Məhkəmə qərarları › İş №2(103)-2269/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2269/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2269/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh tərəfin nümayəndəsi (vəkili) Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(005)- 2575/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55000 (əlli beş min) manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğdən borc məbləğinin ona ödənilməsi və qalan məbləğin isə «ipoteka saxlayana» qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21 fevral 2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 3M-190 nömrəli reyestrlə təsdq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh1 55000 (əlli beş min) manat məbləğində pulu borca vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən «Borc alan» Cavabdeh1 kredit məbləğini 21.11.2020-ci il tarixinədək «Borc verənə» hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin təminatı olaraq 21 fevral 2020-ci il tarixində «ipoteka saxlayan» İddiaçı, «ipoteka qoyan» Cavabdeh2 və «Borc alan» Cavabdeh1 arasında Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 3M-191 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən ipateka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilini yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. 24.02.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən bu ipoteka obyekti ********** qeydiyyat nömrəsi ilə qeydə alınmaqla yüklü edilmişdir. Yuxarıda adı çəkilən kredit müqaviləsinin 2-ci bəndinə əsasən «Borc alan» bu məbləği hissə-hissə olmaqla ödəməli olduğu halda bu günədək bir manat belə borcundan qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(005)- 2575/2020 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmış, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 21.02.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi üzrə 55000 (əlli beş min ) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilin ilkin satış qiymətinin 160 000 (yüz altmış min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borc öhdəliyinin icra edilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait borc öhdəlikləri icra edildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət olunmuşdur. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin əsasız olması, maddi və prosessual hüquq normalarının pozulması, qanunla müəyyən edilmiş müddət gözlənilmədən iddianın qaldırılması, kredit müqaviləsinin müddətinin bitməməsi, tələbin ipotekaya yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmaması, bununla da «İpoteka haqqında» Qanunun tələblərinin pozulması, borc və ipoteka müqaviləsinin təzyiq altında bağlanması, cavabdehə borca hər hansı pulun verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə mübahisənin məhkəmədən kənar qaydada həllinə cəhd etsələr də, pulun qaytarılması müddəti ilə bağlı hissədə razılığa gələ bilməmişlər. Cavabdeh pulun ödənilməsinə etiraz etmir, lakin maddi vəziyyəti buna imkan vermir. İddiaçı tərəfindən cavabdeh tərəfə pretenziya və bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər həqiqətən mübahisənin məhkəmədən kənar qaydada həllinə cəhd etsələr də, pulun qaytarılması müddəti ilə bağlı hissədə razılığa gələ bilməmişlər. Tərəflər müqavilədə pulun hissə-hissə qaytarılmasını şərtləndirmiş, lakin cavabdeh 5 ay müddət keçməsinə baxmayaraq hər hansı ödəniş etməmişdir. Müqavilədə pul vəsaitinin hansı məbləğlərdə və dövrlükdə hissə-hissə qaytarılmasının konkretləşdirilməməsində məqsəd cavabdehin özünün istəyi üzrə ödənişləri həyata keçirməsi olmuşdur. Yəni, cavabdeh özü maddi vəziyyətinə uyğun olaraq borcu hissə-hissə ödəməli idi. Lakin, bu hal borcun ümmuiyyətlə hissə-hissə ödənilməməsinə əsas ola bilməzdi. Pul vəsaitlərinin ödənilmədiyindən, iddiaçı cavabdeh tərəfə pretenziya və bildiriş göndərmiş, lakin yenə də hər hansı pul ödənilməmişdir. Bu səbəbdən də iddiaçı vaxtından əvvəl məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər apellyasiya şikayətində həmçinin bildirişin dövlət qeydiyyatına alınmamasını göstərsələr də, işdə olan bildirişdən görünür ki, o qeydə alınması üçün DƏDRX-nə göndərilmiş, sonuncu tərəfindən qəbul edilmişdir. Eyni zamanda apellyasiya şikayətinə əlavə göstərilənlər, yəni əqdlərin təzyiq nəticəsində bağlanması, cavabdehə pul verilməməsi həqiqətə uyğun deyildir, cavabdeh tərəf bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır, cavabdeh tərəfin məqsədi işi süni yolla uzatmaq, pulun ödənilməsindən yayınmaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) MPMin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 21.02.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən, cavabdehə 21.11.2020-ci il tarixədək, hissə-hissə qaytarılmaqla, faizsiz 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş daşınmaz əmlak ipoteka müqaviləsindən görünür ki, 21.02.2020-ci il tarixli, 3M-190 reyestr saylı kredit müqaviləsinin təminatı qismində, (ipoteka saxlayan) İddiaçı ilə (ipoteka qoyan) Cavabdeh2 arasında bağlanmış 21.02.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********53 reyestr nömrəli, 24.02.2020-ci il qeydiyyat tarixli Çıxarışına əsasən Cavabdeh2 tam payla xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında 70.34 kv.m ümumi sahədən ibarət 4 otaqlı 40 nömrəli mənzil ipoteka qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 160000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 40 Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsinə dair pretenziya və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. İşdə olan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdən görünür ki, bildiriş 08 iyun 2020-ci il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-nin 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Cavabdeh isə kredit müqaviləsi üzrə öhdəliyinin olmaması (borcun qaytarılması və s.) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatında əqdləri mübahisələndirməmiş, əksinə 21 fevral 2020-ci il tarixində 55000 manat pulun İddiaçı tərəfindən ona verilməsini, həmin puldan heç bir ödəniş etməməsini, bunun səbəbi kimi maddi vəziyyətinin ağır olmasını, pandemiya ilə əlaqədər biznes fəaliyyətinin işləməməsini, ona vaxt lazım olmasını və s. göstərmişdir. Eyni zamanda, cavbadeh tərəf apellyasiya şikayətində də əqlərin etibarlılığını şübhə altına almamışdır. Buna baxmayaraq, sonradan verilmiş apellyasiya şikayətinə əlavədə cavabdeh tərəf əqdərin təzyiq altında bağlanmasını, müqavilədə göstərilən pul vəsaitinin verilməməsini göstərmiş, lakin bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məcburiyyətin və təzyiqin nədə ifadə olunmasını, bununla bağlı həmin dövrdə və ya ondan sonra hər hansı orqana şikayət edib-etməməməsini, keçən müddət ərzində əqdləri nəyə görə müstəqil qaydada mübahisələndirməməsini və s. bu kimi halları əsaslandıra bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir. Bununla yanaşı, cavabdeh tərəf apellyasiya şikayətində tələbin ipotekaya yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmaması, bununla da «İpoteka haqqında» Qanunun tələblərinin pozulmasını göstərsə də, işdə olan bildirişdən açıq-aydın görünür ki, bildiriş 08 iyun 2020-ci il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Eyni zamanda apellyasiya şikayətində kredit müqaviləsinin müddətinin bitməməsi, iddiaçının vaxtından əvvəl məhkəməyə müraciət etməsi, bununla da qanunvericiliyin tələblərinin pozulması göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq qeyd edir ki, tərəflər kredit müqaviləsində borc verilmiş pul vəsaitinin hissə-hissə ödənilməli olmasını şərtləndirmişlər. MM-nin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissəhissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilədə öhdəliyin hissə-hissə icra edilməsinin konkret müddətinin (yəni, hissə-hissə ödənilməli olan aralıq müddətlərin) və məbləğinin göstərilməməsi vəziyyəti dəyişdirmir. Müqaviləyə görə öhdəlik hər bir halda hissə-hissə icra olunmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən isə cavabdeh keçən müddət ərzində hissəhissə hər hansı məbləği iddiaçıya ödəməmişdir. İddiaçının nümayəndəsinin izahatından görünür ki, müqavilədə pul vəsaitinin hansı məbləğlərdə və dövrlükdə hissə-hissə qaytarılmasının konkretləşdirilməməsində məqsəd cavabdehin özünün istəyi üzrə ödənişləri həyata keçirməsi olmuşdur. Yəni, cavabdeh özü maddi vəziyyətinə uyğun olaraq borcu hissə-hissə ödəməli idi. Lakin, bu hal borcun ümmuiyyətlə hissə-hissə ödənilməməsinə əsas ola bilməz. MM-nin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. MM-nin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Göründüyü kimi, müqavilədə hissə-hissə ödənilməsi olan pul vəsaitlərinin konkret müddətinin göstərilməməsi borclunu (cavabdehi) öhdəliyin icrasından azad etməmişdir. Cavabdeh iddiaçının icra tələbini (pretenziya, bildiriş) irəli sürdüyü gündən sonra da öhdəliyi hissə-hissə də olsa icra etməmiş, öhdəliyyini pozmuş, bu səbəbdən də iddiaçı müvafiq tələblərlə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işdə olan sübutlarla cavabdehin iddiaçıya kredit (borc) müqaviləsinə əsasən 55000 manat pul vəsaitinin qaytarmalı olması müəyyən olunur. Çünki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bununla yanaşı, iddia – tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi hissədə də əsaslı olmuş, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının tələbi tərəflər arasında bağlanılmış 21 fevral 2020-ci il kredit müqaviləsi və 21 fevral 2020-ci tarixli ipoteka müqavilələrindən irəli gəlir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Göründüyü kimi, cavabdeh tərəf etirazının və apellyasiya şikaytəinin dəlilləri kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onu əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(005)- 2575/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(005)-2575/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar