Məhkəmə qərarları › İş №2(103)-213/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-213/2023

21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-213/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı QƏTNAMƏSİ iş № 2(103)-213/2023 (Açar sözlər: payın naturada bölünməsi) Bakı şəhəri, 21 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-77/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdeh X7 qarşı payın naturada bölünməsi və sairə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində olan cavabdehə məxsus yaşayış sahəsinin həmin yaşayış sahəsinə iki metr enində yol verilməklə mərzin çəkilməsi qaydasında ona məxsus mülkiyyətində olan ərazi ilə naturada ayrılmasının təmin olunması, onun mülkiyyətində olan ərazi hüdudları daxilində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş ərazinin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Nailə Əsədova arasında Bakı şəhəri, 7 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsaslnda həmin müqavilə bağlanana kimi mülkiyyətində olmuş ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində olan əraziyə dair verilmiş texniki pasportda göstərilən “A” və “B” tikililərdən “B” adlı ümumi ərazisi 37.08 kv.m olan bir yaşayış otağından ibarət yaşayış sahəsini cavabdehə satmışdır. Cavabdehə satılmış yaşayış sahəsinə giriş-çıxış üçün onun mülkiyyətində qalmış ərazidən əraziyə ümumi girişdən başlamamaqla iki metr enində olmaqla evin giriş qapısına kimi olan məsafədə yol verməyə razılaşmışdır və bu gün də buna razıdır. Həmin yola itən ərazinin pulunu belə cavabdeh ona ödəməmişdir.

3. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində “A” letirli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-77/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində “A” letirli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə həmin sahə İddiaçı naturada ayrılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət etmişdir (hakim: Sabit Bəhrəmzadə). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı iddia edir ki, guya cavabdehə satılmış yaşayış sahəsinə giriş-çıxış üçün onun mülkiyyətində qalmış ərazidən əraziyə ümumi girişdən başlamaqla iki metr enində olmaqla evin giriş qapısına kimi olan məsafədə yol verməyə razılaşmışdır və bu gün də buna razıdır. Belə bir razılaşma olmamışdır və bunun olması mümkün deyil, əgər həqiqətən də belə hal mövcud olmuş və daha sonra pozulmuşsa onda iddiaçı 2006-cı ildə bağı satdıqdan sonra bu günki iddia tələbini irəli sürə bilərdi. Bu fakt onu göstərirki, belə bir razılaşma mövcud olmamışdır və bunu sübut edən hər hansı bir sübut məhkəməyə təqdim olunmayıbdır. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mərhum həyat yoldaşı Nailə Əsədova verilmiş **********90 saylı arayışdan bəlli olur ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2608 nömrəli bağ evinin qeydiyyata alınmasına əsas olmuş ilkin sənədlər toplusunda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1038 nömrəli qərarına əsasən 246 nömrəli bağ tikinti kooperativi nəzdində Mərdəkan bağlar sahəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 2608 nömrəli bağ sahəsinin ayrılmasına dair X10 adına verilmiş 28 nömrəli order mövcuddur. X4 mülkiyyətində olmuş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2608 nömrəli bağ evi Bakı şəhəri, 9 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə 4-Ə-5/873 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra xx.xx.2006-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən bağ evinin bir hissəsi (A) tikilisi iddiaçının digər (B) tikilisi isə cavabdeh Nailə Əsədovanın mülkiyyətinə verilmişdir. İş üçün ən vacib hallardan biri odur ki, iddiaçı notarial qaydada rəsmi ərizə verərək bildirmişdir ki, “Yazıb Sizə bildirirəmki, ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini vətəndaş X2. Gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağam”. Faktiki olaraq öz iradə ifadəsini bildirmişdir. Bundan başqa, iddiaçı halhazırda cavabdehə qarşı ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində “A” letirli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməklə naturada ayrılması barədə iddia qaldırmaqla da torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edir. İddiaçının cavabdeh X7 qarşı iddia ərizəsinə baxılan zaman cavabdeh yəni Nailə Əsədova dünyasını dəyişmişdir. Məhkəmə iş üzrə hüquq varis müəyyən edilənədək iş üzrə icraatı dayandırmalı olduğu halda məhkəmə baxışını davam etdirmişdir. Torpaq sahəsini təxminən 0.075 ha hissəsi iddiaçının sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinin paylı mülkiyyət olmasına baxmayaraq iddiaçı qanunsuz olaraq həmin torpaq sahəsinin təxminən 0.02 ha hissəsini bacısı İmanova T ərbiyə Təvəkkül qızına satmışdır. Həmin şəxs orada ev tikmişdir. X12 vəfat etdikdən sonra həmin torpaq sahəsi Cavabdeh və onun övladlarının adına keçmişdir. Bu haqda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh xx.xx.2022-ci il tarixdə Çıxarış verilmişdir. Həmin Çıxarışda qeyd olunduğu kimi daşınmaz əmlakın ümumi sahəsi 119.20 kv.m, torpaq xüsusi, torpaq sahəsinin ölçüsü 0.1125 hektardır. Hal-hazırda ki, Çıxarışa əsasən B tikilinin 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi övladları X8 və 1/3 hissəsi X11 mülkiyyətindədir. İddiaçı tərəfindən notarial qaydada verilmiş “Yazıb Sizə bildirirəm ki, ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərində olan “B” tikilisini vətəndaş X2. Gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağam.” ərizə ümumiyyətlə nəzərə alınmamışdır. Hansı ki, iddiaçı burada 0.045 ha torpaq sahəsindən cavabdehin xeyrinə imtina edir və gələcəkdə bununla bağlı hər hansı bir iddia qaldırmayacağını təsdiq edir. Bundan başqa, torpaq sahəsinin çox hissəsi iddiaçının sahibliyində, istifadəsindədir. İddiaçının özünə məxsus torpaq sahəsindən evinə ayrıca giriş-çıxışı vardır və illərdi oradan heç bir problem olmadan istifadə edir. Bundan əlavə, torpaq sahəsi paylı mülkiyyətdə olduğu halda, iddiaçı qanunsuz olaraq 0.02 ha torpaq sahəsini bacısına satmış və onun tərəfindən qanunsuz olaraq ev inşa edilərək tikilmişdir. İddiaçının cavabdehə qarşı iddia qaldırmaqla onun xüsusi mülkiyyətimdə olan və hasarlanmış ailəsinin yaşadığı ərazidən əlavə olaraq özü üçün hasarın çəkilməsi və naturada ayrılmasını tələb etməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün bu faktiki halları aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

12. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

13. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

14. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

18. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

19. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 sahəsində “B” tikilisi xx.xx.2006-cı il tarixində X5, “A” tikilisi xx.xx.2019-cu il tarixdə İddiaçı adının adına qeydiyyatdan keçmişdir.

20. İş materiallarında olan MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.02749 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 4 otaqlı 59.29 kv.m yaşayış, 59.68 kv.m köməkçi sahədən ibarət olan 2608 saylı bağ sahəsi paylı mülkiyyət hüququ ilə X3 Atik-3 otaq (42.89 kv.m), X5 Btik-1 otaq (16,4 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 349 nömrəli vərəqində qeydiyyata alınmışdır.

21. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/338 saylı rəyindən görünür ki, ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində (iddiaçının mülkiyyətində olan) yerləşən X7 məxsus yaşayış sahəsinə yol verilməklə İddiaçı məxsus yaşayış sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mübahisəli torpaq sahəsində yerləşən “A” letirli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2199-cu məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisinin 2/5 hissəsinin mülkiyyətçisidir.

23. Birinci instansiya məhkəməsində icraat zamanı verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən aydın olur ki, ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində (iddiaçının mülkiyyətində olan) yerləşən X7 məxsus yaşayış sahəsinə yol verilməklə İddiaçı məxsus yaşayış sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün mübahisəli torpaq sahəsində yerləşən “A” letirli yaşayış evinin arxasında 23.0 m uzunluğunda sərhəd hasarı çəkilməlidir.

24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırır ki, iddiaçı ünvan 2 evinin “A” tikilisinin (torpaq sahəsilə birlikdə) mülkiyyətçisidir və həmin torpaq sahəsində yerləşən “A” letirli yaşayış evinin arxasında hasar çəkilməklə onun payının naturada ayrılması texniki cəhətdən mümkündür.

25. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qənaətini onunla əsaslandırır ki, məhkəmə yalnız 2608 saylı bağ evinin “A” tikilisinə (torpaq sahəsilə birlikdə) münasibətdə payın naturada ayrılmasının mümkünlüyünə qiymət vermişdir. Lakin, B tikilisinin yerləşdiyi torpaq sahəsinin koordinatlarını nəzərə almamışdır.

26. İş materiallarında olan MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.02749 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 4 otaqlı 59.29 kv.m yaşayış, 59.68 kv.m köməkçi sahədən ibarət olan 2608 saylı bağ sahəsi paylı mülkiyyət hüququ ilə X3 A tik-3 otaq (42.89 kv.m), X5 B tik-1 otaq (16,4 kv.m) adlarına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 349 nömrəli vərəqində qeydiyyata alınmışdır.

27. Həmçinin iş materiallarında olan AN ******* saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 2608 saylı bağın B tikilisinin ümumi sahəsi 37.08 kv.m., yaşayış sahəsi 16.40 kv.m., Köməkçi sahə 20.68 kv.m. olan bir otağı alıcı X5 mülkiyyətinə verir. Eyni zamanda iş materiallarında iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və üzərindəolan B tikilisini X1 və gələcəkdə bu barədə heç bir iddia qaldırmayacağını bildirmişdir.

28. Bu səbəbdən də, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, məhkəmənin 2(103)-3905/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 2 ünvanında olan B tikilisinin yerləşdiyi 0.045 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ekspert qarşısında qoyulmuşdur.

29. Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixində məhkəməyə daxil olmuş 10/6591 saylı rəyinə görə, Daşınmaz Əmdakın Dövlət Kadastrı və və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerləşmə sxeminə əsasən, ünvan 2 ünvanında yerləşən mübahisəli torpaq sahəsi ümumi ərazinin şimal-şərq küncündə (A literli evin arxasında) yerləşməklə eni 9.48 metr (9.65 metr), uzunluğu 19.24 metr (20.15 metr) təşkil edir və koordinatları müəyyən edilmişdir.

30. Kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən, qeyd edilən ekspert rəyinin hazırki iş üzrə iş materialları ilə yanakı qiymətləndirilməklə sübut kimi qəbul edilməsi yolveriləndir.

31. Məhkəmə kollegiyasının iclasında iddiaçı qeyd edilən notariat qaydasında təsdiqlənmiş ərizədəki imzanın özünə məxsus olduğunu bildirmişdir. Bu səbədən, kollegiya həmin ərizənin iddiaçıya məxsusluğunun yoxlanılması üçün xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət görmür.

32. Məhkəmə kollegiyasının iclasına ekspert Kərimov Təhmasib və 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi Hüseynov Hüsü dəvət edilmişdir. Ekspert, mütəxəssis və tərəflərin iştirakı ilə mübahisəli ərazinin 0.045 ha əraziyə aid olub-olmaması aydınlaşdırılmışdır. Ekspert və mütəxəssis bildirmişdir ki, mübahisəli əraziyə baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, A tikilisinin arxasındakı həyətyanı sahə B tikilisi ilə birlikdə 0.045 ha deyil, 0.047 ha-dır.

33. Kollegiya iş materiallarına, ekspert rəyinə, həmçinin kollegiya iclasında ekspert və mütəxəssisin izahatlarına əsasən hesab edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış 0.045 ha ərazi yalnız B tikilisinin sahəsi ilə məhdudlaşmır, həmçinin B tikilisinin önündə və A tikilisinin arxasındakı həyətyanı sahəni də özündə ehtiva edir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin yalnız B tikilisinə getmək üçün yol qoyulması və yerdə qalan A tikilisinin arxasındakı torpaq sahəsinin iddiaçı üçün ayrılması əsaslı olmamış, cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Çünki, iş materiallarında olan alqı-satqı müqaviləsi və iddiaçı tərəfindən notariat qaydasında verilmiş ərizəyə əsasən, B tikilisi və 0.045 ha torpaq sahəsi cavabdehə satılmışdır.

34. Kollegiya ekspert rəyinə və ekspert və mütəxəssisin məhkəmə iclasında verdiyi dəqiqləşdirmələrə əsasən qeyd edir ki, B tikilisinin önü və A tikilisinin arxasındakı 0.045 ha torpaq sahəsi (B tikilisi də daxil olmaqla) cavabdehə məxsusdur. Lakin, əraziyə ekspertin baxışı zamanı müəyyən edilmişdir ki, həmin sahə 0.045 ha-dan 20 kv.metr artıqdır. Belə olduğu təqdirdə, kollegiya hesab edir ki, A tikilisinin arxasında 20 kv.metrlik sahə (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) iddiaçıya ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. İş materiallarında olan ekspert rəyindəki cizgidən görünür ki, B letirli tikiliyə girişçıxış üçün 23 metr uzunluğunda yol qoyulması zəruridir.

36. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, 0.045 ha torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə satıldığından və 0.045 ha torpaq sahəsi B tikilisinin sahəsi ilə deyil, həmçinin onun önündəki torpaq sahəsi ilə ehtiva edildiyindən, 20 kv. metr sahə 0.045 ha torpaq sahəsindən artıq olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilərək, “B” letirli yaşayış evinə giriş-çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, A tikilisinin arxasında 20 kv. metr (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) torpaq sahəsi naturada İddiaçı ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-77/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. ünvan 2 evinin yerləşdiyi torpaq sahəsində “B” letirli yaşayış evinə giriş çıxışı təmin etmək üçün 23 metr uzunluğunda yol qoyulmaqla, “A” letirli yaşayış evinin arxasında (ona bitişik) 20 kv. metrlik sahə (9.48 m. A tikilisi tərəfdən, 9.50 m. onun qarşısından, 2.12 metr A tikilisindən sağda, 2.10 metr A tikilisindən solda olmaqla) İddiaçı naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X9, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X9, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar