Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2244/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 vəkili X8 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4407/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi» və Cavabdeh2 ASC-yə qarşı “hərrac təşkilatının 20.10.2017-ci il tarixli, 173 saylı protokolun etibarsızlığı və Atrabank tərəfindən mənzilin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzinin 20.10.2017 ci il tarixli, 173 sayli protokolunu etibarsız sayılmasını və mənzilin dəyəri barədə olan rəyin ləgv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh2ASC-ni cavabdeh qismində cəlb edilməməsi və "xxxx" MMC-nin (“X7 MMC-nin) cavabdeh qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4407/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir, əmlak aşağı qiymətlə hərraca çıxarılmış, halbuki onun mənzilinin bazar dəyəri 180.000 manat təşkil edir, bu səbəbdən də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, onun mənzilinin bazar dəyəri 150.000 manat təşkil edir, hərracda mənzil çox aşağı qiymətə 59500 manata satılmışdır, mənzili onun evində kirayə qalan şəxslər alıb, həmin şəxslər onun evində beş il kirayə qalıb, lakin kirayə haqqını ödəməmişlər, eləcə də evin bütün ləvazimatları və dəyərli əşyaları (təxminən 30-35 min manat dəyərində olan) da evdə həmin şəxslərdə qalıb. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Y.Tağıyevanın vəkili A.Kərimov apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi və göstərdi ki, iddiaçı bütün proseslərdən tam məlumatlı olub, rabitə orqanının verdiyi məlumatdan da məlum olur ki, hərracın keçirilməsi barədə bildiriş ona çatdırılmışdır, sadəcə olaraq müxtəlif şəxslərə, o cümlədən də Y.Tağıyevaya da çoxlu borcu olduğundan o, bu məsələlərə əhəmiyyət verməmiş, yalnız hərracdan 3-4 il sonra hazırkı iddianı qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarına olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. «Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi»-nin hərracın yekunları barədə 173 saylı 20.10.2017-ci il tarixli protokolundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 124, mənzil 105, 38.6 kv.m yaşayış sahəsini ilkin satış qiyməti 70000 manat, təkrar hərracdakı satış qiyməti 59500 manata X1. Hərracın keçirilməsinə dair 02/44-1 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan 124 saylı evin 105 saylı mənzili üçün hərracın keçirilmə vaxtı 20.10.2017-ci il saat 11:00-də. İlkin satış qiyməti 70000 manat. Hərracın keçirilməsinə dair 02/44 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan 124 saylı evin 105 saylı mənzili üçün hərracın keçirilmə vaxtı 11.09.2017-ci il saat 11:00-dədir, ilkin satış qiyməti 70000 manatdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2(007)-1573/2016 saylı İcra Vərəqəsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 124 saylı evin 105 saylı mənzilinin ilkin satış qiyməti 70000 manat müəyyən edilməsi qət edilmişdir. Mülki iş materiallarına olan 23.12.2015-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı X5 alıcı X9 ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 65000 manata satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak 31.10.2018-ci il tarixdə X3 adına rəsmiləşdirilmişdir. Mülki iş materiallarına olan 17.09.2014-cü il tarixli Mövcud borcud etirafı haqqında mürəccəd müqavilədən görünür ki, X2 Aslan Nadir oğluna 5 il müddətinə 25000 manat məbləğində borc pul vermişdir. Mülki iş materiallarına olan 20.12.2021-ci il tarixli "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş teleqramdan görünür ki, SS425333504AZ 27.09.2017-ci il tarixli sifarişli məktub İddiaçı 30.09.2017-ci il tarixdə çatdırılıb. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlili hərracın onun məlumatı olmadan keçirilməsi barədə dəilinə münasibətdə bildirir ki, mülki işdə olan bildirişlərdən məlum olur ki, hərrac barədə iddiaçının qeydiyyata olduğu ünvana bildiriş göndərilmiş və ona çatdırılmışdır. Həmçinin, mülki iş materiallarında olan 20.12.2021-ci il tarixli "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş teleqramdan görünür ki, SS425333504AZ 27.09.2017-ci il tarixli sifarişli məktub İddiaçı 30.09.2017-ci il tarixdə çatdırılıb. Məhkəmə kollegiyası iddiaçının mənzilin qiymətinin 180.000 olması barədə şikayətinin dəlilinə əsasən bildirir ki, iş materiallarında olan Nizami Rayon Məhkəməsinin 2(007)-1573/2016 saylı, 05.08.2016-cı il tarixli icra vərəqəsdindən də aydın olur ki, mübahisəli əmlakın satış qiyməti məhkəmə qətnaməsilə müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mübahisə etdiyi əmlaka qiymət qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Məhkəmə qətnaməsi əsasında qiymət müəyyən olunduğundan, əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Kollegiya iddiaçının məhkəmə iclasındaxüsusi olaraq qeyd etdiyi dəlillərinə, yəni mənzilini əldə edən şəxsin hələ hərracdan beş il qabaqdan onun evində yaşamaları, lakin kirayə haqqını ödəməməsi, eləcə də evdə müxtəlif ləvazimatların və 25-30 min manat dəyərində ev əşyalarının qalması barədə dəlilləri üzrə isə qeyd edir ki, iddiaçının 3-cü şəxsə qarşı müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı”iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hərrac mərkəzinin 20.10.2017 ci il tarixli, 173 sayli protokolunun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iddiaçıya mənzilində beş il kirayə haqqı ödənilmədən yaşanılması və evdə qiymətli əşyalarının qalması ilə bağlı müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4407/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçıya Y.Tağıyevaya qarşı mənzilindən istifadə ilə bağlı ödənilməyən kirayə haqqının, eləcə də evdə qalmış əşyaları ilə bağlı müvafiq tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2244/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2244/2022
07.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver