Məhkəmə qərarları › İş №2(103)-2260/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2260/2022

24.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2260/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 05 dekabr 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə olunması” tələbləri təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 3/33 saylı evin 2 otaqlı 20 saylı mənzilinin X2 dair 01.12.2001ci il tarixdə Bakı şəhəri 3 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında X6 adına verilmiş 03.04.2002-ci il tarixli ÖM seriyalı 109296 saylı qeydiyyat vəsiqəsinin, habelə Cavabdeh adına verilmiş 52-8290 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, mənzilə İddiaçı mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat vəsiqəsinin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət olunmuşdur. 13 avqust 2021-ci il tarixdə Cavabdeh birinci insatnsiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, sonradan isə şikayət verilməsi üçün müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, qətnamədən məlumatı olmamış, məhkəmə prosesində onun vəkili qismində iştirak etdiyi göstərilən şəxslə müqavilə bağlamamış, qətnamə ona göndərilməmişdir. Buna görə də şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü hesab olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, qərardad belə əsaslandırılmışdır ki, Cavabdeh 16 saylı hüquq məsləhətxanasının vəkili X. Xankişiyevə etibarnamə verərək onun müqavilə bağladığı və həmin vəkilin onu məhkəmə prosesində təmsil etdiyi, qətnamənin vəkilə təqdim olunduğu müəyyən olunmuş, eyni zamanda Cavabdeh özü mənzilin satılmasından 2011-2012-ci illərdə məlumatlı olduğunu bildirmiş, beləliklə də qətnamənin mövcudluğundan xəbəri olmuşdur. Cavabdeh həmin qərardaddan verdiyi şikayət də birinci instansiya məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi 05 dekabr 2008-ci il tarixli qətnaməni qəbul edərkən məhkəmə prosesində Cavabdeh nümayəndəsi (vəkili) X4 təmsil etmiş, 16 saylı Vəkil Bürosundan vəkil sorğusuna verilən cavabda sözügedən qətnamənin surətinin adı çəkilən vəkildə saxlanıldığı bildirilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 3/33 saylı evin 2 otaqlı 20 saylı mənzili 27.02.2009-cu il tarixdə İddiaçı tərəfindən X1. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2767/2008 saylı iş üzrə 13 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar