Məhkəmə qərarları › İş №2(103)-2098/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2098/2024

14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2098/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X5, X10, X11 və Cavabdeh7 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın boşaldılıb təhvil verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdehlər Cavabdeh7 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X5, X10, X11 və Cavabdeh7 qarşı “əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh7 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayət(lər)inə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1-də yerləşən Dəmiryol İdarəsinin 659 saylı elektrik quraşdırma qatarın əmlakı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 001119 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamə” əsasında İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 317/1432 saylı müqavilə bağlanmış, ünvan 1 ünvanındakı 659 saylı elektrik quraşdırma qatarının yerləşdiyi 7120,4 m2 torpaq sahəsi xx.xx.2032-ci il tarixinədək aylıq icarə haqqı 1082,5 manat olmaqla İddiaçı müvəqqəti istifadəsinə vermişdir.

3. ünvan 1 (yeni qaydalarla AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18 küçəsi 8) ünvanında yerləşən, sahəsi 1678,8 m2 olan əmlak kompleksinə dair İddiaçı mülkiyyət hüquqları, əmlak kompleksinin yerləşdiyi 0,7120 ha torpaq sahəsinə dair istifadə hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

4. “Qaçqınların və X9 üzrə Dövlət Komitəsi”nin Binəqədi rayonu üzrə sektorunun məlumatında göstərilmişdir ki, Cəbrayıl və Füzuli rayonunda qeydiyyatda olan məcburi köçkünlər Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X3, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X12, X14, X15 və Cavabdeh7 Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında məskunlaşmışlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (iddiaçı) Cavabdeh12, Cavabdeh11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, X2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, X5, X10, X11 və Cavabdeh7 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Dəmiryolu İdarəsinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 31 ünvanında yerləşən 659 saylı elektrik quraşdırma qatarının əmlakını özəlləşdirmişdir, həmin ünvanda yerləşən və əsas sahəsi 710,9 m2, köməkçi sahəsi 967,9 m2 (ümumi sahəsi 1678,8 m2) olan 9 adda qeyri-yaşayış sahəsi (inzibati bina, anbar, sex, təmir emalatxanası, gözətçi məntəqəsi, mexanizasiya şöbəsinin binası) xüsusi mülkiyyətindədir. Bu barədə ona xx.xx.1999-cu il tarixli 1119 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Ona məxsus qeyri-yaşayış obyektlərinin yerləşdiyi 7120,4 m2 torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Dövlət Əmlak Komitəsi onunla icarə müqaviləsi bağlamışdır və hər ay 1082,5 manat icarə haqqı ödəyir. Özəlləşdirmədən sonra ərazidəki inzibati binada təsisçisi olduğu “Kontur Arxitektura və Layihə-Sənaye Müəssisəsi” fəaliyyət göstərmişdir. Məlum hadisələrlə əlaqədar işğal olunmuş rayonlardan olan bir ailə 1993-1994-cü illərdə gecə vaxtı heç bir icazə almadan müəssisənin boş anbarlarından birinə yerləşmişdir. Vəziyyətin çətinliyini nəzərə alaraq onların orada yaşamasına etiraz etməmiş və həmin vaxt rəhbərlik etdiyi müəssisə də gəlirlə işlədiyindən onlara yardım göstərmiş və kommunal xərcləri də müəssisənin hesabına ödəmişdir. Cavabdehlərin ailə üzvlərindən birini də müəssisədə işə qəbul etmişdir. Lakin hazırda müəssisənin təsisçisi dəyişmiş və başqa ünvanda fəaliyyət göstərir. Ona məxsus həmin obyektlərdə yerləşən köçkün ailəsinin sayı artıq 12-yə çatmış, cavabdehlər inzibati binadan başqa demək olar ki, bütün tikililəri zəbt etmişlər. Mülkiyyətində olan tikililərdən və icarəsində olan torpaq sahəsindən heç cür istifadə edə bilmir, bu səbəblə torpağın icarə haqqını ödəməkdə çətinlik çəkir. Dəfələrlə könüllü olaraq tikililərin boşaldılmasını cavabdehlərdən xahiş etsə də, cavabdehlər müxtəlif bəhanələrlə bundan imtina edirlər. Həmin ailələr Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif yerlərdə mənzillə təmin olunmuşlar. Hesab edir ki, tikililər və torpaq sahəsi üzərində onun mülkiyyət hüququ məhkəmə qaydasında müdafiə edilməli, cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsindən və icarəsində olan torpaq sahəsindən çıxarılmalıdırlar.

7. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etmiş, cavabdehlər (yetkinlik yaşına çatmayan cavabdehlərin qanuni nümayəndələri) isə məhkəməyə gəlməmişlər.

8. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi də nümayəndəsini məhkəməyə göndərməmişdir.

9. Birinci instansiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18 küçəsi 8) ünvanında yerləşən, sahəsi 1678,8 m2 olan əmlak kompleksini və iddiaçının istifadəsində olan 0,7120 ha torpaq sahəsini zəbt etmələri öz təsdiqini tapdığından iddiaçının tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir.

11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və 60-cı, Mülki Məcəllənin 152.1-ci, 157.4cü, 158.1.2-ci, 158.4-cü maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanuna, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə istinad etmişdir.

12. Həmin qətnamədən cavabdehlər Cavabdeh7 və Cavabdeh2 (onlar həm də X4, X6 və X7 qanuni nümayəndələridirlər) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 298 saylı Sərancamını nəzərə almadığı, doğma yurdlarına qayıdana qədər məskunlaşdıqları yerlərdən çıxarılmalarının qadağan olunduğuna əhəmiyyət vermədiyi, işə Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışlar.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

14. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh7 və Cavabdeh2 (onlar həm də X4, X6 və X7 qanuni nümayəndələridirlər) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir (iddiaçının nümayəndəsi məhkəmə iclas zalına gəlsə də, order təqdim etmədiyindən prosesdə iştiraka buraxılmamışdır).

15. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər, eləcə də üçüncü şəxs - Qaçqınların və X9 Üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

“Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 17. Qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu

21. Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”

22. Məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Cavabdeh2, X4, X6, X7 və Cavabdeh7 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarədə olan torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin boşaldılması” hissəsi üzrə yoxlanılması təşkil edir. Digər cavabdehlər qətnamədən şikayət vermədiklərindən, qətnamə onlara aid hissədə yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

33. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 18,19).

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

35. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ünvan 1 (yeni qaydalarla AZ 1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18 küçəsi 8) ünvanında yerləşən, sahəsi 1678,8 m2 olan əmlak kompleksi İddiaçı mülkiyyətindədir, həmin əmlakın yerləşdiyi 7120,4 m2 torpaq sahəsi isə xx.xx.2032-ci il tarixinədək onun icarəsinə verilmişdir.

36. Apellyatorlar Füzuli rayonundan məcburi köçkün düşməklə həmin əmlak kompleksində məskunlaşmışlar.

37. Mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin (apellyatorların) iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

38. Cavabdehlərin mübahisəsi gedən əmlak üzərində hər hansı hüququ yoxdur və onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan əmlakda mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və çıxmaqdan imtina etmələri, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün (yoxlanılan hissədə) əsas deyildir.

40. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Füzuli rayonuna da şamil edilmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-607/2024 saylı iş üzrə 17 yanvar 2024-cü il tarixli qətnaməsi “Cavabdeh2, X4, X6, X7 və Cavabdeh7 əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və icarədə olan torpaq sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin boşaldılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən Cavabdeh2, Cavabdeh7, X12, X14 və X15 tərəfindən, qətnamə onlara təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar