Məhkəmə qərarları › İş №2(103)-2273/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2273/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2273/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-89/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evinin naturada, ümumi mülkiyyət hüququndakı paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-89/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evi ümumi mülkiyyət hüququndakı paylara uyğun olaraq naturada bölünməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5 manatının Cavabdeh1, 5 manatının Cavabdeh2, 5 manatının Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 manatın 25 (iyirmi beş) manatının İddiaçı, 25 (iyirmi beş) manatının Cavabdeh1, 25 (iyirmi beş) manatının Cavabdeh3, 25 (iyirmi beş) manatının isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh3 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-5962/21 nömrəli qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilərək, ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-5962/21 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti verilərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(102)-6354/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5962/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-89/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını, apelyasiya şikayətinin dəlillərini, kassasiya məhkəməsinin hazırki mübahisə üzrə hüquqi mövqeyini nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı sözügedən daşınmaz əşyanın ümumi paylı mülkiyyətçisidir. O, digər üç nəfər paylı mülkiyyətçiyə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq evin bütün mülkiyyətçilərin paylarına uyğun bölünməsini tələb edir. Belə olan halda iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci və 221-ci maddələri nəzərdən keçirilə bilər (§ 17-20). Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər paydaşlarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Hazırkı işdə daşınmaz əşyanın bütün paylı mülkiyyətçiləri evin paylarına uyğun bölünməsi barədə iddia qaldırmamışlar. İddia tələbini irəli sürən payçılardan yalnız biri - İddiaçıdir. Buna baxmayaraq o, öz payının ayrılmasını (ümumi mülkiyyət rejimindən çıxmasını) deyil, bütövlükdə evin mülkiyyətçilərin paylarına uyğun bölünməsini tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə bu xüsusatı araşdırmamış, iddiaçının belə bir hüquqa malik olub-olmamasına qiymət verməmişdir. Kollegiya onu da vurğulayır ki, iddianın təmin olunması barədə qətnamədən yalnız cavabdeh payçı Cavabdeh3 apelyasiya şikayəti vermiş, o da sonradan həmin şikayətindən imtina etmişdir. Hazırki apelyasiya icraatında mübahisəli yaşayış sahəsinin paylı mülkiyyətçilərinin mübahisələrinin olub-olmamasının aydınlaşdırılması üçün məhkəməyə dəvət edilsələr də, məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Belə olan halda kollegiya mübahisəli yaşayış sahəsinin mülkiyyətçiləri arasında mübahisənin olmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında mübahisə olmadığından, hazırki iddia tələbinə mülki mühakimə qaydasında baxıla bilməz (MPM 261.1). Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd edilən tələblərini nəzərə almamışdır. Kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, tərəflərə payın ayrılması, yaxud bölgüsünün aparılması və qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-89/2021 saylı qətnaməsi ləğv edilsin və hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilsin. Tərəflərə payın ayrılması, yaxud bölgüsünün aparılması və qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar