Məhkəmə qərarları › İş №2(103)-224/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-224/2025

07.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-224/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh X6 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmlakdan istifadəyə görə haqqın ödənilməsi) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9, cavabdeh X3 nümayəndəsi X12 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2024 saylı 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ASC Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) 5 saylı filialı ilə ipoteka qoyan Cavabdeh və borclu X14 arasında bağlanmış Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda xx.xx.2010-cu il tarixdə 3M-477 reyestr saylı ilə təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, KBB (i) 006 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB-nin 5 saylı filialı tərəfindən xx.xx.2010-cu il tarixli 002/2010/KK(G) saylı kredit müqaviləsi üzrə X16ma bağ evinin tikintisi məqsədilə xx.xx.2012-ci il tarixədək verilmiş 42000 manat kreditin təminatı kimi Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-2461/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASCnin cavabdehlər X10, Cavabdeh və X11 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən (qeyri-yaşayış sahəsindən) çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X4 iddiaçının xeyrinə 34028 manat əsas, 3618 manat faiz, 500 manat dəbbə pulu, 20 manat ödənilmiş dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu, cəmi 38196 manat pul tutulmuş, ümumilikdə hesablanmış 38196 manat kredit üzrə borcun ilk növbədə ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh və X7 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində evdən (qeyri-yaşayış sahəsi) çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin cavabdeh X4 alınıb iddiaçının nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə, cavabdehlər X8 nümayəndəsi X12 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qərarı ilə, cavabdeh X8 nümayəndəsi X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2011- ci il tarixli, 2(103)-4880/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən qətnamələrin icrası ilə əlaqədar olaraq Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi açıq hərracdan satılmış və xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Lakin cavabdehlər qətnaməni icra etməyərək, hazırda İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini boşaltmırlar və bu səbəbdən bankın həmin əmlakı icarəyə verməklə gəlir əldə etməsinə maneçilik törədirlər. 25 yanvar 2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 108.60 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 001- 13/10-OR/22 saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan Xətai rayonu, N.Əliyev küçəsi, ünvanında ümumi sahəsi 180-200 kv.m olan əmlakları araşdırmışdır. xx.xx.2022ci il tarixindən xx.xx.2022- ci il tarixədək qeyd edilən əmlakın orta icarə dəyəri 1500 manat təşkil etməkdədir. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə xx.xx.2022ci il tarixdə keçmişdir və 2022-ci ilin oktyabr ayının 25-i iddiaçının mülkiyyətində olan əmlak cavabdehin istifadəsində qanunsuz olaraq 10 ay qalmış və həmin dövr ərzində iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etməkdən məhrum olmuşdur. 10 ay ərzində orta hesabla icarə dəyəri 15000 manat təşkil edir ki, cavabdeh tərəfindən iddiaçıya 15000 manat məbləğində ziyan vurulmuşdur və hazırda iddiaçıya ziyan vurulması davam etməkdədir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, 2022-ci ilin yanvar ayının 25-dən 2022-ci ilin oktyabr ayının 25-dən hər ay 1500 manat olmaqla, 10 ay ərzində cəmi 15000 manat və xx.xx.2022- ci il tarixdən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılana və banka təhvil verilənədək hər ay 1500 manat icarə haqqının hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci ilin tarixindən xx.xx.2022-ci tarixinədək Bankın mülkiyyətində olan qeyri - yaşayış sahəsindən istifadə etdiyi üçün hər ay 1500 manat olmaqla, 10 ay üçün cəmi 15000 manat, xx.xx.2022-ci il tarixindən Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılıb iddiaçıya təhvil verilən günədək hər ay 1500 manatdan hesablanmaqla dəymiş ziyanın və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 81, 119, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)- 2461/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X14, Cavabdeh və X11 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən (qeyri-yaşayış sahəsindən) çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X4 iddiaçı "xxxx" X5 ASC-nin xeyrinə 34.028 manat əsas kredit borcu, 3.618 manat faiz borcu, 500 manat dəbbə pulu, 20 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu, cəmi 38.196 manat pul tutulmuş, ümumilikdə hesablanmış 38.196 manat kredit üzrə borcun ilk növbədə ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh və X7 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində evdən (qeyri-yaşayış sahəsindən) çıxarılmaları, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyriyaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin cavabdeh X4 alınıb iddiaçı "xxxx" X5 ASCnin nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 25 yanvar 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” barədə iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmişdir. Cavabdeh tərəfindən sözügedən qətnamə mübahisələndirilmiş, yuxarı instansiya məhkəmələri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. “Hərracın nəticələrinin ləğv edilməsi” mübahisəsi 31 yanvar 2023-cü il tarixdə yekunlaşmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2461/2011 saylı qətnaməsinin icra edilməsi məqsədilə 02 iyun 2023-cü il tarixdə borclu Cavabdeh nümayəndəsi X1 qeyri-yaşayış sahəsini boşaldılmış şəkildə tələbkarın nümayəndəsi və icra məmuruna təhvil vermiş, 07 iyun 2023-cü il tarixdə icraata xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci ilin tarixindən xx.xx.2022-ci tarixinədək Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün hər ay 1500 manat olmaqla, 10 ay üçün cəmi 15000 manat, xx.xx.2022-ci il tarixindən Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi boşaldılıb iddiaçıya təhvil verilən günədək hər ay 1500 manatdan hesablanmaqla dəymiş ziyanın və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, iş materialları ilə müəyyən edilir ki, həmin qeyri-yaşayış sahəsinin satışına dair hərracın nəticələrinin ləğv edilməsi cavabdeh tərəfindən mübahisələndirilmiş, məhkəmə mübahisəsi davam etdiyindən həmin qeyri-yaşayış sahəsi banka təhvil verilməmişdir. Göründüyü kimi həmin qeyri-yaşayış sahəsi 2023-cü ilin iyun ayında banka təhvil verilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən verilmiş sənədlərdən də müəyyən edilir ki, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 180.6. kv.metr olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 25 yanvar 2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1155/2012 saylı 17 aprel 2012-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-4880 2011 saylı qətnaməsindən cavabdeh X8 nümayəndəsi X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-4880 2011 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2461/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X14, Cavabdeh və X11 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin və qeyrilərinin mənzildən (qeyri-yaşayış sahəsindən) çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X4 iddiaçı "xxxx" X5 ASC-nin xeyrinə 34.028 manat əsas kredit borcu, 3.618 manat faiz borcu, 500 manat dəbbə pulu, 20 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu, cəmi 38.196 manat pul tutulmuş, ümumilikdə hesablanmış 38.196 manat kredit üzrə borcun ilk növbədə ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh və X7 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində evdən (qeyri-yaşayış sahəsindən) çıxarılmaları, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 165.2 kv.metr olan qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin cavabdeh X4 alınıb iddiaçı "xxxx" X5 ASC-nin nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-4880 2011 saylı qətnaməsi ilə cavabdeh X8 nümayəndəsi X12 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2461/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - "xxxx" MMC tərəfindən verilmiş 10 oktyabr 2022ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı ASC-yə məxsus ünvan 2 ünvanında əmlakın icarə dəyərinin qiymətləndirilməsi üzrə araşdırılma aparılmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi arasında aylıq icarə haqqı 1500 manat və ümumilikdə 12800 manat təşkil edir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4681/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)- 127/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin qətnamədən müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)- 127/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsin Mülki Kollegiyasının 2(102)-726/2023 saylı 31 yanvar 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4681/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - İcra məmuru Vüsal Umarov, tələbkarın nümayəndəsi, Quliyev Emin və hal şahidləri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 02 iyun 2023-cü il tarixdə borclu Cavabdeh nümayəndəsi X1 qeyri-yaşayış sahəsini boşaldılmış şəkildə tələbkarın nümayəndəsi və icra məmuruna təhvil vermişdir; - “Elektron icra” sistemindən çıxarışa əsasən 22759/2014-1-30 nömrəli icra işi üzrə xx.xx.2023-cü il tarixdə icraata xitam verilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən Emin Quliyevə ünvanlanmış 03 fevral 2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Emin Quliyev tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2022-ci il ərzində 1-ci, 2-ci, 3-cü və 4-cü rüblərdə dövriyyə 0.00 manat təşkil etmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən Emin Quliyevə ünvanlanmış 12 fevral 2024-cü il tarixli arayışdan görünür ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği müəyyən edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 465; Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88; 385.1.1, 385.1.2, 385.1.4, 390-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən 165.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi açıq hərracdan satılmış və xx.xx.2022-ci il tarixində İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Lakin cavabdeh qətnaməni icra etməyərək, İddiaçı ASC-nin mülkiyyətində olan qeyri yaşayış sahəsini boşaltmırlar və bu səbəbdən bankın qeyd olunan əmlakı icarəyə verərək gəlir əldə etməsinə maneə olurlar. Beləliklə, bankın mülkiyyət hüququ məhdudlaşmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə icra edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2461/2011 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə müvafiq icra qurumuna icra hərəkətlərin davam etməsi müddəti (başlanması,dayandırılması, bitməsi və s.) barədə sorğular edilməklə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən imtina edilməsi barədə məlumat xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

12. Kollegiya yuxarıda sadalanan maddi və prosessual hüquq normalarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Belə ki birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı xx.xx.2022-ci ilin tarixindən xx.xx.2022-ci tarixlərində həmin qeyri-yaşayış sahəsinin bankın balansında olduğu, lakin faktiki olaraq cavabdehin istifadəsində olduğunu,əgər həmin dövrdə qeyri-yaşayış sahəsinin faktiki olaraq bankın istifadəsində olduğu təqdirdə onu icarəyə verə biləciyini və bu şəkildə qazanca əldə edəcəyini, lakin həmin dövrdə qeyri-yaşayış sahəsindən cavabdehin istifadə edərək qazanc əldə etdiyini bildirir və hazırda da həmin dövr üçün əldən çıxmış faydanı tələb edir. Mülki işin materialları ilə təsdiq edilir ki, qeyri-yaşayış sahəsinin iddiaçıya gec təhvil verilməsinin səbəbi tərəflər arasında davam edən məhkəmə mübahisəsi olmuşdur. Məhkəmə mübahisəsi başa çatdıqdan, yəni yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra cavabdeh könüllü olaraq həmin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehin məhz həmin dövrdə qeyri-yaşayış sahəsindən istifadə etməsi və qazanca əldə etməsi ilə bağlı mötəbər sübutlar da məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçının ərz etdikləri həqiqət olduğu təqdirdə belə apellyasiya icraatı zamanı ekspertiza keşirilməsinə dair qərar qəbul edilsə də, əmlaka sahiblənən iddiaçı tədqiqatın aparılmasına şərait yaratmamış, bununla da özünün iddia etdiyi dəlillərin təsdiq edilməsinə səy göstərməmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 14.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-36/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar