Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-231/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi və maddi zərər tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 7.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 6.800 manat, borcun vaxtında qaytarılmaması səbəbindən ona dəymiş maddi zərərin əvəzi olaraq 1.000 manat, əldən çıxmış faydanın ödənilməsi məqsədi ilə 500 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianı qismən təmin edilməsini, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 7.000 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 6.800 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin olunsa da, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmış və qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Apellyasiya şikayətində qətnamənin tam həcmdə ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədən narazıdır və yalnız həmin nəticəni mübahisələndirir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Apellyasiya baxışının predmeti olan hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilk dəfə xx.xx.2017-ci il tarixdə iddiaçıdan 7.000 ABŞ dolları məbləğində pulu, xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə borc almış və bununla bağlı iddiaçı ilə cavabdehin arasında 18 saylı Notariat Kontorunda “Kredit müqaviləsi” bağlanmışdır. Bundan əlavə olaraq cavabdeh ikinci dəfə xx.xx.2018-ci il tarixdə iddiaçıdan 6.800 manat məbləğində pulu, xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə borc almış və onların arasında 37 saylı Notariat Kontorunda “Kredit müqaviləsi” bağlanmışdır. Cavabdeh, borcun müqavilələrdə göstərilmiş tarixlərə qədər iddiaçıya qaytarması barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmiş və iddiaçı tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borcu qaytarmamışdır. İddiaçının polis orqanına etdiyi müraciətlər də, nəticə verməmiş, polis orqanı tərəfindən iddiaçıya məsləhət verilmişdir ki, onunla cavabdeh arasında yaranmış mübahisə mülki xarakter daşıdığından o iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazı və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəyə dair narazılığı özündə əks etdirən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” bağlansa da iddiaçı həmin müqavilə üzrə pulu cavabdehə verməmişdir. Bundan sonra ikinci – xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, iddiaçı birinci müqavilənin ləğv olunduğunu bildirərək cavabdehə 6.800 manat məbləğində pulu borc vermişdir. Cavabdeh borcu razılaşdırılmış xx.xx.2018-ci il tarixdə qaytara bilməsə də, borcu tam həcmdə xx.xx.2018-ci il tarixdə iddiaçıya qaytarmış və iddiaçı bu barədə qəbzi imzalayaraq cavabdehə vermişdir. İşə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat vermədiyi üçün cavabdeh məhkəmə baxışında iştirak edə bilməmiş və özündən asılı olmayan səbəbdən özünü müdafiə edə bilməmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh apellyasiya baxışının iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərində biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat vermədiyi üçün cavabdeh məhkəmə baxışında iştirak edə bilməmiş və özündən asılı olmayan səbəbdən özünü müdafiə edə bilməmişdir. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin ünvanı apellyasiya şikayətində “ünvan 1 kimi göstərilsə də, cavabdeh həmin ünvanın onun yaşayış yeri üzrə ünvanı olmasını təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmiş nə də ki, Məhkəməyə təqdim etməmişdir. Onunla iddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2017 və xx.xx.2018-ci il tarixli “Kredit müqavilələrindən” isə görünür ki, cavabdehin rəsmi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 5, mənzil 111” kimi göstərilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, apellyasiya icraatı zamanı Məhkəmə cavabdehə ünvanlandığı “məhkəmə bildirişlərini” hər iki ünvan üzrə göndərmiş, cavabdehin göstərdiyi “ünvan 1 ünvana göndərilmiş bildiriş poçt şöbəsi tərəfindən “ünvan düz deyil” qeydi ilə geri qaytarılmış, “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 5, mənzil 111” ünvanına göndərilmiş bildirişləri isə cavabdehin ailə üzvləri tərəfindən qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 5, mənzil 111”-dir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi cavabdehə ünvanlandığı məhkəmə bildirişlərini həmin ünvan üzrə göndərmiş və bundan başqa cavabdehə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə müvafiq sms bildirişi də göndərərək məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə məlumat vermişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi MPM ilə üzərinə qoyulmuş vəzifələrini yerinə yetirmiş, məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat vermişdir. Rayon Məhkəməsi işə cavabdeh iştirakı olmadan baxmaqda haqlı olmuşdur. İşə çəkişmə şəraitində baxılmışdır. Cavabdehin müzakirə edilən dəlili əsassızdır. Mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və 18 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, cavabdeh iddiaçıdan 7.000 ABŞ dolları məbləğində pulu borc almış və üzərinə öhdəlik götürmüşdür ki, borcu xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytaracaq. İddiaçı ilə cavabdeh arasında bağlanmış və 37 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, cavabdeh iddiaçıdan 6.800 manat məbləğində pulu borc almış və üzərinə öhdəlik götürmüşdür ki, borcu xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytaracaq. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı bildirir ki, cavabdeh, borcun müqavilələrdə göstərilmiş tarixlərə qədər qaytarması barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmiş, borcu qaytarmamışdır. Cavabdeh isə bildirir ki, xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə iddiaçı tərəfindən ona borc verilməmiş, xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə ona borc verilmiş 6.800 manatı o, iddiaçıya qaytarmışdır. Məhkəmə, xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” ilə bağlı cavabdehin irəli sürdüyü dəlil ilə bağlı qeyd edir ki, bu müqavilə notarial qaydada bağlanmışdır və müqavilədən görünür ki, cavabdeh şəxsən notariat kontoruna gələrək həmin müqaviləni bağlamaqla təsdiq etmişdir ki, müqavilənin predmeti olan 7.000 ABŞ dolları məbləğində pulu iddiaçıdan borc almışdır. Cavabdeh qeyd edilən borcun iddiaçı tərəfindən ona verilməməsini sübuta yetirə bilmədiyi üçün Məhkəmə hesab edir ki, müzakirə edilən bu dəlil əsassızdır. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edərək iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 7.000 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur. Cavabdeh digər müqavilə - xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” əsasında 6.800 manat məbləğində pulu iddiaçıdan borc aldığını təsdiq etsə də, həmin borcun onun tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçıya qaytardığını və iddiaçıya borcunun olmadığını bildirir. Cavabdeh, bu dəlilinin təsdiqi kimi apellyasiya şikayətinə “Qəbz № 1” adlı qəbzin fotosurətini əlavə etmişdir (iş v. 50). Həmin qəbz aşağıdakı mətndədir: (mətn olduğu kimi qeyd edilir) “Mən İddiaçı bu qəbzi verirəm ondan ötrü ki, mənimlə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci iltarixli borc müqaviləsi üzrə 6800 manat pulu xx xxxxxxxx 2018-ci il tarixdə Cavabdeh aldım.Əlavə heç bir tələbim yoxdur. İmza: (imza) İddiaçı”. Qəbzdəki imzanın həqiqətən iddiaçı tərəfindən icra olunub-olunmadığını araşdırmaq məqsədi ilə Məhkəmə iş üzrə qəbul etdiyi qərardad ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspertiza tədqiqatını həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi vəsatətlə Məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən qəbzin əslinin ekspertizaya təqdim edilməsini xahiş etmişdir. Məhkəmə, qeyd edilən qəbzin əslini Məhkəməyə təqdim edilməsini cavabdehə təklif etsə də, cavabdeh qəbzin əslini təqdim etməmişdir. Bundan sonra mülki iş, Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumata əsasən Məhkəməyə qaytarılmışdır. Məlumatından görünür ki, qəbzin əslinin təqdim edilməsi barədə vəsatət verilməsinə baxmayaraq, vəsatət təmin edilməmişdir. Ona görə də ekspertizanın aparılması barədə qərardad icrasız saxlanılmışdır. Yaranmış vəziyyəti nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, göstərilənləri və cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş qəbzdə göstərilən məlumatın həqiqətə uyğun olmasını cavabdehin özünün təqsiri üzündən müəyyən olunmasının mümkün olmadığını nəzər alan Məhkəmə hesab edir ki, “xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə borcun ödənilməsi barədə” cavabdehin dəlili əsassızdır. Rayon Məhkəməsi bu müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 6.800 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iş üzrə cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-231/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-231/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver