Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2142/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: artıq ödənilmiş pulun qaytarılması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2022 saylı 09 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2007-ci il tarixli 5221 və 5222 saylı müqavilələrə əsasən “Satıcı” Bakı şəhərində Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi inşa etdirdiyi 8 saylı binanın 1 blok, 155 və 156 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 82,11 kv.metr olan iki mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə “Alıcı”ya təhvil verməyi, sonuncu isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və hər mənzilə görə müvafiq olaraq 43.600,65 manat və 41.876,10 manat (hər kv.m üçün 531 manat və 510 manat olmaqla) məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışlarına əsasən hər iki mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışların surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 məhəllə, ev 8, 186 və 187 mənzil (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 22, M17, m6 və m7) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2020-ci və ********** nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, 10/4272 saylı rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 156 saylı və Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 155 saylı mənzilin hər birinin ümumi sahəsi ayrı-ayrılıqda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 70,9 kv.m təşkil edir. Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 156 saylı 2 otaqdan ibarət və Bakı şəhəri Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 155 saylı 2 otaqdan ibarət mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 82,11 kv.metr təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-yə 5221 saylı müqaviləyə əsasən əlavə olaraq tərəfindən ödənilmiş 5.952,51 manat, 5222 saylı müqaviləyə əsasən isə əlavə olaraq ödənilmiş olan 5.717,1 manat olmaqla, ümumilikdə hər iki müqaviləyə əsasən tərəfindən artıq ödənilən cəmi 11.669,61 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında xx.xx.2007-ci il tarixli 5221 nömrəli müqavilə ilə ünvan 1 ünvanında yerləşən “UĞUR 2” yaşayış kompleksində olan bina 8, blok 1, 155 saylı mənzili və 5222 nömrəli müqavilə ilə ünvan 1 ünvanında yerləşən “UĞUR 2” yaşayış kompleksində olan bina 8, blok 1, 156 saylı mənzili almışdır. Qeyd edilən hər iki müqavilənin 1.1-ci bəndinə əsasən 8 saylı binanın 1 blok, 155 saylı 2 otaqdan ibarət mənzilinin ümumi yaşayış sahəsi 82,11 kv.m və eynilə 8 saylı binanın 1 blok, 156 saylı 2 otaqdan ibarət mənzilinin ümumi yaşayış sahəsi 82,11 kv.m olaraq qeyd edilmişdir. 5221 saylı müqavilənin 3.2.2.1-ci bəndinə əsasən isə 82,11 kv.m-in kv.m-i üçün 531 manat olmaqla, cəmi 43.600,65 manat ödəniş nəzərdə tutulmuşdur. 5222 saylı müqavilənin 3.2.2.1-ci bəndinə əsasən isə 82,11 kv.m-in kv.m-i üçün 510 manat olmaqla, cəmi 41.876,1 manat ödəniş nəzərdə tutuİmuşdur. Eyni zamanda, xx.xx.2008-ci il tarixli 2780 və 2781 nömrəli maliyyə arayışlarına əsasən məbləğlər tam şəkildə ödənilmişdir. Lakin həmin mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş olan çıxarışa əsasən daşınmaz əmlakın 155 və 156 saylı mənzilə dair hər biri üçün ayrılıqda ümumi sahəsi 70,90 kv.m olaraq göstərilmişdir. Eyni zamanda, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 8, m.186 və 187, yeni qaydada: ünvan 2 ünvanları verilmişdir. Hər iki mənzilə dair müqavilədə qeyd edilən kv.m-lə çıxarışla təsdiq olunan ümumi sahə arasında kifayət qədər fərqlər mövcuddur. Hesab edir ki, bu onun hüquqlarını kobud şəkildə pozaraq, ona maddi ziyan vurmaqdadır. Belə ki, sadə riyazi hesablama qaydası ilə 22,42 kv.m fərq yaranır ki, bu hər mənzilə görə 11,21 kv.m üçün əlavə pulun tərəfindən ASC-yə ödənilməsini göstərir. Bundan əlavə, həmin evlər bir biri ilə divar qonşusudur. Buna baxmayaraq hər iki evdə 1 arakəsmə, divara görə əlavə kv.m hesablanaraq pul ödətdirilmişdir. Ümumiləşdirmə aparanda müəyyən olur ki, müqavilələrə uyğun olaraq: 5221 saylı müqavilədə əlavə olaraq 5.952,51 AZN, 5222 saylı müqavilədə isə əlavə olaraq 5.717,1 AZN pul ödənilmişdir. Qeyd olunanlara əsasən ümumilikdə cəmi hər iki müqaviləyə əsasən tərəfindən 11669,61 AZN artıq pul ödənilmişdir. Hesab edir ki, həmin əlavə ödənilmiş məbləğ geri qaytarılmalıdır.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli 5221 və 5222 saylı alqı-satqı müqavilələri əsasında 2 mənzil (Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi bina 8, blok 1, 155 və 156 saylı mənzilləri) almışdır. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Qeyd olunan bina layihə əsasında inşa edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2012-ci ildə təsdiq olunmuşdur. Mənzillərin sahəsi mövcud ölçmə qaydaları əsasında hesablanaraq 155 və 156 saylı mənzillərin sahəsi 82,11 kv.m müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən bir qayda olaraq mənzillərin sahəsini alqı-satqı müqavilələrində layihədə qeyd olunan sahələrə uyğun göstərir. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar(verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu maddəsinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı-satqı müqavilələrində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmir. Eyni zamanda, cavabdeh mənzilləri bir qayda olaraq kvadrat metrlə deyil, vahid qiymətlə satır. Mənzilin sahəsi alqı-satqı müqavilələrində bu günkü qaydalarla ölçülərək 70,90 kv.m göstərilmiş olsaydı da mənzilin qiyməti dəyişməyəcəkdi. Tərəflərin razılığı ilə xx.xx.2007-ci il tarixli 5221 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndində 155 saylı mənzilin qiyməti 43.600,65 manat, xx.xx.2007-ci il tarixli 5222 saylı alqı-satqı müqaviləsinin 2.1-ci bəndində 156 saylı mənzilin qiyməti isə 41.876,1 manat müəyyən edilir. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilir.
8. Cavabdeh "xxxx" ASC tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə də təqdim edilmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli 5221 və 5222 saylı alqı-satqı müqavilələri əsasında 2 mənzil (Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi bina 8, blok 1, 155 və 156 saylı mənzilləri) almışdır. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. 14 ildən sonra onun əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 5221 nömrəli xx.xx.2007-ci il tarixli və 5222 nömrəli xx.xx.2007-ci il tarixli müqavilələr üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin 1.1-ci bəndlərinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 82,11 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilələr üzrə müvafiq mənzillərin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 82,11 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisənin kökündə duran mənzillərin sahələri məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 82,11 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 70,90 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 82,11 kv.metr təşkil edir.
12. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə hüquqi qiymət verərək həmçinin bildirmişdir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan təmin tələbə iddia müddəti şamil edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 437.1, 568.1. 577.1, 578.1 və 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sadə riyazi hesablama qaydası ilə 22,42 kv.m fərq yaranır ki, bu hər mənzilə görə 11,21 kv.müçün əlavə pulun tərəfindən ASC-nə ödənilməsini göstərir. Bundan əlavə, həmin evlər bir biri ilə divar qonşusudur. Buna baxmayaraq hər iki evdə 1 arakəsmə, divara görə əlavə kv.m hesablanaraq pul ödətdirilmişdir. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Qeyd edilən müqavilədə şərtlər müəyyənləşdirilib, lakin yekun olaraq qismən təhvil verilmə olsa da müqavilə şərtləri tam şəkildə yerinə yetirilməmişdir. (Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir) və buna müvafiq olaraq AR Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli Qərarıilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablanır. Həmin normativ hüquqi aktın 3-cü (Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin və tikinti həcminin hesablanması) bəndində göstərilir ki: 3.2. Yaşayış binasında otaqların və digər yerləşmələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isitmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir; 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir; 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) 1.0 azaltma əmsallarına vurulmaqla hesablanır. Göründüyü kimi, qanunvericilikdə və aidiyyəti normativhüquqi aktlarda “divaraltı sahə” anlayışı yoxdur. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Məhkəmə tərəfindən xüsusi olaraq müqavilədə qeyd edilmiş, yəni yaşayış sahəsinin 82.11 kv.m olması nəzərə alınmamışdır. Müqavilədə mənzilin yaşayış sahəsinin məhz 82.11 kv.m olması məhkəmənin nəzərindən yayılmış haldır ki, bu da iddiaçının hüquqlarının kobud pozuntusudur. İş üzrə məhkəmə ekspertiza rəyi alınmış olsa da, rəyə məhkəmə tərəfindən verilmiş olan münasibət əsaslı olmamışdır. Bu isə faktiki olaraq iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, müqavilə predmeti olan iki mənzili 2007-ci ildə almışdır. Mənzillərin ortaq divarı vardır. "xxxx" ASC ona ölçülər barədə deyil, mənzillərin sahəsi barədə məlumat vermiş, o da, cavabdehin dövlətə bağlı qurum olduğunu nəzərə alaraq deyilənlərə inanmışdır. 2010- 2011-ci ildə təmirə başlamış, təmir zamanı ölçülərin fərqli olmasını müəyyən edə bilməmişlər. Bunu mənzillərə dair çıxarışı aldıqdan sonra müəyyən edə bildi. İxtisasca inşaatçıdır. 17.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli 5221 və 5222 saylı alqı-satqı müqavilələri əsasında 2 mənzil (Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi bina 8, blok 1, 155 və 156 saylı mənzilləri) almışdır. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən iddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. 14 ildən sonra onun əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Həm də iddiaçı iddia müddətini ötürmüşdür.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 23.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdətutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 26.762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki,podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 27.762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğungəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 28.776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbuledildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin
29.59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30.59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 31.59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
32.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura KomitəsininKollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçiotaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
33.Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia, iddia müddətinin tətbiqi əsası ilə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir.
35. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən, iddiaçının sahibliyinə və istifadəsinə verilməli olan mənzillərin ümumi sahəsi 82,1 kv.metr kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlara əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus daşınmaz əmlakın (hər birinin) ümumi sahəsi 70,90 kv.m kimi qeyd edilmişdir.
36. Sözügedən mənzillərin ümumi sahəsini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 8 saylı evin 155 və 156 saylı mənzillərinin hər birinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ümumi sahəsinin 70,9 kv.m, mənzillərin divarlarının və arakəsmələrin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə - 82,1 kv.m, azalma əmsalı tətbiq edilməməklə - 73,2 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
37. Göründüyü kimi birinci instansiya məhkəməsi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan ölçüdə olması qənaətinə gəlməklə, işin həqiqi hallarıını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4272 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 8 saylı evin 155 və 156 saylı mənzillərinin hər birinin müvafiq azaltma əmsallara vurulmamış ümumi sahəsinin ölçüsü 82,1 kv.m deyil, 73,2 kv.m təşkil edir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2007-2010-ci illərdə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Çünki iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsi hesablanarkən azaltma əmsalları tətbiq olunmadıqda həmin mənzilin faktiki sahəsinin 73,2 kv.metr təşkil etdiyi müəyyən olunur və bu ölçü mənzillərin faktiki sahəsinin müqavilədə göstərilən sahəsindən 8,9 kv.m (82,1-73,2) azdır. Lakin əsaslı olan hazırki iddia iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən rədd olunmalıdır.
39. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır.
40. Belə ki, mübahisəli müqavilələrin alğı-satqı müqaviləsi kimi adlandırılmasına baxmayaraq, bu müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.
41. Beləliklə iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır.
42. Bununla yanaşı kollegiya qeyd etməyi zəruri sayır ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 14 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzilləri təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olmuşdur.
43. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.
44. Tərəflər arasında bağlanmış 29 dekabr 2007-ci il tarixli müqavilələrin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı 24 ay müddətində təhvil verəcək. Məhkəmə baxışı zamanı ixtisasca inşaatçı olan iddiaçı verdiyi izahatında göstərmişdir ki, o, mübahisəli mənzilləri çıxarış alınmamışdan əvvəl 2010-2011-ci ildə təmir etməyə başlamışdır.
45. Məhkəmə kollegiyası iddiaçının mənzillərin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlil ilə əlaqədar qeyd edir ki, iddiaçının özünün də bildirdiyi kimi, o, həmin mənzilləri 2010-2011-ci ildə təmir etməyə başlamışdır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
46. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını işin hallrına uyğun şəkildə tətbiq etməmiş, hazırkı mübahisəni həll edərkən aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmişdir.
47. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov