Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-211/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli qətnamədən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT BARƏDƏ MƏLUMAT a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən ofis və qonaq evindən kənar şəxslərin istifadəsinin qadağan olunması, cavabdehlərin və onlarla birgə fəaliyyət göstərən üçüncü şəxslərin həmin daşınmaz əmlakda fəaliyyətinə qadağan qoyulmaqla onların həmin daşınmaz əmlakdan çıxarılması, daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda əvvəllər fərdi yaşayış evi yerləşirdi. Ev iddiaçının mülkiyyətində idi və bu barədə iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – DƏDRX) tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” MA seriyalı, ******* nömrəli “Çıxarış” verilmişdir. Sonradan, iddiaçı, Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinə (bundan sonra – RİH) müraciət edərək, həmin evin sökülməsi, yerində isə ofis və qonaq evinin inşasına icazə verilməsini xahiş etmiş və onun müraciəti təmin edilmişdir. Bununla bağlı Yasamal RİH başçısı xx.xx.2010-cu il tarixdə verdiyi 25 saylı sərəncamla, fərdi yaşayış evinin sökülüb yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq ofis və qonaq evinin tikintisinə icazə verilmişdir. Yeni tikilinin inşası başa çatdıqdan sonra müvafiq qurumlar tərəfindən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında akt” tərtib edilmişdir. Həmin akta qeyd edilmişdir ki, podratçı olan hazırki iş üzrə iddiaçı, yuxarıda qeyd edilən ünvanda inşa edilmiş 4 mərtəbəli, 1 girişli ofis və qonaq evi binasını qəbul komissiyasına təqdim etmişdir. Həmin tikili obyekt istismara qəbul edilir. Obyektin tikintisi üçün torpaq sahəsi Yasamal RİH başçısının xx.xx.2010-cu il tarixli 25 saylı sərəncamı ilə ayrılmışdır. Obyektin iddiaçının mülkiyyətində olmasına baxmayaraq iddiaçının keçmiş əri X2 bacısı oğlunu – Cavabdeh2 və tanışı olan Cavabdeh1 otelə buraxmış və otelin işlədilməsini onlara tapşırmışdır. Bununla da, iddiaçı, mülkiyyətində olan əmlakdan istifadə etmək və bəhrələnmək hüququndan qanunsuz olaraq məhrum olmuşdur. İddiaçının dəflərlə etdiyi tələblərə baxmayaraq cavabdehlər obyektdən çıxmırlar. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) üçüncü şəxsin cəlb edilməsi və onun iddia tələbinə münasibəti barədə məlumat
3. İşə baxılan zaman Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə (iddiaçının keçmiş əri) Barat Abdullayev cavabdeh tərəfində iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir.
4. Barat Abdullayevin vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilən şəxslər iddiaya cavab verməli olan şəxslər deyil. Belə ki, mübahisəli tikili Barat Abdullayevin vəsaiti hesabına inşa edilmişdir və Barat Abdullayev tərəfindən işlədilir. İddiaçının mülkiyyətində olan ev söküldüyündən, yeni tikili isə Barat Abdullayevin vəsaiti hesabına inşa olunduğundan iddia tələbi əsassız hesab edilməlidir. c) cavabdehlərin iddia tələbinə münasibətləri barədə məlumat
5. İş üzrə cavabdehlər işin baxılması yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli ofis və qonaq evində cavabdehlərin fəaliyyətinə qadağa qoyulmasını, onların qonaq evindən çıxarılmasını, daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ofis və qonaq evinin iddiaçıya məxsus olması, onun gözlənilən mülkiyyət hüququnun pozulması, qonaq evinin fəaliyyət göstərməsi və cavabdehlərin həmin əmlaka qanunsuz olaraq sahiblik etmələri sübuta yetirilir. Otelin fəaliyyət göstərməsi məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Mülkiyyət hüququ mütləq və toxunulmaz hüquqdur. Mülkiyyətçi olan iddiaçı mülkiyyətində olan əmlaka dair başqa şəxslərin sahibliyinə yol verməyə bilər, əmlakı ilə bağlı hər hansı pozuntuya son qoymağı istənilən şəxsdən tələb edə bilər. Belə olan halda mübahisəli ofis və qonaq evində cavabdehlərin fəaliyyətinə qadağa qoyulmalı, cavabdehlər qonaq evindən çıxarılmalı, daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində yalnız Cavabdeh1 və Cavabdeh2 cavabdeh kimi göstərmişdir. Lakin iddia tələbi həmçinin “kənar şəxslər” kimi göstərilmiş şəxslərə yönəlmişdir. Bu hissədə iddia tələbi qeyri-dəqiqdir. Bu səbəbdən də, iddia tələbinin “ofis və qonaq evindən kənar şəxslərin istifadəsinin qadağan olunması, cavabdehlərlə birlikdə fəaliyyət göstərən şəxslərin otel və qonaq evində fəaliyyətinə qadağan qoyulmaqla, onların otel və qonaq evindən çıxarılması barədə” hissəsi təmin edilə bilməz.
8. İş üzrə Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Barat Abdullayev həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər
9. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində adı cavabdeh kimi göstərilmiş Cavabdeh2 artıq oteldən işdən çıxmış və bu halı təsdiq edən sübut məhkəməyə təqdim olunmuşdur. Belə olan halda müəyyən edilir ki, Cavabdeh2 iddiaya cavab verməli olan şəxs deyil. Bu hal Rayon Məhkəməsinin diqqətinə çatdırılsa da, Rayon Məhkəməsi bunu nəzərə almamış, iddianı Cavabdeh2 münasibətdə də təmin etməklə, əsassız nəticəyə gəlmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Barat Abdullayev apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ev sökülmüş və yerində ofis və qonaq evi inşa edilmişdir. Həmin tikililər Barat Abdullayevin vəsaiti hesabına inşa edilmişdir. İstər ofis, istərsə də otel mülkiyyətdə olan əmlak kimi “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmayıb. Həmin otel üzərində gözlənti hüququ iddiaçıya deyil, Barat Abdullayevə aiddir.
İ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT BARƏDƏ MƏLUMAT
e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
11. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
12. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
13. Rayon Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsini təmin etsə də Cavabdeh1 da qətnamədən apellyasiya şikayəti verməmişdir.
14. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Barat Abdullayevin qətnamədən verdikləri apellyasiya şikayətlərində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətlərinin məzmunundan görünür ki, onlar da iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmirlər. Onlar iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmırlar.
15. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin iddianın bir qisminin təmin edilməməsi və Cavabdeh1 aid tələbin təmin edilməsi hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, DƏDRX tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur (qeydiyyat tarixi: xx.xx.2009-cu il).
18. İşdə olan sənədlərdən görünür ki, iddiaçı, Yasamal RİH-ə müraciət edərək, həmin evin sökülməsi, yerində isə ofis və qonaq evinin inşasına icazə verilməsini xahiş etmişdir.
19. Yasamal RİH başçısının xx.xx.2010-cu il tarixli, 25 saylı sərəncamından görünür ki, həmin sərəncamla iddiaçıya fərdi yaşayış evinin sökülüb yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq ofis və qonaq evinin tikintisinə icazə verilmişdir.
20. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından görünür ki, podratçı olan hazırki iş üzrə iddiaçı, yuxarıda qeyd edilən ünvanda inşa edilmiş 4 mərtəbəli, 1 girişli ofis və qonaq evi binasını qəbul komissiyasına təqdim etmişdir. Həmin tikili obyekt istismara qəbul edilir. Obyektin tikintisi üçün torpaq sahəsi Yasamal RİH başçısının xx.xx.2010-cu il tarixli 25 saylı sərəncamı ilə ayrılmışdır.
21. İşin baxılması zamanı Rayon Məhkəməsi qeyd edilən ünvana yerli baxış keçirmiş və müəyyən etmişdir ki, mübahisəli qonaq evi fəaliyyət göstərir. Həmin fəaliyyət iddiaçı tərəfindən təşkil edilməmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-556/2023 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Barat Abdullayevin hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “birgə nikah dövründə əldə olunmuş ev üzərində ər-arvadın paylarının müəyyən edilməsi barədə” iddia tələbi o əsasla rədd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi söküldüyündən mövcud deyil, evin yerində yeni ofis və qonaq evi inşa edilmişdir.
23. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən apellyasiya baxışı zamanı müəyyən edilir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən və iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evi iddiaçının Yasamal RİH-ə etdiyi müraciət əsasında RİH-nin sərəncamına (razılığına) əsasən sökülmüş və elə həmin sərəncam əsasında evin yerində ofis və qonaq evi inşa edilmişdir. Ər-arvad olmuş iddiaçı ilə üçüncü şəxs Barat Abdullayevin münasibətləri pozulduqdan sonra, Barat Abdullayev, ofisin və qonaq evinin onların birgə nikahları dövründə inşa edilməsinə baxmayaraq onun vəsaiti hesaba inşa edilməsini, iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evinin isə sökülməsini əsas gətirərək həmin tikililərin idarəçiliyin faktiki olaraq öz əlinə keçirmiş və qonaq evinin fəaliyyətini hazırki iş üzrə cavabdehlərə həvalə etmişdir. İş üzrə cavabdehlər də həmin fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar təbii olaraq həmin tikililərə daxil olmuşlar. İddiaçının da cavabdehlərə qarşı irəli sürdüyü və hazırki apellyasiya baxışının predmeti olan tələbi mübahisəli ofis və qonaq evində cavabdehlərin fəaliyyətinə qadağa qoyulmasını, onların qonaq evindən çıxarılmasını, daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsindən ibarətdir.
24. İş üzrə üçüncü şəxs olan Barat Abdullayev apellyasiya şikayətində bildirir ki, iddiaçının mülkiyyətində olan ev sökülmüş və yerində ofis və qonaq evi inşa edilmişdir. İstər ofis, istərsə qonaq evi mülkiyyətdə olan əmlak kimi “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmayıb. Buna görə də, iddia əsaslı hesab edilə bilməz.
25. Barat Abdullayevin apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi və yerində ofis və qonaq evinin tikilməsinə dair xahişinə Yasamal RİH-nin sərəncamı ilə icazə verilmişdir. Bundan sonra fərdi yaşayış evi RİH-nin sərəncamına (razılığına) əsasən sökülmüş və elə həmin sərəncam əsasında evin yerində ofis və qonaq evi inşa edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi artıq mövcud deyil, lakin evin yerində yeni tikililər inşa edilmişdir. İstər ofis, istərsə də otel mülkiyyətdə olan əmlak kimi “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamışdır.
26. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, “1 saylı Protokolunun” 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Mübahisəli sahəyə dair şikayətçiyə (Akimovaya) orderin verilməsindən ibarət hərəkət elə bir hərəkətdir ki, bu hərəkətin nəticəsi olaraq şikayətçi sahənin mülkiyyətçisi hesab edilməlidir, çünki bu order əsasında şikayətçi ilə səlahiyyətli orqan arasında sahəyə dair “sosial kirayə müqaviləsi” bağlanıla bilər ki, həmin müqaviləyə və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərə əməl edərək şikayətçi sahəni pulsuz olaraq özəlləşdirə bilərdi.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında isə bundan başqa göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqlar” sayılır və mülkiyyət kimi qiymətlədirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında təsbit edilmiş hüququ mövqeyin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçının mülkiyyətində olmuş və sonradan sökülmüş fərdi yaşayış evinin yerində inşa edilmiş yeni tikililər üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, iddiaçı, “qanuni gözləntiyə” malik olan şəxsdir.
29. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
30. Barat Abdullayevin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, həmin tikililər iddiaçının vəsaiti hesabına deyil, onun vəsaiti hesabına inşa edilmişdir. Buna görə də, tikililər boşaldılaraq iddiaçıya təhvil verilə bilməz.
31. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Qeyd edilən prosessual hüquq normalarının tələbləri və iddiaçının “qanuni gözləntiyə” malik olan şəxs olmasını nəzərə alındıqda müəyyən edilir ki, iddia tələbinə qarşı yönəlmiş etirazın (müzakirə edilən dəlilin) əsasını sübut etmək vəzifəsi Barat Abdullayevin üzərinə düşür. Lakin, o, göstərdiyi dəlilin əsaslı olmasını, yəni mübahisəli tikililərin onun vəsaiti hesabına inşa edildiyini sübuta yetirə bilmir.
33. Bununla yanaşı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qətnaməsindən (bax: hazırki qətnamənin 22-ci bəndinə) görünür ki, Barat Abdullayev mübahisəli yeni tikililər ilə bağlı hazırki iş üzrə iddiaçıya qarşı hər hansı bir iddia irəli sürməmişdir.
34. Göstərilənlərə əsasən hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
35. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (maddə 135.2.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1.).
36. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iş üzrə cavabdehlər iddiaçının razılığı olmadan mübahisəli tikililərdə fəaliyyət göstərdiklərindən, iddiaçı, apellyasiya baxışının predmeti olan tələbi onlara qarşı irəli sürmək üçün subyektiv hüquqa malikdir və həmin tələb əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi eyni əsasla, eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
37. Cavabdeh2 apellyasiya şikayətində bildirir ki, o, otel kimi fəaliyyət göstərən mübahisəli tikililərdən artıq çıxmışdır. Belə olan halda o, iddiaya cavab verməli olan şəxs deyil. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış, iddianı ona münasibətdə də təmin etməklə, əsassız nəticəyə gəlmişdir.
38. Məhkəmə bildirir ki, Cavabdeh2 mübahisəli tikililərdən artıq çıxması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki Cavabdeh2 istinad etdiyi bu halı təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməyib və bu hal sübuta yetmiş olsa idi belə Cavabdeh2 həmin tikiliyə sonradan yenidən daxil olması istisna edilmir.
39. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh2 apellyasiya şikayətinin dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi
40. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
44. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.