Məhkəmə qərarları › İş №2(103)-2185/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2185/2022

22.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2185/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6231/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan cehiz əmlaklarının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehlə barışdığını bildirib, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2(010)-6231/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(010)-6231/2021 nömrəli qərardadının ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə müraciət edərək, guya onunla barışdığını yalandan yazaraq məhkəməni aldadaraq sənədləri geri götürmüşdür. Halbuki, iddiaçı ailədə ona xəyanət etdiyinə görə nikahları məhkəmə qaydasında pozulmuş və nikahın pozulmasına dair hər ikisi şəhadətnamə almışdır. İddiaçı yaşadıqları ünvandan 2020-ci ilin avqust ayından getmişdir, cavabdeh dəfələrlə ondan əmlaklarını götürməsini tələb etsə də, könüllü qəbul etməmişdir. Cavabdeh şəxsi mülkiyyət hüququ əsasında məxsus olan evini 2020-ci ilin avqust ayında iddiaçı H. Ağayevaya bağışlamış, hal-hazırda evin bağışlanma müqaviləsinin ləğv edilməsinə dair mübahisəyə Bakı şəhər Yasamal rayon Məhkəməsində baxılır. Hesab edir ki, cavabdeh iddiaçının əmlaklarını verir, ona görə də iddiaçının cavabdehlə barışmaqlarına dair yalan məlumatı əsasında məhkəmənin iddia ərizəsinin geri qaytarılmasına dair qərardadı ləğv etməli, işə mahiyyət üzrə yenidən baxmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli, 2(010)-6231/2021 saylı qərardadı ilə Cavabdeh şikayəti geri qaytarılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2(010)-6231/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və şikayətə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinə əsaslanaraq şikayəti geri qaytarmaqla həmin Məcəllənin 268 və 269-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 05 yanvar 2022-ci il tarixli qərardadda istinad etdiyi əsaslarla şikayəti geri qaytarmaqla, bir qərardadla 3 fərqli hüquqi nəticə doğuran qərar qəbul etmişdir. Hakim qərardaddan verilmiş şikayət üzrə prosessual qanunvericiliklə müəyyən edilmiş hüquqi nəticələrdən birini qəbul etməli olduğu halda qanunla müəyyən edilməmiş fərqli nəticəyə gəlməklə, mübahisələndirilən qərardadı dəyişdirmədən saxlamış və şikayətə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Halbuki, hakim şikayətin geri qaytarılması barədə qərar qəbul etdiyi təqdirdə həmin qərardaddan iş üzrə tərəfin şikayət vermək hüququnu ona izah etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərardad məhkəmənin 23.11.2021-ci il tarixli qərardad olsa da, hakim 05.01.2022-ci il tarixli qərardadla fərqli mövqelər göstərdiyindən, cavabdehin şikayəti qismən təmin edilməli, məhkəmənin sonuncu qərardadı ləğv edilərək, cavabdehin şikayətində qeyd olunan hallar araşdırılmaqla şikayətə təkrarən mahiyyəti üzrə baxılıb həll edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.01.2022-ci il tarixli, 2(010)-6231/2021 saylı qərardadı ləğv edilsin. Şikayətə təkrarən mahiyyəti üzrə baxılması məsələsinin həlli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2(010)-6231/2021 saylı qərardadına hüquqi qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar