Məhkəmə qərarları › İş №2(103)-2297/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2297/2023

03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2297/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «çıxarışın etibarsız hesab olunması və əmlakın boşaldılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-221/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış yaşayış binasında mənzilin alqı-satqısı haqqında 17 aprel 2006-cı il tarixli xx/xx-2006 saylı müqaviləyə əsasən “mülkiyyətçi” "xxxx" MTK ünvan 1 ünvanında tikilməkdə olan binanın 2-ci blok 1-ci mərtəbəsində olan mağazanı “alıcı” Cavabdeh1 tərəfindən dəyəri tam ödənildikdən sonra Cavabdeh1 təhvil verməyi, “alıcı” Cavabdeh1 dəyərini vaxtında tam ödədikdən sonra öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən, mənzilin ümumi dəyəri 100% ödənilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna 13 sentyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, "xxxx" MTKnın 2 nömrəli xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-953 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab olunması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Cavabdeh2 adına dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyekti iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, sözügedən fərdi yaşayış evinə dair "xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair müqavilə bağlanılmışdır. Həmin bağlanılmış müqaviləyə müvafiq olaraq 2006-cı il tarixində sözügedən qeyri-yaşayış obyektinin müqavilə üzrə dəyəri tam şəkildə ödənilmişdir. Bu barədə qəbzlər də əyani sübutdur. Buna baxmayaraq, iddiaçı uzun illərdir ki, öz vəsaiti hesabına almış olduğu obyektindən istifadə edə bilmir, qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilmir. İddiaçı tərəfindən dəfələrlə əmlakının boşaldılaraq ona təhvil verilməsini, eyni zamanda iddiaçının xəbəri olmadan ona məxsus əmlakı icarəyə verilməsinin qanun pozuntusu olduğunu Cavabdeh1 bildirsə də, öz hərəkətlərini davam etdirərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. ünvan 2 ünvanında yerləşən qeyriyaşayış obyektinin bu gün icarə haqqı təxminən 1000 (min) manat təşkil edir. Belə olduğu təqdirdə iddaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq iddiaçıya ödənilməsi üçün pretenziya ilə Cavabdeh1 müraciət etmişdir. Məsələnin məhkəmə qaydasında mübahisələndirilməsindən də aydın olduğu kimi, Cavabdeh1 öz qanunsuz əməllərini davam etdirərək iddiaçının müraciətinə məhəl qoymamışdır. Bundan başqa, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılaraq ona təhvil verilməsi, obyektin qeyri-qanuni şəxsin istifadəsində olub-olmamasını müəyyən etmək məqsədilə yoxlamanın aparılması Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət etmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin əməkdaşlarının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyekti artıq başqa şəxsin adına Cavabdeh2 hesabına özəlləşdirilmiş, ********* saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Lakin sözügedən əmlakın hansı əsaslarla dövlət qeydiyyatına alınması iddiaçıya məlum deyildir. Həmin vaxtadək əmlakın Cavabdeh2 adına dövlət qeydiyyatına alınmasından xəbərsiz olmuşdur. Halbuki, yuxarıda qeyd etdiyi kimi, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış obyektini öz maddi vəsaiti hesabına almış, cavabdehin əmlaka qanunsuz sahiblik etməsinə qədər öz adına istifadə edərək gəlir əldə etmişdir. Hətta, iddiaçı sözügedən daşınmaz əmlaka dair vergi ödəyicisi kimi qeydiyyata alınaraq qanuni şəkildə vergi ödənişlərini də həyata keçirmişdir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış obyektinin başqa şəxsin adına özəlləşdirilməsi, ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınması qanunsuz olub bir mülkiyyətçi kimi onun hüquqlarına toxunur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-221/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "RUM” MTK-nın 2 nömrəli xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-953 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ Cavabdeh2 məxsusdur. Məlum olduğu kimi, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçılar istinad etdikləri halları sübuta yetirməlidirlər. İddiaçının çıxarışın etibarsız hesab edilməsi barədə tələbinin əsası ondan ibarətdir ki, qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi ilkin olaraq onunla bağlanmış və dəyərini də özü ödəmişdir. Bu mövqe daşınmaz əşyaların rəsmi reyestrini aparan dövlət orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki məlumatın əsaslı olmadığı iddiasına söykənir. Belə olan halda, həmin hal mötəbər, şübhə yaratmayan və kifayətedici dəlillərlə sübuta yetirilməlidir. Əks halda daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyi prezumpsiyası dəyişməz olaraq qalır. Buna baxmayaraq, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə hüququnu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədən tələb edir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı iddianın heç bir qanuni əsası yoxdur. Bundan əlavə, qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətinə verildiyindən, o cümlədən alqı-satqı müqaviləsi daha əvvəl Cavabdeh1 ilə bağlandığından iddiaçı hazırkı tələbinin əsasları ilə yalnız "xxxx" MTKdan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, iş materiallarında görünür ki, İddiaçı "xxxx" MTK-ya 20.000 ABŞ dolları və 63160 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Bundan əlavə, iddiaçı tərəfindən etibarsızlığı tələb olunan çıxarış 52 saylı Dövlət Notariat Kontorunun 4Ə-953 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən verilmişdir. Həmin müqavilənin imzalanmasına əsas isə qeyri-yaşayış sahəsinin ilkin mülkiyyətçisi Cavabdeh1 adına olan çıxarış olmuşdur. Həmin sənədlər qüvvədə olduğu halda onlar əsasında əldə olunmuş çıxarış mübahisələndirilmişdir. Məhkəmə həmçinin iddianın “ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə rədd edilməli olduğundan, iddia tələbinin göstərilən hissəsi də rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi,ev 41 daşınmaz əmlaka dair "xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair müqavilə bağlanılmışdır. Həmin bağlanılmış müqaviləyə müvafiq olaraq 2006-cı il tarixində isə sözügedən qeyri-yaşayış obyektinin müqavilə üzrə dəyəri tam şəkildə ödənilmişdir. Bu barədə qəbzlər də əyani sübutdur. Hətta məhkəmə özü də çıxardığı yekun aktda bu faktı təsdiq etmiş, sözügedən sübutu mübahisələndirməmişdir. Məhkəmə qəbul etdiyi və qətnamədə birbaşa öz əksini tapdığı ünvan 2 daşınmaz əmlaka dair "xxxx" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında 2006-cı il tarixində bağlanılmış alqı-satqı müqaviləsi mübahisəli əmlakın məhz iddiaçı tərəfindən alınmasını sübut edir. Belə olan halda məhkəmə necə ola bilər ki, iddiaçı tərəfin iddia tələbini sübut etməməsini qeyd etmiş, özü isə qətnamədə mövcud iddiaçı tərəfindən təqdim edilən faktlara əsaslanmışdır. Məhkəmə ilkin olaraq Cavabdeh1 ilə "xxxx" MTK arasında müqavilə bağlanıldığına istinad etmişdir. Lakin məhkəmə hansı əsaslara uyğun olaraq belə qənaətə gəldiyini əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə bu məsələnin araşdırılması üçün DƏDRX-ə sorğu edərək daşınmaz əmlakın Cavabdeh1 adına ilkin dövlət reyestrindən qeydiyyatdan keçməsinə əsas olmuş sənədlərin təqdim edilməsini tələb etməli idi. Həmçinin, məhkəməyə və vəkil sorğusuna ziddiyyətli cavabların verilməsi özlüyündə qanunsuz addımların atılmasına işarədir. Məhkəmə nədənsə bu halı düzgün qiymətləndirə bilməmiş, hansı əsasla mübahisə predmeti olan əmlakın dövlət reyestrində qeydə alınmasını, ziddiyyətli cavabın verilməsinin əsaslarının ortaya çıxarılmasında maraqlı olmamış, tam əksinə sanki işin ört-basdır edilməsi üçün çalışmışdır. Bundan savayı, cavabdeh tərəf sənədin əslini təqdim edə bilmədiyindən məhkəmənin belə bir qənaətə gəlməsi absurddur. Məhkəmə mövcud sənədlərin həqiqiliyini yoxlamaq üçün işi ekspertizaya göndərərək həqiqətin əldə edilməsinə nail ola bilərdi. Məhkəmə isə heç bir addım atmayaraq bitərəf mövqedən işə yanaşmadığını təsdiq etmiş, bu azmış kimi iddiaçı tərəfindən verilmiş vəsatəti də təmin etməmişdir. Qeyd edilməlidir ki, iş materiallarından da aydın olduğu kimi, ünvan 2 daşınmaz əmlaka dair "xxxx"Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında 2006-cı il tarixində alqısatqı müqaviləsi bağlanılmış, əvəzinin dəyəri tam şəkildə ödənilmişdir. Məhkəmə bu faktı gözardı edərək yalnızca sözü gedən əmlakın Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında keçməsini qeyd etmişdir. Lakin bağışlama müqaviləsinin digər tərəfinə sözügedən mübahisə predmeti olan əmlakın hansı qaydada adına dövlət qeydiyyatına alınması, adına özəlləşdirilməsi məsələsinə məhkəmə biganə yanaşmış, məsələnin araşdırılmasında hüquqi addım atmamış, araşdırılmasında maraqlı olmamışdır. İddiaçı tərəfindən bununla bağlı əsaslandırılmış vəsatət də verilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilərək DƏDRX-ə sorğu göndərilsə də, cavab məktubu məhkəmə tərəfindən gözlənilməmişdir. Bununla bağlı dəfələrlə məhkəməyə münasibət bildirilsə də, buna məhəl qoyulmayaraq məhkəmə hazırlıq iclasını təxirə salmadan baxışa təyin etmişdir. Sözügedən əmlaka dair mübahisə predmeti olan qeyri-yaşayış obyekti üzrə ilkin müqavilələrin əsilləri məhz sözügedən orqana təqdim edilməli idi. Belə bir halın mövcud olması iddianın daha obyektiv baxılmasını təmin etmiş olardı. İddiaçı tərəfindən verilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verir. Hətta, məhkəmə iddiaçı ilə xx.xx.2015-ci il tarixində A.Məmmədov arasında, həmçinin xx.xx.2020-ci il tarixində iddiaçı ilə Ş.Qiyasbəyli arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə icarə müqavilələrinin bağlanıldığını qeyd etmişdir. İcarə müqaviləsi iddiaçı tərəfindən bağlanıldığı və vergi orqanının notarial qaydada təhvil aldığı icarə müqavilələri olduğu halda necə ola bilər ki, sözü gedən mübahisə predmeti olan cavabdehlərin adına dövlət qeydiyyatına alınmış olur. Bundan savayı, ziddiyyətli məqam da ortaya çıxmışdır ki, məhkəmə bu ziddiyyətin aradan qaldırılmasına ümumiyyətlə maraqlı olmamışdır. Belə ki, DƏDRX-ə verilmiş xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab olaraq mübahisə predmeti olan daşınmaz əmlakın "xxxx" MTK-nın 2 nömrəli xx.xx.2020-ci il tarixli protokoldan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən ilkin olaraq Cavabdeh1 adına, daha sonra bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyatdan keçdiyi bildirilmişdir. Lakin məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq ümumiyyətlə mübahisə predmeti əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi barədə məlumat verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-cimaddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığına görə iddia haqlı sayılmır.

21. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

22. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin nəticə hissəsində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin Cavabdeh2 adına dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq ona ödənilməsi qeyd olunması iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Buna baxmayaraq, iddiaçı iş üzrə peşəkar vəkillə təmsil olunmuş və cavabdehlərə qarşı hansı tələbləri irəli sürməsinin mahiyyətini bilməmiş deyildi.

23. Bununla yanaşı, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

24. Hazırki iddia üzrə iddiaçı tələbinin birinci hissəsi üzrə cavabdehlərdən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın etibarsızlığını tələb etsə də həmin çıxarış ünvan 3 ünvanında yerləşən sahəsi 100.80 kv. metr olan qeyri-yaşayış sahəsi üzrə verilmişdir. Bu qeyri-yaşayış sahəsi isə bundan əvvəl ilkin olaraq 07 sentyabr 2021-ci ildə digər Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır(bax.i.v.79). İddiaçı isə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin onun xüsusi mülkiyyətində olduğunu bildirərək hazırki iddianı irəli sürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 09 dekabr 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məlumatında da (bax.i.v.71) ünvan 1 ünvanında dövlət reyestrində qeydiyyata alınmış bir çox qeyri-yaşayış sahələrinə dair məlumatların mövcud olduğu, eləcə də sorğuda adı qeyd olunan iş üzrə tərəflərin adına məhz ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi göstərilmişdir. Deməli, iddiaçının adına ünvan 2 ünvanında hansısa ölçüdə qeyri-yaşayış obyekti hansısa hüquq üzrə qeydə alınmamışdır. Ona görə də iddiaçının Cavabdeh2 ünvan 3 ünvanında yerləşən sahəsi 100.80 kv. metr olan qeyriyaşayış sahəsi üzrə adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın etibarsızlığını tələb etməsi anlaşılan olmamış, üstəlik də həmin çıxarışın verilməsinə əsas olmuş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, eləcə də həmin qeyri-yaşayış sahəsinin 07 sentyabr 2021-ci ildə digər Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuş əqdlər də hər hansı bir formada mübahisələndirilməmiş və bu gün də hüquqi qüvvəsini saxlayır. Bu cür vəziyyətdə iddia tələbinin birinci hissəsində göstərilən yalnız çıxarışın etibarsızlığını tələb edilməsi isə iddianın əsaslılığını tam aradan qaldırmış olur.

25. İddia tələbinin ikinci hissəsi olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin boşaldılması və xx.xx.2020-ci il tarixindən etibarən hər ay 1000 (min) manat olmaqla icarə haqqının hesablanaraq ona ödənilməsi hissəsi də özü-özlüyündə əsassız tələb olmuşdur. Qeyd olunduğu kimi nə iddiaçının qeyd olunan ünvanda adına qeyriyaşayış sahəsi mülkiyyət hüququ əsasında qeydə alınmamış, nədə Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanı məhz 41 kimi qeydə alınmamışdır. Hətta ünvan fərqli, qeyri-yaşayış sahəsi eyni olsa belə yenə də iddia bu hissədə təmin oluna bilməzdi. Çünki, iddiaçı həmin sahəyə hansısa hüququnun olduğunu düşünsə də, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin boşaldılmasını və ondan icarə haqqını tələb edə bilməz.

26. Bunlardan başqa, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər(MM.m.452.1, 452.2). Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçının, həm də cavabdehlərlə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin qeyri-yaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, MTK yaxud digər şəxs qeyri-yaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni cavabdehlərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər(MM.m.443,452.2, 448).Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyriyaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də təkzib edilir. 27.Göstərilənlərdən əlavə, mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ artıq Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin sahənin tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı üçüncü şəxslərə, həmçinin cavabdehə qarşı çıxarışın verilməsinə əsas olmuş mülki hüquqi əqdləri mübahisələndirmədən cavabdehlərdən qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edir. Lakin şikayətdə qeyd olunan dəlillər də iddianın əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğv edilməsinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, qeyd olunan maddi hüquq normaları da mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçilərinin qanuni maraqlarını və mənafelərini qoruyr. 28.Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməsi düzgün olmuşdur. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əlbətdə ki, bu hallar yolverilməzdir. Çünki, qanunla müəyyən edilmiş qaydada qeyri-yaşayış sahəsinə dair əldə edilmiş mülkiyyət hüququ mövcud ola-ola bu cür iddiaların irəli sürülməsi özü hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Əks halda mülkiyyə hüququnun konstitusion təminatı və əhəmiyyəti də qalmazdı.

29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-221/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-221/2023 saylı, 06 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar