Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2253/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş mənzil üzərində mülkiyyət hüququnun tanınması və həmin əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(006)-1218/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin bağışlanması barədə hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-252 reyestr nömrəsi ilə qeydə alınmış 13 iyun 2019-cu il tarixli müqavilənin və həmin müqavilə əsasında həmin mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən 28 iyun 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin mənzilin 2/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində isə Cavabdeh1 mülkiyyət hüququnun tanınaraq həmin əmlakın 2/3 pay nisbətində bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər 09 iyul 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş üç azyaşlı uşaqları onun yanında saxlanılmışdır. Birgə nikah dövründə Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzili əldə etmiş və hal-hazırda iddiaçı üç azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşayırlar. Nikahları pozulduqdan sonra o, birgə nikah dövründə əldə olunmuş əmlakın, o cümlədən Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin bölünməsi barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq birgə nikah dövründə əldə olunmuş digər əmlaklar bölünsə də, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzil ipoteka predmeti olduğundan bölünməmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, həmin mənzil ipoteka krediti ilə əldə olunmaqla 31 oktyabr 2013-cü il tarixli müqaviləyə əsasən “xxxx” ASC qarşısında ipoteka ilə yüklü olduğundan, tərəflər arasında bölünə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisə predmeti olan mənzil ipoteka predmeti olduğundan İddiaçı tərəfindən onun Cavabdeh1lə mülki qanunvericiliyin tələbləri baxımından ümumi birgə mülkiyyəti hesab oluna bilməyən əmlak barəsində tələb irəli sürülmüşdür. Sonradan İddiaçı məlum olmuşdur ki, həmin mənzil Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 13 iyun 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən atası Cavabdeh2 bağışlanmış və sonuncunun adına 28 iyun 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Vəkil sorğusuna verilmiş cavab məktubundan bəlli olmuşdur ki, mənzil hal-hazırda ipoteka ilə yüklü deyildir. Göründüyü kimi, məhkəmənin qətnaməsində iddianın təmin edilməməsinin əsası kimi göstərdiyi mübahisəli mənzil hazırda ipoteka predmeti deyil, yəni həmin mənzilin bölünməsinə mane olan hal aradan qalxmış və bununla da iddianın predmeti dəyişmişdir. Həmin qətnamədən mübahisəsiz qaydada görünür ki, hazırkı iddia tələbi üzrə Cavabdeh1 məhkəmədə qaldırdığı qarşılıqlı iddiasında Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin alınması üçün tərəfindən 100000 manat məbləğində kredit götürülməsini, həmin kreditlə bağlı ödənilmiş 91770 manat məbləğində pulun İddiaçı ilə onun arasında bölünməsini xahiş etmiş və beləliklə Cavabdeh1 faktiki olaraq İddiaçı ilə aralarında bağlanmış nikah pozulanadək mənzillə bağlı götürülmüş kredit borcunun 91770 manatının ödənilməsini etiraf etmişdir. İddiaçı hesab edir ki, həmin mənzil birgə nikah dövründə əldə olunmuş əmlak olmaqla bağışlama müqaviləsi bağlanarkən onun razılığı alınmadığından, həmin müqavilə və onun əsasında Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Nikah pozularkən birgə nikahlarından doğulmuş uşaqlar onun yanında saxlanıldığından, onun diqqətəlayiq mənafeyi nəzərə alınaraq mənzilin 2/3 hissəsi üzərində iddiaçının, 1/3 hissəsi üzərində isə Cavabdeh1 mülkiyyət hüququ tanınmalı və mənzil paylara uyğun şəkildə bölünməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(006)- 1218/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, tərəflər arasında əmlak bölgüsü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 2(006)-3762/2016 saylı qətnaməsi ilə həyata keçirilmiş və həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bağışlama müqaviləsinin etibarsızlığı məsələsinə münasibət bildirməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli qətnaməsinin hazırkı işdə preyudisial əhəmiyyət kəsb etməsini əsaslandırmamış, ümumiyyətlə mülki qanunvericilikdə nəzərdə tutulan preyudisiallıq anlayışını səhv təfsir etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı eyni iddia tələbi ilə bundan əvvəl məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzillə bağlı onun iddia tələbi rədd edilmişdir. Tərəflər arasında eyni predmet və eyni əsasla məhkəmənin qüvvədə olan qətnaməsi olduğuna görə hazırkı işin icraatına xitam verilməlidir. Bundan əlavə, mübahisəli mənzil ipoteka krediti ilə alındığına görə ərarvadın birgə nikahı dövründə əldə olunmuş ümumi birgə əmlak anlayışına cavab vermir. Qeyd olunanlardan əlavə, tərəflər arasında nikah pozulduqdan üç ildən çox müddət keçdiyinə görə, hazırkı iddianı qaldırmaq üçün qanunla müəyyən olunmuş iddia müddəti keçmişdir. Buna görə də o, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(006)-1218/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 09 iyul 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından üç uşaqları doğulmuş, 25 noyabr 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar İddiaçı yanında saxlanılmışdır. Cavabdeh1 “xxxx” QSC ilə bağladığı 31 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən həmin bankdan 60 ay müddətinə qaytarmaq şərtilə aylıq 1,1667 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit götürmüşdür. Həmin tarixdə Cavabdeh1lə “xxxx” QSC arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzili X4 160000 manata almış, mənzilin dəyərinin 100000 manat hissəsi “xxxx” QSC-dən götürülmüş kredit hesabına, 60000 manat hissəsi isə Cavabdeh1 tərəfindən ödənilmiş, mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ 07 dekabr 2013-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2016cı il tarixli 2(006)-3762/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair ilkin və Cavabdeh1 İddiaçı qarşı əmlakın bərabər paylara bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən B-4905 saylı evin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə Cavabdeh1 payları müəyyən edilmiş və onlara müvafiq çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri “Kia Pikanto” markalı Az ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə Cavabdeh1 payları müəyyən edilmiş və müvafiq qeydiyyatın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə həvalə edilmiş, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməmışdır. İddiaçı ilkin iddia tələbində bölünməsi tələb edilən Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzil ipoteka ilə yüklü olduğundan, həmin mənzil üzərində payların müəyyən edilməsi barədə tələb təmin edilməmişdir. 13 iyun 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzili Cavabdeh2 bağışlamışdır. 28 iyun 2019-cu il tarixdə həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunur ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzil 31 oktyabr 2013-cü il tarixdə alqı-satqı yolu ilə əldə olunub 07 dekabr 2013-cu il tarixdə mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, habelə ilkin ödəniş kimi 60000 manat və ipoteka kreditlərinin bir hissəsi birgə nikah dövründə ödənildiyindən, İddiaçı ilə Cavabdeh1 ümumi birgə mülkiyyəti hesab olunmalıdır. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzil bağışlanarkən İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı alınmamışdır. Buna görə də Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin bağışlanması barədə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-252 reyestr nömrəsi ilə qeydə alınmış 13 iyun 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında həmin mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən 28 iyun 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. İddia tələbinin mənzil üzərində payların müəyyən edilməsi barədə hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Ailə Məcəlləsinin 37-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin iddia tələbi üzrə Cavabdeh1 məhkəmədə qaldırdığı qarşılıqlı iddiasında Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin alınması üçün ödənilmiş 91770 manat məbləğində pulun İddiaçı ilə onun arasında bölünməsini xahiş etmiş və beləliklə Cavabdeh1 faktiki olaraq İddiaçı ilə aralarında bağlanmış nikah pozulanadək mənzilin alınmasına görə 91770 manat məbləğində pul ödənilməsini etiraf etmişdir. Bundan əlavə, iş materiallarında olan “xxxx” QSC-nin mədaxil orderi qəbzlərinin surətindən görünür ki, 25 noyabr 2015-ci il tarixdə İddiaçı ilə nikahı pozulduqdan sonra Cavabdeh1 tərəfindən 31 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə üst-üstə 90847,30 manat əsas və faiz borcu ödənilmişdir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin alınması üçün pul vəsaitinin daha çox hissəsi Cavabdeh1 tərəfindən ödənilmişdir. (24 ay nikah dövründə, 36 ay nikah pozulduqdan sonra) Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mənzil üzərində İddiaçı payı 1/3 hissədə, Cavabdeh1 payı isə 2/3 hissədə müəyyən edilməlidir. Paylar müəyyən edilərkən tərəflərin birgə nikahından doğulmuş üç uşağın iddiaçının yanında saxlanılması və bu halın diqqətəlayiq hal kimi nəzərə alınmalı olması barədə iddiaçının dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, uşaqların iddiaçının yanında saxlanılması tərəflər arasında əmlak bölgüsünə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 2(006)-3762/2016 saylı qətnaməsi qəbul olunarkən nəzərə alınmış və birgə nikah dövründə əldə olunmuş bağ evi və avtomobil üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh1 isə 1/3 hissədə payı tanınmışdır. Hazırkı iş üzrə mənzil üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh1 isə 1/3 hissədə payının müəyyən edilməsini məhkəmə kollegiyası ədalətli hesab etmir. İddia tələbinin paylı mülkiyyətdə olan mənzilin paylara uyğun bölünməsi barədə hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla aparıla bilər. Buna görə də iddia tələbinin bu hissəsi təmin oluna bilməz. Hazırkı işin tərəflər arasında bundan əvvəl baxılmış və Nəsimi Rayon Məhkəməsi tərəfindən 25 iyul 2016-cı il tarixli 2(006)-3762/2016 saylı qətnamənin çıxarılması ilə nəticələnmiş mülki işlə eyni əsas və eyni predmetli iş olması barədə cavabdeh tərəfin etirazı əsassızdır. Belə ki, iddiaçı tərəf yeni əsaslardan çıxış edərək hazırkı iddianı qaldırmışdır. İddia qaldırılarkən iddia müddətinin keçməsi barədə cavabdeh tərəfin dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı mənzilin bağışlanması barədə 2019-cu ilin avqust və noyabr aylarında vəkil sorğusuna DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktublarından sonra məlumatlı olmuş və 28 noyabr 2019-cu il tarixdə hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(006)- 1218/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin bağışlanması barədə hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-252 reyestr nömrəsi ilə qeydə alınmış 13 iyun 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında həmin mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən 28 iyun 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65a-da yerləşən 18 saylı mənzilin 1/3 hissəsi üzərində İddiaçı, 2/3 hissəsi üzərində isə Cavabdeh1 payı və mülkiyyət hüququ tanınsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2253/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2253/2021
20.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver