Məhkəmə qərarları › İş №2(103)-2234/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2234/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2234/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraatın dayandırılması barədə qərardad ləğv edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 292/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd əldə toxunma xalça 3x2m dəyəri 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3 dəyəri 1600 manat, 2 ədəd xalça 5x4 və 4x3 dəyəri 1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3 dəyəri 1000 manat, 1 ədəd böyük qazan aliminium dəyəri 50 manat, 5 ədəd aliminium qazanlar müxtəlif ölçüdə dəyəri 110 manat, 1 ədəd böyük aşsüzən dəyəri 80 manat, istifadə etdiyi qab-qacaqlar dəyəri 180 manat, 2 ədəd yorğan-döşək dəsti dəyəri 250 manat, 1 ədəd sadə xalça 4x3 dəyəri 180 manat, su qızdırıcı (pitiminutka) dəyəri 80 manat, soyuducu dəyəri 150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi dəyəri 600 manat olmaqla həmin əşyaların özünün və ya 9980 manat məbləğində dəyərinin, habelə 120 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-154/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki 2(002)-292/2025 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyriləri Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X2 ilə Cavabdeh arasında 14 iyun 2016-cı il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində bağlanmış 146 saylı nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, həmin iddia ərizəsi üzrə 2(002)-154/2025 saylı mülki iş hazırda məhkəmənin icraatındadır. Beləliklə, məhkəmə, hazırki mülki iş üzrə iddia ərizəsinin və iddia ərizəsinə etirazın dəlillərini, mülki işin hallarını, iddiaçıların mərhum atası ilə cavabdehin etibarlı ailə münasibətlərinin mövcudluğuna, həmçinin iddiaçıların atasına onların anasından miras qalmış, eləcə də özünə məxsus olmuş əşyalarla bağlı vərəsəlik hüququ münasibətlərinə hüquqi qiymət verilməsinin zəruriliyini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)- 154/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinin hazırki 2(002)-292/2025 saylı mülki iş üzrə əhəmiyyətli hallara təsirini nəzərə alaraq müəyyən edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Anaları 1997-ci ildə vəfat etdikdən sonra ataları cavabdeh ilə ünvan 1 ünvanında yaşamış, 2014-cü ildə mədə xərçəngi xəstəliyinə tutulmuş, xx.xx.2016-cı ildə ataları ilə cavabdeh arasında cavabdehin qohumlarının təhriki ilə nikah qeyd edilmişdir. Həmin nikahın etibarsız hesab edilməsi barədə ayrıca iddia qaldırmışlar. Hesab edir ki, həmin iddiaya görə hazırki mülki işin dayandırılması əşyaların cavabdeh tərəfindən mənimsənilməsinə səbəb ola bilər.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, İddiaçı1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir.

11. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “..Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir”. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.

12. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin icraatı dayandırmaq barədə mövqeyi düzgün olmamışdır.

13. Çünki, məhkəmənin istinad etdiyi başqa mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir, mülki iş icraatdadır. Halbuki, Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarında mövqeyinə görə başqa bir mülki iş üzrə artıq qətnamə qəbul edildikdə və həmin qətnamənin qanuni qüvvəyə minməsini gözləmək lazım olduqda iş üzrə icraat dayandırılmalıdır. İş üzrə icraatın dayandırılmasında məqsəd odur ki, başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

14. O cümlədən, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ilk növbədə hər iki mülki iş üzrə bağlılığın nədən ibarət olmasını aydınlaşdırmalıdır. Əgər mülki işlər arasında əlaqə müəyyən edilərsə belə həmin hal icraatın dayandırlması üçün deyil, birləşdirilib bir icraatda baxılması üçün əsas ola bilər.

15. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı, 10 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar