Məhkəmə qərarları › İş №2(103)-2244/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2244/2023

29.03.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2244/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "MKT İstehsalat Kommersiya” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X1 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "MKT İstehsalat Kommersiya” MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-446/2022 saylı 22 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "MKT İstehsalat Kommersiya” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* nömrəli “2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 7 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə tədarükçüyə satmağı, MMC isə razılaşdırılmış qaydada pul ödəməyi öhdəsinə götürmüşdür;

2. Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli qətnaməsi ilə iddiaçı “MKT İstehsalat Kommersiya" MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə iddia ərizəsi qismən təmin edilərək, iddiaçı “MKT İstehsalat Kommersiya" MMCnin “MKT-Ucar” filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı “2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə” üzrə ümumilikdə 1349.10 manat məbləğində pul “MKT İstehsalat Kommersiya" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MMC-yə borcunun olmaması, daşınma pulu 231 manat və təhvil verdiyi pambığın dəyərinə görə qazanc 730 manat - cəmi 961 manat ( doqquz yüz altmış bir manat) pulun "xxxx" MMCdən ona qaytarılaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh "MKT İstehsalat Kommersiya” MMC tərəfindən iddia ərizəsinə etiraz verildiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5592/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin onun iş fəaliyyəti barədə tam məlumatı olmadan, əsaslı dəlil və sübutu olmadan, etibar etdiyi Ucar filialının təqdim etdiyi saxta maliyyə arayışına əsaslanaraq onun 1.346 manat borcunun olması ilə əlaqədar məhkəməyə verməsi əsassız olmaqla qeyri-qanuni hərəkətdir. O, 29 aprel 2016-cı ildə "xxxx" MMC Ucar filialı ilə ********* saylı müqavilə əsasında öz pay torpaq sahəsində (7.15 ha) pambıq əkmişdir (pambıq bitkisinin aqro-texniki qaydada yetişdirilməsinə dair sahəyə baxış komissiyasının aktı xx.xx.2016-cı il iddia ərizəsinə əlavə edilir). Pambığın yığılması üçün hər kq-a 13 qəpik verildiyinə görə işçi qüvvəsi olmamış, o pambıqyığan maşın tələb etmişdir. 29 sentyabr 2016-cı il tarixdə iki traktorla gətirib yarpağın tökülməsi üçün dərman səpərək, maşını bilə-bilə gətirməmişdir. Oktyabr ayında yağan güclü intensiv yağış nəticəsində pambıq məhsulunun xeyli hissəsi tökülüb məhv olmuşdur. Yerli və rayon İcra nümayəndələrinə, Ucar filialına, Prezidentə, K/r Nazirliyinə müraciət etmiş, heç bir köməklik edən olmamışdır. "xxxx" MMC-yə telefonla danışmış, Ucar filialı bu təklifə əməl etməmişdir. Gələn qeyri-iş adamları da heç cür köməklik etməmişdir. Nəticədə iddiaçı bir neçə yaxın adamlarından xahiş edərək, 15-20 qəpik hər kq-a verməklə 10320 kq pambıq yığıb Ucar filialına təhvil vermişdir. Ucar filialının müqavilə şərtlərini bilə-bilə öz xeyrinə görə pozduğu hallar: pambıq yığan maşının gətirmədikləri halda istifadə olunan dərman və traktorların xərcini qeyri-qanuni olaraq onun hesabına yazılması (425 manat, maşının gətirilməməsi ilə əlaqədar pambığın xeyli hissəsinin məhv olması, əllə yığılan pambığın nəmlik-zibillik faizinin bilərəkdən artıq yazılması, müqavilədə: 1-ci növ nəmlik 9% zibillik 3% dən yığım pulu verəndə pambıq təhvili qəbzlərini cırıb 01 noyabr tarixdə 700 kq, 18 noyabr tarixdə 690 kq çəkini azaltmaqla 1390 kq pambığı onun hesabına yazmaması nəticəsində 10320kq pambığın çəkisini 7598 kq endirməsi. Pambığın nəmlik-zibillik faizi müqavilədə göstərilənlərdən çox olduğu halda 1-ci növ kimi qiymətləndirilməsi. Pambıq təhvili qəbzlərində nəmlik-zibillik faizlərinə görə kondisiya çəkisinin düzgün hesablanmaması. Ödənilmiş 167 manatın ümumi xərcdən çıxmaq əvəzinə üstünə gələrək ümumi xərcin 5228 manat kimi düzgün yazılmaması. Onun Ağsu və Şəki Məhkəmələrində yazılı və şifahi məlumatlara hakimlər əhəmiyyət verməyərək çıxışlarını səhv kimi qeyd edərək ədalətsizliklə "xxxx" MMC-yə borcunun olması barədə qətnamə qəbul etmişlər.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-446/2022 saylı 22 fevral 2022ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü ilk öncə 961 manat ( doqquz yüz altmış bir manat) pulun cavabdehə artıq ödənildiyinin sübut edilməsindən ibarətdir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab etmişdir ki, MMC-nin iddiaçıya hər hansı məbləğdə pul qaytarmalı olmasını sübut edilməsi yükü iddiaçının üzərinə düşür. Ağsu Rayon Məhkəməsinın 05 sentyabr 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. Bu məhkəmə aktı ilə müəyyən edilmiş hal sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-446/2022 saylı 22 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iş obyuektiv araşdırılmamış, ona sübutlarını təqdim etməyə şərait yaradılmamış, çəkişmə prinsiplərinə əməl olunmamış, nəticədə onun iddiasının təmin edilməməsi barədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmə işin düzgün həll edilməsinin təmin olunması məqsədilə tərəflərin iştiraklarını məhkəmədə təmin etməli və onların dəlil və sübutlarını məhkəməyə təqdim edilməsinə şərait yaratmalı onu dinləməli və bundan sonra mübahisəyə obyektivhüquqi qiymət verməli olduğu halda, bunu etməmişdir. Birinci instansiya məhkəməsi baxılan mübahisə ilə bağlı maddi hüquq normasına istinad etməmişdir. Qətnamədən görünür ki, onun tələb etdiyi məbləğin əsaslı olub-olmaması üzrə heç bir araşdırma aparılmamış, yalnız tərəflər arasındakı Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudusiyal əhəmiyyətə malik olması əsas götürülərək mübahisəyə qiymət verilmiş, bu zaman iddiaçının tələb etdiyi məbləğin qeyd olunan qətnamə üzrə nəzərə alınıb-alınmadığına ümumiyyətlə heç bir münasibət bildirilməmişdir. Ona görə də hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan bütün hallar aydınlaşdırılmamışdı. Qətnamədən görünür ki, məhkəmə tərəflər arasındakı mövcud mübahisə ilə bağlı prosessual qanunvericiliyin tələblərini, Avropa məhkəmənin presedentlərini və Kosntitusiya Məhkəməsinin şərhlərini sadalasa da, onları düzgün təfsir etməmiş, verilmiş iddia tələbinin gələcəkdə təmin edilməməsinə zəmin yaratmaq məqsədilə, ona sübutlarını təqdim etməyə şərait yaratmamışdır -bununlaədalətli məhkəmə araşdırılmasını təmin edə bilməmiş, tərəfindən təqdim edilən sübutlara birtərəfli, qeyri-obyektiv yanaşmış və subyektiv mülahizələrinə uyğun hüquqi qiymət verməklə, iş üzrə səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

17. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (82.3-cü maddə). 18.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.1 və 217.3- cü maddələri). 19.Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (233.3-cü maddəsi).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İş materiallarından göründüyü kimi hazırki iş üzrə cavabdeh Ağsu Rayon Məhkəməsinə müraciət edərək İddiaçı müqavilədə nəzərdə tutulan miqdardan az, yəni 3.715,70 manat məbləğində 7.598 kq xam-pambıq təhvil verdiyinə, bununla da müqavilə şərtlərini pozduğuna istinad etmiş, 1.986,30 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılan zaman İddiaçı izahatı alınmış, o, hazırki iddiada qeyd edilən dəlillərə istinad edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

27. Ağsu Rayon Məhkəməsi tərəfindən hər iki tərəfin istinad etdiyi halların əsaslı olubolmamasına qiymət verilmiş, iş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı xx.xx.2016-cı il tarixli, ********* nömrəli “2016-cı il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” müqavilənin şərtlərini pozduğu, bununla da Cavabdeh MMC dəymiş zərərin 1.349,10 manat məbləğində olduğu müəyyən edilmişdir.

28. Hazırda iddiaçı iddianın əsası kimi Ağsu Rayon Məhkəməsi tərəfindən artıq yoxlanılmış və əsassız olduğu üçün rədd edilmiş hallara istinad edərək tərəf olduğu müqavilənin icrası zamanı ona zərər dəyməsinin müəyyən edilməsini xahiş edir, işin apelyasiya baxışında iştirak edərək, iddia ərizəsində qeyd edilənləri Ağsu Rayon Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində qeyd etməsinə baxmayaraq məhkəmələr tərəfindən nəzərə alınmadığını bildirir.

29. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)-525/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, iddiaçının istinad etdiyi zərərin baş verməsinə, bu zərərə görə cavabdehin üzərinə götürdüyü öhdəlikləri təqsirli pozuntusu üçün məsuliyyət daşımasına dair hallar işə baxan məhkəmə tərəfindən yoxlanılmış, əsassız olduğu üçün nəzərə alınmamışdır. Beləliklə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmunun görə iddiaçının iddianın əsası kimi istinad etdiyi bu hallar hazırki mülki iş üzrə artıq müəyyən edilmiş faktlar kimi qəbul edilməlidir.

30. Belə ki, preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən sübut edilməsinin qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni - res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.

31. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.

32. Bu kontekstdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-446/2022 saylı 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar