Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2308/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərracın nəticələrinin ləğvi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cəlb edilməklə) “hərracın nəticələrinin ləğvi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2238/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilinin ipoteka yüklülüyündən azad edilməsini və əmlak barəsində Azərbaycan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, TBC Kredit" BOKT MMC X5 və İddiaçı Bəhir oğluna qızına qarşı "kredit borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması" tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-88/20l9 saylı iş üzrə 22.01.2019-cu il tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, ümumilikdə 47729,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınması, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cavabdehlərin ipoteka predmeti olan ərazidən 1 ay ərzində çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7165/19 saylı 30 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə faiz və cəmi borcunun tutulması hissəsində dəyişdirilmiş, faiz borcunun 8174,48 ABŞ dolları, cəmi borcun isə 45455,4 ABŞ dolları olması müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışıdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 30.05.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üyün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7165/2019 saylı 30 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi ilə bağlı icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün Respublika Xammal və X11 Mərkəzi "xxxx" MMC-yə Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan Azərbaycan Respublikası Respublika Xammal və X11 Mərkəzi "Külək“ MMC-nin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair 28.02.2020-ci il tarixli 01 №-li və 13.03.2020-ci il tarixli 01/2 saylı bildirişlərlə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 saylı iş üzrə 30 may 2020-ci il tarixli icra sənədi üzrə ipoteka predmeti 30 mart 2020-ci il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından və CoVid-19 virusunun yaratdığı pandemiya şəraiti ilə bağlı olaraq cavabdehin fəaliyyəti müəyyən müddətə qadağan edildiyi üçün növbəti hərrac 31.08.2020-ci il tarixli 01 nömrəli və 06.10.2020-ci il tarixində 02 nömrəli bildirişlə təkrar hərracın 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının 15.10.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında' Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 38.250 manata “TBC Kredit BOKT" MMC-nə təklif olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Respublika Xammal və X11 Mərkəzi "xxxx" MMC-nin təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin 2 otaqlı 7 nömrəli mənzili barəsində keçirilmiş hərracın nəticələri qanunsuz və əsassız, olduğundan ləğv edilməlidir və əmlak ipoteka yüklülüyündən azad edilməlidir. İlk öncə qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti real bazar qiyməti ilə düzgün qoyulmamış və əsassız rəqəmlərlə qiymət qoyulmuşdur. Əlavə olaraq hərracın keçirilməsi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilən xüsusatlara əsasən pozulmuşdur. Belə ki, hərracın keçirilməsi barədə bildiriş ona göndərilməmiş və hərracın keçirilməsinin vaxtı iddiaçıya müəyyən olmadığından həmin hərracda iştirakı mümkün olmamışdır. Qeyd edir ki, hərracda iştirakçı olmamağının səbəbi bildirişlərin hərracı keçirən tərəfindən düzgün göndərilməməsidir və hesab etmək olar ki, təkrar hərracda da bu səbəbdən əmlakın ilkin satış qiyməti ilə eyni qiymət qoyulmalı idi. Lakin hərracı keçirən düzgün şəkildə hərracın keçirilməsi qaydalarına riayət etmədiyi üçün və həmin hərraca yenidən qiymət qoyulmasında yanlışlığa yol verildiyi üçün hərracın nəticələri etibarsız hesab edilməlidir. Bundan əlavə olaraq qeyd edir ki, hərrac yalnız təkrar hərrac olmaqla 2 dəfə keçirilə bilər və Mülki Məcəllədə də yalnız bir tək təkrar hərracın keçirilməsi qaydası nəzərdə tutulub. Azərbaycan Respublikası Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahat vermişdir ki, həmin ipoteka predmeti olan əmlak 3 dəfə hərraca çıxarılmış və daha sonra TBC Kredit Bank Olmayan Kredit X1 Cəmiyyətinə satın alınması üçün təklif etmişdir. Hesab edir ki, 3-cü dəfə hərracın keçirilməsi qanunsuz olduğundan və onun hərracın keçirilməsində iştirakı təmin olunmadığından həmin hərracın nəticələri ləğv olunmalıdır və “TBC Kredit" Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiası təmin olunmamalıdır. Konstitusiya Məhkəməsinin qərarına əsasən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmelini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun tələbindən də göründüyü kimi hərracın nəticələrinin etibarsız sayılması nəticəsində hərracı udmuş şəxslə bağlanan müqavilə də etibarsız hesab edildiyi üçün Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin 2 otaqlı 7 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticəsində ipoteka saxlayana satılması da etibarsız hesab edilməlidir. Qanunun tələbindən də göründüyü kimi hərracın qanunla müəyyən olunmuş keçirilməsi qaydaları pozulmuş və bu hərracın keçirilməsi etibarsız hesab edilməlidir və bank da əmlakı əldə etmədiyinə görə əmlak ipoteka yüklülüyündən azad edilməlidir. İddiaçı iddia tələblərinə əlavə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı X2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş məhkəmənin icraatındadır. İddia ərizəsinin əsaslandırıcı hissəsində göstərilənlərlə yanaşı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Respublika X12 “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 15.10.2020-ci il tarixli 19/1512 saylı məktubundan görünür ki, hərraca çıxarılmış iddiaçı F.Mehdiyevə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b №-li evin 7 №-li mənzili təkrar hərrac baş tutmadığına görə ipoteka saxlayan BOKT "xxxx" MMC-yə təklif olunmuşdur. BOKT "xxxx" MMC ipoteka predmetini əldə etməsi ilə bağlı Hərrac Mərkəzinin məktubuna hər hansı münasibət bildirmədiyinə görə, Hərrac Mərkəzi 19.11.2020-ci il tarixli məktubla icra məmurunun sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə Sabunçu Rayon İcra Şöbəsinə qaytarmış, bu barədə ipoteka qoyan F.Mehdiyevə məlumat verilmişdir. İpoteka predmeti olan 7 №-li mənzilin əldə olunması barədə Hərrac Mərkəzinin təklifinə BOKT "xxxx" MMC-nin hər hansı münasibət bildirməməsi Hərrac Mərkəzinin iddiaçı F.Mehdiyevə ünvanladığı 15.04.2021-ci il tarixli 19/1047 №-li məktubunda da öz təsdiqini tapmışdır. Lakin sonradan BOKT "xxxx" MMC Hərrac Mərkəzinə qarşı “hərracın yekunu üzrə alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması tələbi barədə” Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Həmin kommersiya işi üzrə iddiaçı məhkəməyə guya Hərrac Mərkəzinə ünvanladığı 1572 HO-OUT №-li, 30.10.2020-ci il tarixli məktubunu təqdim edərək, bildirmişdir ki, guya MMC tərəfindən Hərrac Mərkəzinin təklif məktubuna cavab verilmiş və bu cavabda mənzili almaq təklifini qəbul etmişdir. Hesab edir ki, BOKT "xxxx" MMC-dən 1572 HO-OUT №-li, 30.10.2020-ci il tarixlə göndərilməsi qeyd olunan məktub, 30.10.2020-ci il tarixdə MMC-dən xaric olmamış və təbii ki, 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmamışdır. Buna dəlalət edən sübutları aşağıdakılardır: Birincisi, yuxarıda qeyd olunan fakt, yəni BOKT "xxxx" MMC-nin Hərrac Mərkəzinə 30.10.2020-ci il tarixdə məktubla müraciət etsə idi və həmin məktub 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olsaydı, Hərrac Mərkəzi bundan 17 gün sonra, yəni 19.11.2020-ci il tarixdə sifariş məktubunu İcra Şöbəsinə qaytarmaz və bu barədə iddiaçı F.Mehdiyevə yazılı formada məlumat verməzdi. İkincisi, BOKT "xxxx" MMCnin Hərrac Mərkəzinə 30.10.2020-ci il tarixdə göndərdiyi məktubun məhz 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmasını təsdiq edən hər hansı sübut yoxdur. Digər tərəfdən BOKT "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi “Azari Express”nin 255039 №-li qaiməsində göndərişin “Alıcı” qrafasında qeyd olunan tarixdə edilmiş düzəlişlər də iddiaçıda bu fikri yaradır ki, BOKT "xxxx" MMC Hərrac Mərkəzi ilə birləşib, hərraca çıxarılan və qanunla nəzərdə tutulan 30 təqvim günündə qəbul etmədiyi mənzili əldən çıxarmamaq üçün bu məktubları ortaya çıxarmış və bununla da məhkəmələrə yanlış məlumat verərək, mübahisəni öz xeyrinə həll etməyə çalışmışlar. Şübhələrinin aradan qaldırılması və tərəflər arasında mövcud mübahisənin ədalətli həlli məqsədi ilə həm BOKT "xxxx" MMC-dən, həm də Hərrac Mərkəzindən müvafiq qeydiyyat kitablarının məhkəməyə təqdim olunması barədə tərəfindən vəsatət verilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin olunsa da, sözügedən kitablar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəf öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda müəyyən edilir ki, BOKT "xxxx" MMC mənzilin qəbulu ilə bağlı 30.10.2020-ci il tarixdə Hərrac Mərkəzinə müraciət etməmiş, həmin məktub da 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmamışdır. Bütün bunlar onu təsdiq edir ki, BOKT "xxxx" MMC qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni 30 təqvim günü ərzində mübahisəli mənzili qəbul etməmişdir. BOKT "xxxx" MMC-nin bildirdiyinə görə Hərrac Mərkəzi mənzillə bağlı xidmət haqqının ödənilməsi ilə bağlı hesab faktura təqdim etmədiyinə görə, onlar arasında hərracın yekunları üzrə müvafiq müqavilə bağlanması baş tutmamışdır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, hərracın nəticələrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, BOKT "xxxx" MMC “İpoteka haqqında” Qanunu ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır. Göstərilənlərə əsasən iddiaçı X2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsinə” dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X7 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzillə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmetiolan həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin açıq hərracdan satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərində olan ipotekaya xitam verilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 3375/2021 saylı 03 dekabr 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm iddia ərizəsinin, həm də qətnamənin hüquqi əsası kimi ona istinad edilir ki, ipoteka saxlayan sonuncu hərracın baş tutmamış elan olunduğu gündən 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməyib, halbuki ipoteka predmetinin balansa qəbul edilməsi təklifinə 30.10.2020-ci il tarixli 1572/HO-out nömrəli məktubla müsbət cavab verilmiş və bu fakt "xxxx" MMC-nin 255039 nömrəli Qaiməsi; "xxxx" MMC-nin 255039 nömrəli Qaiməsi ilə göndərilən məktubun hərrac mərkəzinə 02.11.2020-ci ildə çatdırılmasını təsdiq edən 22.10.2021-ci il tarixli X6 25 nömrəli Vəkil Bürosuna ünvanladığı 15 aprel 2021-ci il tarixli 01/1047 saylı məktubla sübut edilir. İş materiallarında olan hərracın keçirilməsi vaxtı, yeri və şərtləri barədə bildirişlərin, hərracın və təkrar hərracın baş tutmaması barədə elanların vaxtında verilməsi, hərracla bağlı məlumatları hərrac təşkilatının öz saytında dərc etdirməsi hərracın keçirilməsi qaydalarının pozulmadığını və bununla bağlı heç bir sübutun təqdim edilməməsi qeyd edilən normaların tətbiqinin əsassız olaraq həyata keçirilməsini göstərir. Birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə mövqeyi ilə razı deyillər, çünki onlar 30 gün ərzində əmlakın əldə edilməsi ilə bağlı öz mövqelərini bildirmişlər və eyni zamanda bildirmişlər ki, hərracın keçirilməsi ilə bağlı xərci də ödəyəcəklər. Birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, Hərrac təşkilatının Sabunçu İcra Şöbəsinə ünvanlanmış 19.11.2020-ci il tarixli məktubunun İddiaçı əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsini və bu məzmunlu məktubu digər sübutlardan daha üstün tutmuş və faktiki olaraq ona əsaslanmışdır. "xxxx" MMC-nin 25 saylı Vəkil Bürosuna ünvanladığı məktubun təsdiq edilmiş surətindən də görünür ki, hərrac keçirən təşkilat həqiqətən də onların məktubunu 02.11.2020-ci ildə alıb, sadəcə onlar 4 gün ərzində 5% hərrac xərcini ödəmədiklərinə görə geri qaytarmışdır. Bu iş üzrə rəsmən yeganə cavabdeh olan "xxxx" MMC-nin nümayəndəsinin açıq elan edilmiş heç bir məhkəmə prosessində iştirak etmədiyinə, onun (X3) “iştirak etdiyi” 23.11.2021-ci il tarixinə təyin edilmiş iclasın iddiaçının xahişi ilə təxirə salınmasına baxmayaraq, həmin iclası elektron məhkəmə portalında “keçirilmiş” kimi qeyd etmiş, bununla da yalnız iddiaçının və maraqlı şəxs olan apellyantın iştirakı ilə işə baxılmış və çəkişmə prinsipinə əməl edilməmişdir. İddiaçının öz ərizəsində qeyd etdiyi 15 aprel 2021-ci il tarixli 01/1047 saylı məktubu nəzərə alınmamışdır, baxmayaraq ki, həmin məktubda bu iş üzrə cavabdeh olan hərrac şirkəti ipoteka saxlayanın 30.10.2020-ci il tarixli 1572/HO-out nömrəli məktubu 02.11.2020-ci il tarixdə qəbul etdiyini bildirir. İddiaçı ilk tələbində “mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi”ni və “Hərracın nəticələrinin etibarsız elan edilməsini” xahiş etmiş, lakin daha sonra iddia tələbini bu işə cəlb edilməmiş Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə yönəltmiş və iddia tələbini 29.11.2021-ciil tarixli əlavə ərizə ilə “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi” tələbi ilə əvəz etmişdir. Hərrac keçirilməsi qaydaları pozulmamışdır, ona görə də hərrac nəticələri etibarsız elan edilə bilməz. Belə pozuntunun olmasını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur və iddiaçı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı peşəkar vəkil xidmətindən istifadə etsə də, “ipotekaya xitam vermə” tələbini irəli sürməmişdir. Məhkəmə “hərracın nəticələrinin etibarsız elan etmək”lə və “ipotekaya xitam verməklə” iddia tələbindən qanunsuz olaraq kənara çıxmışdır. İddia bu işə heç bir aidiyyəti olmayan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı qaldırılıb, halbuki hərracı "xxxx" MMC keçirmişdir, məhkəmə iddianın əsl cavabdehə qarşı qaldırılmadığını bilməmiş və araşdırmamışdır. Məhkəmə iclasında cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayətində qətnamə həm hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində, həm də ipotekaya xitam verilməsi hissəsində mübahisələndirildiyindən, məhkəmə kollegiyası ilk növbədə hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində apellyasiya şikayətinə hüquqi qiymət verməyi zəruri hesab edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə, İddiaçı, X4 və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 31.08.2020-ci il, 06.10.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 nömrəli, 30.05.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilə yönəldilməsi, hərracda 60000 manat ilkin, təkrar hərracda 51000 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 28.09.2020-ci il tarixdə və 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışının surətindən görünür ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı keçirilmiş hərracın baş tutmaması barədə elan verilmişdir. İş materiallarında olan 15.10.2020-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 1596- 24736/15 saylı 20.02.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzillə bağlı təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin 15.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 38.250 ( otuz səkkiz min iki yüz əlli ) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, ilkin hərrac baş tutmadığından bu barədə “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışında elan verilmiş, 12.10.2020-ci il tarixdə təkrar hərrac keçirilmiş, təkrar hərrac da baş tutmadığından “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 38.250 (otuz səkkiz min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Lakin ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində tələbkar tərəfindən əldə edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsini tələb etməkdə haqlıdır, çünki ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC 30 gün ərzində ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməli, habelə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin açıq hərracdan satılmasına dair hərracın nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Kollegiya hesab edir ki, iddianın bu hissəsinə qiymət verilməsi üçün ilk növbədə hərracın nəticələri anlayışına aydınlıq gətirilməlidir. Hərracın nəticələri haqqında müddəalar "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun ipotekanın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır, 42.6-cı maddəsinə əsasən isə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, habelə hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının təhlilindən bəlli olur ki, hərracın nəticələri dedikdə, hərraca çıxarılmış əmlakın hərrac vasitəsi ilə özgəninkiləşdirilməsi başa düşülür. Bu baş verdikdə isə hərracın nəticələrinə dair müqavilə qüvvəsinə malik olan protokol imzalanır. Digər hallar, yəni hərracın yuxarıda sadalanan əsaslarla baş tutmamış elan edilməsi, yaxud hərracın keçirilməsindən imtina edilməsi isə hərracın nəticəsi hesab edilə bilməz. Hazırkı işin hallarından görünür ki, iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərrac vasitəsilə satılması baş tutmamış, onun özgəninkiləşdirilməsinə dair protokol tərtib edilməmişdir. Deməli hərracın nəticəsi olmamışdır. Belə olan halda, iddiaçının hərracın nəticələrinin etibarsızlığını tələb etməsi faktiki olaraq mövcud olmayan nəticənin mübahisələndirilməsi anlamına gəlir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan iddianı həmin hissədə təmin etmiş, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh həmçinin ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddianın bu hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin hissədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, əmlakın ipoteka yüklülüyündən azad edilməsi ilə həmin əmlak üzərində ipotekaya xitam verilməsi anlayışları öz hüquqi təbiəti və doğurduğu hüquqi nəticə etibarilə eyni əhəmiyyətə malikdirlər. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi barədə tələbi təmin edərkən, bunu qətnamədə həmin əmlakın üzərində olan ipotekaya xitam verilməsi kimi göstərməsi MPMnin 218.3-cü maddəsinin tələbləri baxımından işə baxan məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməməlidir. Həmin iddianın mahiyyətinə gəldikdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə və İddiaçı ünvanlanmış 19 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, MMC İcra şöbəsinin 1596-24736/15 saylı, 20.02.2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili “İpoteka Haqqında” və həmin qanuna edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirmiş, hərracın keçirilməsi ilə bağlı bildirişləri tərəflərə təsdiq etmə üsulu ilə göndərmişdir. ’’İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamış elan edilmişdir. Yuxarıda qeyd olunan Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etməli olduğu halda, ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən, adı çəkilən qanunun 43.8-ci maddəsinə uyğun olaraq 26-10 saylı, 31.08.2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə onlara göndərilmişdir. İş materiallarında olan 30.10.2020-ci il tarixli 1572/HO-OUT nömrəli təklifin qəbulu haqqında məktubun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli 01/512 nömrəli məktubuna cavab olaraq bildirir ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edir və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsini təmin edəcək. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri də hərrac təşkilatının həqiqətən də onların ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifi qəbul etmələrinə dair məktubunu 02.11.2020-ci ildə alması, lakin onlar 4 gün ərzində 5% hərrac xərcini ödəmədiklərinə görə geri qaytarması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilən həmin məktubun çatdırılmasının təsdiqi barədə 255039 nömrəli Qaimənin surətinə münasibətdə hesab etmişdir ki, çatdırılma tarixində düzəlişlərin edilməsi açıq-aşkar müşahidə edilir. Azari MMC-nin aktı ilə qeyd edilmişdir ki, mübahisəli məktub 02.11.2020-ci il tarixdə 11:59-da "xxxx" MMC-yə çatdırılmışdır. Lakin həmin çatdırılmanın həqiqətən də "xxxx" MMC-yə 02.11.2020-ci il tarixdə çatdırılmasını sübut edəcək reyestrlər, müvafiq qeydiyyat və daxilolma kitabları cavabdeh hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Habelə, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən göndərilən məktublar üçün qeydiyyat jurnalı təqdim edilsə də, həmin qeydiyyat kitabı da lazımi qaydada tərtib edilməmiş, həmin kitabın sonradan deyil, həqiqətən də məhz 2020-ci ildə bank tərəfindən tərtib edildiyi inandırıcı olmamışdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı 19.11.2020-ci il tarixli hərrac təşkilatının icra şöbəsinə ünvanlandığı məktubun bir surətinin iddiaçıya əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsi barədə müvafiq məktub iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, həmin məktubla bir daha sübut olunmuşdur ki, cavabdeh bankın hərrac təşkilatına təklifin qəbulu barədə məktubu qeyd edildiyi kimi 02.11.2020-ci il tarixdə daxil olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən sübut növünün qiymətləndirilməsi ilə bağlı bu mövqeyini doğru hesab edir və əlavə olaraq qeyd edir ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC təklifin qəbulu barədə məktubun doğrudan da 4 gün sonra hərrac təşkilatı tərəfindən geri qaytarıldığı ehtimal olunsa belə, bundan sonra ağlabatan müddət ərzində yaranmış anlaşılmazlığın aradan qaldırılması və həmin əmlakın əldə edilməsi ilə bağlı hər hansı addımlar atması iş materialları ilə müəyyən edilmir. Kollegiya burada ağlabatan müddət dedikdə, “İpoteka Haqqında” qanunla ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması üçün müəyyən edilmiş məhdud müddəti (30 gün) nəzərdə tutur. Belə ki, tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin peşəkar kredit təşkilatı olaraq belə müddətlərin mövcudluğundan xəbərsiz olması inandırıcı deyildir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu maddədə müəyyən edilmiş 30 günlük müddət kəsici müddətdir və bu müddətin keşməsi ipotekaya xitam verilməsinə səbəb olur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili üzərində olan ipotekaya xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qətnaməsi qismən, hərracın nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2308/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2308/2022
14.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver