Məhkəmə qərarları › İş №2(103)-2192/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2192/2025

16.04.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2192/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: ödənilmiş pulun geri qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-483/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X12 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №- li podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən podratçı Cavabdeh1 MMC müqavilədə göstərilən işləri icra etməyi və işlərin nəticəsini müqavilədə müəyyən olunmuş qaydada sifarişçi İddiaçı təqdim etməyi, sifarişçi isə işləri qəbul edib, müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən «Podratçı» müqavilə ilə müəyyən edilmiş işləri özünün vəsaiti hesabına, özü tərəfindən cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla yerinə yetirəcəkdir. Müqavilənin 2.4.2-ci maddəsinə əsasən podratçı müqavilə ilə müəyyən edilmiş işləri xx.xx.2023-cü il tarixinədək yerinə yetirmək və işləri qəbul etmək üçün tam hazır vəziyyətdə sifarişçiyə təhvil verməlidir.

2. Tərəflər arasında bağlanmış sərbəst qiymətlərin razılaşdırılması protokoluna əsasən xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li müqavilə üzrə mənzilin tam təmiri üçün 32.000 manat qiymət müəyyənləşdirilmişdir.

3. Müqaviləyə əlavə olunmuş cədvəldən görünür ki, görüləcək işin dəyərinin 36 ay müddətinə ödənilməsi nəzərdə tutulmuş və ilkin olaraq 8000 manat avans Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X12 tərəfindən qəbul edilmişdir.

4. Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, 14102 №-li müqavilə üzrə 8000 manat avans Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru X12 tərəfindən qəbul edilmişdir.

5. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 MMC-yə) ödənilmiş 8000 manat pulun geri qaytarılması, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

6. X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 MMC ilə vətəndaş İddiaçı arasında bağlanmış 22 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, müqavilə üzrə, müqavilədə qeyd olunan mənzilin təmir olunmasından ötrü, Cavabdeh1 MMC tərəfindən təmir işləri üçün aşağıda qeyd olunan xərclər çəkilmişdir: 1. Dizayn işi-1400 (min dörd yüz) AZN. 2. Söküntü işləri müddətində (11 gün) 3 nəfər canlı qüvvənin işləməsi üçün çəkilmiş xərc- 825 (səkkiz yüz iyirmi beş) AZN. 3. Elektrik işləri (canlı qüvvə)- 200 (iki yüz) AZN 4. Sement (30 ədəd), çatdırılma və boşaldılma - 295 (iki yüz doxsan beş) AZN. 5. işçi qüvvəsinin geyim ləvazimatları və tikinti alətləri- 60 (altmış) AZN. Cəm məbləğ: 2780 (iki min yeddi yüz səksən) AZN.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 22 avqust 2023-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında ödənilmiş 8000 manat pulun cavabdehlər Cavabdeh1 MMC (VÖEN **********) və Cavabdeh2 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə təqdim edərək, Cavabdeh1 MMC arasında bağlanmış 22 avqust 2023-ci il tarixli müqavilə əsasında ödənilmiş 8000 manat pulun cavabdehlər Cavabdeh1 MMC (VÖEN **********) və Cavabdeh2 MMC-dən (VÖEN **********) müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh qarşısında müqavilə üzrə icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Mənzilin təmir işlərinin dəyəri tam olaraq ödənildiyindən cavabdehdən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək mənzildə görülməli olan təmir-tikinti işlərinin görülməsini tələb etməyə başlamışdır. Lakin müqavilə bağlanmasından artıq uzun müddət keçməsinə baxmayaraq cavabdeh təmir işlərinə başlamamış, dəfələrlə müraciət etməyinə baxmayaraq təmir işlərinin həyata keçirilməsini tələb etmək üçün kimə müracət olduğunu belə müəyyənləşdirə bilmir. Bundan sonra cavabdeh “İnci- inşaat MMC”, qəbzdəki möhürdə Cavabdeh2 MMC qeyd edildiyindən hər iki MMC-yə müraciət edərək evin təhvil verilməsini və təmir işlərini yerinə yetirilməsini tələb etmişdir. Lakin cavabdeh mənzildə təmir işləri aparmaqdan, mənzili təhvil verməkdən imtina etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə yazılı şəkildə müraciət edərək müqavilə predmeti olan fərdi yaşayış evində təmir işləri aparılmasının təmin edilməsini tələb etməyinə baxmayaraq müraciətinə hər hansı formada cavab verilməmişdir. Podratçı olaraq cavabdehlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, təmir-tikinti işlərini görərək təhvil verməkdən boyun qaçırır və mənzildə təmir işləri aparmağa müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-483/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən 8000 (səkkiz min) manat məbləğində pulun müştərək qaydada İddiaçı xeyrinə tutulması, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 389.1-389.3, 399.1, 427.3, 427.4, 442, 448, 752.1, 753.1, 755, 759.2, 762.1- 762.4, 769, 776-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarına, 6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarına, N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh1 MMC-yə aid hissədə ləğv edərək, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(010)-483/2024 saylı qətnaməsi İddiaçı ilə Cavabdeh1 MMC-yə heç bir aidiyyatı olmayan X12 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №-li podrat müqaviləsinə əsaslanmışdır. Aşağıda qeyd edilənlələrə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsassız olduğuna görə Cavabdeh1 MMC hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Cavabdeh1 direktoru (qanuni təmsilçisi) X4r. X6 Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini imzalamamış, X7 Cavabdeh1 adından hər hansı bir müqavilə imzalamaq səlahiyyəti olmamış, Cavabdeh1 X12 adlı işçisi olmamışdır. Cavabdeh1 fəaliyyətini çoxdan dayandırmış, heç bir fəaliyyətlə məşğul olmamış, Cavabdeh1 İddiaçı ilə bağlanmış müqavilə barəsində heç bir məlumatı olmamışdır. İddiaçı və X12 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsində hüquqi şəxsin adı Cavabdeh1 kimi göstərilsə də vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) kimi ********** nömrəsi göstərilmişdir ki, bu VÖEN Cavabdeh1nə aid deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Göründüyü kimi sözügedən müqavilədə bilərəkdən və ya səhvən Cavabdeh1 MMC-nin adı yazılmış, lakin əslində isə həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında imzalanmışdır. Belə ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən ********** VÖEN "xxxx" MMC-yə aiddir və X12 da "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisidir. Məhkəmə öz qətnaməsində xx.xx.2023-cü il tarixli 14102 №-li podrat müqaviləsinə, müqaviləyə əlavə olunmuş cədvələ və ödəniş qəbzinə sübut kimi istinad etsə də, həmin sənədlərin başqa hüquqi şəxslərin adından tərtib edilməsinə, lakin bir başqa hüquqi şəxsin möhürü ilə təsdiq edilməsinə əhəmiyyət verməmişdir. Belə ki, Cavabdeh1 MMC-nin adından imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi, "xxxx" MMC-nin adından tərtib edilmiş 367957 nömrəli X17, xx.xx.2023-cü il tarixli, 14102 №-lipodrat müqaviləsinə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolu "xxxx" MMC-nin direktoru X12 tərəfindən imzalanmış və Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə həmçinin öz qətnaməsində xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini imzalayan X8 Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru kimi istinad etmişdir. Qanunvericiliyin tələbinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Yəni Cavabdeh1 MMC-nin adından yalnız onun təmsilçisi müqavilə imzalamaq səlahiyyəti vardır və məhkəmə X8 Cavabdeh1 MMC-nin (Cavabdeh2 MMC-nin) direktoru kimi istinad edən zaman heç bir rəsmi məlumata istinad etməmişdir. Halbuki, hamıya açıq olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da görünür ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X6 və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi isə X2r, yəni X12 nə Cavabdeh1 MMC-nin nə də ki,Cavabdeh2 MMC-nin qanuni təmsilçisi deyil, X12 "xxxx" MMC-nin qanuni təmsilçisidir. Beləliklə də qeyd edilənlərdən də görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi həmin müqaviləni imzalamaq səlahiyyəti olmayan X12 tərəfindən imzalandığına görə həmin müqavilə əhəmiyyətsizdir və həmin müqaviləyə əsasən ödənilmiş pul vəsaiti X12 tərəfindən qəbul edildiyinə görə əhəmiyyətsiz bir müqaviləyə əsasən başqa bir şəxs tərəfindən alınmış pul vəsaiti Cavabdeh1 MMC-dən tələb edilə bilməz. Cavabdeh1 MMC-nin adından imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi Cavabdeh1 MMCnin qanuni təmsilçisi tərəfindən imzlanmadığına görə həmin müqavilə Cavabdeh1 MMC üçün heç bir mülki hüquq və ya vəzifələr yarada bilməz. Çünki hüquqi şəxsin adından imza etmək səlahiyyəti yalnız hüquqi şəxsin vergi orqanında qanuni təmsilçisi kimi qeydiyyata alınmış şəxsə məxsusdur, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hazırki işin hallarından da görünür ki, xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsini imzalayan X7 Cavabdeh1 MMC-nin adından müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Yəni əqdin subyekt tərkibinə dair şərtlər pozulmuş, bu əqdi Cavabdeh1 MMC-nin adından imzalamaq səlahiyyəti olmayan bir şəxs imzaladığına görə bu əqd əhəmiyyətsizdir. Məhkəmə xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsi üzrə yaranan tələbə baxan zaman həmin müqavilənin əhəmiyyətli olub-olmamasını araşdırmalı idi, lakin məhkəmə həmin müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını, müqavilədə nəzərdə tutulan rekvizitlərin (VÖEN-nin) Cavabdeh1 MMC-yə aid olmamasını nəzərə almamışdır. Məhkəmənin qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC olmuş, məhkəmə sübutlardan biri kimi Cavabdeh1 MMC-nin direktoru kimi X7 vəkili və nümayəndəsi Vəkil etirafedici ərizəsinə istinad etrmişdir. Halbuki, Cavabdeh1 MMC-nin də qanuni təmsilçisi X6 olduğuna görə bu ərizə yalnız şəxsən onun tərəfindən və ya onun tərəfindən etibarnamə verilmiş şəxs tərəfindən imzalanmalı idi. Başqa şəxsə bu səlahiyyət isə yalnız qanuni yolla, yəni həmin şəxsin vergi orqanında qanuni təmsilçi kimi qeydiyyata alındıqdan sonra verilə bilər. X12 bu işdə cavabdeh deyil, onun tərəfindən vəkilə notarial qaydada verilmiş etibarnamə cavabdeh qismində olan Cavabdeh1 MMC-nin adından verilmiş etibarnamə hesab edilə bilməz və məhkəmə Vəkil tərəfin nümayəndəsi kimi, onun ərizəsinə də cavabdehin etirafı kimi istinad edə bilməzdi. Hər bir halda məhkəmə ərizəni verən şəxsin səlahiyyətini təsdiq edən sənədi tələb etməli idi. Hüquqi şəxsin rəhbərinin səlahiyyəti isə yalnız vergi orqanından verilmiş hüquqi şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması barədə reyestrdən Çıxarış hesab edilir. Ümumi yığıncağın qərarı ilə hər hansı bir şəxsin rəhbər təyin edilməsi yalnız o zaman qüvvəyə minir ki, həmin rəhbər qanuni təmsilçi kimi vergi orqanında qeydiyyata alınır. Əgər həqiqətən də məhkəmə Cavabdeh1 MMC-nin həqiqi nümayəndəsini məhkəməyə dəvət edib, məhkəmədə iştirakını təmin edilsə idi, iş üzrə araşdırılmayan bir çox hallara aydınlıq gətirilə bilərdi. İş materiallarında məhkəməyə təqdim edilmiş bütün sübutların qarışıq olmasına, yəni İddiaçı və X12 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 14102 №-li podrat müqaviləsində hüquqi şəxsin adının Cavabdeh1 kimi göstərilməsinə baxmayaraq, məhkəmə müqavilədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) kimi ********** nömrəsi göstərilməsinə, bu VÖEN Cavabdeh1nə deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmasına əhəmiyyət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki halları aydınlaşdırmamışdır. Halbuki, sözügedən müqavilədə bilərəkdən və ya səhvən Cavabdeh1 MMC-nin adı yazılmış, əslində isə həmin müqavilə"xxxx" MMC ilə İddiaçı arasında imzalanmışdır. Çünki Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən ********** VÖEN "Z-ZİRVƏ İNŞAATM" MC-yə aiddir və həmin müqaviləni imzalayan X12 da "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisidir. İddiaçı iddia ərizəsinə Cavabdeh1nə dair Kommersiya qurumlarının dövlət reyestri məlumatlarını əlavə etmiş, həmin məlumatda Cavabdeh1 qanuni təmsilçisinin X6 olması göstərilsə də, məhkəmə bu sübuta aydınlıq gətirmədən Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) kimi X9 göstərmişdir. Eyni zamanda məkhəmə xx.xx.2023-cü il tarixli 14102 №-li podrat müqaviləsinin, Müqaviləyə əlavə olunmuş cədvəlin və Ödəniş qəbzinin başqa hüquqi şəxslərin adından tərtib edilməsinə lakin, bir başqa hüquqi şəxsin möhürü ilə təsdiq edilməsinə əhəmiyyət verməmişdir. Həmçinin məhkəmə xx.xx.2023-cü il tarixli 14102 №-li podrat müqaviləsinə əsas sübut kimi istinad etsə də həmin müqavilənin əhəmiyyətli olubolmaması halını aydınlaşdırmamışdır. Yəni məhkəmə hüquqi şəxsin adından tərtib edilmiş bir müqaviləni həmin hüquqi şəxsi qanuni surətdə təmsil edən şəxs tərəfindən imzalanıbimzalanmamasını aydınlıq gətirməli idi. Məhkəmə öz qətnaməsi ilə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən 8000 (səkkiz min) manat məbləğində pulun müştərək qaydada İddiaçı xeyrinə tutulmasını qət etsə də, Cavabdeh1 MMC-nin hesabına 8000 manat məbləğində pul vəsaitinin keçməsi heç bir sənədlə sübuta yetməmiş, qeyd ediən pul vəsaitinin "xxxx" MMC-nin adından tərtib edilmiş 367957 nömrəli X16 "xxxx" MMC-nin kassasına mədaxil edilməsi və həmin orderin Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilməsi sübuta yetmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

20. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

21. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.

23. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

26. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

32. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

33. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

34. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

35. Maddə 762.1 Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

36. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

37. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

38. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

39. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

40. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

41. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 220.4 Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər

45. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda qətnamə üçüncü şəxs tərəfindən qismən mübahisələndirilərək qətnamənin Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-483/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan dəyişdirilmədən saxlanılmalıdır.

50. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. Kollegiya hesab edir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Qeyd olunan hissə işin mübahisəsiz halıdır.

52. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə görə podratçıcavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi-iddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür.

53. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. xx.xx.2023-cü il tarixdə bağlanmış 14102 №- li podrat müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh1 MMCnin (Cavabdeh2 MMC-nin) direktoru X10r. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Podrat müqaviləsi üzrə podratçının öhdəliyinin icrası günü nəzərdə tutulmuş, bu halda öhdəlik həmin gün icra edilməli idi. Bununla da, öhdəliyini icra etməyən cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, çünki icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmçinin, iddiaçı müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənməsinin tələb edilməsində tam haqlı olmuşdur. Cavabdeh bu halda onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdır. Beləliklə, zərərin əvəzini ödəməyə borclu olan cavabdeh, həmin hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməli, iddiaçıya ödənilmiş pulunu qaytarmalıdır. Apellyatorun istinad etdiyi hallar cavabdeh tərəfin vəkilinin tərəflər arasında müqavilə bağlanıldığını etiraf etməsi və iddia tələbini qismən qəbul etməsi halı ilə təkzib olunur.

54. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehlərdən müştərək qaydada 8000 manat alınaraq iddiaçıya qaytarmalıdır.

55. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən mötəbər sübutları təkzib edən, habelə apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar hallar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-483/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar