Məhkəmə qərarları › İş №2(103)-2275/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2275/2022

05.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2275/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 843/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 16.03.2020-ci il tarixli, 2(005)-843/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2nə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, R.M.Həsəov) 19.08.2020-ci il tarixli, 2(103)-5246/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, A.Hüseynov, İ.Xələfov) 29.12.2021-ci il tarixli, 2(102)-2840/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5246/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən Qərarında vurğulanmışdır ki, Mübahisə borclunun əmlakının icra icraatı çərçivəsində məcburi satılması ilə əlaqədar keçirilən hərracın etibarsızlığı iddiası ilə bağlıdır. İddiaçının kassasiya şikayətinə baxılarkən bu kateqoriyadan olan mübahisələrə dair məhkəmə tərkiblərinin fərqli hüquqi mövqeləri olması nəzərə alınaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1.1 və 418-1.2-ci maddələrinə əsasən, iş üzrə mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclasın təyin edilməsi barədə təqdimatla Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərarına əsasən, “...məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə ...aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.” Hazırkı işdə isə iddiaçının icra sənədinin icrası çərçivəsində məcburi satılması sifariş olunan mənzilinə dair hərracın Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələrinə uyğun keçirilib-keçirilmədiyi araşdırılmamış, bu xüssuatlara hüquqi qiymət verilməmişdir. Ona görə də qətnamə ləğv edilməli, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının adı çəkilən qərarındakı hüquqi mövqelər nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq iddia tələbləri üzrə müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə olan halda, Kollegiya qətnamənin kassasiya şikayətində göstərilən əsaslar üzrə yoxlanılmasına prosessual qənaət prinsipi baxımından zərurət görmür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi səbəbindən ləğv olunmalıdır. Münahisələndirilən qətnamə ümumiyyətlə əsaslandırılmamış, məhkəmə öz qətnaməsində yalnız Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarını və iş materiallarında olan sübutları sadalamaqla kifayətlənmişdir. Cavabdeh1 MMC-nin iddia ərizəsinə ünvanlamış olduğu etirazla bağlı qeyd edir ki, etirazda qeyd edilmişdir ki, güya ki, hərracın yeri və vaxtı barədə bildirişi İddiaçı şəxsən qəbzə imza elməklə əldə etmişdir. Bundan sonrakı bildirişlər isə "xxxx", "evdə yoxdur", "imtina etdi" səbəblərindən qəbul edilməmişdir. Bununla bağlı qeyd edir ki, iş materiallarında da aydın olur ki, İddiaçı 01.04.2015-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş və həmin tarixdə 9 saylı cəzaçəkmə müəssisəndə cəza çəkirdi. Belə olan halda, İddiaçı qeydiyyatda olduğu ünvan 1nzilə ünvanlanmış poçt xəbərnaməsini şəxsən imza etməklə qəbul elməyi ağlabatan hesab edilə bilməz. Həmin etirazın 2-ci dəlili isə ondan ibarət olmuşdur ki, tələbkar Səlimov Ramazan 04.01.2019-cu il tarixdə keçirilmiş hərracın qalibi elan edilsə də, iddiaçının nümayəndəsi tərəfindən bəzi məhkəmə aktları təqdim edildiyindən 29.01,2019-cu il tarixdə hərrac dayandırılmışdır. Bu səbəbdən də, təşkilat ilə qalib arasında hər hansı protokol imzalanmamışdır. Qeyd edir ki, icra icraatının dayandırılması barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli qərardadı və mübahisəli mənzilin üzərindən həbsin götürülməsi barədə Nəsimi rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli qərardadı tərəflərindən “X4’' MMC-yə həm şifahi, həm də 02.11.2018-ci il tarixdə məktub vasitəsi ilə rəsmi qaydada bildirilmişdir. Belə olan halda, 3 ay sonra, yəni 29.01.2019-cu il tarixdə (yekun hərracın keçirildiyi tarixdən 04.01.2019-cu ildən 25 gün sonra) guya hərracın dayandırılması həqiqəti əks etdirmir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsində dolayı yolla həmin iddia ərizəsinə etiraza istinad edilərək hərracın keçirilməməsi səbəbindən iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bu səbəbdən aşağıda qeyd edilən işin faktiki hallarını təkrar olaraq məhkəmə kollegiyasının diqqətinə çaldırmaq istəyir. Hərracın vaxtı və yeri barədə borclu İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Ona yalnız birinci dəfə keçirilən hərrac barədə rəsmi bildiriş göndərilmiş ondan sonra isə heç bir bildiriş göndərilməmişdir. Azərbaycan Respublikasının ‘İpoteka Haqqında" Qanununun 41.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Lakin "X4" MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq borcluya hərracın vaxtı və yeri barədə rəsmi bildiriş göndərilməmişdir. Digər tərəfdən qeyd edir ki, açıq hərrac vasitəsi ilə satılmış əmlak barəsində Nəsimi rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qərardadı apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və Nəsimi rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 59/61 saylı evin, 58 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Azərbaycan Respublikasının "İpoteka Haqqında” Qanununun tələblərinə əsasən hərracın keçirilməsi üçün əsaslar mövcuddur. Bunlardan birincisi odur ki, əmlaka tutma yönəldilməsi barədə məhkəmə qərarı və notariusun icra qeydi mövcud olmuş olsun (ipoteka müqaviləsi və ya iddia təmin tədbiri əsasında) yada icra qaydasında icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatı əsasında əmlak üzərinə qoyulmuş həbs olsun. Hazırkı mübahisədə isə əmlakın üzərinə qoyulmuş həbs məhkəmə qərardadı ilə götürülmüşdür. Aydındır ki, tələb yönəldilməyən əmlakın açıq hərrac vasitəsi ilə satışı qeyri-mümkündür. Həmçinin həmin əmlakın İddiaçı mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd icra işində və hərrac işində mövcud olmamışdır. Göründüyü kimi icra məmurunun təqdimatı əsasında üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi 59/61 saylı evin 58 saylı mənzili “əmlak” (mülkiyyət hüququ) olmamaqla yanaşı, üzərinə tələb yönəldilməsi qaydası isə ayrıca iddia icraatı qaydasında mümkündür. Həmçinin qeyd edir ki, 04.07.2014-cü il tarixli, 7L/40553 saylı icra qeydinin verilməsinə əsas olmuş icra sənədi hərrac keçirilməmişdən öncə borclu tərəfindən mübahisələndirildyindən Nəsimi rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli qərardadı ilə 04.07.2014-cü tarixli, 7E/40553 saylı icra qeydi əsasında Cavabdeh2 icraatında olan icra işinin icraatı dayandırılmadır. Həmin qərardad Nəsimi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş həmin qərardaddan tərəflərindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ləğv edilmiş və icra işi üzrə icraat dayandırılmışdır. Apellyasiya baxışı zamanı 18.04.2022-ci il tarixli məhkəmə iclasında X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.İddiaçı nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunaraq yekun məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 05.05.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə və ona əlavə sənədlər təqdim edərək mübahisələndirilən hərracla bağlı “X4’' MMC-yə, "xxxx" MMC-yə və Nəsimi İcra və Probasiya şöbəsinə pul ödədiyini və beləliklə ona ziyan dəydiyini bildirmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki 29.12.2021-ci il tarixli, 2(102)-2840/2021 nömrəli qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, maddi hüquq normaları düzgün tətbiq olunmadığından Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-843/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsində “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununa istinad etmişdir.Halbuki, mübahisələndirilən hərracda realizə olunan daşınmaz əmlak ipoteka predmeti yox, notariusun icra qeydi əsasında icra icraatı çərçivəsində icra sənədinin icrasını təmin etmək üçün üzərinə həbs qoyularaq hərraca çıxarılmış əmlakdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən Qərarında vurğulanmışdır ki, Mübahisə borclunun əmlakının icra icraatı çərçivəsində məcburi satılması ilə əlaqədar keçirilən hərracın etibarsızlığı iddiası ilə bağlıdır. İddiaçının kassasiya şikayətinə baxılarkən bu kateqoriyadan olan mübahisələrə dair məhkəmə tərkiblərinin fərqli hüquqi mövqeləri olması nəzərə alınaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1.1 və 418-1.2-ci maddələrinə əsasən, iş üzrə mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclasın təyin edilməsi barədə təqdimatla Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərarına əsasən, “...məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə ...aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.” Hazırkı işdə isə iddiaçının icra sənədinin icrası çərçivəsində məcburi satılması sifariş olunan mənzilinə dair hərracın Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələrinə uyğun keçirilib-keçirilmədiyi araşdırılmamış, bu xüssuatlara hüquqi qiymət verilməmişdir. Həmçinin, məhkəmə Kollegiyası iş materiallarından müəyyən edir ki, mübahisəli mənzilə dair hərrac keçirildiyindən, tələbkar Ramazan Səlimov hərracda iştirak etmək üçün ərizə təqdim etmiş və hərracın qalibi elan olunduğundan, onunla hərracın nəticələrinə dair müqavilə və protokol imzalanmasa da, hərrac keçirilmiş kimi qiymətləndirilməklə, hazırkı işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərarına əsasən iddia icraatı qaydasında baxılmalıdır.(Belə ki, 16.11.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 362.000 manat, 03.12.2018-ci il tarixdə keçirilmiş hərracda 10% endirimlə ilkin satış qiyməti 325.800 manat, 17.12.2018-ci il tarixdə keçirilmiş hərracda 20% endirimlə ilkin satış qiyməti 289.600 manata hərraca çıxarılsa da, hərracda iştirakçı olmadığından əmlakın satışı baş tutmamış elan olunmuşdur. Həmin əmlak 04.01.2019-ci il tarixdə keçirilmiş hərracda 30% endirimlə ilkin satış qiyməti 235.400 manata hərraca çıxarılmış və tələbkar Ramazan Səlimov hərracda iştirak etmək üçün ərizə təqdim etmiş və hərracın qalibi elan olunmuşdur. Lakin iddiaçı tərəfindən İcra Şöbəsinin 05-29399/14-5-9 №-li 04.01.2019-cu il tarixli hərracın dayandırılması barədə məktubu və ona əlavə olunmuş əmlak üzərinə həbs qoyulması barədə məktubu Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qərardadı (İş № 8(103)-894/2018) təqdim edildiyindən hərracın nəticələri dayandırılmışdır.) Daha sonra məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı Şəhəri 6 saylı Notariat Kontorunun notariusu X2 04.07.2014-cü il tarixli, 7E/40553 №-li icra qeydindən görünür ki, bu qeydə əsasən iddiaçıdan 300.000 manat məbləğində pul X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli qərardadından (İş № 8(006)390/2017) görünür ki, həmin məhkəmənin 27.04.2017-ci il tarixli qərardadı ləğv edilmiş və bu qərardadla mübahisəli mənzilin üzərinə qoyulmuş həbs götürülmüş, 71740553 №-li, 04.07.2014-cü il tarixli icra qeydi üzrə mübahisəli mənzil üzərinə həbs qoyulması barədə İcra Şöbəsinin təqdimatı təmin edilməmişdir. İş materiallarında olan “Hərracın keçirilməsi barədə” 17.10.2018-ci il, 21.11.2018-ci il, 05.12.2018-ci il və 20.12.2018-ci il tarixli bildirişlərdən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçının ünvanına hərracın vaxtı və yeri barədə məlumatlar göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, “Hərracın keçirilməsi barədə” iddiaçının ünvanına göndərilmiş 17.10.2018-ci il tarixli bildiriş həmin ünvan üzrə qəbul edilmiş və bu hal poçt sənədində imza ilə təsdiq edilmişdir (iş v. 59). 21.11.2018-ci il və 05.12.2018-ci il tarixli bildiriş olan zərflər üzərində “evdə yoxdur” qeydi ilə, 20.12.2018ci il tarixli bildiriş olan zərf isə üzərində "xxxx" qeydi ilə MMC-yə qaytarılmışlar (iş v.52, 54, 56, 57). İddiaçı tərəfin məhkəməyə verdiyi məlumata görə, iddiaçı, qanuni qüvvəsini almış 01.04.2015-ci il tarixli məhkəmə hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan 05.11.2015-ci il tarixli xəbərnamədən görünür ki, iş üzrə iddiaçı, bütün dövlət, qeyri-dövlət, idarə və təşkilatlarda, məhkəmələrdə, istintaq orqanlarında onu təmsil etməyi və sair hərəkətləri etməyi övladı – X6 etibar etmişdir. Etibarnamənin qüvvədə olma müddəti 15.04.2025-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, 6 saylı Notariat Kontorunun notariusu Ə.İmanovun verdiyi 04.07.2014-cü il tarixli, 7E/40553 №-li icra qeydi, habelə iddiaçıya məxsus əmlaklar üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı iddiaçının adından onun səlahiyyətli nümayəndəsi Vüqar Əliyev tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi Vüqar Əliyevin 02.11.2019-cu il tarixdə Hərrac Mərkəzinə ünvanladığı ərizəsindən görünür ki, o, notarius Ə.İmanovun verdiyi 04.07.2014-cü il tarixli, 7E/40553 №-li icra qeydi əsasında başlanmış icra işi üzrə icraatın dayandırılmasını qeyd edərək, mübahisəli mənzilin hərracdan satılması prosesinin dayandırılmasını və sənədlərin İcra Şöbəsinə qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan “Kaspi” qəzetinin 17.10.2018-ci il tarixli, 03/145, 21.11.2018-ci il tarixli, 03/145-1 №li, 05.12.2018-ci il tarixli, 03/145-1-2 №-li, 20.12.2018-ci il tarixli, 03/145-1-2-3 №-li buraxılışlarından görünür ki, mübahisəli mənzilin cavabdeh MMC tərəfindən 16.11.2018-ci il tarixdə saat 11:00-da, 03.12.2018-ci il tarixdə saat 11:00-da, 17.12.2018-ci il tarixdə saat 11:00-da, 04.01.2019-cu il tarixdə saat 11:00-da hərraca çıxarılacağına dair elanlar yerləşdirilmişdir. İş materiallarında olan MMC tərəfindən İcra Şöbəsinə ünvanlamış 29.01.2019-cu il tarixli 128 №-li məktubdan görünür ki, İcra Şöbənin **********/14-5-9 №-li 01.10.2018-ci il tarixli sifarişinə əsasən mübahisəli açıq hərracda satılmasına dair 6 №-li Notariat Kontoru 7E40553 №-li 14.12.2013-cü il tarixli icra vərəqəsi MMC-yə göndərilmişdir. Mübahisəli mənzilin 16.11.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 362.000 manat, 03.12.2018-ci il tarixdə keçirilmiş hərracda 10% endirimlə ilkin satış qiyməti 325.800 manat, 17.12.2018-ci il tarixdə keçirilmiş hərracda 20% endirimlə ilkin satış qiyməti 289.600 manata hərraca çıxarılsa da, hərracda iştirakçı olmadığından əmlakın satışı baş tutmamış elan olunmuşdur. Həmin əmlak 04.01.2019-ci il tarixdə keçirilmiş hərracda 30% endirimlə ilkin satış qiyməti 235.400 manata hərraca çıxarılmış və tələbkar Ramazan Səlimov hərracda iştirak etmək üçün ərizə təqdim etmiş və hərracın qalibi elan olunmuşdur. Lakin iddiaçı tərəfindən İcra Şöbəsinin 05-29399/14-5-9 №-li 04.01.2019-cu il tarixli hərracın dayandırılması barədə məktubu və ona əlavə olunmuş əmlak üzərinə həbs qoyulması barədə məktubu Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qərardadı (İş № 8(103)-894/2018) təqdim edildiyindən hərracın nəticələri dayandırılmışdır. İş materiallarında olan müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 05.05.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə və ona əlavə sənədlər təqdim edərək mübahisələndirilən hərracla bağlı “X4’' MMC-yə, "xxxx" MMC-yə və Nəsimi İcra və Probasiya şöbəsinə pul ödədiyini və beləliklə ona ziyan dəydiyini bildirmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hərracın keçirilməsinin vaxtı və yeri müəyyən edilmiş, bu barədə müvafiq kütləvi informasiya vasitələrində elanlar yerləşdirilmiş, habelə mənzilin mülkiyyətçisi olan iddiaçının ünvanına poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Həmin ərəfədə iddiaçı cəzaçəkmə müəssisəsində cəza çəksə də, onun verdiyi genişsəlahiyyətli etibarnamə əsasında hərəkət edən övladı Vüqar Əliyev, bütün bu proseslərdə iştirak etmiş, hətta 02.11.2018-ci il tarixdə, yəni birinci hərracın keçirilməsinə 14 gün qalmış cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, hərracın dayandırılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən həmçinin müəyyən edilir ki, mənzillə bağlı ilkin hərrac baş tutmadığına görə, təkrar hərracın keçirilməsi qərara alınmış, hərracın vaxtı və yeri barədə məlumatın kütləvi informasiya vasitəsində yerləşdirilməsi, habelə iddiaçının rəsmi yaşayış yeri üzrə bildirişin göndərilməsi təmin edilmişdir. 04.01.2019-ci il tarixdə keçiriləcək hərracda iştirak etmək üçün tələbkar Ramazan Səlimov ərizə təqdim etmiş və hərracın qalibi elan olunmuşdur. Lakin iddiaçı tərəf hərracın dayandırılması barədə İcra Şöbəsinin 05-29399/14-5-9 №-li 04.01.2019-cu il tarixli məktubu və digər sənədləri təqdim etdiyindən hərracın nəticələri dayandırılmışdır. Göründüyü kimi, cavabdeh MMC qanunvericilikdə nəzərdə tutulmuş vəzifəsini icra etmiş, iddiaçının rəsmi yaşayış yeri üzrə ünvana bildirişləri göndərmişdir. Digər tərəfdən icra qeydi, habelə həmin icra qeydi əsasında başlanmış icra sənədlinin icrası ilə bağlı mübahisəli mənzilin üzərinə həbs qoyulması iddiaçının nümayəndəsi Vüqar Əliyev tərəfindən mübahisələndirilmiş, onun hərracın dayandırılması barədə Hərrac Mərkəzinə rəsmi müraciəti belə olmuşdur. Belə olan halda, hesab edilməlidir ki, iddiaçı tərəf hərracın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Bundan başqa, qeyd etmək lazımdır ki, hərracın yeri və vaxtı barədə məlumatlar dövri mətbuatda da dərc edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.). Hərracın təşkili və keçirilmə qaydaları Mülki Məcəllənin 415-ci maddəsi ilə şərtləşdirilmişdir və qanunun tələbindən görünür ki, hərrac o halda məhkəmə tərəfindən etibarsız hesab oluna bilər ki, həmin maddənin tələbləri pozulsun. Lakin MMC tərəfindən təşkil olunmuş hərracın həmin qaydaların pozulması həyata keçirilməsi iş materialları ilə təsdiq olunmur. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 05.05.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə daxil olmuş “X4’' MMC-yə, "xxxx" MMC-yə və Nəsimi İcra və Probasiya şöbəsinə pul ödəməsi və beləliklə ona ziyan dəyməsi barədə ərizəsinə də münasibət bildirərək qeyd edir ki, X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb olunmuş, yəni iddiaçı, yaxud müstəqil tələb irəli sürən 3-cü şəxs deyildir, həmçinin məhkəmə kollegiyası hazırkı iş üzrə İddiaçı hərracın nəticələrinin etibarsız sayılması ilə bağlı tələbinin əsassız olması qənaətinə gəlmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-843/2020 saylı qətnaməsi ləğv olunmalı, iddia rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)- 843/2020 saylı qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar