Məhkəmə qərarları › İş №2(103)-2254/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2254/2022

02.03.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2254/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2803/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə haqqının və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 17500 manat əsas borc və 26500 manat gecikdirməyə görə razılaşdırılmış faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilini (evini) ofis kimi istifadə etmək məqsədilə cavabdehin ofertası və onun onu aksept etməsi vasitəsi ilə 01 aprel 2019-cu il tarixdə bağladıqları icarə müqaviləsi əsasında Cavabdehnə müddətli icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi, aylıq icarə haqqı hər faktiki kvadratmetr üçün 15 manat olmaqla kommunal, istismar və vergi xərcləri xaric 3500 manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndində göstərildiyi kimi, “vergilərin ödənilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən tənzimlənir, vergilər icarə haqqına daxil deyil, bu müqavilə üzrə "icarəyəverən"ə aid vergilərin dövlət büdcəsinə ödənilməsi "icarəçi"nin öhdəsində qalır”. Sənəddə həmçinin razılığa gəlmişlər ki, müqavilənin qüvvədə olduğu birinci ay, aprel üçün haqq ödənilməyəcək, may ayından başlayaraq icarə haqqı nəğd qaydada əvvəlki ayın sonuna qədər aybaay, yaxud istənilən müddət üçün öncədən ödənilməlidir. Beləliklə, 2019-cu il aprelin 1-də obyekti tam təmirli vəziyyətdə açarları ilə birlikdə cavabdeh MMC-nin sədri X5 təhvil vermişdir. Bir neçə günə cavabdeh özünə məxsus avadanlığı obyektdə yerləşdirməklə oradan istifadəyə başlamışdır. Aprelin sonunda N.F.Mehdiyev nağd olaraq may, iyun və iyul aylarına dair icarə haqqını ona öncədən ödəmişdir. İyulun və avqustun sonunda da müvafiq olaraq aylıq haqqı ödəmişdir. Növbəti oktyabr ayına dair haqq sentyabrın sonunda ödənilməli idi. Lakin, Cavabdeh MMC-nin təsisçisi və direktoru N.F.Mehdiyev həmin ay pulu bir qədər ləngidəcəyini, sonra üç aylıq haqqı öncədən ödəyəcəyini bildirmiş, o, da bunu nəzərə almışdır. Lakin oktyabrın sonunda da Mehdiyev pulu hələ verə bilməyəcəyini, tezliklə tam ödəyəcəyini dedikdə, çoxdan tanıdığı, dostluq etdiyi və xətrini çox istədiyinə görə ona bildirmişdir ki, əgər bu hal davam edəcəksə, obyekti təhvil verməsini xahiş etmiş, borclu olduğu son ayın haqqını da bağışlamağını söyləmişdir. N.F.Mehdiyev inandırıcı tərzdə müqavilənin illik bağlandığını və borcu tezliklə tam ödəyəcəyini bildirmişdir. Beləliklə, N.Mehdiyev onu əmin edə-edə borcunu ödəməmişdir. O, obyekti təhvil verməsini cavabdehə təkid etmiş və cavabdeh 2020-ci il martın 15-də bahalı əşyalarını obyektdən çıxararaq açarın yalnız birini ona vermiş, digər nüsxələri isə hələ də onda qalmışdır. 02 mart 2020-ci il tarixdə rəsmi pretenziya yazaraq sifarişli poçt vasitəsilə cavabdehin yaşadığı ünvan 2 ünvanına göndərmiş, həmçinin, dərhal 050 *** ** ** mobil nömrəsindəki “WhatsApp” əlavəsinə göndərmiş və N.Mehdiyevə zəng vurub soruşmuş, o, da pretenziyanı aldığını, tez bir zamanda borcunu tam ödəyəcəyini vəd etmişdir. Pretenziyada - “Nəzərinizə çatdırıram ki, Sizinlə bağladığım 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyünüz ünvan 3 ünvandakı daşınmaz əmlakıma görə 5 aylıq icarə haqqını özünüz bildiyiniz səbəbdən bu günə kimi ödəməmisiniz. Borcun bu qədər artmasının səbəbi Sizin dəfələrlə verib əməl etmədiyiniz vədlərdir. Borcunuz bugünkü 02 mart 2020-ci ilə, gecikdirmə faizi nəzərə alınmamaqla aya 3500 manat hesabı ilə 17500 manat edir. Borcunuzu tam şəkildə ödəmək üçün Sizə 07 mart 2020-ci il tarixə kimi möhlət verilir. Borcun ödənilməsi barədə tələbin göstərilən tarixədək yerinə yetirilmədiyi təqdirdə məbləğin Sizdən müqavilənin 2.4- cü bəndində razılaşdırdığımız gecikmə faizi (bu günə - 15285 manat) ilə birlikdə xeyrimə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam” bildirilmişdir. Lakin cavabdeh yenə də boş vədlər verməkdə davam etməkdədir. "İcarə haqqında” qanunun 7-ci maddəsinin 1-ci hissəsində göstərilir ki: “İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir”. Lakin icarəçi bu borcunu ödəməkdən yayınır, beləliklə, müqavilə öhdəliklərini və Mülki Məcəllənin 389.1, 390.1, 405.1 və digər maddələrini pozaraq mülki hüquq pozuntusuna deliktə yol vermiş və ona kifayət qədər borcundan yayınmaq və onu ləngitməklə ona maddi ziyan vurmaqda davam edir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdehin oktyabr 2019 - fevral 2020-ci il dövrünə “7500 (3500 x 5 ay) manat borcu yaranmışdır (sonrakı ayların haqqını tələb etmir). Cavabdeh müqavilənin 2.4-cü bəndində belə bir öhdəlik də götürmüşdür: “İcarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəyəverənə” ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edir və ödəyir”. Bu öhdəliyinə görə onun, indiyədək ona 26500 manat keçikdirmə borcu da yaranmışdır. Beləliklə, cavabdehin bu günədək ona olan borcu (17500+26500) 44000 manatdır. Cavabdeh öz üzərinə razılaşdığı xüsusatlarla yanaşı müqavilənin 4.8-ci bəndində Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək” öhdəliyi də götürmüşdür. Səbail Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə 17500 manat əsas, 1000 manat cərimə borcu olmaqla, cəmi 18500 manat məbləğində borcun tutulması, Cavabdeh MMC-dən 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC-lə ünvan 4 ünvanındakı mənzilini ofis kimi istifadə edilməsi üçün 01.04.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin icarə obyektinə iddiaçı vergi kodu alınmadığından Cavabdeh MMC həmin obyekti icarəyə təhvil götürməmiş və icarəyə təhvil götürmədiyindən obyekt üzrə təhvil-təslim müqaviləsi bağlanmamışdır. Məhkəmə baxşı zamanı məhkəmə həmin qeyd etdiyi halları dəqiq araşdırmadan, iş üzrə İddiaçı yaxın tanışları olan şəxslər onların iştirakları olmadan şahid qismində dindirilərək qanunsuz olaraq qətnamə qəbul etmişdir. Qeyd etdiyi müqavilə üzrə öhdəlik olmadığından əsas borc yoxdur buna görə də iş üzrə cərimə pulu və ödənilmiş dövlət rüsumun tutulması da tətbiq edilməməlidir. Mülki işə baxan məhkəmə tərəflər arasında müqavilənin olub-olmaması, öhdəliyin yaranması üçün obyektin təhvil alınmasını və həmin obyektin 5 ay cavabdeh tərəfindən istifadə edərək ödəniş edilməməsi və həmin borcun hansı aylar üzrə olması barədə möhtəbər sübutların olmasını araşdırmadan qanunsuz olaraq qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “icarəçi” - Cavabdeh MMC-nin təsisçisi və direktoru X6 ilə “icarəyəverən” - İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, "icarəyəverən" xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı ünvan 5izami küçəsi, 16 (30D) olan, sənədlər üzrə ümumi sahəsi 223,36 (faktiki sahəsi 235 kv.m.) kvadrat metr olan mənzilini ofis kimi istifadə olunması məqsədilə “İcarəçi"nin müddətli istifadəsinə vemişdir. Bu müqavilə üzrə aylıq icarə haqqı hər faktiki kvadratmetr üçün 15 manat olmaqla kommunal, istismar və vergi xərcləri xaric 3500 manat müəyyən edilmişdir. İcarə haqqı nəğd qaydada əvvəlki ayın sonuna qədər aybaay, yaxud istənilən müddət üçün öncədən ödənilməlidir. Müqavilənin qüvvədə olduğu ilk ay - aprel 2019-cu il üçün icarə haqqı ödənilməyəcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən iddiaçı tələbində cavabdehlə aralarında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən icarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəverən”ə ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edilir və ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin müddəti 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək müəyyən edilir. Bu Müqaviləyə tərəflərdən birinin digərinə bir ay əvvəl təqdim edilmiş yazılı xəbərdarlığı ilə xitam verilə bilər. Bu halda obyekt dərhal boşaldılmalı və “icarəyəverən”ə normal vəziyyətdə təhvil verilməlidir. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır (VÖEN **********) "Sabatini” MMC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsi üzrə oktyabr 2019 - fevral 2020 dövrü 5 aylıq icarə haqqının gecikdirilməsi ilə əlaqədar müqavilənin 2.1-cü bəndi ilə nəzərdə tutulmuş gecikdirmə faizinin hesablanması barədə cədvəldən görünür ki, 2019-cu ilin oktyabr ayının 31-dən 2020-ci ilin aprel ayının 30-na kimi 17500 manat əsas icarə haqqı borcu və 26500 manat gecikdirməyə görə razılaşdırılmış əlavə borc hesablanmışdır. İddiaçı tərəfindən Cavabdeh MMC-nin təsisçisi və direktoru X5 ünvanlanmış 02.03.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, onunla bağladığı 01 aprel 2019cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü ünvan 3 ünvandakı daşınmaz əmlakına görə 5 aylıq icarə haqqı bu günə kimi ödəməmişdir. Borcun 02 mart 2020-ci ilə, gecikdirmə faizi nəzərə alınmamaqla aya 3500 manat hesabı ilə 17500 manat edir. Borcu tam şəkildə ödəmək üçün ona 07 mart 2020-ci il tarixə kimi möhlət verilir. Borcun ödənilməsi barədə tələbin göstərilən tarixədək yerinə yetirilmədiyi təqdirdə məbləğin ondan müqavilənin 2.4- cü bəndində razılaşdırdıqları gecikmə faizi (bu günə +16285 manat) ilə birlikdə onun xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. İş materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı MKİS tərəfindən İddiaçı ünvanlanmış 06.12.2021-ci il tarixli 151 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühasibi X2 və mühəndisi X7 2019-cu ilin iyun ayında bir neçə dəfə MKİS-in xidməti ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan Nigar Rəfibəyli küçəsi 3/5 mənzil 13a ünvanında müvafiq icarə müqaviləsi əsasında yerləşən Cavabdeh ofisində olmuş, MMC-nin direktoru X4 görüşmüş, obyektin 2019-cu il üçün xidmət haqqının ödənilməsini xahiş etmişlər. Daha sonra mühasib X2 və mühəndis X7 onlarla telefon əlaqəsi saxlamış, məsələ barədə məlumat vermişdir. Bundan sonra əmkdaşları 30 iyun 2019-cu il tarixdə yenidən həmin ofisə getmiş, Cavabdeh MMC-nin direktoru Nəriman Mehdiyev qeyri yaşayış məqsədi ilə istismar edilən yaşayış mənzilləri üzrə nəzərdə tutulan tarif üzrə 223 kvadrat metr sahə üçün 133 manat 92 qəpik məbləği nəğd olaraq mühasib X1 ödəmiş mühasib isə ona məbləğin alınmasına dair əmlakın sahibi İddiaçı adına ƏİZ seriyalı, 260207 N-li kassa mədaxil qəbzi təqdim etmiş, həmin gün də ƏİZ serialı 260207 N-li kassa mədaxil orderi əsasında 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin kassasına mədaxil etmişdir. Adları qeyd olunan əməkdaşlarının bildirdiyinə görə orada olarkən obyektin girişində və resepşndə üzərində “SBTN Sabatini” yazılmış lövhələr, ofisdə çalışan bir neçə işçinin olduğunu, eyni zamanda gördükləri holl və otaqların müasir stildə dizayn olunduğunu müşahidə etmişlər. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, dostluq edir. Belə ki, o, iddiaçı ilə şəhərdə gəzəndə Respublika Prokurorluğunun yanında yerləşən əmlakının icarə haqqını almaq üçün ora getməyi təklif emiş o, da getmişdir. İki il olar ki, həmin ünvanda icarədar var idi. Onlar həmin ünvana gedəndə içəridə 2-3 nəfər olmuş, iddiaçının nə qədər icarə haqqı götürdüyünü dəqiq bilməsə də, 3000 manatdan artıq olduğunu bilirdi. Onlar iki dəfə ora birlikdə getmişlər. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayon 9 saylı MKİS-də mühəndis işləyir. 2019-cu ilin iyun ayında bir neçə dəfə MKİS-in xidməti ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan Nigar Rəfibəyli küçəsi 3/5 mənzil 13a ünvanında müvafiq icarə müqaviləsi əsasında yerləşən Cavabdeh ofisində olmuş, MMC-nin direktoru X4 görüşmüş, obyektin 2019-cu il üçün xidmət haqqının ödənilməsini xahiş etmişlər. Daha sonra İddiaçı özü ilə də telefon əlaqəsi saxlamış, məsələ barədə məlumat vermişdir. Bundan sonra əmkdaşlar 30 iyun 2019-cu il tarixdə yenidən həmin ofisə getmiş və direktor Nəriman müəllim ödənişi etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “icarəçi” - Cavabdeh MMC-nin təsisçisi və direktoru X6 ilə “icarəyəverən” - İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, “icarəyəverən” xüsusi mülkiyyət hüququ ilə ona məxsus, sənədlər üzrə rəsmi ünvanı ünvan 5izami küçəsi, 16 (30D) olan, sənədlər üzrə ümumi sahəsi 223,36 (faktiki sahəsi 235 kv.m.) kvadrat metr olan mənzilini ofis kimi istifadə olunması məqsədilə “İcarəçi"nin müddətli istifadəsinə vemişdir. Bu müqavilə üzrə aylıq icarə haqqı hər faktiki kvadratmetr üçün 15 manat olmaqla kommunal, istismar və vergi xərcləri xaric 3500 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən icarə haqqı gecikdirildikdə “icarəçi” hər gecikdirilən gün üçün “icarəyəverənə” ödəniləcək məbləğin 1 faizi miqdarında məbləğ əlavə edilir və ödənilməlidir. Müqavilənin müddəti 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. Lakin cavabdeh icarə haqqını gecikdirmiş və bugünə qədər ödəməmişdir. İddiaçı tərəfindən Cavabdeh MMCnin təsisçisi və direktoru X5 02.03.2020-ci il tarixli pretenziya məktubu ünvanlansa da, yaranmış icrarə haqqı borcu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətində icarə obyektinin onlara təhvil verilməməsi, onların həmin obyekti icarəyə götürmədiklərini bildirsələr də, iş materiallarında olan sübutlarla (sənədlər, tərəflər arasında olan yazışmalar, şəkillər, şahid ifadələri və s.) və işin faktiki halları ilə həmin dəlillər təkzib olunur. Apelyatorun cərimə məbləğinin və dövlət rusumunun tutulması barədə dəlillərədə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də, məhkəmə kollegiyası düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Kollegiya, həmçinin, hesab edir ki, işə baxan məhkəmə düzgün olaraq iddianın qismən təmin olunduğunu və iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq 15 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, apelyatorun birinci instansiya məhkəməsində iştirakının təmin olunmaması ilə bağlı irəli sürdüyü dəlili öz təqsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq bildiriş və cavabdehin nümayəndəsinin istifadəsində olan mobil nömrəyə məhkəmə iclasının yeri və vaxtı barədə elektron qaydada sms göndərilmişdir və həmin sms ünvan sahibinə çatmışdır (i.v.104) Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri apelyatora münasibətdə qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2803/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar