Məhkəmə qərarları › İş №2(103)-2138/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2138/2024

24.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2138/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11, X6 və X9 cəlb olunmaqla, Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2138/2024 (Açar sözlər: daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X12 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh və üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, X6 və X9 cəlb olunmaqla, “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2733/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 24 aprel 2024-cüi il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən 0.3340 torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh, X8 və X4 ümumi birgə mülkiyyətindədir. Cavabdeh payı xx.xx.2021-ci ildə ********** nömrə ilə reyestrdə qeydə alınmışdır. Hazırda iddiaçı, daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması həmin əmlak üzərində payların müəyyən edilməsini xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 cəlb olunmaqla, “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında dövlətə məxsus olan 4129,4 kv.m torpaq sahəsi və onun üzərində olan 1350 kv.m tikililər “X3 İdarəsi” MMC-nin istifadəsində olmuşdur. Göstərilən əmlak Dövlət Əmlakı olduğundan onun xüsusi mülkiyyətə keçməsi üçün qanunvericiliyin tələbləri daxilində özəlləşdirilməsi tələb olunurdu. O, bir sahibkar kimi Bakı şəhərində belə bir sahə alıb, orada anbarlar tikib müvafiq qaydada istifadə etmək üçün dost-tanışlara bildirmişdir ki, belə bir təklif olsa, ona bildirsinlər. Belarusiyada yaşayan qardaşı İslamın tanışı X14 qardaşı İslam vasitəsilə ona xəbər göndərdi ki, Babək prospektində onun tələbatına uyğun olan yuxarıda göstərilən sahə vardır. Həmin əmlakı Dövlət Əmlak komitəsi hərraca çıxarıb, birinci hərrac keçib, lakin oranın istifadəçilərinin maddi imkanı yoxdur ki, oranı özəlləşdirsinlər. Qarşıda ikinci hərrac var, həmin hərrac 30 mart 2021-ci ildə keçiriləcəkdir, iştirak üçün 53750 manat vəsait beh kimi ödənilməlidir. O, həmin şəxslərlə görüşüb danışmağa razılıq vermişdir. Bir neçə gün sonra cavabdeh və onun qardaşı X2 onunla görüşdülər. Cavabdeh bildirdi ki, əmlakın istifadəsində olduğu MMC-nin cəmi 3 üzvü var, onların da biri onun həyat yoldaşı, digəri qohumudur, yəni kollektiv cəmi 3 nəfərdən ibarətdir, onlarla da heç bir problem ola bilməz, bütün problemləri o təkbaşına həll edəcəkdir. Bildirdi ki, qanunvericiliyin tələbinə görə kollektivə 15% pay düşür, həmin hissədə ödənişə dövlət güzəşt edir, lakin qalan 85% hissənin özəlləşdirilməsinə 500.000 manat vəsait köçürülməli, 20.000 manat da qalan sənədləşdirmə işlərinə pul tələb olunur, lakin onların belə imkanları olmadığından hərracda iştirak edib dəyəri ödəyə bilmirlər, yəni maddi imkanları olmadığından bu əmlakı nə özəlləşdirə bilirlər, nə də onlara dövlətin müəyyən etdiyi 15% üzərində sərəncam verə bilmirlər, çünki o hissənin ayrılıqda özəlləşdirilməsi mümkün deyildir. Cavabdeh xahiş etdi ki, o, bu işə bir şərik kimi qoşulsun, hərracda iştirak pulu və əmlakın dəyərini, yəni özəlləşdirmə üçün bütün xərcləri çəksin, özəlləşmə başa çatandan sonra kollektivə düşən 15% hissə onlarda qalsın, qalan 85% hissə onun mülkiyyətinə keçsin. O bir daha soruşmuşdur ki, sonradan kollektivlə onun arasında bir problem yarana bilərmi? Cavabdeh bir daha bildirdi ki, kollektivdə olan 3 nəfərin biri həyat yoldaşı, digəri qohumudur, bütün məsələlərə o cavabdehlik daşıyır. O, razılıq vermiş, lakin bu zaman cavabdehin qardaşı olan və bu söhbətlərdə iştirak edən X2 bildirdi ki, “yaxşı, mən kollektivə daxil deyiləm, amma bu işləri siz mənim vasitəmlə razılaşdırırsınız, bəs mənim xeyrim nədir?”. Xahiş etdi ki, onun xaricdə oxuyan oğlunun bir illik təhsil haqqı olan 50.000 manat vəsait də onun üçün nəzərdə tutulsun. O həmin vəsaiti də ödəyəcəyinə söz vermişdir və sonradan həmin vəsaitin 12.000 manatını X1 vermiş, lakin qalan hissəni hələ də ödəməmişdir, ona görə ki, cavabdeh aralarında olan razılığı tam olaraq pozmuş və son iki il ərzində müxtəlif bəhanələrlə öz öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Özəlləşdirilməyə tələb olunan 500.000 manat böyük vəsait olduğu üçün iddiaçı öz vədini yerinə yetirmək və 500.000 manatı əldə etmək üçün 3-cü şəxslərlə danışıqlar aparmışdır. Danışıqların mövzusu belə olmuşdur ki, həmin 3-cü şəxsin maddi köməkliyinə görə özəlləşdirilən obyektdən tam sənədləşdirilmədən sonra ona da müəyyən pay ayrılacaqdır. Buna görə də iddiaçı öz yaxın tanışı olan 3-cü şəxsi bu işə cəlb etmiş, cavabdehin iştirakı ilə razılaşdırılmışdır ki, həmin şəxsə onun 300.000 manat vəsaiti müqabilində özəlləşmədən sonra 789 kv.m torpaq sahəsi verəcəkdir. Lakin həmin 3-cü şəxs danışıqlar zamanı əmlakın cavabdehin istifadəsində olduğunu nəzərə alaraq tələb etdi ki, cavabdehin özü ona yazılı iltizam versin ki, əmlak özəlləşdirilmədən sonra heç bir problem olmadan ona həmin sahə veriləcəkdir. Cavabdeh belə bir iltizamı 3-cü şəxsə vermiş və bildirmişdir ki, özəlləşdirilmədən sonra da bu məsələdə heç bir narazılığı ola bilməz və gələcəkdə də olmayacaqdır. Həqiqətən də, özəlləşdirilmədən sonra 3-cü şəxsə verilməli olan sahə ona sənədləşdirilmişdir. Beləliklə, iddiaçı öhdəlik götürdüyü və özəlləşdirilməyə lazım olan 520.000 manatı tam həll edib cavabdehə vermişdir, belə ki, iddiaçı özü 220.000 manat və 3-cü şəxs vasitəsilə 300.000 manatı cavabdehə təqdim etmiş və göstərilən obyektin özəlləşdirilməsi həyata keçirilmişdir. Tərəflərin razılığı ilə 300.000 manat vəsaitlə özəlləşdirməyə köməklik edən 3cü şəxsə özəlləşdirmədən sonra 789 kv.m torpaq sahəsi ayrılmışdır. Bir daha bildirir ki, ümumiyyətlə, bütün dövlət obyektləri, eləcə də mübahisəli obyekt dövlət müəssisəsi olduğundan özəlləşdirilməsi üçün hərraca çıxarılmalı və iştirakçılar beh kimi müəyyən vəsait qoyaraq hərracda iştirak etməlidirlər. Hərracda iştirak edən istənilən şəxs hərracı uda bilər və bu halda iki il müddətinə ümumi dəyər ödəməlidirlər. Mübahisəli daşınmaz əmlak 30 mart 2021-ci il tarixində saat 10:00-da 53750 manat beh müəyyənləşdirilərək təkrar hərraca çıxarılmışdır. Bildirir ki, həmin müəssisənin özəlləşdirilməsi üçün o, cavabdehə vəsait verməsə idi, həmin dövlət əmlakını hərracda iştirak edən istənilən şəxs hərracı udmaqla əldə edə bilərdi, bu halda cavabdehin və onun kollektivinin ümumi payı dövlətin müəyyən etdiyi 15% dən artıq ola bilməzdi. O zaman yeni mülkiyyətçi cavabdeh və onun kollektivinə 15% ə uyğun dəyəri ya pulla ödəməli və yaxud da həmin hissəyə uyğun daşınmaz əmlak verməklə cavabdehin bu əmlak üzərində hər hansı hüququna xitam verə bilərdi. İstinad edilən və özəlləşdirilməyə sərf edilən 520.000 manat vəsait isə tərəfindən aşağıdakı şəkildə ödənilmişdir: Özəlləşdirilməyə tələb olunan 520.000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Şahid1 vasitəsilə 54.000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçı şəxsən 40.000 (15.000, 15.000 və 10.000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70.000 (50.000+20.000) manat vəsaiti, Şahid4 vasitəsilə 100 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236.000 manat vəsaiti və Şahid1 vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. Özəlləşdirmədən sonra həmin obyektə, yəni Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və cavabdehin xüsusi mülkiyyətində olduğu göstərilən reyestr nömrəsi **********54-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan çıxarış verilmişdir. Hazırda mübahisəli sahə 4129,4 - 789 = 3340,4 kv.m təşkil edir. Bütün razılaşmalara əsasən qalan torpaq sahəsinin ilkin miqdarı olan 4129,4 kv.m sahənin 15%i, yəni 619,41 kv.m hissəsi cavabdehə, qalan 4129,4 - 619,41 = 3509,99 kv.m hissəsi isə iddiaçının payına düşdüyündən və iddiaçı öz payından 789 kv.m hissəni 3-cü şəxsə satdığından iddiaçının payı 3509,99-789=2720,99 kv.m təşkil edir. Özəlləşdirmə başa çatandan sonra iddiaçı ona məxsus olmalı olan sahədə anbarlar tikmək niyyətilə ora Hümmətli Vəkil Həsən oğlu (ş/v 13034152, FİN 5U122ZG, ünvan: Tovuz rayonu, Əlimərdanlı kəndi) adlı usta göndərmişdir. Həmin usta özəlləşdirilən əraziyə gəlmiş, orada cavabdeh və digər şəxslər onu qarşılamış, ustanın nə üçün gəldiyini soruşduqdan sonra bildirmişlər ki, “bu ərazi İsa müəllimindir (iddiaçınındır), bizim narazılığımız ola bilməz”. Sonradan ustanın təklifetdiyi tikinti qiyməti iddiaçını qane etmədiyinə görə orada tikintini aparmamışdır. Göründüyü kimi göstərilən halda cavabdeh həmin ərazinin faktiki olaraq iddiaçının olduğunu ora gələn kənar şəxsə- ustaya şəxsən bildirmişdir. Bundan sonra dəfələrlə iddiaçı ona məxsus olan sahənin onun adına sənədləşdirilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçının əmlakda olan payını onun adına keçirməkdən yayınmağa başladı. Son olaraq cavabdeh belə təklif etdi ki, iddiaçının razılığı ilə əmlak satılsın, hər tərəf ona məxsus olan pay müqabilində öz pulunu götürsün. Lakin 2 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə gələn alıcılara əmlakı satmaqdan imtina edir. Özəlləşdirilmədən keçən 2 ildən artıq bir müddətdə obyekt satılmamışdır. Buna görə də iddiaçı cavabdehdən payların naturada ayrılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə məsuliyyətdən yayınır, öhdəliyini yerinə yetirmək istəmir. 21 avqust 2023-cü il tarixində cavabdeh iddiaçıya içərisində iddia ərizəsi və barışıq sazişi adlanan sənəd olan məktub göndərmişdir. Həmin məktubda iddiaçının bu iddia ərizəsində istinad etdiyi 2 haldan başqa bütün digər hallar təsdiq edilmişdir, belə ki, cavabdeh təsdiq etmişdir ki, tərəflər arasında özəlləşdirmə üzrə razılıq olmuş və iddiaçı 520.000 manat vəsaitlə özəlləşdirmədə şərik kimi iştirak etmişdir. 3-cü tərəfə onun 300.000 manat vəsaiti müqabilində ona 789 kv.m torpaq sahəsi verilmişdir. Cavabdehin göndərdiyi sənədlərdə işin hallarına aid vacib 2 məsələ isə təhrif edilmişdir, belə ki, cavabdeh özü-özünü təkzib etmiş, bir tərəfdən özəlləşmə üzrə 520.000 manat müqavilində iddiaçının şərik məsələsini razılaşdırdıqlarını bildirdiyi halda sonradan iddiaçının 220000 manat şəxsi vəsaitini guya ondan borc aldığını və üzərinə də əlavə 80000 manat əlavə edərək hissə-hissə qaytarmağa razı olduğunu bildirmişdir. İddiaçının vəsaitini cəlb etdiyi 3-cü şəxsin iddiaçıya aidiyyəti olmadığını, iddiaçının yalnız özünün qoyduğu şəxsi vəsaitinin müqabilində və yalnız cavabdehə məxsus 50% payın 1⁄2 hissəsinə şərik ola biləcəyini göstərmişdir. Cavabdeh bu məktubu ilə özü təsdiq etmişdir ki, özəlləşdirilmə üçün tələb olunan vəsaitdən onun tərəfindən şəxsi vəsaiti sərf edilməmiş, yalnız iddiaçının özünün və cəlb etdiyi 3-cü şəxsin vəsaiti ilə həmin daşınmaz əmlak özəlləşdirilmişdir. Göründüyü kimi, cavabdeh ilkin razılaşmanın bütün şərtlərini pozur, bütün özəlləşdirmə xərclərini 100% miqdarında iddiaçı çəkdiyi halda və cavabdehin bir manat olsa belə xərc çəkmədiyi halda cavabdeh iddiaçıya onunla razılaşdığı payı verməkdən imtina edir. Cavabdeh hətta o dərəcədə öhdəlikləri pozur ki, onların biri-birini tanımadıqları halda ona 220000 (iki yüz iyirmi min) manat guya borc verdiyini iddia edir. O, sahibkar adamdır, hər qəpiyi xərcləməmiş hərtərəfli fikirləşir, xərclənəcək pulun xeyir və ziyanını ölçüb-biçir, necə ola bilər ki, o, cavabdehi tanımadığı halda ona 220.000 manat borc verib, yəni cavabdehin onun ona borc verməyi haqqında söylədikləri cəfəngiyatdır. Hesab edir ki, cavabdeh mülki dövriyyənin iştirakçısı kimi başqasına ziyan vurmaqla varlanmaq niyyətindədir və onun bu niyyəti mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Əslində isə, özəlləşdirilən obyekt dövlət mülkiyyəti olduğundan və cavabdeh 3 nəfər kollektivlə orada dövlətin müəyyən etdiyi 15% paya malik olduğundan və iddiaçı özəlləşdirmə üçün tələb olunan bütün vəsaiti 100% miqdarında çəkdiyindən, cavabdeh isə bir manat olsun vəsait sərf etmədiyindən bu gün iddiaçı mübahisəli obyektin dövlətin kollektivə güzəşt etdiyi 15% paydan başqa qalan 85% hissəsinin formal mülkiyyətçisidir. Bu iddianı təsdiq edən tərəflər arasında çoxlu sayda WhatsApp yazışmaları vardır ki, bunlarda da cavabdeh onların şərik olduqları, onun icazəsi və razılığı olmadan əmlakın nə girov qoyulmasının, nə də satılmasının mümkün olmamasını bildirmişdir. Digər tərəfdən həmin WhatsApp yazışmalarında cavabdehlə aparılan söhbətlər, obyektin niyə satılmaması, cavabdehin hər dəfə bir bəhanə uydurması faktları öz əksini tapmışdır. Deyilənlərə görə hesab edir ki, cavabdeh mülki dövriyyənin iştirakçısı kimi öz vəzifələrini vicdanla yerinə yetirmir və onun niyyəti yalnız öz hüquqlarından sui-istifadə edərək mülki dövriyyənin digər iştirakçısına zərər vurmaqla varlanmaqdır. İddiaçının qardaşı İslam və cavabdeh arasındakı bəzi WhatsApp yazışmaları iddianın əsaslığını təsdiq edir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan reyestr nömrəsi **********5412301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan, 3340,4 kv.m (0,3340 ha) daşınmaz əmlak- torpaq sahəsi və onun üzərində tikililər üzərində iddiaçının və cavabdehin ümumi mülkiyyət hüququnun tanınması, həmin daşınmaz əmlak üzərində iddiaçının və cavabdehin ümumi mülkiyyətdə paylarının 85% iddiaçının və 15% cavabdehin olmaqla müəyyənləşdirilməsi və iddiaçının 85% payının naturada (faktiki olaraq) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili dəqiqləşdirmə barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, iddia ərizəsində buraxılmış texniki yanlışlığın düzəldilməsinin qəbul edilməsi haqqında bu ərizənin qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddia ərizəsində göstərilmişdir: Özəlləşdirilməyə tələb olunan 520.000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Şahid1 vasitəsilə 54.000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçı şəxsən 40.000 (15.000, 15.000 və 10.000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70.000 (50.000+20.000) manat vəsaiti, Şahid4 vasitəsilə 100.000 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236.000 manat vəsaiti və Şahid1 vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. Bu mətndə 2 yerdə texniki yanlışlığa yol verilmişdir: 1. İddiaçı şəxsən 40.000 (15.000,15.000 və 10.000) manat yox, iddiaçının nümayəndəsi Şahid2 40.000 (15.000, 15.000 və 10.000) manat.... olmalıdır. 2. Şahid1 vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat yox, Şahid1 sürücüsü Şahid3 vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat... olmalıdır. Göstərilənləri nəzərə alaraq, dəyişiklik edilən hissə aşağıdakı kimi olmalıdır: Özəlləşdirilməyə tələb olunan 520.000 manat tam olaraq iddiaçının vəsaiti və onun cəlb etdiyi 3-cü şəxsin vəsaiti olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq hərraca beh kimi Şahid1 vasitəsilə 54.000 manat vəsaiti cavabdehə göndərmiş, sonra iddiaçının nümayəndəsi Şahid2 40.000 (15.000, 15.000 və 10.000) manat vəsaiti bilavasitə kassaya cavabdehin adına keçirmiş, İsayev Elçin vasitəsilə 70.000 (50.000+20.000) manat vəsaiti, Şahid4 vasitəsilə 100.000 manat vəsaiti, Mustafayev Hikmət vasitəsilə 236.000 manat vəsaiti və Şahid1 sürücüsü Şahid3 vasitəsilə sənədləşmə işləri üçün 20.000 manat vəsaiti cavabdehə bilavasitə vermiş, cavabdeh də həmin vəsaitləri obyekt onun adına olduğu üçün öz adından banka ödəniş etmişdir. İddia ərizəsində göstərilən dəqiqləşmənin nəzərə alınmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bu məsələdə əvvəldən bəri qardaşı İddiaçıla birlikdə iştirak etmişdir. Onların Belarusiyada yaşayan Şəmsəddin adlı tanışı olmuş, sonuncu zəng edərək müəssisənin hərraca çıxarıldığını bildirmişdir. O, həmin məlumatın doğruluğuna əmin olduqdan sonra onlar görüşmüşlər və görüş zamanı Şəmsəddin hazırkı hərracın sonuncu hərrac olduğunu və oranı almağa imkanının olmadığını bildirmişdir. Torpaq sahəsi 41.3 sot olmuş, dövlət isə 540000 manat qiymətləndirmişdir. Başqa bir adam da oranı almaq istəmişdir. Həmin vaxt onlar dörd nəfər olmaqla, ümumilikdə 500000 manat pul verə biləcəklərini demişlər. Bu müəssisə yüz faiz dövlətə məxsus olmuşdur və kollektivə 15% (38000-40000 manat) dövlət tərəfindən güzəşt edilmişdir və onların adına özəlləşdirilmişdir. Onlar güləşçidirlər və aralarında söz kəsildisə, kişi kimi əməl edirlər və bir-birilərini aldatmazlar. Bunu sözü ona görə deyir ki, onlar 500000 manat pulu dörd nəfərə verəcəklərini razılaşmışlarsa, buna da əməl edəcəklər. O, beh kimi ilkin olaraq 54.000 manat pulu sürücü vasitəsilə cavabdeh İlqara vermiş, qardaşı İsa isə 15000, 15000 və 10000 manat olmaqla ümumilikdə 40000 manat pulu İlqara vermişdir, Elçin isə 100.000 manat pul vermişdir. Bundan başqa, Hikmət 230.000 manat pul vermişdir. Daha sonra çıxarışı alanda, 20.000 manat əlavə olaraq o, vermişdir. Tam 500.000 manat veriləndən sonra, 234.000 manata Hikmətə 8.9 sot verilmişdir. Bundan başqa, münasibətləri yaxşı olduğundan, İlqara şirinlik kimi təxminən 4000 manat pul vermişdir. 33.4 sot iki il qalmış və satılmamışdır. Bundan sonra onlar həmin sahənin qeyri-müəyyən vaxta satılacağını yəqin etdikdən sonra bölmək qərarına gəlmişlər. İlqar üçün ilkin ödənişi o, vermişdir. İlqar isə demişdir ki, o biri iki adamdan biri onun öz yoldaşı, digəri isə tanışıdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Elçin Vəliyevin işçisi olmuşdur. Belə ki, Elçin Vəliyev həmin sahənin 8.9 sotunu 234.000 manat müqabilində alan şəxsdir. Elçin müəllim 40.000 manat pulu ona vermişdir və o, “Kapitalbank”da həmin pulu özəlləşdirmə ilə bağlı şəxsən xatırlamadığı şəxsin adına köçürmüşdür.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İslam müəllimin həmin sahəyə 50.000 manat verdiyini görmüşdür. İslam müəllim İsanın qardaşıdır. 20.000 manatı isə “Sərin” restoranının qarşısında İslam İlqara vermişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əmisi oğlu Coşqun ilə İslam müəllimin iş birliyi vardır. O, ona verilmiş 100.000 manat pulu Aqillə birlikdə aparıb “Kapitalbank”-da İlqarın adına köçürmüşdür.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş İsaev Elchin (Gürcüstan vətəndaşı) ifadəsində göstərmişdir ki, İslam müəllim onunla birlikdə bizneslə məşğul olmuşdur. İslam müəllim ona 50.000 manat bir, 20.000 manat bir, 40.000 manat bir olmaqla, ümumilikdə 110.000 manat pulu ona vermiş, o isə Atatürk parkında “Paulo Bliss” kafesində İlqara vermişdir. İlqarı isə Məhyəddin adlı yoldaş vasitəsilə tanımışdır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 2733/2023 saylı qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5, 214.2, 214.4-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, iddiaçının özünün və digər şəxslərin hesabına əldə etdiyi 520.000 manatı dövlət əmlakının hərracda alınmasına sərf etdikdən sonra cavabdeh onun etibarından sui istifadə etmiş, qarşılıqlı razılıqla müəyyən olunmuş və iddiaçıya verilməli olan əmlakı verməkdən imtina etmiş, bununla da iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi baş vermiş, yəni cavabdeh hüquqdan suiistifadə etmişdir. Dövlət əmlakının hərracda alınmasına bir manat belə öz vəsaitini sərf etmədən o əmlakı iddiaçının vəsaiti hesabına əldə edən cavabdeh öz hüququndan yalnız iddiaçını aldatmaq üçün, yəni iddiaçıya ziyan vurmaq üçün istifadə etmişdir. Məhkəmə bu hala qiymət verməmişdir. iddiaçı və cavabdehin üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməməsi nəticəsində məhkəmə iddiaçının təqdim etdiyi bütün sübutları araşdırmamış, əlavə 2 şahid (Hümmətli Vəkil Həsən oğlu, X14) dindirilməmiş, cavabdehin iddiaçıya göndərdiyi və iddiaçının mövqeyini təsdiq etdiyi məktub və WhatsApp yazışmaları tədqiq edilməmişdir. Tərəflər arasında dövlət əmlakının cavabdehin adına iddiaçının vəsaiti hesabına hərracda alınması (özəlləşdirilməsi) və bundan sonra əmlakın 85%-nin iddiaçıya verilməsi haqqında şifahi əqd bağlanmışdır. Mülki Məcəllənin 329.3 maddəsinin tələbinə görə qanun tərəflər arasında şifahi əqdin qanuniliyini o halda tanıyır ki, bu tərəflərin rəftarından məlum olsun. İddia ərizəsinə əlavə edilən və cavabdeh tərəfindən iddiaçıya göndərilmiş etirafedici məktub, WhatsApp yazışmaları bilavasitə cavabdehin mülki məcəllənin tələb etdiyi şifahi əqdi təsdiq edən rəftarlarıdır. Məhkəmə bu hala qiymət verməmişdir. a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş və şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Proses iştirakçılarının izahatı

15. Apellyasiya baxışında iştirak edən iddiaçı verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, şikayətinin və iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.

16. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, şikayətinin və iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir.

17. Apellyasiya baxışında iştirak edən Cavabdeh və üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin təqdim etdiyi Whatsapp yazışmalarında payların müəyyən edilməsindən söhbət getmir və ümumiyyətlə o yazıların mötəbərliyi şübhə altındadır. İddiaçının hazırki iş üzrə payın müqabilində ödənildiyi iddia edilən 300.000 manat məbləğlə heç subyektiv hüququ yoxdur. Əgər pul verildiyini iddia edirlərsə, məhz həmin tələblə məhkəməyə müraciət etsin. Hazırki iş üzrə daşınmaz əmlak üzrəində mülkiyyət hüquqlarının tanınması ilə bağlı heç bir hüquqi əsas yoxdur.

18. Apellyasiya baxışında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin müəssisədə hazırki iş üzrə cavabdehdən də öncə işləmişdir. Belə bir söhbət onun yanında olmamışdır və razılaşmadan xəbəri yoxdur. Həmin yerin sahibi o, İlqar, onun həyat yoldaşı olmuşlar. İlkin ödəniş olaraq 13.000-15.000 miqdarında pulu o ödəmişdir. İddiaçının həmin yerə şərik olmasına razı deyil.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 24. 3-cü hissə. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

22. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur

24. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 27 Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

28. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

29. Maddə 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 387.2.4. Məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia təmin olunmamalıdır.

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

40. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan reyestr nömrəsi **********5412301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan, 3340,4 kv.m (0,3340 ha) daşınmaz əmlak- torpaq sahəsi və onun üzərində tikililər üzərində iddiaçının və cavabdehin ümumi mülkiyyət hüququnun tanınmasından ibarətdir. İş materiallarındakı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən də görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən 0.3340 torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh, X8 və X4 ümumi birgə mülkiyyətindədir.

41. Bu halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni mübahisəli əmlakın digər mülkiyyətçiləri - X8 və X4 hüquq və mənafelərinə toxunduğu halda sonuncuları işə cəlb etmədən həll etmişdir. Bu hal özü-özlüyündə MPM-in 387.2.4cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Qeyd edilən şəxslər apellyasiya baxışından müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

42. İşin digər halları ilə bağlı isə kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o, həmin əmlak kompleksinin özəlləşdirilməsi məqsədilə özəlləşdirmə xərclərini özünün çəkmişdir və buna görə də iddiası təmin edilməlidir. Cavabdeh tərəf isə iddianı qəbul etmir.

43. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.

44. Mülkiyyət hüququnun 2 əmələ gəlmə üsulu vardır və şəxsin əmlaka mülkiyyət hüququnun təsbit edilməsi üçün bu 2 əsasdan birinə sahib olmalıdır: ilkin və törəmə. İlkin üsul — əvvəllər heç kimə məxsus olmayan əşyaya mülkiyyət hüququnun yaranması və ya əşyanın əvvəlki mülkiyyətçisinin iradəsindən və hüquqlarından asılı olmadan mülkiyyət hüququnun əmələ gəlməsidir. Bu zaman əşyaya mülkiyyət hüququ ilk dəfə yaranır və ya əvvəlki mülkiyyətçinin iradəsindən asılı olmadan əmələ gəlir. Ona görə də burada tərəflərin razılığı tələb olunmur, qanun əsasında müəyyən edilir. Bu üsulla mülkiyyət hüququ yaranan mülkiyyətçi həmin hüququ tam əldə edir. Törəmə üsul isə – əmlakın əvvəlki mülkiyyətçisinin iradə ifadəsi ilə əmələ gəlir. Yeni mülkiyyətçinin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ həcmində olur. Törəmə üsullara isə mülki – hüquqi əqdlər üsulu, vərəsəlik qaydasında verilmə üsulu və əşyanın verilməsi üsulunu göstərmək olar.

45. Hazırki iş üzrə iddiaçı mübahisəli əmlaka öz mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, həmin hüququnun tanınmasına əsas ola biləcək yuxarıda qeyd edilən halların hansısa birinin mövcudluğuna dair əsaslı dəlillər irəli sürə bilməmişdir. Tərəflərin arasında mübahisəli əmlakdan ona da 85% həcmdə pay veriləcəyi barədə razılıq əldə edilməsi barədə razılıq əldə edildiyi iddia edilsə də, bu razılığın özü də qanunvericiliklə müəyyən edilmiş formada bağlanmış hər hansı əqdlə rəsmiləşdirilməmişdir.

46. Təsadüfi deyil ki, mülki qanunvericilik daşınmaz əmlakla bağlı olan və hüquqi nəticələrə səbəb ola biləcək əqdlərin yazılı formada və notarial qaydada təsdiqlənərək bağlanmasını zəruri bilmişdir.

47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, xüsusi mülkiyyət kimi qeydə alınmış, cavabdehə və digər üçüncü şəxslər X8 və X5 məxsus - Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan reyestr nömrəsi **********5412301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021 olan, 3340,4 kv.m (0,3340 ha) daşınmaz əmlak- torpaq sahəsi və onun üzərində tikililər üzərində iddia tələbində göstərilən qaydada mülkiyyət hüququnun tanınması və payların müəyyən edilməsi yolverilməzdir.

49. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia təmin olunmamalıdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 2733/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar