Məhkəmə qərarları › İş №2(103)-2304/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2304/2022

18.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2304/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8295/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.307,78 manat əsas borcun, 10.452 manat məbləğində cərimə pulunun, 13.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 262,53 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 17 mart 2011-ci il tarixli, ********** saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alğı-satqısı ilə məşğul olmaqdır. X2 mülkiyyətində olan “Kia Rio” minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli, ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19 dekabr 2020-ci il tarixli, 3068 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödənişsiz 36 ay müddətinə hər ay üzrə 752 manat ödəniş etməklə, 23.307,78 manata satılmışdır. Lakin Cavabdeh “Kia Rio” minik markalı, 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli, ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili 19 dekabr 2020-ci il tarixdə təhviltəslim aktı ilə təhvil aldıqdan sonra heç bir ödəniş etməmişdir. Cavabdeh 19 dekabr 2020ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 23.307,78 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. 19 dekabr 2020-ci il tarixli, 3068 saylı müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdeh dəfələrlə şifahi xəbərdar edilsə də, o, kredit borcunu ödəməkdən yayınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8295/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı - 23.307,78 manat əsas borcun, 10.452 manat məbləğində cərimə pulunun, 13.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 262,53 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş 262.53 (iki yüz altmış iki manat əlli üç qəpik) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8295/2021 saylı iş üzrə 07.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasına və ödənilmiş 393.8 manat dövlət rüsumunun borclu Cavabdeh "xxxx" MMC xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəmənin istinad etdiyi hal qeyd edilən əqdin notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilmədiyi üçün qanunvericiliyin tələblərinin pozulduğuna istinad edilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.” Eyni zamanda Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən “Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.” Məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddədən də göründüyü kimi satıcı ya əmlakı ya da əmlakın dəyərini geri tələb edə bilər. Lakin alıcı nə avtomobili qaytarmaqdan nə də onun qalıq borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə gəlmiş olduğu nəticəni qeyd edilən əqdin notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilmədiyi üçün qanunvericiliyin tələblərinin pozulmuş olmaması ilə izah etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən “Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər”. Tərəflərindən sözügedən 19.12.2020-ci il tarixli, 3068 saylı nisyə alqı-satqı müqaviləsi və ona əlavələr məhkəməyə təqdim edilsə də, həmin müqaviləyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə gəlmiş olduğu nəticəni qeyd edilən əqdin notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilmədiyi üçün qanunvericiliyin tələblərinin pozulmuş olmaması ilə izah etmişdi. Lakin qeyd edildiyi kimi sözü gedən müqavilə tərəflər arasında hür iradə ilə və hər iki tərəfin razılığı əsasında bağlanmış və tərəflərin imzaları ilə təsdiq edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8295/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 3068 saylı, 19 dekabr 2020-ci il tarixli əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, “KİA RİO” markalı 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli , ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödənişsiz, 36 ay müddətinə, hər ay üzrə 752 (yeddi yüz əlli iki) manat ödəniş etməklə, 23.307.8 (iyirmi üç min üç yüz yeddi manat yetmiş səkkiz qəpik) manata satılmışdır. İş materiallarına əlavə edilmiş 19 dekabr 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, nəqliyyat vasitəsinin sahibi Cavabdeh “KİA RİO” markalı, sedan tipli, 2013-cu il buraxılışlı, **-TU-*** dövlət qeydiyyat nişanlı, KNADN412BE6299552 şşasi (BAN) nömrəli, ağ rəngli nəqliiyat vasitəsini "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarına əlavə edilmiş 19 dekabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında avtomobilə dəyən zərərin ödənilməsi haqqında müqavilə bağlanılmışdır. İş materiallarına əlavə edilmiş 3068 saylı müqavilə üzrə 19 dekabr 2020-ci il tarixli kredit ödəniş cədvəlinin surətindən görünür ki, ödəniş tarixi 19 yanvar 2021-ci il tarixdən başlayaraq 19 iyul 2023-cü il tarixədək (36 ay) müddətinə hər ay üzrə 752 (yeddi yüz əlli iki) manat ödəniş etməklə, Cavabdeh 23.307.8 (iyirmi üç min üç yüz yeddi manat yetmiş səkkiz qəpik) manat kredit verilmişdir. İş materiallarında olan Maliyyə Arayışının surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 3068 saylı, 19 dekabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “KİA RİO” markalı 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli , ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödənişsiz, 36 ay müddətinə, hər ay üzrə 752 (yeddi yüz əlli iki) manat ödəniş etməklə, 23.307.8 (iyirmi üç min üç yüz yeddi manat yetmiş səkkiz qəpik) manata satılmışdır. Vətəndaş Cavabdeh sözügedən avtomobili 19.12.2020-ci il tarixdə təhvil-təslim Aktı ilə təhvil aldıqdan sonra heç bir ödəniş etməmişdir. İş materiallarında olan AR-İ № 455435 saylı, 05 aprel 2016-cı il tarixli Etibarnamənin surətindən görünür ki, X6 harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar və daşınmaz əmlakını idarə və istifadə etməyi və onun üzərində sərəncam verməyi və sair. "xxxx" MMC-yə 50 (əlli) il müddətinə, 05.04.2066-cı il tarixədək etibar etmişdir. Beləliklə, müəyyən olunduğu kimi, hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Baxılan mülki iş üzrə tərəflər arasında bağlanmış əqdin predmetini isə avtomobil təşkil edir. İş materiallarından və tərəflərin izahatından isə görünür ki, mübahisəli “KİA RİO” markalı 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli , ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r və hazırkı iş üzrə iddiaçı "xxxx" MMC-yə 05 aprel 2016-cı il tarixdə verdiyi etibarnamə əsasında "xxxx" MMC ilə Cavabdeh arasında 3068 saylı, 19 dekabr 2020-ci il tarixli əşyanın nisyə alqı-satqısı haqqında müqavilə bağlanılaraq “KİA RİO” markalı 2013-cü il buraxılışlı, sedan tipli, KNADN412BE6299552 şassi nömrəli , ağ rəngli, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödənişsiz, 36 ay müddətinə, hər ay üzrə 752 (yeddi yüz əlli iki) manat ödəniş etməklə, 23.307.8 (iyirmi üç min üç yüz yeddi manat yetmiş səkkiz qəpik) manata satılmışdır. Eyni zamanda yuxarıda qeyd edilən alqı-satqı müqaviləsindən yaranan mübahisə ilə bağlı avtomobilin mülkiyyətçisi X6 deyil, "xxxx" MMC iddiaçı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququ mövcud deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə kollegiyası əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8295/2021 saylı, 07.12.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar