsas, 110,34 manat faiz, 910,89 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 566 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8783,73 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən, 4 otaqlı, 81,42 kv.metr ümumi, 63,32 kv.metr yaşayış, 18,1 kv.metr yardımçı sahədən ibarət 4 nömrəli evin 127 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Qasımova (Cəfərova) Şüküfə Tərlan qızının, Cavabdeh4 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2560/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 2305,84 (iki min üç yüz beş manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 44,09 (qırx dörd manat doqquz qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə, 236,28 (iki yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat məbləğində xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinədək illik 5%-lə hesablanmış əldən çıxmış faydaya görə pul vəsaiti olmaqla, cəmi 2786,21 (iki min yeddi yüz səksən altı manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının alınaraq “xxxxxx” İKB ASC-yə ödənilməsi,tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində, 4 nömrəli binada yerləşən, ümumi sahəsi 81,42 kv.metr-dən ibarət olan, 4 otaqlı, 127 saylı mənzilinə yönəldilməsi,Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində, 4 nömrəli binadayerləşən, ümumi sahəsi 81,42 kv.metr-dən ibarət olan, 4 otaqlı, 127 saylı mənzilinin ilkin satış qiymətinin 105000 (yüz beş min) manat məbləğində olmaqla, açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən “xxxxxx” İKB ASC-yə olan borc ödənilməsi. Əldə edilən pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması,Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində, 4 nömrəli binadayerləşən, ümumi sahəsi 81,42 kv.metr-dən ibarət olan, 4 otaqlı, 127 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay sonra Cavabdeh2, Qasımova (Cəfərova) Şüküfə Tərlan qızı və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları və həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə, o cümlədən (zamin) Cavabdeh2 münasibətdə təmin edilməməsi,ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı “xxxxxxxx” ASC (“xxxxxx” İKB ASC) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2560/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsində tələbin əsas, faiz, 5 faiz əldən çıxmış fayda və cərimə hissasinin azaldılmasım, zamindən borcun tutulmamasını əsassız sayır və belə hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilərək yeni qətnamə qəbul olunmalıdır. Bank tərəfindən məhkəməyə və borcluya təqdim edilən ödəniş tapşırığında (cədvəldə) cavabdehin vaxtı-vaxtında ödəməli olduğu faizlərin məbləği əks olunmuşdur. Qətnamə qəbul edilərkən məhkəmə heç bir normaya və qanunvericiliyə istinad etmədən, əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Hakimin qətnamədə yegənə istinadı şəxsi fikirləri və ekspertizanın rəyi olmuşdur. Hakim cavabdehin ifadələrini əsas kimi qəbul edərək, iddia tələbini elə həmin hissədə də təmin etmişdir. İddia ərizəsinə əlavə olunan qoşmalarla yanaşı hakim tərəfindən tələb olunan bütün sənədlər, maliyyə arayışları, hesabdan çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qətnaməsi qəbul olunarkən Bank tərəfindən təqdim olunmuş mötəbər sübutlar nəzərə alınmadan, heç bir normaya istinad edilmədən, əsassız olaraq hakim öz mülahizəsi əsasında əsas, faiz, 5 faiz əldən çıxmış fayda və cərimə borcunun məbləğini azaltmışdır, zamindən isə bu borcları ümumiyyətlə tutmamışdır. Nikoil İKB ASC Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixində kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən bank Cavabdeh1 36 ay müddətinə illik 22 % ödəmək şərti ilə 60 000 manat məbləğində kredit vəsaiti vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, zamin Cavabdeh2 ilə həmin vaxt həcmində zaminlik müqaviləsi bağlanmışdır və bank borcluya və zaminə qarşı iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, məhkəmə hazırkı qətnamədə səhv nəticəyə gəlmişdir. Qətnamədə qeyd edir ki, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik əsas öhdəliyin təminatı olduğundan Bankın hazırkı iddiası tam təmin edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxx” İKB ASC-nin (“xxxxxxxxx” ASC) nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddiaçıya münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Belə ki, cavabdehlərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli 6-MGZ-2-0-884-14 saylı kredit müqaviləsi ilə, “xxxxxx” İKB ASC tərəfindən Cavabdeh1 illik 22 faiz ödəmək şərti ilə 36 ay müddətinə 60000 manat məbləğində kredit verilmişdir.xx.xx.2014-cü il tarixli 6-MGZ-2-0-884-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsi ilə “xxxxxx” İKB ASC, Cavabdeh1 və Cavabdeh2 aralarında bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. “xxxxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-MGZ-2-0-884-14 saylı ipoteka müqaviləsi ilə, qeyd edilən kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində, 4 nömrəli binada yerləşən, ümumi sahəsi 81,42 kv.metr-dən ibarət olan, 4 otaqlı, 127 saylı mənzil “xxxxxx” İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadının icrasının nəticələrinə dair “X4” MMC-nin rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində, 4 nömrəli binada yerləşən, ümumi sahəsi 81,42 kv.metr-dən ibarət olan, 4 otaqlı, 127 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi üzrə 43 saylı, xx.xx.2019-cu il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri 105000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadının icrasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 13127 saylı ekspert rəyi ilə, Cavabdeh1 “xxxxxx” İKB ASC-yə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinə (müqavilənin bitdiyi vaxta) olan 3005,84 manat əsas borcu və 44,09 manat faiz borcu vardır. Eyni zamanda rəydən görünür ki, hesablama zamanı xx.xx.2017-ci il tarixdən sonra 700 manat məbləğində cavabdeh tərəfindən edilən ödəniş nəzərə alınmamışdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kolegiyası apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13127 saylı, xx.xx.2019- cu il tarixli rəyinə əsasən, Cavabdeh1 “xxxxxx” İKB ASC-yə xx.xx.2017-ci il tarixə (müqavilə üzrə öhdəliklərin sonuna) olan əsas borc 3005,84 manat, faiz borcu isə 44,09 manat müəyyən edilmişdir. Qeyd olunan borc məbləği hesablanan zaman Cavabdeh1 tərəfindən banka xx.xx.2017-ci il tarixdən sonra ödədiyi 700 manat məbləğində pul vəsaiti nəzərə alınmamışdır.Həmin ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq əsas borc məbləğini 2305,84 manat (3005,84-700=2305,84); faiz borcunu isə 44,09 manat məbləğində müəyyən etmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən 200 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Bundan başqa məhkəm kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı zaminə qarşı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, zaminliyin müddəti keçdiyinə görə zaminliyə xitam verilmiş, zamin öhdəliyinin icra edilməməsinə görə məsuliyyət daşımır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə öhdəliyin icra müddəti 36 ay, yəni, xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə xx.xx.2018-ci il tarixli iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: 1) təqvim tarixi ilə müəyyənləşdirmə; 2) illər, aylar, həftələr, günlər və ya saatlar ilə müəyyənləşdirmə; 3) hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirmə. Baxılan iş üzrə zaminlik müqaviləsində 1-ci və 2-ci formadan istifadə olunmayıb, bu mübahisəsizdir. Əgər bank hesab edirsə ki, müddət 3-cü formadan istifadə edilməklə, yəni hökmən baş verməli olan hadisə göstərilməklə müəyyənləşdirilib, hökmən baş verməli hadisə kimi isə kredit müqaviləsindən əmələ gələn öhdəliklərin tam icra edilməsi nəzərdə tutulub, bu mövqe yanlışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası hökmən baş verməli olan hadisə hesab edilə bilməz, çünki öhdəlik müxtəlif əsaslarla xitam oluna bilər (Mülki Məcəllə, 27-ci fəsil). “Hökmən” ifadəsi nəzərə alınmaqla qeyd olunmalıdır ki, hökmən baş verməli olan hadisə deyiləndə elə hadisə nəzərdə tutulur ki, onun baş verib-verməyəcəyi insan iradəsindən asılı deyil, mütləq baş verəcək. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı başa çatmış, hazırkı iddia isə bu tarixdən xeyli müddət sonra irəli sürülmüşdür. Zaminliyə xitam verildiyindən zamin hazırki vəziyyətdə Bank qarşısında məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi zaminə qarşı yönəlmiş tələbi təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etdiyindən qətnamə zaminə aid olan hissədə əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının şəxsi mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı “xxxxxxxx” ASC-yə (“xxxxxx” İKB ASC) münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxxx” ASC-nin (“xxxxxx” İKB ASC) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2560/2019 nömrəli qətnaməsi iddiaçı “xxxxxxxx” ASC-yə (“xxxxxx” İKB ASC) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar