Məhkəmə qərarları › İş №2(103)-211/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-211/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-211/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 2(011)-423/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 15618 ABŞ dolları məbləğində əsas borcun, 11259,94 ABŞ dolları məbləğində faiz borcunun, 18.04.2019-cu il tarixdən 25.09.2019-cu il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 340,54 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 27218,48 məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun və sənədlərin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 39 manat rüsumun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 119 nömrəli mənzilə yönəldilərək, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin iddia tələblərinin təmin edilməsi üçün ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılması, əmlakın satşından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.04.2014-cü il tarixli 1682Y saylı kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün 60 ay müddətinə qaytarmaq şərtilə illik 20% hesablanmaqla 19100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 18.04.2014 il tarixli, 1682Y nömrəli kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 və Cavabdeh3 ilə 18.04.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 2(011)-423/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 15612,86 ABŞ dolları məbləğində əsas borc, 11198,10 ABŞ dolları məbləğində faiz borcu, 18.04.2019-cu il tarixdən 25.09.2019-cu il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 340,54 ABŞ dolları məbləğində faiz borcu, cəmi 27151,5 ABŞ dolları məbləğində kredit borcu, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və sənədlərin surətlərinin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən 119 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 75000 manat məbləğində olmaqla açıq hərracdan satılması və əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borcun ödənilməsi, mənzil satıldıqdan sonra 1 ay müddətində həmin əmlakın boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməsi, mənzilin ilkin satış qiymətinin yenidən müəyyən edilməsi, zaminlik müqavilələrinə xitam verməklə iddianın zaminlərə aid hissədə rədd edilməsi və ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirildikdən sonra iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılsa da, birinci instansiya məhkəməsi yenidən ekspertiza keçirməyərək borcu özü hesablamış, ipoteka predmeti olan mənzilin dəyəri düzgün müəyyən edilməmişdir. Bundan əlavə, ipoteka müqaviləsində müddət göstərilmədiyi üçün ipoteka müqaviləsi bağlanmamış hesab edilməli, kreditin qaytarılmasının təminatı olaraq bağlanılmış zaminlik müqavilələrində də kreditin müddəti və faiz dərəcəsi göstərilmədiyindən zaminliyə xitam verilməlidir. Bu barədə zaminlər və ipoteka qoyan tərəfindən vəsatət qaldırılsa da, məhkəmə tərəfindən bu vəsatətlərə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 2(011)-423/2019 saylı qətnaməsi faiz borcu, habelə müqavilə müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 18.04.2014-cü il tarixdə 1682Y saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 19100 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 verilmiş kreditin təminatı kimi 18.04.2014-cü il tarixdə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi əsasında Cavabdeh1 öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə öhdəliyin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşlər. 18.04.2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 119 nömrəli mənzil qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 verilmiş kredit vəsaitinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən kredit müqaviləsinin başa çatdığı 18.04.2019-cu il tarixə Ümbülbanu Hacıyevanın banka 15612,86 ABŞ dolları məbləğində əsas borcu, 11189,22 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 26802,08 ABŞ dolları məbləğində borcu qalmışdır. Ekspertin həmin rəyinə əsasən, müqavilə müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu 340,45 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorların dəlilini əsaslı hesab edir, belə ki, Cavabdeh1 müqavilə üzrə 18 aprel 2019-cu il tarixə faiz borcunun 11189,22 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcunun 340,45 ABŞ dolları təşkil etməsi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Bundan əlavə cavabdehlərin apellyasiya şikayətində qeyd olunan xüsusatın yoxlanılması məqsədilə apellyasiya icraatı zamanı ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi keçirilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 09 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 119 nömrəli mənzilin halhazırda likvid dəyəri 95000 manat təşkil edir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti 18 aprel 2014-cü il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 90000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzilin bazar qiyməti 75000 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də mənzilin qiyməti həmin məbləğdə müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti 95000 manat təyin edilmişdir. Hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair tələblərdə ilk olaraq ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilir. İlkin satış qiyməti isə ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qiymətinə dair apelyatorun dəlili qismən əsaslıdır və ipoteka predmetinin ilkin satış qiyməti 95000 manat müəyyən edilməklə qətnamə həmin hissədə də dəyişdirilməlidir. Cavabdehlərin ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və zaminlik müqavilələrinə xitam verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş və ipoteka, zaminlik müqavilələrinin bağlanmasına əsas olan kredit müqaviləsindən də göründüyü kimi, müqavilə üzrə veriləcək kreditin məbləği, valyutası, faiz dərəcəsi və müqavilənin hansı müddətə bağlanması şərtləri nəzərdə tutulmuşdur. İpoteka müqaviləsinin özündə müddətin göstərilməməsi həmin müqavilənin bağlanmamış hesab edilməsinə, zaminlik müqavilələrində isə kreditin müddəti və faiz məbləğinin qeyd edilməməsi zaminliyə xitam verilməsinə əsas vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanların əksinə olaraq, zaminlik müqavilələrində həmin müqavilələrin Ümbülbanu Hacıyeva ilə İddiaçı ASC arasında 60 ay müddətinə 19100 ABŞ dolları məbləğində kreditin verilməsini nəzərdə tutan 1682Y nömrəli 18.04.2014-cü il tarixli kredit müqaviləsindən, ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlandığı açıq-aşkar qeyd olunmuşdur. Göründüyü kimi, zaminlik müqavilələrində kreditin müddəti, məbləği və valyutası göstərilmiş, həmin müqavilələrin 1682Y nömrəli 18.04.2014-cü il tarixli kredit müqaviləsinə təminat kimi bağlanması göstərilmişdir. Qeyd olunan kredit müqaviləsində isə kreditin məbləği, müddəti, valyutası və faiz məbləği konkret göstərilmişdir. Eyni hal 18 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə də aid olmaqla həmin müqavilədə kreditin məbləği, valyutası və müddəti göstərilmiş, faiz dərəcəsi göstərilməsə də, həmin müqavilənin 1682Y nömrəli 18.04.2014-cü il tarixli kredit müqaviləsinə təminat kimi bağlanması göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kredit müqaviləsində kreditin məbləği, müddəti, valyutası və faiz məbləğinin konkret göstərilməsi həmin müqavilənin təminatı qismində bağlanmış zaminlik və ipoteka müqavilələrinin bağlanmış hesab edilməsinə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 2(011)-423/2019 saylı qətnaməsi faiz borcu, habelə müqavilə müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 11189,22 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən 25 sentyabr 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu 340,45 ABŞ dolları, cəmi borcun məbləği 27142,53 ABŞ dolları məbləğində müəyyən edilsin. İpoteka predmetinin ilkin satış qiyməti 95000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 145 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar