Məhkəmə qərarları › İş №2(103)-2275/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2275/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2275/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9742/2019 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin və Cavabdeh5 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-59/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - “cavabdehlərdən 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 MMCdən və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** nömrəli razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği 40.056,39 (qırx min əlli altı dollar, otuz doqquz sent) ABŞ dolları, cərimə borcunun məbləği 19.000 (on doqquz min) ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin məbləğin ödənilməsi ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, qətnamənin ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-699/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)- 9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra Cavabdeh5 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9742/2019 saylı qətnaməsi ilə qismən dəyişdirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinin nəticə hissəsində yanlışlıqla göstərilmiş “tələbin mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi ifadəsinin tələbin mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanındakı “A” tikilisinə yönəldilməsi” kimi oxunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçının şikayəti məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək qeyd etdi ki, rayon məhkəməsinin qərardadı tamamilə əsassızdır. Belə ki, onların iddia tələbində ilk əvvəl tutmanın “ünvan 1 ünvanındakı “A” tikilisinə yönəldilməsi” xahiş olunsa da, sonradan onlar iddia tələbinə dəqiqləşdirmə edərək, tələbin mülkiyyət hüququ üzrə K.Məmədova məxsus 22 saylı fərdi yaşayış evinə, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 95 saylı fərdi yaşayış evinə yönəldilməsi xahiş edilmişdir. Tələbin dəqiqləşdirilməsinə səbəb isə ipoteka predmetinə yeni çıxarışın alınması olmuşdur. Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2(007)-59/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsində də bu məsələyə qiymət verilərək göstərilmişdir ki, ipoteka predmeti olan əmlakın yaxşılaşdırılması nəticəsində onun dəyəri artmış, yeni ünvan almaqla tam olaraq cavabdehin mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İddiaçı da tələbin yeni qayda ünvanla qeydə alınmış əmlaka yönəldilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsində də tələbin mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh5 həmin qətnaməni bu hissədə apellyasiya və kassasiya qaydasında mübahisələndirsə də, onun dəlilləri əsassız hesab olunmuş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9742/2019 saylı qətnaməsində bununla bağlı qeyd edilmişdir ki, qanunvericiliyin tələbinə görə fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak təşkil edir, bu səbəbdən rayon məhkəməsi tutmanın yönəldiyi daşınmaz əmlakı- Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 95 saylı fərdi yaşayış evi kimi göstərməkdə haqlı olmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)- 699/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilərək, qərardadın ləğv edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət təmin edilməli, qərardad ləğv edilməli və Cavabdeh5 ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsində də tələbin mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh5 qətnaməni həmin hissədə də apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, lakin onun şikayətinin bu dəlili Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9742/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 699/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə əsassız hesab edilmişdir. Bu səbəbdən, rayon məhkəməsi apellyasiya və kassasiya qaydasında baxılaraq münasibət bildirilmiş məsələyə “yanlışlıq” kimi qiymət verərək, ərizəni təmin etməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, qərardad ləğv edilməli və Cavabdeh5 ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-59/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh5 ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar