Məhkəmə qərarları › İş №2(103)-2143/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2143/2021

22.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2143/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(002)-2138/2020 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı Şəhəri 54 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi küçəsi, 18 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin (əvvəllər “xxxx” Avtotexniki Xidmət Müəssisəsi olmuşdur) cavabdeh (bağışlayan) Cavabdeh1 ilə cavabdeh (hədiyyə alan) Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 54 saylı Notariat Ofisində rəsmiləşdirilərək 4Ə/374 reyestr nömrəsi ilə qeydə alınmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi və mübahisəli daşınmaz əmlak kompleksinin 1/4 hissəsi üzərində onun (iddiaçının) mülkiyyət hüququnun tanınması, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaitinin 1/4 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək mübahisəli daşınmaz əmlak kompleksinin, Cavabdeh1 mülkiyyətində olan “Toyota Avensis” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı və “Nissan Sentra” markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoymaqla, özgəninkiləşdirilməsinin Cavabdeh1 və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizənin qismən təmin edilməsini, mübahisəli daşınmaz əmlak kompleksinin özgəninkiləşdirilməsinin Cavabdeh1 və digər şəxslərə qadağan edilməklə, əmlak kompleksinin üzərinə həbs qoyulmasını, qalan hissədə ərizənin təmin edilməməsini qərara almışdır. Cavabdeh2 qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin bir hissəsi Rayon Məhkəməsinin qərardadı ilə təmin edilməsə də iddiaçı həmin qərardaddan şikayət verməmişdir. Cavabdeh2 qərardaddan verdiyi şikayətdə qərardadın tam ləğv edilməsi və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin tam rədd edilməsi xahiş edilsə də, şikayətin məzmunundan və Cavabdeh2 vəkili (nümayəndəsi) Nümayəndə izahatından məlum olur ki, Cavabdeh2 qərardadı qismən, yəni mübahisəli daşınmaz əmlak kompleksinin özgəninkiləşdirilməsinin qadağan edilməklə, əmlakın üzərinə həbs qoyulması barədə hissədə mübahisələndirir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin bir qisminin təmin edilməməsi barədə nəticəsi hazırki apellyasiya baxışının predmetini təşkil etmir. Şikayətin hazırki apellyasiya baxışının predmetini təşkil edən hissəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, mübahisəli daşınmaz əmlaka dair bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsini tələb etsə də, bu tələb əsassızdır; tələbin hüquqi əsası yoxdur. Lakin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsini və üzərinə həbs qoyulmasını qərara almış, bununla da, əmlakın mülkiyyətçisi olan Cavabdeh2 mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir. Belə ki, iddianın təmini tədbirlərinin həyata keçirilməsinin əsasları müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157-ci maddəsinə görə, hakim işdə iştirak şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3.). Məhkəmə bildirir ki, iddianın təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir ki, həmin tədbir əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Başqa sözlə, görülməsi tələb edilən həbs növündə iddianın təmini tədbiri müəssisə kimi fəaliyyət göstərən əmlak sahibi olan və ondan istifadə edən, habelə həmin müəssisədə işləyən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli əmlak barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir əmlakın özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Lakin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardad ilə mübahisəli daşınmaz əmlak kompleksinin özgəninkiləşdirilməsinə qadağa qoysa da, eyni zamanda əmlakın üzərinə həbs də qoymuşdur ki, Məhkəmənin mövqeyinə görə, həbsin qoyulmasına artıq ehtiyac qalmamışdır. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni mübahisəli daşınmaz əmlak kompleksinin üzərinə həbs qoyulması hissəsində ləğv edilməli və “iddianın təmini tədbirinin görülməsi barədə” iddiaçının ərizəsinin həmin hissəsinin təmin edilməməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 261, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi küçəsi, 18 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin (əvvəllər “xxxx” Avtotexniki Xidmət Müəssisəsi olmuşdur) üzərinə həbs qoyulması hissəsində ləğv edilsin və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin həmin əmlakın üzərinə həbs qoyulması hissəsində təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi küçəsi, 18 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin (əvvəllər “xxxx” Avtotexniki Xidmət Müəssisəsi olmuşdur) özgəninkiləşdirilməsinin Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar