Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2197/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X6, X9, X8, Cavabdeh2, X7, X2, X3, X4 və X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 dekabr 2019-cu il tarixli qətnaməndən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X5 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə müraciət edərək, onunla cavabdeh D.Xidirova arasında 08.04.2014-cü il tarixdə bağlanmış 1827SBFFK saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 25.144,22 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddət üçün əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 13.000,57 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən 16.04.2019-cu il tarixədək olan müddətə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.283,61 ABŞ dolları, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat məbləğində pulun D.Xıdorovadan iddiaçı Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka predmetinə - D.Xidirovaya məxsus olan və ünvan 1 ünvanında yerləşən 84 nömrəli mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borcun ümumi qaydada D.Xidirovadan tutulması; mənzil satıldığı halda cavabdehlərin əşyaları ilə birlikdə 1 aydan sonra mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla iddiaçı Bankın “Səbail” filialı arasında bağlanmış 08.04.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən, Bankdan 48 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 29.500 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin müqavilə ilə Cavabdeh1 Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti aybaay, hissə-hissə, yəni müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun olaraq Banka ödəyəcək. Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus mənzili, mənzildə yaşayan iş üzrə digər cavabdehlərin razılığı ilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla əlaqədar olaraq Bank ilə Cavabdeh1 arasında 08.04.2014-cü il tarixdə “İpotekanın əlavə qeydiyyatı haqqında razılaşma” bağlanmış və buna əsasən ipoteka ilə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdə qeydiyyata alınmış, ipoteka ilə yüklülük barədə reyestrdən 10.04.2014-cü il tarixli, RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. Mənzilin ipoteka ilə yüklülüyünə yazılı surətdə razılıq vermiş iş üzrə digər cavabdehlər ərizələrində qeyd etmişlər ki, əgər kredit borcu qaytarılmasa və Bank tələbini ipoteka predmeti olan mənzilə yönəldərsə, onlar mənzili könüllü olaraq tərk edərək boşaldacaqlar. Göstərilənlərə baxmayaraq Cavabdeh1 Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımi və tam qaydada icra etməmiş, Banka olan borcu qismən ödəmişdir. Hazırda Cavabdeh1 Banka 25.144,22 ABŞ dolları məbləğində əsas kredit borcu, müqavilənin qüvvədə olduğu müddət üçün hesablanmış 13.000,57 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən 16.04.2019-cu il tarixinə qədər əsas borca görə illik 5% dərəcəsi ilə hesablanmış 1.283,61 ABŞ dolları faiz borcu vardır. Borcun ödənilməsi ilə bağlı Bank tərəfindən Cavabdeh1 xəbərdarlı məktubu göndərilsə də, məktub nəticə verməmiş, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman (iddia ərizəsində qeyd edilən) dövlət rüsumlarını ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.12.2019-cu il tarixli qətnamə ilə iddia ərizəsi qismən təmin edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 25.144,22 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddət üçün əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.131,28 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən 16.04.2019-cu il tarixədək olan müddətə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.283,61 ABŞ dolları, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 31 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus mənzilinə yönəldilməsini, mənzilin 95.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmasını, mənzilin satışdan əldə edilə biləcək pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsini, satıldığı halda cavabdehlərin 1 ay müddətində həmin mənzildən çıxarılmasını və mənzilin boşaldılmasını, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə Cavabdeh1 150 manat məbləğində pulun dövlət büdcəsinə tutulmasını qət etmişdir. İpoteka predmeti olan mənzildə yaşayan cavabdehlərdən biri – Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə təmin edilmiş hissəsinin ləğv olunmasını və ona qarşı irəli sürülmüş tələbin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan mənzil Cavabdeh2 yeganə yaşayış yeri olmaqla, onun həmin mənzildən istifadə hüququ var. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. İş üzrə cavabdehlər, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh2 qətnamənin ona aid hissəsini mübahisələndirir. Həmin hissədə qətnamə ondan ibarətdir ki, tutuma ipoteka predmeti olan mənzilə yönəldilərək açıq hərracdan satılsın və satıldığı halda Cavabdeh2 əşyaları ilə birlikdə mənzildən 1 ay müddətində çıxarılsın. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür və apellyasiya şikayəti vermiş Cavabdeh2 tərəfindən mübahisələndirilimir ki, Cavabdeh1, onunla iddiaçı Bankın “Səbail” filialı arasında bağlanmış 08.04.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən, Bankdan 48 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 29.500 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin müqavilə ilə Cavabdeh1 Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti aybaay, hissə-hissə, yəni müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinə” uyğun olaraq Banka ödəyəcək. Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus mənzili, mənzildə yaşayan iş üzrə digər cavabdehlərin razılığı ilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla əlaqədar olaraq Bank ilə Cavabdeh1 arasında 08.04.2014-cü il tarixdə “İpotekanın əlavə qeydiyyatı haqqında razılaşma” bağlanmış və buna əsasən ipoteka ilə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdə qeydiyyata alınmış, ipoteka ilə yüklülük barədə reyestrdən 10.04.2014-cü il tarixli, RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. İşin hallarından görünür ki, borclu Cavabdeh1, onunla kreditor Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdükləri öhdəlikləri lazımi və tam qaydada icra etməmiş, Banka olan borcu qismən ödəmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 borcun tutulmasını və tutumanın ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb etmişdir. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, Bank olan borcun tutulması üçün tələb mənzilə yönəlməlidir (apellyasiya baxışının predmeti olan nəticə). Mənzildə yaşayan Cavabdeh2 apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, həmin onun yeganə yaşayış yeri olmaqla, onun həmin mənzildən istifadə hüququ var. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya baxışının predmeti olan məsələnin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1ci maddəsinə görə, ipoteka və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdeh D.Xidirovanın Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, Bank tələbin ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa qeyd edilməlidir ki, Cavabdeh2 tərəfindən Banka ünvanlanmış və notariat qaydasında təsdiq edilmiş 07.04.2014-cü il tarixli ərizəsindən görünür ki, o, ipoteka predmeti olan və yaşadığı mənzilin, mənzilin mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən Bank qarşısında ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş və ipoteka predmetinə tutma yönələrsə, 3 gün müddətində həmin yaşayış sahəsini tərk etməyi öhdəsinə götürmüşdür (iş v. 24). Daha sonra qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli Qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı təsbit edilmişdir. Həmin Siyahının 1-ci bəndinə görə, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Siyahının qeyd hissəsində göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2197/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2197/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver