Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2279/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(011)-3142/2022 saylı qərardadından Cavabdeh MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlə aralarında xx.xx.2019-cü il tarixdə bağlanmış “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən 136.000 manat məbləğində dəyəri tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə 2020-ci ilin axırında tikintisi başa çatdırılmalı olan yüksək mərtəbəli binanın “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı mənzilərin ona təhvil verilməsi, iddia ərizəsini məhkəməyə verən zaman ödədiyi 426 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3142/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır Cavabdeh MMC-nin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 21 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, mübahisələndirdikləri qətnamə onların elektron kabinetinə yerləşdirilsə də, onlar qətnaməni görməmişlər. Belə ki, hüquqi şəxs olduqlarına görə hər dəfə elektron kabinetə nəzarət edə bilmirlər. Adətən məhkəmə tərəfindən onlara ünvanlanmış bildiriş və qərarlar poçt vasitəsi ilə yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yerləşən ofisə göndərilir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmə xx.xx.2022-ci il tarixli qətnaməni xx.xx.2022-ci il tarixində cavabdehin elektron kabinetinə yerləşdirmişdir. Cavabdehin nümayəndəsinin şikayətində qeyd etdiyi yeganə dəlil ondan ibarətdir ki, qətnamə onların istifadəsində olan elektron kabinetə yerləşdirilsə də, onlar qətnaməni görməyiblər. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması o halda mümkün ola bilər ki, şikayətin vaxtında verilməməsi tərəfin iradəsindən və hərəkət imkanından asılı olmasın, eyni zamanda tərəf şikayət vermək imkanının olmamasını sübut etmiş olsun. Əks halda, prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldar. Qanunla müəyyən edilən müddət ərzində qətnamənin icra olunmaması işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə ərizədə ötürülmüş müddətin bərpası üçün cavabdehin gətirdiyi dəlillə, yəni elektron kabinetə nəzarət edilməməsi səbəbindən qətnamədən məlumatları olmaması ilə bağlı qeyd etmişdir ki, elektron kabinetə nəzarət edilməsi şəxsin vəzifəsidir və buna nəzarət edilməməsi şəxsin iradəsindən kənar baş vermədiyindən bu hal üzürlü hesab edilərək müddətin bərpa edilməsinə əsas ola bilməz. Ərizədə qeyd olunmuş digər bir dəlillə - məhkəmə tərəfindən onlara ünvanlanmış bildiriş və qərarların poçt vasitəsilə ofisə göndərilməməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, AR MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(011)- 3142/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2279/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2279/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver