Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2197/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdeh/iddiaçı Cavabdeh1 iştirakı ilə, İlk iddiaçılar İddiaçı1 Hacıbala oğlunun, İddiaçı2 Hacıbala oğlunun, İddiaçı3 Hacıbala qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı alğı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı, maraqlı şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı mənzildən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3403/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddiaçılar və onların vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 38 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 50 saylı Notariat ofisində bağlanmış AN-İ ******* saylı 10.12.2020-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd edilən ünvana dair Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onlara atalarından qalmışdır. İddiaçı2 ilə X2 nikahı uzun illər bundan öncə pozulmuşdur. Cavabdeh onlara məxsus olan ünvanda yerləşmiş və oradan istifadə edir. Bu kimi hallar da onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnirdi. X1 ödənilərək mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(003)-213/2021 saylı qətnaməsi ilə iddia ərizələri təmin edilmişdir. Dadaşova Xatirə fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmışdır. X8 21000 manat kompensasiyanı ödəmək üçün alğı-satqı işləri ilə məşğul olan hazırki iş üzrə Cavabdeh2 etibarnamə verərək, fərdi evin satılması və ondan gələcək pul məbləğindən Dadaşova Xatirəyə 21000 manat və qalan 44000 manat pul vəsaitini onlara verməsini bildirdilər. Ümumi olaraq evin qiymətini 65000 manata razılaşmışlar. Sonradan onların etibarnaməsi əsasında Cavabdeh2 mübahisəli fərdi yaşayış evini 10.12.2020-ci il tarixində iş üzrə digər Cavabdeh1 satmış və bu əməliyyat Bakı şəhəri 50 saylı Notariat ofisində aparılmışdır. Bütün bu olanlardan onların heç bir məlumatı olmamışdır. Alğı-satqıdan sonra iş üzrə Cavabdeh1 reyestdən çıxarış almışdır. Notariat Ofisinin sənədləri ilə tanış olduqda isə onlara məlum olmuşdur ki, fərdi yaşayış evi 50000 manata satılmış və bu barədə cavabdehlər arasında müqavilə bağlanmışdır. Bütün bu məsələlərdən sonra 2021-ci ilin 5 və 6-cı aylarında iş üzrə cavabdehin atası olan Cəfərli(ov) Allahverdi onlarla əlaqə yaradaraq oğlunun bu kimi əməllərində peşmançılıq keçirməsini bildirmiş və onlara evin alğı-satqısı zamanı ödəniləcək pulun onun (Allahverdinin) tərəfindən ödənilməsinə zəmanət vermişdir. Buna baxmayaraq bu günə qədər onlara heç bir ödəniş edilməmişdir. Bütün əməliyyatlar iş üzrə Maraqlı şəxs3 ASC-nin 50 saylı Notariat ofisində fəaliyyət göstərən şöbəsində aparılmışdır. Hazırda onlar aldadılmışlar və hüquqlarının bərpa olunmasını istəyirlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı, maraqlı şəxslər Bakı şəhəri 50 saylı Notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi, Maraqlı şəxs3 ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin təmin olunaraq, ilkin iddia üzrə iddiaçıların xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onların həmin fərdi yaşayış evində qaldıqları müddətin aylıq kirayə haqqı 250 (iki yüz əlli) manat məbləğində hesablanmaqla qarşılıqlı iddia üzrə cavabdehlərdən həmin fərdi yaşayış evindən çıxan ayadək kirayə haqqı dəyərində pulun Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh1 arasında AN-İ ******* saylı, 19 dekabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə verilmişdir. İlk iddia üzrə iddiaçıların Cavabdeh1 qarşı iddia tələbini qəbul etmir. Belə ki, ilk iddia ərizəsində ilk iddia üzrə iddiaçılar alğı-satqı işləri ilə məşğul olan Cavabdeh2 etibarnamə verərək fərdi evin satılmasını bildirmişdirlər. Həmin zaman ilk iddia üzrə iddiaçılar və Cavabdeh2 ilə evin qiymətini 65000 (altmış beş min) manata razılaşdıqlarını bildirmişdir. Lakin Cavabdeh2 ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən həmin əmlakın dəyəri həmin daşınmaz əmlakın dəyəri 50000 (əlli min) məbləğində müəyyən edilmiş və həmin məbləğ ödənilmişdir. Cavabdeh1 tərəfindən tərəflər arasındakı bütün razılaşmalar yerinə yetirilmiş, lazım olunan xərclər ödənilmişdir. Halbuki qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin satın alınmasına baxmayaraq onlar bu günədək həmin mənzildə yaşayır. Bu səbəbdən qarşılıqlı iddia üzrə cavabdehlər xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus yaşayış evindən özbaşına istifadə etdiyindən Cavabdeh1 öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlərdən evdən çıxmalarını tələb etmişdir. Lakin bunun heç bir nəticəsi olmamışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3403/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilk iddiaçılar və onların vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3403/2021 saylı 11.11.2021-ci il tarixli qətnaməsinin qismən, yəni “ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi” hissəsində ləğv edilməsini və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 keçmiş ailə üzvü X4 ilə aralarında yaranmış yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-213/2021 saylı məhkəmə mübahisəsi ilə əlaqədar X3 21.000 manat kompensasiya verməli idi. Lakin həmin məbləğdə vəsaiti olmadığı üçün 2020-ci ilin dekabr ayında bu barədə bacısı oğlu X6 demişdir. X11 Cəfərli adlı tanışının olduğunu, ona bu məsələ ilə bağlı Cavabdeh2 ilə söhbət edə biləcəyini demişdir. Onlar birlikdə Cavabdeh2 ilə görüşüb söhbət etmiş, söhbətləri səmimi alındığı üçün onunla ailəvi münasibətləri yaranmışdır. Həm də Arazla bacısı oğlu Ricay dost olduğu üçün Arazın atası Allahverdi Cəfərov, bacıları və yoldaşı tez-tez İddiaçı3 evinə gəlib-gedirdilər. 08.12.2020-ci il tarixdə İddiaçı2 Cavabdeh2 21.000 manat pul lazım olduğunu bildirmişdir. Belə ki, ünvan 5 ünvanında yerləşən ev iddiaçılara miras qalmışdır. Hər biri 1/3 pay olmaqla, iddiaçıların mülkiyyətində idi. Cavabdeh2 demişdir ki, həmin evin sənədlərini və evə dair ona etibarnamə versinlər, evi qohumuna girov qoyub 65.000 manat pul götürəcək, İddiaçı2 ilkin olaraq 21.000 manat pul verəcək, qalan 44.000 manatı isə dövriyyəyə buraxaraq gəlir əldə edəcək, hər ay İddiaçı2 da əldə etdiyi gəlirdən 500 manat xeyir verəcək və 3 il ərzində götürdüyü 65.000 manatı girov qoyduğu şəxsə qaytararaq iddiaçıların evinin sənədlərini götürüb onlara qaytaracaqdır. Beləcə həm problemini həll edəcək, həm də bu müddət ərzində gəlir əldə etmiş olacaqdı. İddiaçı2 Ricayın dostu olduğundan və ailəvi gediş-gəlişləri olduğu üçün Arazın sözlərinə etibar etmiş və dediyi kimi etmişdir. 1 gün sonra 09.12.2020-ci il tarixdə onlar Bakı şəhəri 25 saylı notariat ofisində Araza etibarnamə vermişlər. 10.12.2020-ci il tarixdə Arazla birgə Bakı şəhəri 50 saylı notariat ofisinə getmişlər. Orada Araz 21.000 manat pulu Xatirə Dadaşovaya vermişdir. Bundan başqa, iddiaçılara pul verməmişdir. Sonradan iddiaçılara məlum olmuşdur ki, Araz onların evlərini Cavabdeh1 satmış və müqaviləni 50.000 manata rəsmiləşdirmişdir. Bir məsələni də qeyd edilir ki, iddiaçılarda olan məlumata əsasən, Cavabdeh2 ilə evi satdığı şəxs Cavabdeh1 oğlu əvvəldən yaxın münasibətdə olublar, birgə işlər görüblər. Bununla əlaqədar Nərimanov Rayon Polis İdarəsinə iddiaçılar tərəfindən şikayət edilmişdir. Hazırda şikayət üzrə araşdırma aparılmaqdadır. Beləliklə, Cavabdeh2 iddiaçıların etibarından istifadə edərək torpaq sahəsini girov qoymaq adı ilə iddiaçılardan etibarnamə almış, sonradan Cavabdeh1 birgə iş görmək məqsədilə pul almaq üçün formal alğı-satqı müqaviləsi ilə torpağı onun adına rəsmiləşdirmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, alğı-satqı aparılarkən iddiaçılar özləri də notariat kontorunda olmuş və alğı-satqıdan məlumatlı olmuşdurlar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə, ilkin iddianın təmin edilməsinə və qarşılıqlı iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının “ilkin iddianın rədd edilmiş, qarşılıqlı iddianın təmin edilmiş” hissəsində yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.06.2017-ci il tarixdə verilmiş RX seriyalı 1089738, ******* və ******* saylı Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətinə əsasən, ünvan 6 ünvanında yerləşən mənzilə müvafiq olaraq İddiaçı2 Hacıbala oğlunun, İddiaçı1 Hacıbala oğlunun və İddiaçı3 1/3 hissədə paylı mülkiyyət hüquqları qeydə alınmışdır. 25 saylı notariat ofisi tərəfindən verilmiş AR-İİ 171079 nömrəli, 071004 nömrəli, 071003 nömrəli 09.12.2020-ci il tarixli etibarnamələrin surətindən görünür ki, etibar edən (lər) İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı etibar edilən Cavabdeh2 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 75,2 m2 olan fərdi yaşayış evinin (hər birinə məxsus hissədə) üzərində sərəncam verməyi, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək hüquqlarını etibar etmişdirlər. İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 10.12.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil sonuncuya 50000 manata satılmışdır. Satıcıları Cavabdeh2 təmsil etmişdir. 10.12.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri 50 saylı Notariat ofisinin 2074 nömrəli məktubu əsasında Maraqlı şəxs3 ASC-nin depozit hesabına 50000 manat pul keçirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12.05.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 6 ünvanında yerləşən mənzilə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli 2(003)- 213/2021 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21000 manat pul vəsaitinin X3 ödənildiyini nəzərə alaraq onun ünvan 8 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə iddiaları təmin edilərək, X2 ünvan 8 ünvandan istifadə hüququna xitam verilməsi, X2 ünvan 8 ünvandan əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair 10.12.2020-ci il tarixli sazişdən görünür ki, İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı adından Cavabdeh2 tərəfindən ünvan 7 ünvanında istifadə hüququna xitam verilməsi ilə bağlı X3 21000 manat kompensassiya verilmişdir. Birinci instansiya məhkəməsinin ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyinə görə, alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. Cavabdeh1 tərəfindən mübahisəli fərdi yaşayış evi alğı-satqı müqaviləsi əsasında alınmış və hazırda sonuncunun mülkiyyətində olduğundan İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Qarşılıqlı iddia üzrə iddiaçı kirayə haqqı olaraq 250 manat kirayə haqqının ödənilməli olduğunu idda edir, lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmə tərəflər arasında kirayə müqaviləsinin bağlanması və kirayə haqqının müəyyən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin Məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki işin mübahisə olunmayan halları ondan ibarətdir ki, iş materiallarında olan alğı-satqı müqaviləsindən göründüyü kimi, tərəflər mübahisəli müqaviləni imzalamış, öz iradə ifadələrini bildirmiş və müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə bağlı öz razılıqlarını bildirmişlər. Yəni, iddiaçılar alğı-satqı müqaviləsi ilə mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 50000 manat əvəzində Cavabdeh1 satılmasını öz iradə ifadəsi ilə təsdiq etmişdir. Həmçinin, cavabdeh məhkəmə kollegiyasının iclasında izahatı zamanı bildirmişdir ki, alğısatqı müqaviləsi bağlanan zaman iddiaçıların notariat kontorunda olduqlarını qeyd etmiş və əməliyyat aparılarkən onları Cavabdeh2 təmsil etməsinə etiraz etməmişdirlər. Belə olan halda alğı-satqı müqaviləsi qanunvericiliyin tələbləri nəzərə alınmaqla bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş və iddiaçıların aldadıldıqları iş materialları ilə müəyyən olunmur. Odur ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin ilk iddianın təmin edilməsi barədə gətirdiyi dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsinə əsas ola bilməz. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddianın rədd edilməsi barədə gətirdiyi dəlillərə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya”nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alındığı andan ona keçmiş və ilk iddiaçılar mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 məxsus fərdi yaşayış evində yaşamaları sonuncuya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı bu hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbala oğlu, İddiaçı3 Hacıbala qızı və onların vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-3403/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qətnaməsi “ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2197/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2197/2022
01.03.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver